Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-650/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 0.20 ABŞ dolları əsas, 2459.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2459.46 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 61.82 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 20% ödəmək şərtilə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 0.20 ABŞ dolları əsas, 2459.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2459.46 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
İddiaya etiraz.
3. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək məhkəmədən iddiaçının iddiasına sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında, hər iki tərəfin dəlil və sübutları təqdim edildikdən və dinlənildikdən sonra araşdırılaraq, mülki iş barədə şəffaf qərarın verilməsi, 270 saylı orta məktəbdə müəllimə işləməsinin və müəllim maaşının kifayət qədər olmamasının nəzərə alınmasını və 7 ildən artıq banka əsas borcunu vaxtlı-vaxtında ödədiyi (hətta əsas borcda yazılan 0.20 ABŞ dolları qalığın bankda tapılmadığı halda 10 manat əlavə olaraq həmin borcun bağlanılması üçün ödədiyi) nəzərə alınaraq ədalətli şəkildə məsələyə baxılmasını və banka əsas borcunun olmaması barədə bank tərəfindən sənəd verilməsini xahiş etmişdir.
İddiaya etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki: “2014-cü ildə "xxxx" KB ASC-dən 7000 ABŞ dolları (amma götürülmüş kredit dollarla deyil, təxminən 5600 manatla təqdim edilmişdir). Azərbaycanda baş vermiş 2 dəfə ardıcıl devalvasiya nəticəsində borc dəfələrlə şişmişdir. 2014-cü ildən indiyə qədər onların təqdim etdikləri cədvəllər üzrə minimum 180-280 manat ödəməklə ümumilikdə 15000 manatdan çox maliyyə vəsaitini banka köçürmüşəm. Hal-hazırda faktiki olaraq cədvəllərin və ödənilmiş qəbzlərin əksəriyyətini özümdə saxlamışam və məhkəməyə sübut kimi təqdim etməyə hazıram”.
İşə iddia icraatı qaydasında baxılması.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 5719/2022 saylı qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2014-cü il tarixdə iddiaçı bankdan 5600 manat məbləğində kredit götürmüşdür. Müqavilədə kreditin dollarla verildiyi qeyd edilsə də, kredit ona manatla verilmişdir. O, kredit götürdüyü vaxt dolların məzənnəsi aşağı olmuş, o da vaxtlı-vaxtında kredit ödənişlərini ödəmişdir. Devalvasiyadan sonra dolların məzənnəsi qalxmışdır və iddiaçı bank hazırda ondan dolların indiki məzənnəsi üzrə pul tələb edir. Əslində o, bankdan götürdüyü krediti tam ödəmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1292nkHVS/14 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank 48 ay müddətinə, xx.xx.2018-ci il tarixinədək illik 24% ödəmək şərtilə 7000 ABŞ dolları məbləğində krediti Borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 28.36 faiz təşkil edir. Kreditin məqsədli təyinatı: istehlak.
9. 1292nkHVS/14 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, ödənişlərin xx.xx.2014 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 229 manat (sonuncu ay 177.17 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
10. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1292nkHVS/14 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin qurtardığı vaxt alınması barədə tərəflər razılığa gəlmişlər. Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur.
11. xx.xx.2016-cı il tarixli sazişə əlavə olan ödəniş cədvəlindən görünür ki, ödənişlərin xx.xx.2016 – xx.xx.2020-ci il tarixləri arasında hər ay 102 manat (sonuncu ay 3548.36 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 1292nkHVS/14 saylı kredit müqaviləsi üzrə 0.2 ABŞ dolları əsas, 2459.26 ABŞ dolları faiz olmaqla, cəmi 2459.46 ABŞ dolları borcu var.
13. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun məbləği və borcu vaxtında ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
İşin faktiki halları.
14. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank 48 ay müddətinə, illik 24% ödəmək şərtilə 7000 ABŞ dolları məbləğində krediti Borcalanın mülkiyyətinə verməyi, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişlə Borclunun xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlərinin əsas borcun ödənilməsinə yönəldilməsi, faizlərin müddətin qurtardığı vaxt alınması və kredit müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması barədə razılığa gəlinmişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, banka olan borcunu tam ödəməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" KB ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən 0.20 ABŞ dolları əsas borc və 2459.26 ABŞ dolları məbləğində faiz borcu tutularaq iddiаçı "xxxx" KB ASCyə ödənilməlidir.
19. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarı).
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61.82 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
21. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 0.20 ABŞ dolları əsas borc və 2459.26 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2459.46 ABŞ dolları (iki min dörd yüz əlli doqquz dollar qırx altı sent) məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 61.82 manat (altmış bir manat səksən iki qəpik) dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 0.20 ABŞ dolları əsas borc və 2459.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2459.46 ABŞ dolları (iki min dörd yüz əlli doqquz dollar qırx altı sent) məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 61.82 manat (altmış bir manat səksən iki qəpik) dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva