Məhkəmə qərarları › İş №2(010)-624/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-624/2024

29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-624/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən X1 müraciəti əsasında toplanmış rədd materialı göndərilmişdir.

2. Materiala əlavə olunmuş: Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 16 mart 2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işiin başlanılması rədd edilmiş və göstərilmişdir ki, 06 mart 2022-ci il tarixdə vətəndaş X1 müraciəti əsasında Nərimanov RPİ-nin 18-ci PŞ-də toplanaraq adiyyatı üzrı Nəsimi RPİ-nin 20-ci PB-nə göndərilmiş material daxil olmuşdur. Ərizəsində və izahatında vət. X2 göstərmişdir ki, mülki etibarnamə əsasında qohumu İddiaçı idarə etdiyi lakin sonuncunun mülkiyyətində olan 2007-ci il buraxılışlı Range Rover markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşını Türkiyə respublikası vətəndaşı Cavabdeh bəyənərək 28000 ABŞ dolları pul müqabilində alarkən heç bir ödəniş etməyərək pulunu bir neçə ay ərzində verəcəyini vəd etsə də, sonrakı dövrdə 2000 ABŞ dolları ödəniş etmiş, qalan 26000 ABŞ dolları pulu bu günədək verməyərək dələduzluq etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı X2 ilə eyni məzmunlu izahat verərək sonuncunun dediyini bir daha təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahat verərkən İddiaçı dediklərini səmimi etiraf edərək, 2007-ci il buraxılışlı Range Rover markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili 28.000 ABŞ dollarına aldığını, ona 2000 ABŞ dolları və 400 manat pul verdiyini, 25.750 ABŞ dollar ona borcu olduğunu qeyd etmiş, Azərbaycan Respublikasında tikinti işləri ilə bağlı qurduğu iş baş tutmaq üzərədir və həmin işlər baş tutduqdan sonra 2-3 ay ərzində onun borcunu verəcəyi kimi öhdəlik götürmüşdür. “Elektron notariat” AİS-dən çıxarışdan görünür ki, İddiaçı Range Rover markalı **- TG-*** qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh istifadə hüququ vermişdir. xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi və götürülməsi” barədə protokoldan görünür ki, İddiaçı ilə Cavabdeh arasında telefon danışığı olmuş, danışıqlardan müəyyən olunmuşdur ki, Range Rover markalı **-TG-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş, İddiaçı həmin avtomobili Cavabdeh satmış, Cavabdeh borcunu qayarmamış və yaxın vaxtlarda işləri düzələcəyini deyərək, borcunu ödəyəcəyini bildirmişdir.

3. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 221,32 manat məbləğində rüsum ödənilmişdir.

İşin faktiki halları

4. İddiaçı tərəfindən “Range Rover” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobilin şifahi alğı-satqı müqaviləsi əsasında Cavabdeh satılması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1969-cu il tarixdə Türkiyyə Respublikasında doğulmuş, Türkiyyə Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh 43775 (qırx üç min yeddi yüz yetmiş beş) manat, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 221,32 (iki yüz iyirmi bir manat) 32 qəpik məbləğində olan dövlət rüsumunun, cəmi 43996 (qırx üç min doqquz yüz doxsan altı) manat 32 qəpik məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun 3 maşını var idi, X9 markalı maşınını bəyənib ona satmağını, kənardan alacaqları olduğunu bildirmişdir. O, etimad edib maşınını baş etibarnamə ilə ona vermiş, Şükrü isə 3 ay sonra ödənişi edəcəyini bildirmişdir. Həmin vaxt maşının bazar dəyəri 30000 dollar idi, o da 28000 dollara maşını vermişdir. Sonra o sıxıntıları olduğunu, maşını lizinqə salmağı istəmişdir. Maşın lizinqə salınmış və oradan ona 2000 dollar pul verərək, 26000 dollar borcu qaldığını bildirmişdir. O, bir neçə vaxt vədlər verərək pulu qaytarmamış, sonra isə maşının problemini həll etmək üçün satdığını bildimişrdir. Bundan sonra isə o, polisə şikayət etmiş və polis bölməsində ondan izahat alınmış, o da bütün hadisəni danışmış, borcu olduğunu etiraf eləmiş, maşını lizinqdə olduğu halda satdığını bildirmışdir. 2020-ci ilin dekabr ayında ona 400 manat vermiş, həmin vaxtdan sonra isə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sonuncu dəfə məhkəməyə müraciət etməzdən 20 gün əvvəl zəng etdikdə o, İstanbulda olduğunu, ancaq pulu olanda onun borcunu qaytaracağını yoxsa heç bir ödəniş etməyəcəyini, istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etdiyini və qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında rəsmi olaraq müqavilə bağlanılmasa da, hər iki tərəf müqavilə bağlamağa yönəldilmiş iradə ifadəsini bəyan etmiş və bu səbəbdən tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır.

12. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, iddiaçı etibarnamə əsasında nəqliyyat vasitəsini cavabdehə satmışdır. Həmçinin, polis idarəsində araşdırma zamanı dindirilmiş Cavabdeh izahat verərkən iddiaçının dediklərini səmimi etiraf edərək, 2007-ci il buraxılışlı Range Rover markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili 28.000 ABŞ dollarına aldığını, ona 2000 ABŞ dolları və 400 manat pul verdiyini, 25.750 ABŞ dollar ona borcu olduğunu qeyd etmiş, 2-3 ay ərzində onun borcunu verəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçı öhdəlikdən irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh alınmış əşyanın dəyərini ödəməkdən yayınır və beləliklə üzərinə düşən öhdəliyi yerinə yetirmir. Yəni, iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “ödəmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və onun təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia ismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 221,32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 43775 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh 43775 (qırx üç min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 221,32 (iki yüz iyirmi bir manat otuz iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar