Məhkəmə qərarları › İş №2(010)-686/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-686/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-686/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, iddiaçı X7 hüquqi varisi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X7 Cavabdeh qarşı "maddi və mənəvi ziyan və qeyri-yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı X13 Cavabdeh qarşı "maddi və mənəvi ziyan və qeyri-yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X7 xeyrinə 300 (üç yüz) manat maddi, 100 (yüz) manat mənəvi ziyanın tutulması; Cavabdeh iddiaçı X1 və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin X10 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4554/2021 nömərli iş üzrə qəbul etdiyi 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı X1 və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsi X10 təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7097/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(006)-4554/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir.

Tərəflərin izahatları

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında iddiaçı X7 hüquqi varisi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh hazırda həmin obyektdən çıxıb və orada yaşamır. O, həmin obyekti idarə etmək istədikdə qaynı icazə vermir, obyektin, oradan əldə edilən vəsaitin ona aid olduğunu bildirir. Həmin obyekti kirayə verib işlədir, obyekti də öz adına qeydiyyata keçirtmək istəyir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, R.Göyüşov küçəsində Vərəm dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsi əslində X4 vəsaiti hesabına alınmış, onun razılığı və məsləhəti ilə qeyri-yaşayış sahəsi formal olaraq mərhum qardaşı X7 adına sənədləşdirilmişdir. Qardaşı vəfat edən müddətədək obyekti bilavasitə mərhum Balabəyov Hacıağa işlətsə də, obyektin fəaliyyətinə ümumi rəhbərliyi X11 həyata keçirmiş və eyni zamanda obyektin fəaliyyətindən əldə olunmuş gəlir onun tərəfindən bölüşdürülərək qismən hissəsi də ailəsini dolandırmaq üçün mərhum qardaşına verilmişdir. Lakin, onun mərhum qardaşı tərəfindən yuxarıda qeyd olunan tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət olunarkən iddia ərizəsinə həmin qeyri-yaşayış sahəsinin, yəni Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin “guya” onun tərəfindən 009427 nömrəli, 1996cı il tarixli alqı-satqı müqaviləsi ilə X6 alınması barədə müqavilənin surəti əlavə olunmuşdur. Məhz bu müqaviləyə əsasən məhkəmə qeyri-yaşayış sahəsinin onun mərhum qardaşı-X1 və istifadəsində olması nəticəsinə gələrək iddia tələbini təmin etmişdir. Əslində isə həmin alqı-satqı müqaviləsinin arxivi mövcud deyildir, formal olaraq tərtib olunmuşdur, ona görə də müqavilə saxta hesab edildiyindən ləğv olunmalıdır. Eyni zamanda, hal-hazırda həmin qeyri-yaşayış sahəsi yalnız Tarifxan Balabəyovun sahiblik və istifadəsindədir, iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsinin zəbt olunması halı mövcud deyildir, iddia tələbi qismən olaraq öz həllini tapmışdır. Həmçinin, hazırki məqamda mərhum iddiaçı Tarifxan Balabəyovun və onun iş üzrə hüquqi varisi kimi tanınmış şəxsin qeyri-yaşayış sahəsinə heç bir hüququ olmadığından onun hazırki iddia ilə çıxış etməsinə dair subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi qeyri-yaşayış sahəsi hal-hazırda X4 istifadə və sahibliyində olmaqla hər ay onun tərəfindən Suraxanı rayonu, Zığ bələdiyyəsinin hesabına 100 manat məbləğində əmlak vergisi ödənilir, ümumiyyətlə isə hal-hazırda qeyri-yaşayış sahəsi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları tamamilə Tarifxan Balabəyov tərəfindən həyata keçirilir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, onun bu şəxslərlə, bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur, hazırda mübahisəli obyektdən çıxmışdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

İş materialları.

8. Bakı şəhəri Suraxanı rayon İH-nin xx.xx.1991-ci il tarixli, 105 №-li Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Zığ qəsəbəsi ərazisində Vərəm xəstəxanası ilə üzbəüz avtobus dayanacağının yanında Suraxanı rayonu kolxoz bazarının filialının fəaliyyət göstərməsi üçün 10 x 20 kv.m sahədə yığma-laylı metal konstruksiyalardan ibarət müvəqqəti olaraq pavilyonun quraşdırılmasına icazə verilmişdir.

9. X14 ilə X13 arasında bağlanmış xx.xx.1996-cı il tarixli 009427 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında olan qeyri-yaşayış sahəsini X2.

10. AV Group Layihə Dizayn X9 Bölməsi tərəfindən 2020-ci il tarixdə verilmiş sənəddən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında olan qeyri-yaşayış obyektinin hüquqi subyekti X12r.

11. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251630 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 145 saylı akt qeydi tərtib olunmuşdur.

12. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 vərəsəsi X5r.

İşin faktiki halları.

13. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Göyüşov küçəsi, Vərəm Dispanserinin qarşısında olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş, lakin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdeh həmin sahəni boşaltmış və iddiaçıya təhvil verilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolu (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır).

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

18. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırki tələbi üzrə məhkəmə qətnaməsi çıxarılmış və iddia tələbi iddiaçının sahiblik və istifadəsində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində təmin olunmuşdur. Sonradan məhkəmə qətnaməsi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş və məhkəmə qərarı icra olunaraq, icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə tələbkar məhkəməyə müraciət edərək, borclu tərəfindən icra sənədinin icrasının könüllü şəkildə təmin olunduğunu bildirərək, icra sənədinə xitam verilməsini xahiş etmiş və bunun əsasında icraata xitam verilməsi qərara alınmışdır. Sonradan qətnamə ilə maraqlarına toxunan şəxs tərəfindən apellyasiya şikayəti verildiyi üçün qeyd olunan qətnamə ləğv olunaraq mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsə də, məhkəmə iclasında iştirak edən cavabdeh artıq həmin qeyri-yaşayış sahəsindən çıxdığını bildirmişdir. Qeyd olunan fakt həm iddiaçının prosessual hüquqi varisi, həm da maraqlı şəxs tərəfindən təsdiq edilmiş və cavabdehin mübahisəli obyektdən çıxdığı və yaşamadığı məhkəmə iclasında bildirilmişdir. Mübahisəli olmuş qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmasa da, qanuni əsaslarla onun istifadəsində olub. Buna baxmayaraq, onun həmin əmlakdan istifadə hüququ istənilən üçüncü şəxsin qanunsuz müdaxiləsindən qorunmalıdır. Lakin, onunla hazırkı iş üzrə cavabdeh arasında mübahisə mövcud olmadığından, iddia tələbi rədd edilməlidir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya aid olmaması ilə bağlı fikirlərinə münasibət bildirirək hesab edir ki, hazırkı işdə olan sənədlər mübahisələndirilməyibdir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar