Məhkəmə qərarları › İş №2(010)-6195/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6195/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6195/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Füzuli qızından və Cavabdeh2 borclu olduqları 10.300 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Füzuli qızı qohumudur, yəni qızının ərinin bacısı, digər Cavabdeh2 isə Aygünün əridir. 2025-ci ilin aprel ayında cavabdehlər ondan ehtiyacları olduğu üçün borca pul istədilər, qohum olduqlarına görə o da 10.300 manatı borc olaraq cavabdehlərə vermişdir. Qohumluğa görə bu barədə onlardan qəbz almamışdır. Razılaşmaya görə cavabdehlər 1 ay müddətinə pulunu qaytarmalı idilər. Lakin həmin borc pulu cavabdehlər geri qaytarmır. Dəfələrlə pulunu tələb etsə də, cavabdehlər pulunu qaytarmaqdan boyun qaçırır. Bununla bağlı o Ağcabədi rayon Polis şöbəsinə müraciət etmiş, cavabdeh İsmayılova X2 şöbəsinə verdiyi izahatında ondan həqiqətən də 10.300 manatı borc olaraq pul aldığını etiraf etmiş, pulu qaytaracağına söz vermişdir. Lakin cavabdehlər yenə də pulunu qaytarmamışlar. Polis Şöbəsi məsələnin mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməsini bildirmişdir. Ona görə də, pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehlər Cavabdeh1 Füzuli qızı və Cavabdeh2 borclu olduqları 10.300 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə tələbinin təmin olunmasını xahiş edir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 ona zəng edərək torpaq sahəsi aldığını bildirdi və ondan 10300 manat məbləğində pul istədi. O, da həmin məbləği cavabdehə vermişdir. Cavabdeh ondan pulu 1 ay müddətinə almışdı, yəni 2024-cü ilin mart ayında almış və aprel ayında qaytarmalı idi. Lakin cavabdehdən pulu tələb etməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı onun qardaşının qaynanasıdır. İddiaçı tərəfindən onun kartına 5000 manat və 5300 manat məbləğində pul vəsaiti göndərilmidir. O, iddiaçıya 300 manat məbləğində pul vəsaitini qaytarsa da, sonradan qalan məbləği qaytara bilməmişdir. Hazırda işləməyə başlamış və qalan 10000 manat məbləği də ödəyəcəyini bildirir. Cavabdeh2 onun həyat yoldaşı olsa da, lakin sentyabr ayından onlar ayrı yaşayırlar. İddiaçı pul vəsaitini o almışdır.

5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, 06 və 10 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzi sisteminə ünvanlanmış müraciət və Ağcabədi rayon PŞ-nə yazılmış ərizə əsasında araşdırma aparılmış, araşdırma zamanı tələb ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

7. Cavabdeh1 Ağcabədi Rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən müəyyən olunur ki, “Mən yuxarıda göstərilən ünvanda ailəmlə yaşayıram. Mən İddiaçı 10.300 (on min üç yüz) manat pul borca almışam. Mən İddiaçı 10300 manat pulu götürəndə bildirdim ki, həmin pul sizə nə vaxt ehtiyac olarsa mənə bildirin o pulu sizə geri qaytarım. 2025-ci ilin ilk aylarından Mətanət mənə verdiyi borc pulu geri istədi mənim imkanım olmadığı üçün mən 10300 manat pulu geri qaytara bilmədim. Söz verirəm ki, həmin pulu hissəhissə geri qaytaracam. İzahatı özüm yazdım əlavəm yoxdur. Doğrudur doğruluğu imzamla təsdiq edirəm”

İşin faktiki halları.

8. Cavabdeh1 İddiaçı 10300 manat məbləğində pul vəsaiti almış və İddiaçı cavabdeh barəsində ərizə ilə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh1 Ağcabədi Rayon Polis Şöbəsinə izahat verərək 10300 manat pul vəsaitini almağını etiraf etmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

13. İşin hallarından görünür ki, Cavabdeh1 İddiaçı 10300 manat məbləğində pul vəsaitini borc almış və İddiaçı cavabdeh barəsində ərizə ilə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh1 Ağcabədi Rayon Polis Şöbəsində izahat verərək 10300 manat pul vəsaitini almağını etiraf etmişdir.

14. İddiaçı tərəf polis şöbəsində verilmiş izahatı təqdim edərək tərəflər arasında real olaraq şifahi qaydada borc müqaviləsi bağlanmasını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

16. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfin polis idarəsində verdiyi izahatlarını təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 10300 manat pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, cavabdehin polis idarəsində pul vəsaitinin iddiaçıdan alması ilə bağlı olaraq verdiyi izahat da bu halı təsdiq edir.

17. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

18. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.

19. Məhkəmə hesab edir ki, borc müqaviləsi tərəflər arasında yazılı qaydada bağlanmasa da, cavabdeh tərəf 10300 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdeh tərəfə verilməsini etiraf edir. İş materiallarında pul vəsaitinin cavabdeh tərəfindən alınması sübut olunsa da, hazırkı halda həmin pul vəsaitinin iddiaçıya qaytarılması barədə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfindən pul vəsaitinin alınması ilə bağlı etirafını təqdim etmişdir.

20. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanma nəticəsində aldıqlarını iddiaçıya geri qaytarmalıdır.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

22. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi - 120 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10000 manat pul vəsaiti və 120 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 24.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 10000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 120 (yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar