Məhkəmə qərarları › İş №2(010)-715/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-715/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-715/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzili AN-İ № 00793664 saylı, xx.xx.2006-cı il tarixli, Bakı şəhəri 24 saylı DNK-da təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Müqavilənin şərtlərinə görə satıcı mənzili boşaldıb ona təhvil vermiş, 1 ay müddətində mənzildən qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüşdür. Lakin cavabdehlər bu günə qədər mənzildən qeydiyyatdan çıxmamışlar. Həmin mənzilin dövlət qeydiyyatına alınmasına dair 00335819 saylı, xx.xx.2006-cı il tarixli çıxarış almışdır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisə predmeti olan mənzili 2006-ci ildə alqı-satqı yolu ilə əldə etmiş, həmin vaxtdan mənzildə yaşamağa başlamışdır. Cavabdehlər mənzil ona satıldıqdan sonra mənzili tərk etmişdir və onların harada yaşamalarından xəbərdar deyil. Buna baxmayaraq cavabdehlərin onun mənzilində qeydiyyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul edərək bildirdi ki, ailə üzvləri olan digər cavabdehlərlə birlikdə 2001-ci ilədək həmin mənzildə yaşamışlar. Həmin məzil 2006cı ildə satılmışdır və həmin vaxtdan mənzillə heç bir əlaqələri qalmamışdır. Digər cavabdehlər məhkəmə iclasından xəbərdar olsa da, üzrlü səbəblərdən məhkəmə iclaslasında iştirak edə bilməmişlər. Cavabdehlərdən Cavabdeh3 isə babası olmuş və 2007-ci ildə rəhmətə getmişdir. Mənzil satıldıqdan sonra mənzildə heç vaxt yaşamadıqlarından iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

5. Digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi.

6. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh3 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

İş materialları.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1-da qeydiyyatdadırlar.

8. Cavabdeh3 və X3 (Satıcılar) və İddiaçı (Alıcı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil mənzilin paylı mülkiyyətçiləri olan Satıcılar tərəfindən Alıcıya satılmışdır.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MN seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15187 nömrəli vərəqində qeydiyyata alınmışdır.

İşin faktiki halları.

10. ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3 və X3 tərəfindən İddiaçı satılmışdır. Yəni hazırkı iş üzrə cavabdehlər Cavabdeh3 və X3 həmin mənzilin keçmiş mülkiyyətçiləri, digər cavabdehlər isə onların ailə üzvləri olmuş, mənzil iddiaçıya satıldıqdan sonra cavabdehlərin mənzillə heç bir əlaqəsi qalmamışdır. Buna baxmayaraq, onlar mənzildən qeydiyyatdan çıxmamışlar. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüququnu pozduğunu bildirərək məhkəmədən cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, Cavabdeh5 isə iddianı qəbul etmişdir.

11. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh3 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, cavabdehlərin həmin mənzilin keçmiş mülkiyyətçiləri və onların ailə üzvləri kimi bu mənzildə artıq yaşamadıqları iş materialları ilə müəyyən olunduğundan, bu vəziyyətdə cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini məhdudlaşdırdığından cavabdehlərin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).

19. Hazırkı iş üzrə cavabdehlərdən ikisi iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi, digərləri isə onların ailə üzvləridir. Yəni bu şəxslərin həmin mənzildən istifadə hüquqları olmuş, bu əsasla mənzilə qeydiyyata alınmışlar. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında da qeyd edildiyi kimi mənzildən istifadə hüququ olan cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onların istifadə hüquqlarına xitam verilməlidir (itirilmiş hesab edilməlidir).

20. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərdən Cavabdeh3 xx.xx.2007-ci il tarixdə ölmüş olduğundan iş üzrə icraata həmin cavabdehə münasibətdə xitam verilmişdir.

21. Bundan başqa iddia ərizəsində cavabdeh kimi göstərilmiş xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh4 prosessual fəaliyyət qabiliyyətli şəxs hesab olunmadığından iş üzrə cavabdeh kimi qəbul edilə bilməz. Həmçinin işin hallarından bu uşağın həmin mənzildə yaşamadığı, mənzilin satılmasından dörd il sonra doğulduğu müəyyən olunur ki, bu da uşağın həmin mənzilə istifadə hüququnun olmaması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia həmin uşağa münasibətdə təmin edilə bilməz.

22. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə mübahisəli mənzildə qeydiyyatda olan valideyni ilə birlikdə xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh4 da mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar