Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-691/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4024/2019 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində 120 manat alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin və mediatora ödənilmiş 50 manat rüsumun İddiaçı xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3792/2020 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində 120 manat alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və mediatora ödənilmiş 50 manat rüsumun İddiaçı xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehdən tələbi qanunla müəyyən edilmiş 220 manat alimentin ödənilməsinin təmin edilməsidir. Çünki, digər uşaqları yetkinlik yaşlarına çatsalar da, mütəmadi olaraq işləmirlər. Həmçinin, dörd övladı ilə birlikdə başqasının evində yaşamaq istəmir və kirayə ev tutmaq istəyir. Özünün belində problem olduğu üçün işləyə bilmir. Cavabdeh necə ki, yenidən ailə qurub, həmin ailəsinə baxır, eynilə də bir uşağı üçün 220 manat alimenti verməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, maddi imkanı zəif olduğu üçün 220 manat aliment ödəmək qabiliyyətində deyil. Belə ki, həm səhhətində problemlər var və işləyə bilmir, həm də yenidən ailə qurmuş və həmin nikahdan da bir uşağı var. Buna görə də qeyd olunanları nəzərə iddianın qismən, aliment məbləğinin artırılaraq maksimum 150 manat məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4024/2019 nömrəli iş üzrə qəbul etdiyi 04 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 130 nömrəli nikahın pozulması, tərəflərin ailə münasibətlərindən doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 cavabdeh İddiaçı yanında saxlanılmaları qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3792/2020 nömrəli iş üzrə qəbul etdiyi 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia təmin edilərək, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
İşin faktiki halları.
7. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına və hər ay cavabdehdən 120 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikası Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı.
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
15. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı.
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi.
16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
17. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən 120 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 11 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və işin araşdırılan hallarından məlum oldu ki, məhkəmə qətnaməsi əsasında cavabdeh aliment tutulduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişilik olmamış, cavabdehin ailə vəziyyətində isə əksinə dəyişiklik olmuş və yenidən ailə qurmuş, həmin nikahdan da bir övladı var. Həmin fakt həm iddiaçı, həm də cavabdeh tərəfindən etiraf edilmişdir. İddiaçı səhhətində problem olduğu üçün işləyə bilmədiyini bildirsə də, həmin faktı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə uşağın mənafeyini daha üstün tutur və bu səbəbdən alimentin məbləğinin qismən artırılaraq 180 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir.
18. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri.
19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
22. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 180x12=2160 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 41,60 manat təşkil edir.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
24. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3792/2020 nömrəli iş üzrə qəbul etdiyi 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 11 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3792/2020 nömrəli iş üzrə qəbul etdiyi 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 11 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.