Məhkəmə qərarları › İş №2(010)-6586/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6586/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6586/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3100 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı cavabdehə xx.xx.2022-ci il tarixdə atasının əməliyyatı ilə bağlı 1000 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə evinin təmiri məqsədilə 1000 manat, xx.xx.2024-cü il tarixdə isə 600 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu pulları hissə-hissə qaytaracağına söz vermiş, lakin axırıncı dəfə 600 manat ondan aldığı ayda ona iş yerində bir jurnalistdən 100 manat rüşvət aldığı aşkar edildiyi üçün şiddətli töhmət verilmiş və işdən azad edilmişdir. Cavabdeh almış olduğu pulu qaytaracağına söz versə də, guya bu vaxta qədər heç yerdə normal iş tapa bilmədiyini bəhanə gətirərək borclarını qaytarmaqdan boyun qaçırır. Artıq aradan 2 il keçməsinə baxmayaraq, cavabdeh həmin puldan hissə-hissə də olsa belə borcunu geri vermir. Dəfələrlə zəng etsə də, yalvarıb borcunu geri ödəməsini xahiş etsə də, müxtəlif bəhanələr gətirərək və müxtəlif zaman istəyərək yenə də geri ödəniş etmir. Nəticə olaraq, o, cavabdehin bu mənasız bəhanələri qarşısında əlacsız qalaraq, məhkəməyə müraciət etməkdən başqa çıxış yolu olmadığını anlamışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, cavabdeh ona olan ümumilikdə 3100 manat məbləğində borcundan 100 manat ödəniş etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də iddiaçı ilə aralarında iddia ərizəsində qeyd edilən müqavilələr bağlanmış və ondan borc pul götürmüşdür. İddiaçı onu tanıdığını qeyd etsə də, o, iddiaçını tanımır. Sadəcə olaraq, iddiaçı sələmə pul verdiyi üçün ondan borc götürmüşdür. Borcunu qəbul edir, lakin həmin borcu hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2022-ci il tarixli yazılı iltizamdan müəyyən olunur ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində pul vəsaitini borc qismində aldığını və həmin borcu 5 ay müddətində qaytaracağını qeyd etmiş və iltizama imza etmişdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, 416973******2812 nömrəli kart hesabından 416973******9509 nömrəli kart hesabına (qəbul edən – EL******* Ş*******) 200 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, 416973******2812 nömrəli kart hesabından 409858******5522 nömrəli kart hesabına 300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, 416973******2812 nömrəli kart hesabından 409858******5522 nömrəli kart hesabına 1000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, 523915******7820 nömrəli kart hesabından 416973******9509 nömrəli kart hesabına (qəbul edən – EL******* Ş*******) 600 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşin faktiki halları Tərəflər arasında müxtəlif tarixlərdə ümumilikdə beş şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, iddiaçı cavabdehə ümumilikdə 3100 manat məbləğində pul vəsaiti vermiş, lakin müqavilələr üzrə verilmiş pul vəsaiti (yalnız 100 manat məbləğində pul vəsaiti geriyə qaytarılmışdır) geri qaytarılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında ümumilikdə 5 (beş) ədəd borc müqaviləsi (xx.xx.2022ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli) bağlanmış, iddiaçı həmin borc müqavilələri üzrə cavabdehə ayrı-ayrılıqda olmaqla, ümumilikdə 3100 manat məbləğində pul vəsaitini borc qismində vermişdir. İddiaçı cavabdehlə aralarında öhdəlik hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən hər bir borc müqaviləsi üzrə öz üzərinə müəyyən edilmiş və pul vəsaitlərini cavabdehin mülkiyyətinə verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş (pul vəsaitlərinin cavabdehə məxsus müxtəlif kart hesablarına mədaxil edilməsi barədə mədaxil qəbzləri iş materiallarına əlavə edilmişdir), lakin cavabdeh həmin borc müqavilələri üzrə müvafiq borc məbləğlərini razılaşma əsasında müəyyən edilmiş qaydada iddiaçıya qaytarmaqdan ibarət öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş (vicdanlılığın tələb etdiyi tərzdə), bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Məhkəmənin hər iki iclasında iştirak edən cavabdeh iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları məhkəməyə verdiyi izahatında təsdiq (etiraf) etmiş, bununla da iddiaçı həmin faktları ümumi qaydada sübuta yetirmək vəzifəsindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə ki, cavabdeh iddia tələbində göstərilən şifahi borc müqavilələrinin həqiqətən də iddiaçı ilə aralarında bağlandığını, həmin borc müqavilələri üzrə iddia ərizəsində göstərilən həcmdə borcunun mövcud olmasını və həmin borcların qaytarılmamasını məhkəməyə verdiyi izahatında tam şəkildə təsdiq etmiş, iddia tələbində qeyd edilən borc məbləği barədə mübahisə etməmişdir. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sonuncu məhkəmə baxış iclasında məhkəməyə verdiyi izahatında cavabdehin ümumilikdə 3100 manat məbləğində borcdan 100 manat ödəniş etdiyini bildirmiş və qalıq borcun 3000 manat təşkil etdiyini qeyd etmişdir. Belə olan halda, yalnız qalıq borc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün statusuna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Belə olan halda, iddia tələbinin təmin edilmiş hissəsinə (3000 manat) mütənasib olaraq, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar