Məhkəmə qərarları › İş №2(010)-614/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-614/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-614/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 12.709,67 (on iki min yeddi yüz doqquz manat 67 qəpik) manat borc olmaqla – bundan 7.317,13 (yeddi min üç yüz on yeddi manat 13 qəpik) manat əsas, 5.362,96 (beş min üç yüz altmış iki manat 96 qəpik) faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 29,58 (iyirmi doqquz manat 58 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 128,13 (bir yüz iyirmi səkkiz manat 13 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 99/1370/NİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 10.248 (on min iki yüz qırx səkkiz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 99/1370/NİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********623 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixəCavabdeh2 kredit üzrə cəmi borcu 12.709,67 (on iki min yeddi yüz doqquz manat 67 qəpik) AZN təşkil edir. Bundan 7.317,13 (yeddi min üç yüz on yeddi manat 13 qəpik) AZN əsas, 5.362,96 (beş min üç yüz altmış iki manat 96 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 29,58 (iyirmi doqquz manat 58 qəpik) AZN faiz borcu təşkil edir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

İş materialları

5. xx.xx.2019-cu il tarixli 99/1370/NİK nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 (altmış) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 12248 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2019-cu il tarixli, 99/1370/NİK saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 99/1370/NİK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar kreditor qarşısında zamin durmuşdur.

8. Bakı Appelyasiya Məhkəməsinin İnzibati Kolegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-131/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının erizəsi təmin edilməsi, «NBCBank" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu «NBCBank" Açıq Səhmdar Cəmiyyətinin ləğedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sarəncamı ilə təsdiq edilmiş Tadbirler Planına asasən pandemiyadan zərər çəkmiş səhələrdə çalışan muzdlu işçilərin əmək haqqının müayyən Hssəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstayinin göstərilməsi üzrə dövlət vasaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsine moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır.

9. "xxxx" ASC-nin 03 aprel 2024-cü il tarixli, **********642 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 99/1370/NİK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış tələb 7317 manat əsas borc, 5362 manat müavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 0 manat cərimə, 29.58 gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğidir

10. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7317.13 manat əsas borc 5362.9 manat faiz borcu 0 manat cərimə borcu, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 29.58 manat faiz məbləği, ümumilikdə 12709.67 manat borc vəsaitinin 3 gün müddətində ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun surətdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1470 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 fevral 2019-cu il tarixli, 99/1370/NİK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 14 fevral 2024-cü il tarixə "xxxx" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, cümlədən: xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 7.317.13 manat, faiz borcu üzrə 5.257.36 manatdır.

İşin faktiki halları

12. İddiaçı "NBC Bank” ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 99/1370/NİK saylı kredit müqaviləsinin imzalanması, həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və digər Cavabdeh1 ilə iddiaçı arasında Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsinin imzalanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və onlar tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə məhkəməyə daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı.

Həmin Qərarda qeyd edilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

Mülki-Prosessual Məcəllə: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh2 təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməməsi müqavilə şərtlərinin əhəmiyyətli pozuntusudur.

16. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə Cavabdeh2 təqdim etsə də, lakin cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etəməməsi ilə yanaşı, eyni zamanda, iş üzrə digər Cavabdeh1 da iddiaçı ilə aralarında bağlanan zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kredit öhdəliklərinin icrası ilə əlaqədar birgə məsuliyət daşımalarına baxmayaraq, qeyd olunan müqavilə üzrə öhdəliyini icra etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, tərəflər arasında zaminlik müqaviləsi mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı həmin borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır. Belə ki, öhdəliyin icrasının zaminlərdən tələb edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Tutulmalı olan məbləğlərə gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən əsas borc kimi 7317.13 manat tələb etməsi qanuni və əsaslıdır. Faiz məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən müqavilə faizi üzrə tələb etdiyi məbləğin 5362.96 manat olduğunu qeyd etsə də, iş üzrə alınmış ekspert rəyində həmin məbləğin 5257.36 manat olduğu bildirilmişdir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün hər hansı bir əsas görmür və hesab edir ki, cavabdehlərdən tələb edilən müqavilə üzrə faiz borcu 5257.36 manat manat həddində təmin edilməlidir. Tələbin Mülki Məcəllənin 445.7.ci maddəsinə əsasən 29.58 manatın cavabdehlərdən tutulması hissəsini də, məhkəmə əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə və Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı 24 dekabr 2014-cü il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, kreditor borclu tərəfindən gecikdirilmiş müddət üçün əldən çıxmış fayda tələb edə bilər. Normanın tələbinə görə kreditorun daha böyük məbləğ tələb etmək əsasları yoxdursa, minmal olaraq illik beş faiz əsas götürülməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 128.13 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan hissəsi 127.81 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7317.13 manat əsas borc, 5257.36 manat faiz borcu, 29.58 manat əldən çıxmış fayda olmaqla cəmi 12604.07 manat pul məbləği və iş üzrə ödənilmiş 128.13 manat dövlət rüsumunun iddia tələbinə mütənasib olan hissəsi 127.81 manat dövlət rüsumu pul tutularaq iddiaçı "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7317.13 manat əsas borc, 5257.36 manat faiz borcu, 29.58 manat əldən çıxmış fayda olmaqla cəmi 12604.07 manat pul məbləği tutularaq iddiaçı "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 128.13 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 127.81 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı NBC Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar