Məhkəmə qərarları › İş №2(010)-70/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-70/2024

25.07.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-70/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs 4 saylı “ASAN xidmət” mərkəzinin 4 saylı notariat ofisinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 22, 167 saylı mənzilin boşaldılaraq ona təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34 m2 yaşayış sahəsi olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ ilə mənim mülkiyyətimdə olmuşdur. İş üzrə Cavabdeh ailəsi ilə mənim qonşuluğumda yaşayırdı. Onlar bilirdilər ki, mən tək yaşayıram və bundan istifadə edib məni dilə tutub ölənə qədər mənə baxacaqlarını bildirmiş və mən də bunlara inanıb onlarla birlikdə 4 saylı “ASAN xidmət” Mərkəzinə getdim. Mən rus dilində oxumuşam. Latın əlifbasını bilmirəm. Biz “ASAN xidmət” Mərkəzinə getdik, orada məni otuzdurub heç nə danışmamağımı tapşırdılar. “ASAN xidmət”də özü gedib notariusun əməkdaşı ilə danışıb bankdan 5000 manat çıxartmışdım və özümün 1850 manat pulumun həmin müqavilə bağlamaq üçün lazım olduğunu bildirdi və dedi ki, müqavilə bağlanandan sonra pulun özünə qayıdacaq. Müqavilə bağlandı və mənə bankda pul verdilər. Həmin pulu bankdan çıxan kimi cavabdeh əlimdən aldı. Mən heç pulun sayını da bilmirdim. Onu da qeyd edim ki, mən müqavilənin alqı-satqı olduğunu bilməmişdim. Mən elə bilirdim ki, onlar öz öhdəliklərini pozsalar, yəni mənə baxmasalar, mən bu müqaviləni poza bilərəm. Bundan əlavə, mənim pensiya kartımı əlimdən almışlar. Mən gördüm ki, cavabdehlər mənə baxmır və mən kartımı tələb edəndə məni evdən qovmuş və bildirmişlər ki, hara istəyirsən get, mən qaziyəm, mənə heç kim heç nə edə bilməz. Çox sağ ol de ki, səni qeydiyyatdan çıxartmamışam. Mən evimə getdim ki, həmin evdən kirayəşinləri çıxardıb özüm yaşayım. Onlar da mənə dedilər ki, sən kimsən, evin mülkiyyətçisi Seyrandır. Bunu eşidəndə mən 4 saylı “ASAN xidmət” Mərkəzinin notariusuna yaxınlaşmış və başıma gələnləri onlara danışanda mənə bildirdilər ki, get məhkəməyə müraciət et. Onu da qeyd edim ki, 150 manat kirayəşinlərdən almış və 368 manat mənim pensiyamı mənimsəmişdir. 2022-ci ilin dekabr ayına kimi pensiyamı o almışdır. Mən təzədən DOST məkana gedib, başıma gələnləri danışandan sonra özümə pensiya kartı almışam. Belə çıxır ki, cavabdeh məni yox, mən onları öhdəmə götürmüşəm. Onu da qeyd edim ki, mən bu günə kimi evin pulumu ödəyirəm. Cavabdeh məni aldadaraq, etibarımdan sui-istifadə etmiş, mülkiyətimdə olan evi alğı-satqı müqaviləsinə əsasən adına keçirmişdir. Belə olan halda mən evimi tələb etmiş, mənə bildirmişdir ki, hara istəyirsən get, ev mənimdir”.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı psixi cəhətdən sağlam deyil. Belə ki, o özü iddiaçı ilə söhbət etmişdir. Söhbət gedişində iddiaçı oğlunun olmasından, onun Qarabağda döyüşməsindən bəhs etmişdir. Halbuki iddiaçının oğlu yoxdur. Yəni o, mövcud olmayan oğlu barəsində danışır. Bundan başqa, iddiaçıya kiminlə qalmaq istəməsi barədə sual verdikdə o, anasının mollasından, anasının hansı yerdə ölməsindən və s. bəhs etmişdir. Onunla kilsənin sığınacağında baş tutan söhbətini iddiaçının razılığı ilə video qeydə alımışdır. Həmin videoyazıdan görünür ki, iddiaçı bütün suallara qeyri-adekvat cavab verir. Belə bir insan necə fəaliyyət qabiliyyətli ola bilər? O, iddiaçıya dövlət tapşırığı ilə hüquqi yardım göstərir. Hesab edir ki, iddiaçı psixi xəstədir. İşin hallarında aydın görünür ki, cavabdeh iddiaçını aldadıb, evini ələ keçirmişdir. Cavabdeh iddiaçını renta müqaviləsi bağlamaq adı ilə aldatmış, evin alınması ilə bağlı iddiaçıya heç bir məbləğ ödəməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2016-cı ildən iddiaçının yaşadığı yataqxanaya köçmüş, o vaxtdan qonşu olmuşlar. İddiaçı yaşlı qadın olduğundan həmişə ona kömək etmiş, evində nə isə xarab olsa, gedib təmir etmişdir. Tanışlıqları da belə yaranmışdır. Üç il bundan əvvəl, 2020-ci ildə iddiaçı ona demişdir ki, mənzilini satıb qohumlarının evinə köçmək niyyətindədir. O da 9000 manata mənzili almışdır. Alqı-satqı notariat ofisində baş tutmuş və orada rəsmiləşdirilmişdir. Onda iddiaçıya mənzilə görə pul ödədiyini təsdiq edən qəbz də var. Mənzili aldıqdan sonra iddiaçı ondan mənzildən çıxmaq üçün möhlət istəmiş, o da bu möhləti vermişdir. Bundan sonra müharibə başlamış, o da müharibədə iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra da iddiaçı uzun müddət həmin mənzildə yaşamışdır. 2022-ci ildə yoldaşı ona zəng vurub demişdir ki, Lətifə xalanın əli kəsilmişdir və vəziyyəti pisdir. O da yoldaşına iddiaçını xəstəxanada ziyarət edib, nə lazım olsa almasını demişdir. Üç gün sonra xəstəxana çıxışına özü maşınla getmişdir. İddiaçı maşında ona demişdir ki, satdığı mənzildə qanı tökülüb və artıq həmin mənzildə yaşamaq istəmir. Ondan xahiş etmişdir ki, onu öz evlərinə aparsın, o da sağaldıqdan sonra çıxıb getsin. O da bununla razılaşmışdır. Beləliklə, 2022-ci ilin avqust ayından dekabr ayınadək iddiaçı onunla və ailəsi ilə birlikdə yaşamışdır. O, evində iddiaçı üçün bir otaq ayırmış, yoldaşı ona qulluq etmiş, qayğısına qalmışdır. Onlarda yaşamağa başladığı avqust ayında iddiaçı ona pensiya kartını verərək xahiş etmişdir ki, pensiyası ilə onun dərmanlarını və yeməkiçməyini qarşılasın. O da kartı məhz bu məqsədlə götürmüş və iddiaçının xərclərini qarşılamışdır. Onlarla qaldığı dövrdə iddiaçının bütün ehtiyaclarını qarşılamışdır. Dekabr ayında o, yoldaşı ilə birlikdə rayona – Lənkərana getməli olmuş, uşaqları iddiaçı ilə evdə qoyub getmişdir. Növbəti gün geri qayıtdıqda uşaqlar ona demişlər ki, Lətifə xala evdən birdəfəlik çıxıb gedib. Bundan sonra da, elə dekabr ayında iddiaçı onda olan pensiya kartını ləğv etdirib yeni kart açdırmışdır. Onun daha iddiaçı ilə əlaqəsi qalmamışdır. Lakin artıq iddiaçının ona satdığı mənzildə yaşamasına icazə verə bilməz. Çünki artıq o özü həmin mənzildə yaşayır və mənzilə özünün ehtiyacı var. İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, ərizədə satılmış mənzilin sahəsini 34 m2 göstərmişdir. Halbuki mənzilin sahəsi 17 m2 olmuşdur və bu, müqavilədən də görünür. Bundan başqa iddia ərizəsində iddiaçının pensiyası da düzgün göstərilməmişdir. Belə ki, onun pensiyasının məbləği 368 manat məbləğindədir. İddiaçı mənzilini 9000 manata ona satmış, o da pulunu ödəyərək mənzili almışdır. İddiaçının başı özündə deyil, hadisələri düzgün danışmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmənin sonrakı iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

7. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili alıcı Cavabdeh 9000 manata satmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1977 saylı ekspert rəyindən görünür ki, İddiaçı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilir. İddiaçı müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu müəyyən edilir və buna görə də onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri ilə göstərilən psixi pozuntu təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyil.

10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3316 saylı ekspert rəyindən görünür ki, İddiaçı hazırda yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilir. İddiaçı müəyyən edilən bu pozuntu nəticəsində onda dərk etmə və anlama funksiyalarının zəifləməsi, şübhəlilik əlamətləri təzahür edir. Qeyd edilməlidir ki, İddiaçı göstərilən psixi pozuntunun son illərin hansı dövrdən başlayaraq yaranmasını müəyyən etmək mümkün deyil.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən, yaşayış sahəsi 17.2 m2 olan mənzilin 2020-ci ildə bazar dəyəri 35000 manat, hazırkı vaxta bazar dəyəri 52000 manat təşkil edir.

12. İddiaçı tərəfindən X3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı öz əvəzinə Beynəlxalq Bankın istənilən filialından ona çatası kartı, PİN kodu almağı, lazımi sənədləşdirmə işlərini aparmağı, sənəd verməyi, sənəd almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından imza etməyi, ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir.

13. İddiaçı və X13 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakəın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin sahəsi 18 m2 olan 2 otağını 12000 manata X1.

14. İddiaçı və X9 arasında bağlanmış xx.xx.2016-cı il tarixli renta müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34 m2, yaşayış sahəsi 34 m2 olan 2 otaqlı mənzil renta ödəyicisi X5 mülkiyyətinə verilmişdir.

15. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1508 saylı ekspert rəyindən görünür ki, şahid ifadələri nəzərə alınaraq, İddiaçı ilkin və hazırkı psixiatrik müayinə nəticəsində onda müəyyən edilən yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla diaqnozlu psixi pozuntu son dörd-beş ildə meydana gələ bilərdi.

Ekspertin izahatı.

16. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 həkim psixiatr eksperti X6 bildirdi ki, rəy verilərkən iddiaçı ilə söhbət aparılmış, ona psixi vəziyyəti, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müəyyən suallar verilmişdir. İddiaçının verdiyi cavablar əsasında müəyyən edilmişdir ki, onun dərk etmə, sualların məğzini başa düşüb cavab vermə qabiliyyətində problem var. Məsələn, adi bir sual verdikdə məsələdən uzaqlaşır və suala aidiyyəti olmayan başqa-başqa hadisələrdən danışır. Bu səbəbdən onda koqnitiv pozuntunun əlamətlərinin olması nəticəsinə gəlmişlər. Həmçinin iddiaçıda şübhəlilik əlamətlərinin olduğu da müşahidə edilmişdir. Belə ki, o, cavabdehlə “ASAN xidmət”ə imza çəkmək üçün getdiyini xatırlayır və deyir ki, orada cavabdeh “ASAN xidmət” işçisi ilə pıçıldaşaraq nəsə pulla bağlı danışmış, yekunda onun maraqlarına uyğun olmayan bir vəziyyət yaranmışdır. Bundan başqa, komissiya üzvləri tərəfindən iddiaçıdan soruşulmuşdur ki, əgər oğlu varsa (iddiaçı özü bunu demişdir), nəyə görə alqı-satqı kimi ciddi bir müqaviləni bağlayarkən oğlu ona köməklik etməmişdir? İddiaçı cavabında demişdir ki, əgər cavabdeh və “ASAN xidmət” işçiləri onun oğlunun bu məsələdən xəbərdar olduğunu bilsələr, oğluna qəsd edib onu öldürə bilərdilər. Bütün bu suallara verdiyi cavablar əsasında iddiaçıda koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Hansı ki, koqnitiv pozuntu idrak proseslərinin zəifliyidir. Yəni şəxsin götür-qoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyəti zəif olur. Bu əlamətlər ağıl zəifliyinin (demansiya) əmələ gəlməsinin başlanğıc əlamətləridir. Həmçinin bu əlamətlər tədricən inkişaf edir. Lakin hər bir insanın orqanizmi bir-birindən fərqli olduğuna görə xəstəliyin əlamətlərinin hansı tarixdən müşahidə edilməyə başladığını müayinə əsasında müəyyən edə bilmirlər. Bunun üçün ancaq şahid ifadələrini dinləməlidirlər. Yəni qonşuları, ailə üzvləri gəlib ifadə verirlər ki, məsələn, xəstədə yaddaş pozuntusu əlamətləri nə vaxtdan müşahidə edilir. Bununla belə, iddiaçıda yüngül koqnitiv pozuntu əlamətləri olduğu nəticəsinə gəlmişlər. Çünki o, öz ad-soyadını, doğulduğu tarixi və s. düzgün bilir. Xəstə bu məlumatları bilmədikdə koqnitiv pozuntunun ağır olduğu nəticəsinə gəlirlər. Hər bir halda iddiaçının vəziyyətində olan bir şəxsin aldadılması mümkündür.

İşin faktiki halları.

17. İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17.2 m2 olan mənzili 9000 manata alıcı Cavabdeh satmışdır.

18. Mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 346. Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zamanı anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, satıcı İddiaçı öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 17.2 m2 olan mənzili alıcı Cavabdeh satmışdır. Lakin o, hazırda iddia edir ki, müqavilə bağlanarkən onun evini satdığından xəbəri olmamışdır.

23. Məhkəmə iclasında iştirak edən İddiaçı fikrini düzgün ifadə edə bilməməsi, verilən suallara əlaqəsiz, qeyri-müəyyən cavablar verməsi, davamlı olaraq hissə-hissə müxtəlif hadisələrdən danışması və danışdığı hadisələr arasında məna bütünlüyünün olmaması məhkəmədə iddiaçının psixi sağlamlığı ilə bağlı müəyyən şübhələr yaratdığından iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə icraatı gedişində bir neçə dəfə keçirilmiş psixiatrik ekspertizalar nəticəsində verilmiş rəylərə əsasən, İddiaçı yüngül koqnitiv pozuntu, paranoyal daxilolmalarla formasında psixi pozuntu müəyyən edilmiş, onda bu pozuntunun son 4-5 ildə meydana gələ bilməsi barədə rəy verilmişdir.

24. Beləliklə, verilmiş ekspert rəyindən görünür ki, İddiaçı Cavabdehlə alqı-satqı müqaviləsi bağladığı xx.xx.2020-ci il tarixində onun yuxarıda qeyd edilmiş psixi pozuntu əlamətlərini daşıması istisna edilmir. Hansı ki, məhkəmə iclasında izahatı dinlənilən psixatr-ekspert Eyyub Əliyev iddiaçıda aşkarlanan psixi pozuntunun əlamətlərini izah edərək qeyd etmişdir ki, koqnitiv pozuntu idrak proseslərinin zəifliyidir. Yəni bu pozuntu nəticəsində şəxsin götür-qoy etmək, ətrafda baş verən, özü ilə bağlı hadisələrə düzgün qiymət vermək, nəticə çıxarmaq, düzgün qərara gəlmək qabiliyyəti zəifləyir.

25. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıda olan psixi pozuntunun mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman onun iradəsini zədələməsi, daha doğrusu onun həqiqi iradəsini ortaya qoymasına mane olması mümkündür. Belə ki, yuxarıda qeyd edilənlərdən belə görünür ki, bu pozuntu onun öz hərəkətlərinin mənasını başa düşmək qabiliyyətini məhdudlaşdırır. Hansı ki, bu hal mübahisəli əqdin etibarsızlığı üçün əsas təşkil edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 346.1ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

26. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının yuxarıda qeyd edilən psixi pozuntunun əlamətlərini daşıması onun bağladığı istənilən müqavilənin etibarsız olduğu mənasına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında dəfələrlə qeyd etdiyi kimi, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.

27. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsinin xx.xx.2020-ci il tarixdə bağlanmasına, müqavilədə iddiaçının həmin mənzildə müəyyən müddət yaşamasına dair heç bir qeyd-şərt nəzərdə tutulmamasına baxmayaraq, iddiaçı müqavilə bağlandıqdan sonra iki il həmin mənzildə yaşamağa davam etmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh qəbul etmişdir ki, İddiaçı 2022-ci ilin avqust ayınadək mübahisəli mənzildə yaşamışdır. Cavabdehin izahatına görə, iddiaçı ondan mənzildən çıxmaq üçün möhlət istəmiş, o da bu möhləti ona vermişdir. Cavabdehin izahatından belə başa düşülür ki, o, iddiaçıya mənzildən çıxmaq üçün qeyri-müəyyən müddətdə möhlət vermiş, mənzili ona satdıqdan sonra iddiaçının mənzildə qaldığı iki il ərzində onu mənzildən çıxartmağa təşəbbüs göstərməmiş, bu müddət ərzində iddiaçı ilə aralarında hansısa kirayə müqaviləsi bağlandığını iddia etməmiş, iki ilin sonunda iddiaçının mənzildən çıxması da onun təşəbbüsü ilə yox, iddiaçının öz təşəbbüsü ilə olmuşdur. Belə ki, iddiaçı həmin evdə qanının töküldüyünü (cavabdehin dediyinə görə iddiaçı həmin vaxt əlini kəsib xəstəxanaya yerləşdirilmişdir), o evə bir daha qayıtmaq istəmədiyini bildirmiş, cavabdehdən onu öz evlərinə aparmasını xahiş etmişdir. Cavabdeh isə heç bir qohumluq əlaqəsi olmadığı iddiaçını öz evinə apararaq, aylarla (2022-ci ilin avqust ayından dekabr ayınadək) öz evində ailəsi ilə birlikdə saxlamış, ona öz evində xüsusi otaq ayırmış, arvadı iddiaçının qayğısına qalmış, özü onun pensiyası hesabına maddi ehtiyaclarını qarşılamışdır. Buna baxmayaraq, iddiaçı bir müddət sonra öz təşəbbüsü ilə evi birdəfəlik tərk etmiş, bir daha onunla əlaqəsi olmamışdır. Beləliklə, cavabdehin izahatından belə başa düşülür ki, o, alqı-satqı müqaviləsi əsasında iddiaçıdan mənzili almasına, mənzilin tamhüquqlu mülkiyyətçisi olmasına baxmayaraq, iki il iddiaçının mənzildə yaşamasına icazə vermiş, iddiaçı özü mənzildən çıxmaq istəyənə qədər onun mənzildən çıxması üçün heç bir təşəbbüs göstərməmiş, iddiaçı mənzildən çıxdıqdan sonra isə aylarla onu öz evində ailəsi ilə birlikdə saxlamış, bu zaman da onun evdən çıxması üçün heç bir təşəbbüs göstərməmiş, bir müddət sonra iddiaçı özü öz təşəbbüsü ilə evi tərk etmişdir.

28. Məhkəmə hesab edir ki, tərəflər arasındakı müqavilədən sonrakı münasibətlər, yəni müqavilə bağlandıqdan sonra onların yuxarıda qeyd edilən hərəkətləri tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun gəlmir. Belə ki, müqavilədə heç bir qeyd-şərt nəzərdə tutulmadığı halda iddiaçıya istədiyi qədər (öz təşəbbüsü ilə mənzildən çıxana qədər) satdığı mənzildə yaşamağa icazə verilməsi, iddiaçının cavabdehlə heç bir qohumluq münasibəti olmamasına, sadəcə qonşu olmalarına baxmayaraq, cavabdehin evində onun ailəsi ilə birlikdə aylarla yaşaması, həmin evi də yalnız öz istəyi ilə tərk etməsi tərəflər arasındakı münasibətlərin - alqı-satqı münasibətlərinin xarakterinə uyğun gəlmir.

29. Bundan əlavə, müvafiq alqı-satqı müqaviləsindən görünür ki, 17.2 m2 sahəsi olan mübahisəli mənzil cavabdehə 9000 manata satılmışdır. Məhkəmə qəbul edir ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən satış predmeti olan əmlakın qiymətini qarşılıqlı razılıq əsasında müəyyənləşdirməkdə tam sərbəst olmuşlar. Bununla belə, işin yuxarıda qeyd edilmiş halları nəzərə alındıqda, mübahisəli mənzilin müvafiq dövr üçün bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmış olması məsələsinə xüsusi qiymət verilməlidir.

30. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, mübahisəli mənzilin 2020-ci ildə bazar dəyəri 35000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Şahin Rəhimov arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli mənzilin sahəsi 18 m2 olan bir otağı həmin müqavilə əsasında 12000 manata satılmışdır. Göründüyü kimi, daşınmaz əmlakın qiyməti hər il tədricən artsa da, sahəsi həmin mənzildən 1 m2-dən daha az kiçik olan mübahisəli mənzil üç il sonra 9000 manata satılmışdır.

31. Beləliklə, məhkəmə, işin yuxarıda qeyd edilmiş hallarını, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətlərini, onların qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı psixi vəziyyəti mübahisəli əqdin bağlanması zamanı onun öz hərəkətlərinin mənasını başa düşməsinə mane olmuş, tərəflər arasındakı münasibətlərin sonrakı xarakteri - onun iki il “satdığı” evdə, daha sonra cavabdehin evində yaşaması – uzun müddət müqavilənin əsl mahiyyətini dərk etməsinin qarşısını almışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu müqavilə bağlandığı andan etibarsız olmuşdur.

32. Belə ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

33. Yuxarıda qeyd edilənlər əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər pozulmuşdur. Belə ki, İddiaçı mövcud olmuş psixi pozuntu onu öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin müvafiq müqavilənin etibarsız hesab edilməsinin nəticəsi olaraq tərəflər müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılmalıdır.

34. Məhkəmə, son olaraq, onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğundan və əhəmiyyətsiz əqd üzrə əldə edilən əşya fərdi-müəyyən əşya (daşınmaz əmlak) olduğundan yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin hazırkı işə tətbiqi istisna edilir.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, tərəflər müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və tərəflər müqavilədən əvvəlki vəziyyətlərinə qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar