Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-679/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Bank ”xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavidləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank ”xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqavidləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx xxxxxxx 2020-ci il tarixinə ödənilməmiş 2.955,35 manat əsas borc, 20 manat faiz borcu, ümumilikdə 2.975,35 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00569-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 3346 (üç min üç yüz qırx altı) manat 34 (otuz dörd) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış RF-00101-17/16A saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC- yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00569-16/19A saylı xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Mülki Məcəllənin 472-ci maddəsində də müvafiq olaraq deyilir ki, zaminlik müqaviləsində zamin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 2955.35 manat əsas borc, 20 manat faiz borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2020-ci il tarixinə ümumi borcu 2975.35 manat təşkil edir. Bank ”xxxx” ASC xx xxxxxx 2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, xx xxxxxx 2021-ci il saat 15:30-a təyin olunmuş məhkəmə baxışının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A saylı kredit müqaviləsinə əsasən Bank ”xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 3.346,34 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh1 Banka olan borcunun müvafiq qrafik üzrə müəyyən olunmuş vaxtlarda hər ay cəmi 57,21 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx xxxx 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə borcverən Bank “xxxx” ASC-yə xx xxxxxxx 2020-ci il tarixə 2.955,35 manat əsas borc və 20 manat faiz borcu olmaqla, cəmi 2.975,35 məbləğində borcunun olması hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A №-li Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 Bank “xxxx” ASC-dən xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A №-li Kredit müqaviləsi ilə kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Zamin Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Borcverən qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 Bank “xxxx” ASC ilə xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək Bank “xxxx” ASC-yə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən xx xxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 da xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə zamin olaraq götürdüyü öhdəliyi pozmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx xxxxxxx 2020-ci il tarixinə ödənilməmiş 2.955,35 manat əsas borc, 20 manat faiz borcu olmaqla, cəmi 2.975,35 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə iddia tələbi əsaslıdır və iddia təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasında bağlanmış 15 iyul2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddiaçı Bank ”xxxx” ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.955,35 manat əsas borc və 20 manat faiz borcu olmaqla, cəmi 2.975,35 manat məbləğində borc tutularaq Bank ”xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı Bank ”xxxx” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00569-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.955,35 (iki min doqquz yüz əlli beş manat 35 qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı olmaqla, cəmi 3.005,75 (üç min beş manat 75 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Bank ”xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-679/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-679/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver