Məhkəmə qərarları › İş №2(010)-63/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-63/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-63/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1n və Cavabdeh2 və onların vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərər qismində 1937 manat və mənəvi zərər qismində 5.00 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, eləcə də ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərini aparılmasına maneçilik törətmələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 18 saylı evin, 11 saylı mənzili üzərində (2-ci mərtəbədə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hamam və tualetin sökülməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərinin aparılmasına maneə törətmələrinin cavabdehlərə qadağan edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində maddi zərər və 5000 (beş min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 18 saylı evin, 11 saylı mənzili üzərində (2-ci mərtəbədə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hamam və tualetin sökülməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərinin aparılmasına maneə törətmələrinin cavabdehlərə qadağan edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində maddi zərər və 5000 (beş min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı, qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 18 saylı evin 11 saylı mənzili iki mərtəbəli evin birinci mərtəbəsində yerləşir. Həmin evin ikinci mərtəbəsində cavabdehlərə məxsus 29 saylı mənzil yerləşir və cavabdehlər həmin mənzildə yaşayırlar. Onun yaşadığı ünvanın bir hissəsində isə onun valideynləri yaşayır. 2020-ci ilin iyun ayında o özünə iki otaq təmir edib, həmin ünvanda yaşamaq istəmişdir. Təmir üçün lazımi tikinti vasitələrini almış, ustalar görmüş, işə başlamışdır. Belə ki, 10 ədəd alçipan və 4 kisə sement alıb otağa yığmışdır. Ustalara isə - alçipan ustasına 200 manat, elektrikə 110 manat və çilingərə 300 manat vermişdir. Həmin ustalar işə başlamış, müxtəlif işlər görmüş, cavabdehlər isə hər gün müxtəlif narahatlıqlar yaradıb, onları işləməyə qoymamışlar. Usta işə başlayan kimi cavabdeh gəlib qışqırır, işi dayandırmaqlarını tələb edirdi. Onlar cavabdehə tezliklə təmiri qurtaracaqlarını deyib, ondan buna qısa müddətdə dözməsini xahiş etmiş, əslində isə onlar cavabdehlər üçün heç bir maneçilik törətməmiş, sadəcə bəzi vaxtlarda drel və ya laqonda işlətmək lazım olduqda cavabdehlər buna öz narazılığını bildirmişlər. O, ustalara tapşırmışdır ki, təmir işləri zamanı drel və laqondadan son dərəcə az istifadə etsinlər. Ustalar onun xahişi ilə əl işləri ilə təmiri davam etdirmiş, dreldən və laqondadan istifadə etməmişlər. Lakin 07 iyul 2020-ci il tarixdə ustalar laqondadan istifadə etmək məcburiyyətində qalmış, həmin gün usta laqondanı işə salan zaman cavabdeh 2-ci mərtəbədən mənzilinin damında olan şiferi sındırmış və ustanın üstünə su tökmüşdür. Həmin zaman onlar ustanı elektrik cərəyanı vurmaqdan son anda xilas etmiş, dərhal laqondanı cərəyandan ayırmış və işi dayandırmağa məcbur olmuşlar. Cavabdehlər isə həmin gün damın sındırdıqları hissəsindən onlara məxsus mənzilə bir neçə dəfə su atmış, oradan əlinə keçən əşyaları ona atmağa, onu söyməyə, təhqir etməyə başlamışlar. Hətta Cavabdeh2 aşağı düşərək onlara hücum etmiş, atası onları sakitləşdirməyə çalışmış, o atasını da təhqir etmiş, bundan sonra atasının ürəyi qəfil tutmuş, həmin gün onlar təcili tibbi yardım çağırmışlar. Bundan sonra artıq onlar işləri dayandırmış, heç bir təmir işi görə bilməmişlər. Bununla əlaqədar onlar Polis Bölməsinə müraciət etmiş, polis bölməsinin əməkdaşları mübahisələrinin mülki xarakterli olmasını nəzərə alıb, şikayətlərinə baxmamışlar. O, isə ona dəymiş zərərin ödənilməsi və mənzilinin təmirinə yaradılmış maneçilyin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəməyə müraciət etməzdən əvvəl isə cavabdehlərlə bir qonşu kimi məsələni yoluna qoymağa çalışmış, lakin cavabdehlər, öz əməllərində israrlı olduqlarını, onun öz mənzilində ona təmir etməyə icazə verməyəcəklərini bildirmişlər. Cavabdehlər ona məxsus mənzili təmir etməyə maneçilik törətdikdən sonra onun aldığı tikinti materiallarının bir hissəsi xarab olmuş, ustalar çıxıb getmiş, bu müddət ərzində isə o özünə məxsus mənzilə köçüb yaşaya bilməmiş, kirayədə yaşamağa məcbur olmuşdur. Belə ki, 07 iyul 2020-ci il tarixdə cavabdehlər onun mənzilinin damını sındıraraq mənzilə su tökdükdən sonra mənzildə olan 11 ədəd alçipanın 6 ədədi xarab olmuş, 4 kisə sement isə yararsız hala düşmüşdür. 6 ədəd alçipanın dəyəri 51 manat (8,5*6=51) və 4 kisə sementin dəyəri 26 manat (6,5*4=26) olmaqla, ümumilikdə tikinti vasitələrinin yararsız hala düşməsi nəticəsində mənə 77 manat məbləğində zərər dəymişdir. Bundan əlavə isə ustalara ümumilikdə 610 manat məbləğində pul vermişdir ki, ustalar da artıq onun üçün iş görməkdən imtina edib, getmiş və ustalara verdiyi pul vəsaiti məbləğində ona maddi zərər dəymişdir. Lakin yuxarıda qeyd etdiyim bu hallar işin əsas tərəfi deyil, işin əsas tərəfi isə cavabdehlərin mənzilini təmir etməyə maneçilik törətmələri səbəbindən onun öz mənzilindən məhrum olmağı, öz mənzilində yaşaya bilməməyi ilə, öz mənzili olduğu halda başqa mənzillərdə kirayə yaşamağa məcbur olmağı ilə ona maddi və mənəvi zərərin dəyməsidir. Belə ki, o iyun ayında təmirə başlamış, ustalar ona iyul ayının sonunda mənzili təhvil verəcəklərini bildirmiş, lakin cavabdehlər ustaları qovduğu gündən sonra, mənzildə heç bir təmir işləri aparılmamış və o da həmin zamandan kirayələrdə qalmağa məcbur olmuşdur. O, hal-hazırda qaldığı mənzilə görə hər ay 250 manat məbləğində kirayə haqqı ödəyir və iyul ayının sonundan 5 ay müddətində ayda 250 manat olmaqla, ümumilikdə 1250 manat məbləğində kirayə haqqı ödəməyə məcbur olmuşdur. Halbuki, o öz mənzilini təmir edib, özü üçün rahatçılıq yaratmağı, öz rahat mənzilində öz istədiyi kimi yaşamağı, valideynlərinə dayaq olmağı və bununla da qayğısız həyat sürməyi planlaşdırmış, cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu səbəbindən o öz rahat həyatından məhrum olmuş, bununla da ona 5000 manat məbləğində mənəvi zərər dəymişdir. Bundan əlavə cavabdehlər ona məxsus mənzilin üstündə, yəni ikinci mərtəbədə qanunsuz olaraq tikinti işlərini apararaq hamam və tualet inşa etmişlər, bunun nəticəsi kimi mənzilinin otaqları nəm çəkməyə başlamış, mənzilin tavanı çökmüş, mənzil yararsız hala düşmüşdür. Halbuki, həmin mənzil təmir vəziyyətdə olmuş və təmirə etiyacı olmamışdır. Tavan çökəndən sonra təmirə əlavə olaraq 1000 manat xərc çəkmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahatında iddia tələbinin təmin edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərər qismində 1937 manat və mənəvi zərər qismində 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərini aparılmasına maneçilik törətmələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat vermiş X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, onlar tərəfindən iddiaçıya hər hansı maddi zərər vurulmamışdır. İddia tələbində qeyd olunanlar iddiaçının uydurmasıdır. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirildiyi zaman iddiaçının mənzilinin əvvəl 1 otaqdan ibarət olması, hazırda isə faktiki olaraq 3 otaq təşkil etməsi müəyyən olunmuşdur. Belə ki, ekspert tərəfindən yerində ölçü işləri aparılarkən məlum olmuşdur ki, iddiaçının qanuni mülkiyyətində olan 1 otaqdan əlavə inşa edilmiş otaqlar yaşadığımız binanın ehtiyat yanğın çıxış yolunu bağlamaqla tikilmiş, sonradan həmin əlavə otaqlar da daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydə alınmaqla onun adına Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni 08.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Onun tərəfindən guya maddi ziyan vurulması və bu ziyanın ödənilməsi kimi əsassız tələblərdən ibarət olmaqla həmin iddia tələblərini iddiaçının qeyd olunan əlavə qanunsuz inşa edilmiş otaqlara dair öz mülkiyyəti olmadığı halda hər hansı iddia tələbi qaldırmağa subyektiv hüququ olmadığına görə heç cür qəbul etmir, rədd edir. Odur ki iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 18, 11 saylı mənzil 08 yanvar 2021-ci il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6930 saylı 05.03.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı X1 mülkiyyətində olan ünvan 3, 11 nömrəli mənzildə və həmin mənzilə bitişik inşa edilmiş əlavə tikililərdə elektrik naqillərinin qırıldığı, əlavə artırmanın damının bir hissəsində şifer təbəqənin mövcud olmadığı müəyyən edildi. Lakin mənzildə mövcud olan qüsurların səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə yalnız iddiaçıya mülkiyyətində olan mənzilində təmir işlərinin aparılmasına maneçilik törətmələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi hissədə idia tələbləri əsaslıdılar. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin 08 yanvar 2021-ci il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil iddiaçının yaşayış yeri olmaqla onun mülkiyyətində olduğundan sonuncunun həmin mənzildən istifadə edə bilməsi üçün təmir bərpa işlərini aparmaq hüququ mövcüddur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, ünvan 3 ünvanında yerləşən 11 saylı mənzil iddiaçı X1 mülkiyyətində olduğundan sonuncunun öz mülkiyyətində evindən maneəsiz olan təmir işləri həyata keçirilməsi üçün cavabdeh tərəfindən törədilən hər hansı maneə qanunsuzdur. Bu mənada rəsmi sənədlərə əsasən iddiaçıya yalnız 1 otaqlı ev məxsus olsa da, daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən əsassız olaraq ümumi istifadə üçün nəzərdə tutulmuş sahənin də onun adına mülkiyyət hüququ ilə əsassız olaraq qeydə alınması və belə olan halda özünə məxsus olmayan sahədə təmir işlərini aparmasına dair cavabdehlərin dəlilləri ilə razılaşmayaraq məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bununla belə maddi və mənəvi zərərlə bağlı iddia tələblərini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 2937 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-1097-ci maddələrinin tələbləri qaydasında onların mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırmışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin mülki hüquqi məsuliyyətləri yaranmamışdır. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Lakin iddiaçı ona dəymiş 2937 manatlıq maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6930 saylı 05.03.2022-ci il tarixli rəyi ilə də cavabdehlərin hərəkətləri nəticəsində iddiaçı X1 mülkiyyətində olan ünvan 3, 11 nömrəli mənzilinə zərər vurulması öz təsdiqini tapmamışdır. Göstərilənlərə və qeyd olunan normaya əsasən, məhkəmə hesab edir ki, İddiaçı məhkəmə baxışı zamanı maddi zərərin 2937 manat təşkil etməsinə dair sübutları (müqavilə, qəbz, akt və sair) məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanla bağlı iddia tələbini əsassız hesab edir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən və yalnız iddiaçıya mülkiyyətində olan mənzilində təmir işlərinin aparılmasına maneçilik törətmələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi hissədə iddia tələbləri təmin olunmalı, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar