Məhkəmə qərarları › İş №2(125)-453/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-453/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-453/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka vurulmuş maddi zərərin əvəzinin və mənəvi zərərin əvəzinin ödənilməsi, əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilinə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 600 manatın, mənəvi zərərin əvəzi olaraq 300 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manat olmaqla, ümumilikdə 930 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi və iddiaçının mənzilinə su axmasına səbəb olan su-kanalizasiya xətlərinin cavabdehlərin müştərək hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 46,6 kv.m olan mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********85-05101-093064 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 3 ünvanda yerləşən və ümumi sahəsi 46,7 kv.m olan mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, lakin cavabdehlər xeyli müddətdir ki, onun mülkiyyətinə qəsd etməkdə və ona maddi və mənəvi zərər vurmaqda davam edirlər, cavabdehlərin səhlənkarlığı ucbatından yaşadıqları evin hamam və dəhliz hissəsinin tavanı və divarları yararsız hala düşüb. Artıq xeyli vaxtdır ki, cavabdehlər onun mənzilinə çirkab suları axıdırlar. Həm maddi və mənəvi zərər dəyir, həm də mənzildən istifadədə maneələr yaranır, cavabdehlərdən tələb etməyinə baxmayaraq onlar öz evlərinin borularını təmir etdirmirlər. Onun mənzili təmirlidir, cavabdehlərin mənzilindən axan sular çirkab sularıdır. Bu natəmizliyə görə infeksion xəstəliklər törəyə bilər. Üstəlik cərəyan vurması və yanğın təhlükəsi də yaranıb, çünki sular elektrik naqillərinin üstünə axır, mənzilinə 600 manat maddi zərər dəyib. Cavabdehlərin bu hərəkətləri mənəvi iztirab çəkməyinə səbəb olur, dəfələrlə tələb etsə də, cavabdehlər deyir ki, “hara şikayət edirsən et”. Mənəvi zərər olaraq minimum 300 manat ödəmələrini qanuna müvafiq hesab edir, həmçinin hüquqlarını bərpa etmək üçün dövlət rüsumu da ödəməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçı onun həyat yoldaşıdır, sözügedən evdə birgə yaşayırlar, 1 ildir ki, su ilə bağlı problemlər yaşayırlar, cavabdehlərin onların mənzilinə su axıtması nəticəsində elektrik naqillərinə su sızmış, evin kolidor və hamamı yararsız vəziyyətə düşmüşdür, bunu sübut edən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir, cavabdehlərdən dəfələrlə su sızmasının qarşısının alınmasını tələb etsələr də, onlar öz evlərinin borularını təmir etdirmirlər. Nümayəndə həmçinin əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Sözügedən evdə Cavabdeh1 daimi yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzildə yaşayır, həmin mənzilin mətbəxindən kənarda kanalizasiya var, onu düzəltdirsələr də, iddiaçı yenə də mənzilinə su axdığını bildirir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər Cavabdeh2 qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir, lakin o, həmin mənzildə yaşamır, oğlu Aqşin orada yaşayır. Mənzilin ayaqyolundan iddiaçının mənzilinə su axmış ola bilər, mənzilə dəymiş zərərin əvəzini – 600 manat məbləğini ödəməyə hazırdır. Cavabdehlərin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünəməxsus fərdi yaşayış evinə dair bəzi fotoşəkillərini əlavə etmişdir. İş materiallarında olan ünvan 2 ünvanda yerləşən Nümayəndə, ünvan 4 ünvanda yerləşən X1 və ünvan 5lər üzrə nəzarətçisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, bu aktı ona görə tərtib etmişlər ki, yuxarıda göstərilən ünvanın 27 saylı mənzilində yaşayan Cavabdeh1 mənzilindən 24 saylı mənzilə mütəmadi olaraq su axıdılır və maddi ziyan vurulur, Cavabdeh1 dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq heç bir tədbir görmür. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 10/2362 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan 24 saylı mənzilin tikililərinin konstrukriv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu nəzərə alınaraq, Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdıldığı və nəticədə 24 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəyə görə, 27 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 24 saylı mənzilə su sızması 27 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qərardadın 3-cü sualı üzrə rəydə göstərilmişdir ki, iddiaçıya məxsus Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilə baxış keçirilən zaman, mənzildə su sızmasının hazırda davam etmədiyi müəyyən edilmişdir. Qərardadın 4-cü sualı üzrə rəyə görə Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 560,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza rəyinə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. Göründüyü kimi, hazırda iddiaçı cavabdehlərdən mənzilin təmiri üçün maddi zərərin əvəzi olaraq 600 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul tutulmasını, həmçinin mənzilinə su axmasına səbəb olan su-kanalizasiya xətlərinin cavabdehlərin müştərək hesabına təmir edilməsini tələb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(125)-453/2024 nömrəli qərardadı ilə iş üzrə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 24 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 27 saylı mənzildən su axdığı və nəticədə 24 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən edilmişdir və 24 saylı mənzilə su sızması 27 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Həmçinin, rəyə əsasən 24 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 560,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.1 və 1098.2-ci maddələrinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun Cavabdeh1 faktiki yaşadığı mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz hazırda həmin mənzildə yaşayan Cavabdeh1 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz Cavabdeh1 yaşadığı mənzildən olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə vurğulanmalıdır ki, cavabdehlər ekspert rəyini və aktları şübhə altına alan və ya onları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddiaçının evinə dəymiş zərərin onlara məxsus evdən baş vermə ehtimalının olduğunu bildirmiş, hətta Cavabdeh2 mənzilə dəymiş zərərin əvəzini – 600 manat məbləğini ödəməyə hazır olduğunu qeyd etmişdir. Eyni zamanda, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Belə ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdehlər iddianın rədd edilməsinin əsası kimi hər hansı dəlilə istinad etməmişlər. Əksinə cavabdehlər yaşadıqları mənzildən iddiaçının mənzilinə su axmasının mümkün ola biləcəyini bildirmişlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının Cavabdeh1 ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, işin halları ilə sübut olunur ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədəki sözügedən mənzildən su sızıntısı baş verir və həmin mənzildə faktiki olaraq Cavabdeh1 yaşayır. Digər Cavabdeh2 həmin mənzilin mülkiyyətçisi olsa da, orada yaşamamışdır və onun tərəfindən iddiaçıya faktiki olaraq hər hansı zərər vurulmamışdır. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, su sızıntısının baş verməsi Cavabdeh1 təqsirli hərəkətinin (hərəkətsizliyinin) nəticəsidir. Həmçinin, Cavabdeh1 bu sızıntının məhz onun faktiki yaşadığı mənzildən baş verdiyini inkar etməmişdir. Belə olan halda sözügedən zərərin vurulmasında məsuliyyəti məhz müvafiq otağı tutan şəxs daşıyır. Vurulan ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində bu məbləğin 600 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi olaraq vurulmuş ziyan 560 manat məbləğində qiymətləndirilmişdir. MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçının mənzilinə Cavabdeh1 yaşadığı mənzildən və sonuncunun təqsirindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 560 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 560 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 300 manat pul məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı öz tələbində cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, yəni “iddiaçının mənzilinə su axmasına səbəb olan su-kanalizasiya xətlərinin cavabdehlərin müştərək hesabına təmir edilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 istifadəsində olan mənzildən əvvəllər iddiaçının mülkiyyətində olan mənzilə su sızması nəticəsində maddi ziyan dəysə də, hazırda həmin su sızması müşahidə olunmur. Həmçinin, 24 saylı mənzilə su sızmasının konkret olaraq 27 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Odur ki, mövcud olmayan mülki hüquq pozuntusunun aradan qaldırılması tələbi də təmin edilə bilməz. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, eyni zamanda ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 560 manat, məhkəmə xərcinə görə 30 manat olmaqla, cəmi 590 (beş yüz doxsan) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar