Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2847/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Regional Asan Xidmət mərkəzində onunla Cavabdeh arasında 13 yanvar 2023-cü ildə rəsmiləşdirilmiş 4Ə-52 saylı bağışlama müqaviləsinin ləğvi və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 6 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən o, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21a-da yerləşən 59 saylı mənzili almış və həmin mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatında alınmaqla onun adına çıxarış verilmişdir. Cavabdeh onun qızıdır, o, 2023-cü ilin əvvəlində ona müraciət edərək bildirmişdir ki, sağ ikən mübahisəli mənzili onun adına keçirsin, belə ki, hər bir uşağın ayrıca mənzili olsa da, o, öləndən sonra gəlib bu mənzildən də vərəsə payı istəyə bilərlər, buna görə də o, mənzili bağışlama müqaviləsi əsasında onun adına keçirməlidir. O, cavabdehə inanaraq və onun gələcəkdə ona qarşı problem yaratmayacağını və ailə münasibətlərindən irəli gələn inamından sui-istifadə etməyəcəyini düşünərək Sumqayıt 1 saylı Regional Asan Xidmət Mərkəzində onunla 13 yanvar 2023-cü ildə bağışlama müqaviləsi bağlamış və həmin bağışlama müqaviləsinə əsasən o, mülkiyyətində olan ünvan 2-u ona bağışlamışdır. Cavabdeh ona ömrünün sonuna kimi baxacağı və ona hər hansı bir məhdudiyyət yaratmayacağını öhdəsinə götürmüş və o da bir ana kimi övladına inanmış və bu səbəbdən də aralarında şifahi əldə etdikləri şərtləri müqaviləyə daxil etməmiş və ailə -anabala münasibətləri baxımından da düzgün olmazdı. O, ağlına belə gətirməzdir ki, həmin müqavilədən bir müddət sonra cavabdeh onun bu mənzildən yaşayışını dözülməz hala salacaqdır. Lakin cavabdeh onun etibarını doğrultmamışdır. Nəinki ona bu mənzildə yaşamağa imkan vermiş, hətta onun arxasınca xəbər göndərməklə mənzildən qeydiyyatdan çıxmağını tələb etməyə başlamışdır. Halbuki mənzili ona bağışlayan zaman belə razılaşmışdırlar ki, o mənzili heç vaxt satmayacaqdır. Hamısı bu mənzildə yaşayacaqdırlar. O, həmin mənzili cavabdehə bağışlamaqda yanılmışdır. Bu səbəbdən də o, cavabdehə pretenziya qaydasında müraciət edərək ona görə təklifini çatdırmış, lakin cavabdeh bu məsələni razılıq əsasında həll etmək istəməmişdir. Buna görə də həmin bağışlama müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət edir. Bundan başqa cavabdeh onu mənzilə buraxmır, halbuki o, bu mənzildə qetdiyyatdadır və onun yaşamağa başqa yeri də yoxdur. Cavabdeh sonradan iddia ərizəsinə etiraz və mülahizələr barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 2-a köçürülməsi barədə iddia tələbinin təmin edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, özü təqaüdçüdür. 2010cu ildə digər evi satıb, bu evi almışdır. 2024-cü ildə gözləri görmədiyi üçün əməliyyat olunmuşdur. Ondan bir il əvvəl də həmin evdə gəzməyə imkan verməmişlər. Həkim ona istinin yanında olmamasını, gözlərinə iki saatdan bir dərman tökülməli olmasını bildirmişdir. Cavabdeh isə bildirmişdir ki, baxmıyacaqdır. O da digər qızının yanına getmişdir. Daha sonra onun şkafından bütün sənədləri və 2000 manat pulu götürmüşdür. İkinci dəfə yenə əməliyyat olmuş, həyətdə qonşular ilə oturmuş, qız gəlmiş və salam vermədən getmişdir. Daha sonra evə qalmış və sənədləri verməyi bildirmişdir. O da demişdir ki, nə zaman qeydiyyatdan çıxsa o zaman da sənədləri verəcəkdir. O da mübahisə etməmiş və bir müddət kirayədə yaşamışdır. 34 yaşından uşaqları saxlamışdır. Ona görə də bağışlamanın ləğv olunmasını istəyir. Əgər zəruriyyət yaranarsa onun qızına bağışlayar. Ona görə ki, nəvəsi atasız böyümüşdür. Qızına bildirmişdir ki, ana sərhədi bilsin. Ondan başqa heç nə istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, ev hədiyyə verilənə kimi münasibətlər normal olmuşdur. Hədiyyə olunduqdan sonra münasibətlər pisləşmişdir. Xanım da gözündən əməliyyat olunduqdan sonra həmin evə bir daha gəlməmişdir. Şahidlər də bildirmişdir ki, xanım evdən paltarları götürmüş və getmişdir. Bu da onu təsdiq edir ki, qarşı tərəf xanımın evdə yaşamasını dözülməz həddə çatdırmışdır. İddiaçı bildirir ki, evi nəvəsinə bağışlayacaqdır. Buradan da görünür ki, xanım kiminsə təsiri altında iddia qaldırmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, açarlar da özündədir. Səhər evdən çıxır və axşam gəlir. Evləri təmizləyir. Heç bir şeyə əl vurmamışdır. Bacısı ona demişdir ki, elə bir vəziyyət yaradacaqdır ki, evi öz adına keçirdəcəkdir. Qardaşı da əmlak üstündə boşanmışdır. Anasına, qızına və bacısının uşaqlarına da baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, bağışlama müqaviləsinin ləğv olunması hissəsində iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Ona görə də iddia tələbini qismən qəbul etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, Ayidə xanımın qızının əridir. Cavabdeh isə yoldaşının bacısıdır. Lakin bu mübahisədən sonra artıq deyildir. Birinci növbədə anaya qiymət vermək lazımdır. Ana əgər istəməsə idi, evi bağışlamazdı. İddiaçı gözündən əməliyyat olunmuşdur, həkim bildirmişdir ki, həyət evində qalsın. Onun rayonda evi vardır, lakin uşaqları tələbə olduğuna görə Bakı şəhərində kirayədə yaşayır. İddiaçı hər ay pensiya almış və cavabdehə 350 manat pul vermişdir. İşıq pulu daxil kommunal ödənişləri etmiş və evə gələrkən nə lazım olmuşdursa almışdır. Razı olmasa idilər, evi bağışlamazdılar. Mübahisəli mənzil bağışlanarkən orada olmuşlar. Notariusdan əvvəl cavabdeh onun yoldaşına tez-tez anasının ona evi bağışlamasını bildirmişdir. Ev bağışlanandan sonra münasibətlər pozulmuşdur. Anası ilə yola getməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, 2-ci mikrorayonda qapı qonşudurlar. 30 ildir ki, həmin ünvanda yaşayır. Ayidə xanım isə 17 il olar ki, həmin ünvana köçmüşlər. Həmin ünvana köçəndən onlarda dava-dalaş, söz-söhbət görməmişdir. Sevda xanımın bir qızı orada köçəndə hələ məktəbdə oxuyurdu. Öz anasına Seva, Ayidə xanıma isə ana deyə xitab edirdi. Aidə xanım evə gələndə qızı onun əlindəkiləri özü evə aparmışdır. Ayidə xanımı bir dəfə görməmiş və harada olmasını zəng etmiş soruşmuşdur. O da əməliyyat olunduğunu və qızı ilə yaşadığını demişdir. Sonra demişdir ki, orada da, burada da qalacaqdır. Sonra açar ilə açıb evə girdiyini görmüşdür. Sevil əgər onu evdən çıxartsa idi, qapının açarını dəyişərdi. Məhkəmə iclasında şahid Nəzakət Cəfərova ifadəsində bildirdi ki, 17 ildir ki, qonşudurlar. Həmin ailəyə böyük hörmətləri olmuşdur. Sakit bir ailə olmuşlar. Ayidə xanım özü də yaxşı insan olmuşdur. Ana, bala və nəvə bir yerdə mehriban yaşamışlar. Sevil xanımdan soruşmuş, o isə anasının rayonda gözünü əməliyyat etdirdiyini demişdir. Sevil işdə olan zaman Ayidə xanım oğlu ilə gəlmiş və paltarları aparmışdır. Özü gəlmiş və açarı olmuşdur. Sonra onun yoldaşı rəhmətə getmiş, Ayidə xanım yasa gəlmiş və harada olduğunu soruşmuşdur. O isə digər qızının yanında qaldığını demişdir. Ana, bala və nəvə hər biri tezdən evdən çıxır və axşam gəlirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 15 mart 2010cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh, X8 və X1. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, hazırki pretenziya məktubunu aldığı vaxtdan 10 gün ərzində bağışladığı mənzili ona geri qaytarmağını, əks təqdirdə mənzilə dair bağışlama müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edəcəyini bəyan etmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.47 kv/m yaşayış sahəsi 29.7 kv/m, yardımçı sahəsi 12.77 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən tam hissəsi hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə İddiaçı verilmiş **********56-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 42.47 kv/m, 2 otaq olan hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirmədilər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əlvə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********TA32006 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 3 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və ögəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 4 ünvanlanmış daşınmaz əmlakın hüququ rejimi barədə 14 fevral 2025-ci il tarixli məktuba cavabdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15\21A ünvanında yerləşən 59 saylı mənzil Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, 06/96 saylı order və Sumqayıt şəhər 2 nömrəli notariat kontorunun təsdiq etdiyi xx.xx.1992-ci il tarixli, 11M-1555 reyestr nömrəli mənzilin alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 nömrəli notariat kontorunun təsdiq etdiyi xx.xx.1993-cü il tarixli, 1M-103 reyestr nömrəli altı-satqı müqaviləsi əsasında sözügedən mənzil X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli, 3M-4/594 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəzlənmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, 4Ə4/591 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən daşınmaz əmlak İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-52 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş və hal-hazırda mülkiyyətindədir. İş materillarında olan iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödənilmiş xx.xx.2025-ci il tarixli, **********99 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə ünvan 1 çıxarış əsasında cavabdehin mülkiyyətindədir. İddiaçının iddia tələbi bağışlama müqaviləsinin ləğvi hissəsində öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində təmin edilməlidir. Belə ki, müqavilənin ləğvi qanunvericilklə nəzərdə tutulmuş hallarda, yəni müqavilənin bağlanmasının normalarına əməl olunmaması və sair hallar, bütün qeyd olunan xüsusatlar təsdiq edilməmiş, iddiaçı öz iradəsi əsasında mənzili bağışlamış, sonradan ailə daxili mübahisələrin yaranmasına görə müqavilənin ləğvini də tələb etməsi qanunvericiliyin tələbinə uğun deyildir. Bütün qeyd olunanlar məhkəmənin qənaətə gəlməsinə əsasdır ki, mənzilin açarının iddiaçıda olması, bundan əlavə həmin mənzildə yaşamasına cavabdehin etirazının olmaması səbəbindən iddiaçı cavabdehə məxsus mənzilə köçürülməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yən iddiaçı köçmək istədiyi evdə yaşayıb və qızı (cavabdeh) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Qeyd olunan halı məhkəmə iclasında iştirak edərək bildirib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15\21A ünvanında yerləşən 59 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673-cü maddəsi üzrə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1,670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. MM-in 673.1-ci maddəsində qeyd edilən“bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o,hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həmin maddəyə əsasənhədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə qeyd edir ki, MM-in 666.1-ci maddəsində bağışlama müqaviləsinə belə bir qanuni tərif verilmişdir: “Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir”. Göründüyü kimi qanuni tərifdə bağışlama müqaviləsinin mövcudluğunun qəbul edilə bilməsi üçün üç əsas ünsürün olması tələb olunur. Bunlar: a. sağ ikən zənginləşdirmə; b. əvəzsizlik/qarşılıqsız olması; c. Razılaşma. Hər bir şərti çox qısa da olsa nəzərdən keçirilməlidir. a. Zənginləşdirmə. Burada “zəngiləşdirmə” predmeti özgəninkiləşdirməyə əlverişli istənilən əmlak xarakterli dəyərlərin hər hansı biri ola bilər. Başqa sözlə bağışlama müqaviləsindən bəhs oluna bilinməsi üçün hər şeydən əvvəl “zənginləşdirmə” predmetinin məhz əmlak xarakterli bir dəyər olması lazımdır. Bu zənginləşdirmə isə, bağışlayanın sağlığında ikən həyata keçirilmək məqsədi ilə edilməlidir. Yəni tərəflər, xüsusilə də bağışlayan əmlak dəyərinin ölümündən sonra hədiyyə alana qazandırılması məqsədi daşıdıqda bu bağışlama deyil, vərəsəliklə bağlı hüquqi rejimə aid bir məsələ hesab olunur (MM.m.670.2). b. Əvəzsizlik. Bağışlama müqaviləsinin mövcudluğunun qəbul edilə bilməsi üçün əmlak xarakterli olan qazandırma predmeti qarşı tərəfə əvəzsiz olaraq, yəni bu qazandırmanın müqabilində əvəz olaraq hər hansı bir əmlak dəyərinin verilməsi öhdəlik və vəzifəsini əmələ gətirmək məqsədi güdülmədən, sırf hədiyyə məqsədi (animus donandi) ilə verilməlidir. Başqa sözlə, bağışlama müqaviləsindən bəhs oluna bilinməsi üçün hüquqi müstəvidə bağışlayan şəxsin bu müqavilə üzrə hədiyyə alana qarşı əvəz olaraq hər hansı bir əmlak xarakterli haqqı (subyektiv hüququ) yaranmamalıdır. Ancaq burada nəzərə almaq lazımdır ki, bağışlamada “əvəzsizlik” şərti müqavilənin özü ilə bağlıdır, yoxsa hədiyyə edənin bağışlama iradəsini hansı niyyət və motivlə (minnətdarlıq etmək, yardım və yaxşılıq etmək, hörmət qazanmaq və s.) ifadə etməsi bağışlama müqaviləsinin yaranması baxımından əhəmiyyət daşımır. Başqa sözlə, bağışlama müqaviləsi özlüyündə birbaşa hədiyyə edəni hər hansı bir maddi və əxlaqi borcdan azad etməməli və bağışlama predmetinin müqabilində hədiyyə edənə qarşı əvəz olaraq hər hansı bir maddi (əmlak xarakterli) haqqın yaranmasına səbəb olmamalıdır. c. Razılaşma. Aydın məsələdir ki, mahiyyətcə bir razılaşmanı ifadə edən müqavilənin mövcudluğundan bəhs oluna bilinməsi üçün ən az ikitərəfli iradə ifadəsinin olması zəruridir. Bu fakt müqavilə anlayışını tənzimləyən MM-in 389-cu maddəsində çox açıq şəkildə öz təsdiqini tapır. Bu nöqteyi-nəzərdən bağışlama müqaviləsi də təklif (oferta) və qəbul (aksept) mahiyyətini daşıyan qarşılıqlı iradə ifadələri nəticəsində yaranan ikitərəfli bir əqddir. Nəticə etibarı ilə hədiyyə edənlə hədiyyə alan şəxs hədiyyə predmetinin əvəzsiz olaraq qazandırılması barəsində razılığa gəldikləri təqdirdə bağışlama müqaviləsi əmələ gələ bilər, əks halda nə qədər qazandırma edilməsindən asılı olmayaraq bağışlamadan söhbət gedə bilməz. Yəni bir tərəf əmlak dəyərini hədiyyə vermək niyyəti ilə bağışlayana qazandırma etməli, digər tərəf isə bunun hədiyyə məqsədilə ona verildiyini bilməli və buna razı olmalıdır. Bu razılıq açıq ola biləcəyi kimi üstüörtülü də ola bilər. Ailənin əhəmiyyəti və ailə hüquq münasibətləri. Bəşəriyyət tarixində heç bir qurum, rejim, ideologiya və sistem ailənin əhəmiyyət və rolunu aradan qaldıra bilməmişdir. Bu baxımdan ailə, cəmiyyət və dövlət anlayışları arasında çox sıx bir funksional bağlılıq vardır. AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində cəmiyyətin əsas özəyinin ailə olduğu bildirilərək onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu qətiyyən təsadüfi deyildir. Çünki ailə insanın böyüyüb yetişməsi, onun ümumi xarakterinin formalaşması və ictimai həyatda bir fərd olaraq iştirak keyfiyyəti baxımından olduqca vacib rol və təsirə malikdir. Ailənin nüvəsi ər-arvad arasında olan evlilik və bu evlilik daxilində doğulan uşaqlar arasındakı münasibətlərin təşəkkül tapdığı bir birlikdən ibarətdir. Ailə insanın təhlükəsiz bir şəkildə sevgi mühitində formalaşması baxımdan ən ideal bir şəraiti təmin edə bilir. Bu baxımdan etibarlı və sağlam ailə mühiti uşaqların, yəni gələcək nəsillərin daha sağlam və güclü və bu minvalla da insanlardan təşkil olunan cəmiyyətin gələcəyinin daha sağlam və güclü olaraq formalaşmasına ən böyük dəstəkdir. Nəticə etibarı ilə insan həyatında doğumdan əvvəl başlayan və insan həyatının sonuna qədər öz iz və təsirini göstərən ailə institutu fizioloji olmaqla yanaşı insanın iqtisadi, mədəni, mənəvi-psixoloji formalaşmasına və onun davranışının inkişaf səviyyəsinə böyük təsir göstərməklə ictimai həyat baxımından da olduqca vacib bir institutdur. “Ailə” sözü özlüyündə bir sistem və birliyi göstərən hüquqi faktı ifadə etdiyinə görə “Ailə hüquq münasibətləri” ifadəsi də yuxarıda insan həyatı baxımından qeyd olunan əhəmiyyəti daşıyan ailə birliyi ilə bağlı münasibətləri bildirir. Çünki ailə ifadəsi insanların bir evə yığışıb orada sadəcə toplu bir şəkildə yaşaması halını deyil, özlüyündə hüquqi bağlar və nəticələr yaradan ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birlik faktını göstərir. Burada “ailə dəyərləri” ifadəsi ailə üzvlərinin bir-birlərinə qarşı sevgi, sədaqət, qayğı və fədakarlıq kimi ülvi insani hissləri təcəssüm etdirməklə yanaşı, həm də insanların mənsub olduqları ailə birliyinin hörmət və ehtiramını qorumaq xüsusiyyətini də özündə ehtiva edir. Bütün bunlara görə də psixoloji bir canlı olaraq insanın özünə ən yaxın və ən etimad və etibar etdiyi şəxslər adətən özünün mənsub olduğu ailə üzvləri olur. Beləliklə, hüquqi müstəvidə “ailə hüquq münasibətləri” ifadəsi ilə ailə birliyinin təməlini və əsasını təşkil edən mənəvi, əxlaqi dəyərlərlə bağlı münasibətlər sistemi nəzərdə tutulur. Bağışlama münasibətini əmələ gətirən motiv. Bağışlama tarixən həmişə mənəvi və əxlaqi dəyərlər əsasında formalaşan münasibətlərlə bağlı olubdur. Belə ki, insanlar mənəvi və əxlaqi baxımdan özlərini əlaqədar və yaxın hesab etdikləri məqsədlər üçün fədakarlıq edib öz əmlak nemətlərini bağışlayırlar. Bu baxımdan bağışlama institutu hüquq ilə əxlaq arasındakı təməl (fundamental) əlaqəni də bariz şəkildə göstərən faktlardan biri kimi özünü göstərir. Buna görə də bağışlanılan əmlak dəyərləri nə qədər böyükdürsə və xüsusilə də bağışlayanın əmlakı baxımından edilən hədiyyənin iqtisadi əhəmiyyəti nə qədər ciddidirsə bu bağışlayanın hədiyyə edilən şəxsə və məqsədə bağlılıq və yaxınlıq hissinin də o dərəcədə böyük olduğunu göstərir. Bu səbəblə də insanlar adətən ancaq özünə çox yaxın hesab etdiyi şəxslərə özləri baxımından ciddi iqtisadi dəyər daşıyan əmlak nemətlərini fədakarlıq edib bağışlayırlar. Bu baxımdan təsadüfi deyildir ki, belə ciddi əmlak nemətləri bir qayda olaraq məhz ailə üzvləri arasında olur. Çünki insanlar arasında böyük və güclü yaxınlığı təmin edən əsas amillərin başında heç şübhəsiz ailə bağları gəlir. Bunun məntiqi nəticəsi olaraq gündəlik həyatın reallığı budur ki, insanın şəxsi həyatı baxımından böyük iqtisadi dəyər daşıyan bağışlamalar əsasən yalnız ailə üzvləri arasında olur. Bütün bunlar isə açıqca onu göstərir ki, bağışlamanın motivində hədiyyə edən baxımından əsas aparıcı amil özünün əmlak mənafeyi deyil, mənəvi və psixoloji mənafedir. İnsanın özünə çox yaxın bildiyi bir şəxsə etdiyi bağışlamadakı bu mənəvi və psixoloji mənafe isə hədiyyə alandan özünə qarşı bu yaxınlığa uyğun hərəkət və rəftar ediləcəyi gözləntisində özünü təzahür etdirir. Başqa sözlə insan, özünə çox yaxın bildiyi birinə şəxsi həyatı baxımından böyük iqtisadi dəyər daşıyan bağışlamaları ondan bu yaxınlığa uyğun hərəkət və rəftar edəcəyi gözləntisi ilə edir. Məhz bu səbəblə də insanlar ciddi bağışlamaları heç bir gözləntisi olmayan tamamilə yad şəxslərə deyil, tam əksinə, özünə çox yaxın bildiyi və bu səbəblə də yaxşı mənada böyük gözləntisi olan özünün yaxın ailə üzvlərinə edirlər. Ailə münasibətlərindən irəli gələn vəzifələrin pozuntulara qarşı qorunması konstitusiyanın tələbidir. Yuxarıda ailə qurumunun fərd olaraq həm insan, həm də insanların təşkil etdiyi cəmiyyət həyatı baxımından daşıdığı rol və əhəmiyyəti nəzərə alınaraq AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olaraq dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi AR Konstitusiyası tərəfindən dövlət üzərinə qoyulan ümumi bir tələbdir. Etibarlı və sağlam ailə münasibətlərini qorumaq və gücləndirmək məqsədi isə, ailə dəyərlərinin pozuntulardan qorunmasını labüd edir. Bilindiyi üzrə konstitusion normaların hüquqi funksiyası və əhəmiyyəti qanunverici, icra və məhkəmə hakimiyyəti üçün məcburi yanaşma və hərəkət istiqamətini göstərməkdən ibarətdir. Başqa sözlə, qanunverici orqan qanunları qəbul edərkən, icra hakimiyyəti orqanları bu qanunları icra edərkən, məhkəmələr isə bu qanunlarla tənzimlənən məsələlərə dair mübahisələri həll edərkən konstitusion müddəalarda qeyd olunan istiqamətlər üzrə hərəkət etməyə borcludurlar. Bu nöqteyi-nəzərdən də, dövlət hakimiyyətinə daxil olan qanunverici orqan tərəfindən qanun qəbul edilərkən, icra hakimiyyəti orqanları tərəfindən qanunlar icra edilərkən və məhkəmə hakimiyyəti orqanı tərəfindən mübahisələr həll edilərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da dəfələrlə qeyd olunan etibarlı və sağlam ailə münasibətlərinin qorunması və möhkəmlənməsini təmin etmək istiqamətində hərəkət etməlidirlər. Mənəvi və əxlaqi dəyərlərə əsaslanan etibarlı və sağlam ailə münasibətlərinin pozuntulara qarşı hüquqi baxımdan qorunması bu dəyərləri pozanlara qarşı sanksiya tətbiqini zəruri edir. Mülki hüquqda başlıca hüquqi sanksiya isə əsasən əmlak nemətlərindən məhrumiyyət şəklində təcəssüm edir. Bu baxımdan da MM-in 673.1.2-ci maddəsi qanunverici orqan tərəfindən konstitusion normanın tələbinin yerinə yetirilməsi məqsədinə xidmət edən bir tənzimləmə funksiyası daşıyır. Belə ki, bağışlamadan imtina səbəbləri içərisində MM-in 673.1.2-ci maddəsində “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda” səbəbi göstərilməklə mənəvi və əxlaqi dəyərlərə əsaslanan ailə münasibətlərini kobud şəkildə pozan ailə üzvləri üçün mülki hüquqi sanksiyanı nəzərdə tutulmaqla ailə üzvlərini ailə münasibətlərindən irəli gələn vəzifələrini icra etməkdə intizamlandırmaq məqsədi daşıyır. Ailə hüquq münasibətlərindən yaranan hüquqi vəzifələr yalnız aliment öhdəliklərindən ibarət deyildir. Burada başdan dərhal onu da qeyd etmək lazımdır ki, MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan hərəkətlər məhz MM-in 673.1.1-ci maddəsində nəzərdə tutulan “hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətmək mahiyyətində olmayan hərəkətlərdir. Məhz buna görə də MM-in 673-cü maddəsində verilmiş hədiyyələrin geri tələb olunması səbəbləri içərisində “cinayət” sayıla biləcək hərəkətlər xaricində qalan ayrı bir hal olaraq MM-in 673.1.2-ci maddəsində “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobud şəkildə pozulması” ayrı bir səbəb kimi nəzərdə tutulmuşdur. Bu isə öz növbəsində onu göstərir ki, MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan müddəa sırf hədiyyə alanın bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə dəyərlərindən irəli gələn mənəvi və əxlaqi vəzifəsini kobud şəkildə pozması halları ilə bağlıdır. Bağışlayan tərəfindən ciddi bir əmlak dəyərinin əvəzsiz olaraq hədiyyə kimi verilməsi hədiyyə alan tərəfindən birbaşa əmlak xarakterli öhdəlik yaratmasa da, mənəvi və əxlaqi tələblərə cavab verən bir vəzifənin yaranmasına səbəb olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamaların kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan inam və ümiddir. Bu nöqteyi-nəzərdən də ailə üzvlərinə edilən ciddi bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlayana qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və yaxınlıq göstərəcəyinə olan inam və etimada əsaslanır. Bağışlayan tərəfindən edilən maddi fədakarlığın kökündə mənəvi əsaslar olduğundan hədiyyə alan baxımından da bağışlayana qarşı mənəvi və əxlaqi bir vəfa borcu yaranır. Bu vəfa borcu özünü ən bariz olaraq bağışlayanın ailə üzvü olması halında hədiyyə alanın ona qarşı ailə dəyərlərinə uyğun münasibət bəsləməsi halında göstərir. Yuxarıda əvvəldən etibarən qeyd olunan bütün xüsuslar onu göstərir ki, MM-in 673.1.2-ci maddəsində “ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələr” ifadəsi məhz milli-mənəvi dəyərlərin faktiki ayrılmaz bir tərkib hissəsi olan ailə dəyərlərini qorumaq, etibarlı və sağlam ailə münasibətlərinə xələl gətirməməklə bağlı prinsipial vəzifəni bildirir. Bu baxımdan MM-in 673.1.2-ci maddəsində bağışlayana münasibətdə yalnız çox istisnai bir durum olan (çünki hədiyyə edənin hədiyyə alandan aliment alacaq qədər iqtisadi cəhətdən asılı olması çox nadirən qarşılanılan bir hadisədir) aliment öhdəliyinin yaranması hallarında bu öhdəliyin yerinə yetirilməməsi halı deyil, ailə dəyərlərinə kobud şəkildə zidd olan və bununla da etibarlı və sağlam ailə münasibətlərinə ciddi xələl yetirən hərəkətləri etməməklə bağlı vəzifələrin pozulması halları nəzərdə tutulur. Beləliklə, MM-in 673.1.2-ci maddəsində hədiyyə alanın bağışlayana və ya onun yaxın ailə üzvlərinə qarşı ailə hüququndan irəli gələn vəzifələrini kobud şəkildə pozması bağışlayanın hədiyyə olaraq verdiklərini geriyə istəməsi üçün hüquqi əsas olaraq göstərilmişdir. Çünki hədiyyə alanın bağışlamaya səbəb olan mənəvi dəyərləri kobud şəkildə pozması ona edilən bağışlamanın əsasını da aradan qaldırır. Bu səbəblə də sözügedən maddənin tətbiqinin yalnız hədiyyə alanın aliment öhdəliklərini icra etməməsi halları ilə məhdudlaşdırılması həm ailənin qorunması anlayışına və konstitusion göstərişə, həm də bağışlama münasibətinin mahiyyətinə uyğun deyildir. Ailə anlayışı özlüyündə şirkət kimi sırf maddi mənafelər əsasında qurulmuş münasibətləri deyil, əksinə, nikah və qan bağı əsasında formalaşan, mənəvi və əxlaqi dəyərlərə əsaslanan hissi və fizioloji bir yaxınlığı və birliyi bildirir. Üstəlik, müraciətdə də qeyd olunduğu kimi bağışlama müqaviləsi öz mahiyyət və xüsusiyyəti etibarı ilə məhz əmlak nemətlərinin əvəzsiz, yəni əmlak qarşılığı olmadan hədiyyə olaraq verilməsi məqsədilə bağlanan müqavilə olduğuna görə belə bir müqavilədən imtina şərtini yalnız aliment kimi sırf əmlak mənafeyinin pozulması şərtinə bağlanması bağışlama müqaviləsi ilə bağlı münasibətlərin mahiyyət və təyinatına uyğun deyildir. Nəticə etibarı ilə MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan müddəa: məhz hədiyyə alan tərəfindən bağışlayanın özünə və ya onun yaxın ailə üzvlərinə qarşı ailə dəyərlərindən irəli gələn mənəvi vəzifələrini qəsdən edilmiş hərəkətlər nəticəsində pozması hallarında ona verilmiş hədiyyənin bağışlayan tərəfindən geriyə tələb olunmasını təmin etmək məqsədi daşıyır. İmtinaya əsas verən hərəkətlərlə bağlı qadağa hər hansı bir müddətlə məhdudlaşmır. Etibarlı və sağlam ailə münasibətlərini gücləndirmək məqsədi və bu məqsədin nüvəsini təşkil edən ailə dəyərlərinə hörmət və ehtiram göstərilməsi vəzifəsi hər hansı bir müddətlə məhdudlaşmır. Çünki bu əxlaqi vəzifə öz təyinat və funksiyası etibarı ilə hər hansı bir müddətlə məhdudlaşmır və mahiyyəti isə bağışlayana qarşı ən azından böyük nankorluq sayılacaq əməlləri törətməkdən çəkinməkdən ibarətdir. Odur ki, bağışlamanın üzərindən hər hansı bir müddətin keçməsi özlüyündə hədiyyə alanı bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə dəyərlərinə hörmət göstərmək vəzifəsindən azad etmir. Yəni etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi məqsədi milli-mənəvi dəyərlərin və ümumi əxlaq anlayışının ayrılmaz bir tərkib hissəsi olaraq hər hansı müddətə bağlı deyildir. Məhz bu səbəblə də təsadüfi deyildir ki, AR Ailə Məcəlləsinin 8.1-ci maddəsində “ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur” kimi bir müddəaya açıqca yer verilməklə bu xüsusa vurğu edilmişdir. Beləliklə, hədiyyənin verilməsinin üzərindən nə qədər bir müddətin keçməsindən asılı olmayaraq hədiyyə alan baxımından bağışlayana və ya onun yaxın qohumlarına qarşı ailə hüququndan irəli gələn vəzifələrin kobud şəkildə pozulması verilmiş olan hədiyyənin geri tələb olunmasına hüquqi əsas verir. Yalnız belə bir əsas bağışlayana məlum olduqdan sonra 1 il ərzində verilmiş olan hədiyyə geri tələb oluna bilər (MM.m. 673.3). Bu 1 illik müddətin ötürülməsi verilmiş olan hədiyyənin geri tələb olunması imkanın aradan qalxması nəticəsini yaradır. İddiaçının göstərdiyi dəlillərə qiymət verərək məhkəmə qeyd edir ki, əvvəla iddiaçı bağışlanma müqaviləsinin şərtlə bağlanmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini göstərilən hallardan birinin mövcud olması ilə şərtləndirmişdir; Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Məhkəmə araşdırması zamanı isə göstərilən hallardan hər hansı birinin mövcud olması sübut olunmamışdır. Yəni iddiaçının həmin evdən cavabdeh tərəfindən çıxarılması və ona baxılmaması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh iddia tələbini iddiaçının mənzilə köçürülməsi hissəsində qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15\21A ünvanında yerləşən 59 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2847/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2847/2025
08.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver