Məhkəmə qərarları › İş №2(010)-624/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-624/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-624/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi K.X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 3841,64 (üç min səkkiz yüz qırx bir manat altmış dörd qəpik) manat əsas, 2545,21 (iki min beş yüz qırx beş manat iyirmi bir qəpik) manat faiz, 3338,20 (üç min üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmidir. İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələblərini onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 1619/14 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 4.300 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bildirir ki, qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. Məlumat üçün qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 6.16-cu bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır. Həmin tarixə kimi də vətəndaş müraciət etməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə “borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 3841,64 (üç min səkkiz yüz qırx bir manat altmış dörd qəpik) manat əsas, 2545,21 (iki min beş yüz qırx beş manat iyirmi bir qəpik) manat faiz, 3338,20 (üç min üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmidir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi K.X2 iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 30 dekabr 2014-cü il tarixli 1619/14 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh1 illik 29 faiz olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 4300 (dörd min üç yüz) manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 30.12.2014-cü il tarixli sənədindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 180,19 AZN olmaqla 30.12.2017-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 30.12.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 30.12.2014-cü il tarixli 1619/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 19.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 dekabr 2020-ci il tarixli 1619/14 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən 14.08.2020-ci il tarixinə 3841,64 (üç min səkkiz yüz qırx bir manat altmış dörd qəpik) manat əsas, 2545,21 (iki min beş yüz qırx beş manat iyirmi bir qəpik) manat faiz, 3338,20 (üç min üç yüz otuz səkkiz manat iyirmi qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 500,32 manat borc, ümumilikdə 10225,37 manat borcu vardır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 16.02.2021-ci il tarixli vəsatətə əsasən, 16.02.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına vacib işi olduğu üçün gələ bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılmasını və mülki işin düzgün araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmısini xahiş etmişdir. İş materiallarında olan iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi K.X2 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında verdiyi ərizəsində bildirmişdir ki, İddiaçı ASC-nin Cavabdeh1 qarşı 2(010)-748/2019 saylı mülki iş üzrə mühasibatlıq ekspertizası keçirilmişdir. 30.122017-ci il tarixə (müddətin sonuna) əsas borc üzrə 3832,72 manat, faiz borcu üzrə 2647 manat müəyyən edilmişdir. Göstərilən borc bankın tələb etdiyi məbləğə çox yaxındır. Odur ki, təkrar mühasibatlıq ekspertizasının təyin olunması gələcəkdə iddia təmin edildikdə cavabdehin vəziyyətini daha da pisləşdirəcəkdir. Odur ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin olunmamasnı xahiş etmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən 16 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 09/2337 saylı rəyə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və 30 dekabr 2014-cü il tarixli N-1619/14 saylı kredit müqaviləsinin şərtlərini nəzərə almaqla Cavabdeh1 “xxxx” ASC-nə olan borcu 30.12.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə — 3.832,72 manat, faiz borcu üzrə— 2.647,11 manat, 14.08.2020-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə — 3.832,72 manat, faiz borcu üzrə — 3149,62 manat, 05.11.2020-ci il tarixə (iddia müddətinədək illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə — 3.832,72 manat, faiz borcu üzrə — 3.192,74 manat olmaqla müəyyən edilir. İş materiallarında olan LPO İddiaçı ASC-nin Cavabdeh1 ünvanlanmış 12 dekabr 2017-ci il tarixli və 26 iyul 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından LPO İddiaçı ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 1619/14 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 4.300 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin məhkəmə 3841,64 manat məbləğində əsas borca tənasübsüz olaraq 3338,20 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış 3338,20 manat məbləğində dəbbə pulunun məbləğini azaldaraq, 300 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2014-cü il tarixli 169/14 saylı kredit müqaviləsi üçün 14.08.2020-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) əsas borc üzrə 3832,72 manat, faiz borc üzrə 3149,62 manat, cərimə borcu üzrə 300 manat, ümumilikdə 7282,34 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və ödənilmiş dövlət rüsumunun 10 manat məbləği isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2014-cü il tarixli 169/14 saylı kredit müqaviləsi üçün 14.08.2020-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5% hesablanmaqla) əsas borc üzrə 3832,72 (üç min səkkiz yüz otuz iki manat yetmiş iki qəpik) manat, faiz borc üzrə 3149,62 (üç min bir yüz qırx doqquz manat altmış iki qəpik) manat, cərimə borcu üzrə 300 (üç yüz) manat, ümumilikdə 7282,34 (yeddi min iki yüz səksən iki manat otuz dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 28 aprel 2021-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34STRE******************** hesabına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar