Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6133/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 816 (iyirmi min səkkiz yüz on altı min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 152,45 (bir yüz əlli iki manat qırx beş qəpik) manat, cəmi 20 968.45 (iyirmi min doqquz yüz altmış səkkiz manat qırx beş qəpik) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh1 və onun oğlu Cavabdeh2 uzun müddətdir ki, tanıyır, aralarında etibarlı münasibətlər yaranmış və iddiaçının onlara verdiyi qızılları müştəri olaraq satmışlar, bundan əldə etdiyi pulları isə hissə-hissə qaytarıb özünə vermişlər. Sonuncu dəfə isə cavabdehlər iddiaçıdan ümumilikdə 17 616 manat dəyərində qızıl-ziynət əşyaları götürmüş, ancaq bunun satışından əldə etdikləri pulları nəinki qaytarıb verməmiş, özlərinin istifadələri üçün xərcləmişlər. Dəfələrlə onlardan pulun qaytarılmasını tələb etsə də, onlar pulları qaytarmamışlar. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalıb, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 XİDMƏTİ-nə müraciət etməli olmuş və bununla bağlı Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma başlanılmışdır. Cavabdehlərdən Cavabdeh1 31-ci PB-də izahat verərək iddiaçıya 17 616 manat borcunun olduğunu etiraf etmiş, bundan başqa o, xx.xx.2025-ci il tarixdə oğlu Cavabdeh2 da imzası ilə təsdiq edilmiş “iltizam” verərək göstərmişdir ki, iddiaçıya olan 17 612 manat borclarını xx.xx.2025-ci il tarixdən hər ay gecikmə olmadan 350 manat ödəyəcək, borcu tez bir zamanda bitirəcəklər, əlavə olaraq oktyabr ayınadək göstərilən məbləğdən artıq olaraq 3200 manat ödəyəcəyəklər, ödəməyəcəkləri təqdirdə məsuliyyət daşıyacaqlar. Ancaq cavabdehlər öz vədlərinə əməl etməmiş, bir dəfə göstərilən məbləğdən cəmi 250 manat ödəmişlər, ancaq sonradan heç bir ödəniş etməmişlər. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdehlərin evinə getmiş, böyük oğlu get məhkəməyə müraciət et dedikdən sonra cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Qızılları əlbəəl verib. Cavabdeh 3 ay ərzində qızılların pulunu qaytarmışdır. Cavabdehlər ondan 17616 manat dəyərində qızıl və 3200 manat məbləğində nağd pul almışdır. Hazırda isə qızılın qiyməti qalxmışdır. Cavabdehlər ona 3 ay (iyun, iyul, avqust) 350 manat olmaqla, cəmi 1050 manat pul ödəyib. 13816 manat ilə razı deyil. Polisdə verdiyi izahatı əsas hesab edir. Qızılları 16 ildir cavabdehlərə verir. Qızılları Rahid gəlib aparırdı. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçıdan 13816 manata dəyərində qızıl-zinət əşyası nisyə almış, 4200 manat dəyərində isə pul borc almışdır. İddiaçıya polisdə olan zaman 250 manat, sonra isə evində 100 manat vermiş, bununla bağlı iddiaçının imzasını almışdır. Son aylar pul verən zaman iddiaçı neçə illər bir-birini tanığını deyərək heç bir kağıza imza etməmişdir. Borc pulun əsas hissəsindən 1000 manat, faiz hissəsindən isə 480 manat qaytarmışdır. İddiaçıya ümumilikdə 1750 manat pul qaytarmışdır. Qızılları və pulu iddiaçıdan özü istəmişdir. Oğlu sadəcə onun tapşırıqlarını yerinə yetirmişdir. İddiaçı indi ondan qızıllara görə 17616 manat, götürdüyü borca görə 3200 istəməklə haqsızlıq edir. Belə ki, iddiaçı polis bölməsində özü bildirmişdir ki, ona qızıllara görə 13816 manat, götürülmüş pula görə isə 3800 manat qaytarılmalıdır. Cavabdeh1 bildirdi ki, polis bölməsində verdiyi izahatında iddiaçıya borcununun ümumi, yəni qızıl və götürdüyü pula görə ümumi 17616 manat olduğunu qeyd etmişdir. Borcunu gecikdirdiyi üçün isə əlavə 3200 manat da qaytaracağına da söz vermişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, anasının polisdə verilən izahatlarda hər şey qeyd edilmişdir. İş materialları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z. Əliyev küçəsi, ev 133-də yaşayan İddiaçı şikayət ərizəsi və ARDİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə verdiyi 405 saylı məlumat əsasında toplanmış materialın icrasına dair xx.xx.2025-ci il tarixli arayışın məzmunundan görünür ki, Babayeva X1 Səkinə Rza qızına və oğlu Rzayev Rahidə ayrıayrı vaxtlarda 13816 manat dəyərində qızıl zinət əşyaları və 3800 manat pul vermişdir. Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı təxminən 16 ilə yaxındır ki tanıyır, ondan ayrı-ayrı vaxtlarda 17616 manat dəyərində qızıl zinət əşyaları almış, əvvəllər qızılların pulunu hissə hissə ödəmiş, hazırda maddi vəziyyəti yaxşı olmadığından ödənişi dayandırmış, borcunu ayda 350 manat olmaqla ödəyəcək. Cavabdeh1 polis şöbəsində verdiyi izahatda qeyd olunmuşdur: Mən İddiaçı tanıyıram. Qonşumdur. Təxmini 15,16 ildir ki, mən Günaydan qızıl alıb satırdım. Həmin pulları öz ehtiyaclarıma xərcləmişəm. Hər qızıldan müəyyən qədər Günaya ilkin ödəniş etmişəm. Qalan məbləği isə qonşum olduğu üçün razılaşma əsasında hər ay ödəniş edirdim. Keçən ay yəni may ayı ödəniş edə bilmədiyim üçün aramızda mübahisə düşdü. Bu səbəbdən məndən və oğlumdan şikayət etmişdir. Mənim Günaya ümumilikdə 17616 manat borcum var. Yəni mənə verilən qızılların pulu qalır. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Mən Cavabdeh1 İddiaçı ümumilikdə 17612 manatlıq qızıl zinət əşyaları götürdüm. Hal-hazırda həmin qızılları satıb öz ehtiyaclarıma istifadə etmişəm. Hazırda 17612 manat İddiaçı borcum var. Həmin pulu xx.xx.2025-ci il tarixdən gecikmə olmadan hər ay 350 manat ödəyərək borcumu tez bir zamanda bitirəcəyəm. Əlavə olaraq oktyabr ayınadək göstərilən məbləğdən artıq olaraq 3200 manat ödəyəcəyimə söz verirəm. Ödəməsəm əgər məsuliyyət daşıyıram. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 250 manat verdim, 100 manat qaldı. İmza Cavabdeh1. Aldım 250 manat, qaldı 100 manat imza İddiaçı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3 Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17616 manat dəyərində qızıl-zinət əşyası və 3200 manat dəyərində borc pul vermişdir. Hazırda iddiaçı qızıl-zinət əşyalarının dəyəri olan 17616 manat və borc şəklində verilmiş 3200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsini istəyir. İddiaçı iddia tələbini Cavabdeh1 polis bölməsində etirafı ilə əsaslandırır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, iddiaçıdan nisyə şəkildə 13816 manat dəyərində qızıl-zinət əşyası almış, eləcə də 4200 manat dəyərində pul vəsaiti borc almışdır. Cavabdeh1 iddiaçının ondan qızıllara görə 17616 manat, götürdüyü borca görə 3200 istəməsini haqlı hesab etmir və etirazını onunla əsaslandırır ki, iddiaçı polis bölməsində özü bildirmişdir ki, ona qızıllara görə 13816 manat, götürülmüş pula görə isə 3800 manat qaytarılmalıdır. Cavabdeh həmçinin bildirir ki, özü də polis bölməsində verdiyi izahatında iddiaçıya borcunun ümumi, yəni qızıl və götürdüyü pula görə ümumi 17616 manat olduğunu qeyd etmişdir. Cavabdeh həmçinin bildirir ki, ümumilikdə iddiaçıya 1750 manat məbləğində pul vəsaiti vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətin olmasını hər iki tərəf qəbul edir. Digər Cavabdeh2 gəldikdə isə o, iddiaçı ilə arasında nə alqı-satqı, nə də borc münasibətlərinin yarandığını etiraf etmir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh2 arasında alqısatqı və borc münasibətlərinin yaranması iş materialları ilə sübuta yetirilmir. Cavabdeh1 gəldikdə məhkəmə həmin cavabdehin etirafına əsasən müəyyən edir ki, iddiaçı 13816 manat dəyərində qızıl-zinət əşyasını Cavabdeh1 sərəncamına vermiş, Cavabdeh1 isə həmin qızıl-zinət əşyalarını öz sərəncamına qəbul etmiş, onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, müəyyən olunur ki, hazırkı işdə İddiaçı ilə Cavabdeh1 arasında yaranmış nisyə alqı-satqı münasibətləri mülki qanunvericiliyin alqı-satqı münasibətlərini tənzimləyən hüquq normalarına uyğundur. Həmin münasibətləri tənzimləyən maddi hüquq normalarına nəzər saldıqda müəyyən edilir ki, qanunvericilik bu tip əşyaların alqı-satqısı ilə bağlı imperativ müqavilə forması nəzərdə tutmamışdır. Deməli, hazırkı işdə tərəflər arasında qızılın satışı ilə bağlı şifahi alqı-satqı müqaviləsi mövcud olmuşdur. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh1 iddiaçı ilə arasında yaranmış olan alqı-satqı müqaviləsi üzrə əldə etdiklərinin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, nisyə alqı-satqı müqaviləsinin dəyəri olan 13816 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tələbinin “3200 manat məbləğində borc vəsaitinin cavabdehlərdən alınaraq İddiaçı xeyrinə ödənilməsi” hissəsinə gəldikdə məhkəmə bir daha xatırladır ki, iddiaçı ilə Cavabdeh2 arasında borc münasibətlərinin yaranması iş materialları ilə sübuta yetirilmir. Digər Cavabdeh1 gəldikdə isə o, İddiaçı 4200 manat məbləğində pul vəsaiti götürdüyünü etiraf edir. Nəzərə alınmalıdır ki, verilən borcun 4200 manat məbləğində olmasına baxmayaraq, tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə yoxdur və bu, işin mübahisəsiz halıdır. Halbuki borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda müqavilənin yazılı formada bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Belə olan halda hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər iddia tələbinin hüquqi əsasını verilmiş borcun qaytarılması təşkil etsə də yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin Plenumu qərarında da qeyd edildiyi kimi, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 4200 manat məbləğində pul hesabına əsassız varlanmış cavabdeh həmin pulu iddiaçıya qaytarmalıdır. Cavabdeh həmin vəsaitdən 1000 manat əsas hissəyə görə, 480 manat isə faiz borcuna görə iddiaçıya qaytardığını bildirir. Lakin İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ondan aldığı puldan 1050 manatını qaytardığını bildirmişdir. Belə olan halda məhkəmə yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən hesab edir ki, cavabdehin aldığı pulun 1480 manatını qaytarması – qismən (1050 manat hissədə) sübuta yetirilmiş hesab edilir. Odur ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 3150 (4200-1050) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 140.90 (bir yüz qırx manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsassız varlanmaya görə 3150 (üç min yüz əlli) manat və alqı-satqı müqaviləsinə görə 13816 (on üç min səkkiz yüz on altı) manat olmaqla, ümumilikdə 16966 (on altı min doqquz yüz altmış altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddia qismən təmin edilsin. Cavabdeh1 əsassız varlanmaya görə 3150 (üç min yüz əlli) manat və alqı-satqı müqaviləsinə görə 13816 (on üç min səkkiz yüz on altı) manat olmaqla, ümumilikdə 16966 (on altı min doqquz yüz altmış altı) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 140.90 (bir yüz qırx manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova