Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-491/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X32, X27, Rəhimova Pəricahan xanım Cəfər qızı cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “"istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X32, X27, Rəhimova Pəricahan xanım Cəfər qızı cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı olan “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X32, X27, Rəhimova Pəricahan xanım Cəfər qızı cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı olan “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 İddiaçı məxsus ünvan 2-in ¼ pay hüququ hissəsində istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 04 iyul 2024-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı ünvan 2 üzərində ¼ pay hüququ vardır. İddiaçı məxsus ünvan 2-in ¼ pay hüququ olan hissəsində aşağıda adları qeyd edilən cavabdehlər: xx.xx.1985-ci il təvəllüdlü X14, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 qeydiyyata alınmışlar. X14 2007-ci ildən, Cavabdeh1 2006-cı ildən, Cavabdeh2 2009-cu ildən ünvan 2-də faktiki yaşamırlar. X14, Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ünvan 1 ünvanda yaşamırlar və evdən istifadə etmirlər. Cavabdehlər başqa bir ünvanda daimi olaraq yaşayırlar. Cavabdehlərin adları ünvan 2-də formal olaraq qalıb və evdən istifadə etmək hüquqları mövcud deyildir. Bu fakt Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində faktiki yaşayan aşağıdakı sakinlər 10 oktyabr 2024-cü il tarixində tərtib olunan və imzaları ilə təsdiq etdikləri AKT-da : X22 (AZE04814297, 055 656-32-33), X4 (AA4235167, 055 371-89-69), X12 (AA2243783, 055 955-40-67, Veysəlov Mürsəl Vəkil oğlu (AZE06383524, 050 325-52-67), X27 (AZE05674220, 070 605-11-29), X13 (AA1507118, 055 957-20-53), - X28 (AA4828109, 055 603-28-28) X14 2007-ci ildən, Cavabdeh1 2006-cı ildən, Cavabdeh2 2009-cu ildən İddiaçı məxsus ünvan 2-in ¼ pay hüququ olan hissədə faktiki yaşamamaqlarını təsdiq etmişlər. Cavabdehlər - X14, Cavabdeh1, Cavabdeh2 başqa ünvanda daimi yaşamalarına baxmayaraq ünvan 2-in ¼ pay hüququ olan hissədə qeydiyyatda qalmaqla İddiaçı mənzilə sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırırlar.
Cavabdeh2 iddia tələbinə etirazı:
3. Cavabdeh2 iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı qaldırdığı yaşayış evindən istifadə hüququnun itirilməsinə dair iddianı qəbil etmir və iddianı əsassız hesab edir. İddiaçı onun atasıdır. O, ünvan 2 ünvanda doğulduğu andan yaşamış, ailə üzvü kimi 1989-cü ildən həmin evdən istifadə hüququ əldə etmiş və həmin ünvanda pasport qeydiyyatındadır. Atası hazırkı iddianı öz iradəsi ilə deyil, ikinci həyat yoldaşının təzyiqi və təkidi ilə qaldırmışdır. Hazırda onun keçmiş həyat yoldaşı X15 ilə nikahına xitam verilmişdir. Əlavə etdiyi nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur. Hazırda onun doğulduğu və qeydiyyatda olduğu yerdən başqa heç bir yaşayış yeri yoxdur. Atasının ikinci həyat yoldaşı onu qeydiyyatda olduğu və yaşayış hüququ olduğu evə buraxmır, təhqir edir, hətta evə gəldiyində ona əl qaldıraraq qovur. Məcburiyyət qarşısında kirayədə yaşayır. İddia təmin edilərsə, onun heç bir yerdə qeydiyyatı olmayacaqdır və bununla əlaqədar bir çox konstitusion hüquqları pozulacaqdır. Belə ki, o, seçici siyahılarına daxil edilə bilməyəcək, müvafiq yerlərə təqdim edilməsi üçün yaşayış yerindən arayış ala bilməyəcəkdir, nəticədə seçki hüququ, mənzil hüququ pozulmaqla məhdudlaşacaqdır və həmin hüquqlardan istifadə edə bilməyəcəkdir. İddiaçı öz tələbinin hüququ əsası kimi iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Mülki Məcələnin 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən norma onun hüququnu pozmur, əksinə maddədə nəzərdə tutulan şərt onun evdən istifadə hüququnu təsdiq edir. İddiaçının istinad etdiyi digər norma - Mülki Məcəllənin 228.2-ci maddəsi də onun evdən istifadə hüququnu təsdiq edir. Belə ki, onun evdən istifadə hüququ həmin evdə doğulduğu andan xx.xx.1989-cu il tarixdən əmələ gəlmişdir, istifadə hüququna xitam verilməsi haqqında razılaşma isə olmamışdır. Cavabdeh X8 iddia tələbinə etirazı:
5. Cavabdeh X16 iddia tələbinə dair etiraz ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini haqqında qətnamə qəbul edilməsini, iddia təmin edildiyi təqdirdə isə iddiaçı tərəfindən ona qanunvericilikdə nəzərdə tutulan qaydada kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı qaldırdığı yaşayış evindən istifadə hüququnun itirilməsinə dair iddianı qəbul etmir və iddianı əsassız hesab edir. İddiaçı onun atasıdır. O, ünvan 2 ünvanda doğulduğu andan yaşamış, ailə üzvü kimi 1984-cü ildən həmin evdən istifadə hüququ əldə etmiş və həmin ünvanda pasport qeydiyyatındadır. Atası hazırkı iddianı öz iradəsi ilə deyil, ikinci həyat yoldaşının təzyiqi və təkidi ilə qaldırmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı X5 qeydiyyatda olduğu ünvanda yaşasa da, onun yaşadığı ev ümumi paylı mülkiyyətdə olmaqla 5 nəfərin xüsusi mülkiyyətindədir və həmin evdə 15-dən yuxarı sakin qeydiyyatdadır. Mülkiyyətçilər razılıq vermədikləri üçün o, həmin evə pasport qeydiyyatına düşə bilmir. İddia təmin edilərsə onun heç bir yerdə qeydiyyatı olmayacaqdır və bununla əlaqədar bir çox konstitusion hüquqları pozulacaqdır. Belə ki, o, seçici siyahılarına daxil edilə bilməyəcək, müvafiq yerlərə təqdim edilməsi üçün yaşayış yerindən arayış ala bilməyəcəyək, nəticədə seçki hüququ, mənzil hüququ pozulmaqla məhdudlaşacaqdır və həmin hüquqlardan istifadə edə bilməyəcəkdir. İddiaçı öz tələbinin hüququ əsası kimi iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci -ci maddələri iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Mülki Məcələnin 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən norma onun hüququnu pozmur, əksinə maddədə nəzərdə tutulan şərt onun evdən istifadə hüququnu təsdiq edir. İddiaçının istinad etdiyi digər norma - Mülki Məcəllənin 228.2-ci maddəsi də onun evdən istifadə hüququnu təsdiq edir. Belə ki, onun evdən istifadə hüququ həmin evdə doğulduğu andan xx.xx.1984cü il tarixdən əmələ gəlmişdir, istifadə hüququna xitam verilməsi haqqında razılaşma isə olmamışdır.
İş materialları :
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmş xx.xx.2024-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli evin 1/4 hissəsi İddiaçıoviçə, xx.xx.2014-cü il tarixli qeydiyyat ilə 1/4 hissəsi iddiaçı X23, 1/4 hissəsi X1 (çıxarış almayıb), xx.xx.2023-cü il tarixli qeydiyyat ilə 1/4 hissəsi X17 mülkiyyətindədir.
8. Xİİİ-ЖГ seriyalı, 463556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1989-cu il tarixində Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X3r.
9. Xİİ-ЖГ seriyalı, 336537 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1985-ci il tarixində Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X3r.
10. X-ЖГ seriyalı, 282465 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1984-cü il tarixində Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X3r.
11. Vİ-ЖГ seriyalı, 475470 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 666 nömrə ilə qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli evdə İddiaçı ilə yanaşı Cavabdeh2, X16 və X11 qeydiyyatdadır.
13. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 202 saylı kitabının, 11298-ci səhifəsində aparılan xx.xx.1982-ci il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli ev X26 və R. Musayevə verilmişdir.
14. AZ-İ seriyalı, 385265 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 ilə X24 arasında bağlanmış nikaha Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir.
15. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, əmlak iddiaçıya vərəsəliklə atasından keçmişdir. Həmin əmlaka dair iddiaçı tərəfindən çıxarış alınanadək iddiaçıda olan mülkiyyət sənədi “qeydiyyat vəsiqəsi” olmuşdur.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək əlavə olaraq izahatında bildirmişdir ki, onlar həmin evdə anadan olmuşlar. Ev əvvəldən onun atasına məxsusdur. Yəqin ki, vərəsəliklə babasından atasına keçmişdir. Həmin evdə ailə qurduğu vaxtdan yaşamır. Onun və bacısı Xəyalənin yaşayış yeri olsa da, digər bacısı Püstənin yaşayış yeri yoxdur, hazırda kirayədə qalır. Bacısı Püstə nikahı pozulduqdan sonra həmin evə yaşamaq üçün getsə də, evə buraxmamışlar. Qeyd etmişdir ki, onun evdən qeydiyyatda qalmaq istəməsinin səbəbi ona sənəd lazım olduğu üçün qeydiyyat ünvanı vacibdir. Oğlu əsgərliyə gedəcək, buna görə də ona sənəd lazım olacaqdır. Hazırda yaşadığı mənzilin sənədi olmadığı üçün həmin mənzilə qeydiyyata düşə bilmir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Cavabdeh X14 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, 0, 2007-ci ildən, Cavabdeh2 2009-cu ildə, Cavabdeh1 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsi, Nizami küçəsi, ev 5-də yaşamır.
20. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
21. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli evin 1/4 hissəsi X32, 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X1, 1/4 hissəsi X17 mülkiyyətindədir.
22. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli evin 1/4 hissəsini İddiaçı atasından vərəsəlik qaydasında əldə etmişdir.
23. Cavabdehlər- xx.xx.1985-ci il təvəllüdlü X14, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının övladları olub, anadan olduqları vaxtdan X14 2007-ci il tarixədək, Cavabdeh1 2006-cı il tarixədək Cavabdeh2 2009-cu ilədək həmin evdə yaşamışlar.
24. Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər, X14 isə iddia tələbinə etiraz etməmişdir. Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı. Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
30. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbini cavabdehlərin uzun müddətdir mübahisəli mənzildə yaşamaması, özünə məxsus yaşayış evinə malik olmaları ilə əsaslandırmışdır.
31. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehlərin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilməsindən söhbət gedə bilməz.
32. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli mənzil Bakı şəhər X2 İcraiyyə Komitəsinin Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1982-ci il tarixli çıxarışa əsasən iddiaçının atası X26 verilmişdir. Mənzilin mülkiyyətçisi vəfat etdikdən sonra ev vərəsələr tərəfindən qəbul edilmiş, nəticədə İddiaçı da həmin ev üzərində 1/4 hissədə pay hüququ tanınmış və çıxarış almışdır. Cavabdehlər doğulduğu tarixdən : X16 xx.xx.1984-cü il tarixindən, X18 xx.xx.1985-ci il tarixindən və Cavabdeh2 xx.xx.1989-cu il tarixindən etibarən həmin mənzildə yaşamışlar.
33. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 icarədarın ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
34. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
36. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
37. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
38. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
40. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 mübahisəli mənzildə yaşamadıqları üçün istifadə hüquqlarının itirilməsini mübahisələndirir.
41. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər X14 2007-ci il tarixədək, Cavabdeh1 2006-cı il tarixədək Cavabdeh2 2009-cu ilədək, yəni ailə quranadək həmin evdə yaşamışlar. Ailə həyatı qurduqdan sonra həmin mənzildə yaşamamışlar.
42. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbinə etiraz edərək həmin mənzildən qeydiyyatdan çıxmaq istəmədiklərini bildirmişlər və iddia tələbi təmin ediləcəyi halda kompensassiya ödənilməklə qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər.
43. Cavabdeh2 iddia tələbinə qarşı olan etirazını onunla əsaslandırmışdır ki, onun hazırda yaşayış yeri yoxdur, kirayədə yaşayır. Nikahı pozulduqdan sonra həmin evə köçmək istəmiş, lakin icazə verməmişlər.
44. Məhkəmə tərəfindən cavabdehə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq etirazının dəlillərini təsdiq edən sübutları, yəni onun hazırda kirayədə yaşaması, yaşayış yerinə ehtiyacının olması, həmin mənzilə köçmək istəməsinə maneə yaradılmasına dair sübutları məhkəməyə təqdim etmək hüququ izah edilmiş və vaxt verilmişdir. Lakin qeyd edilən hallara dair məhkəməyə sübut təqdim edilməmişdir.
45. Cavabdeh1 iddia tələbinə qarşı olan etirazını onunla əsaslandırmışdır ki, həmin mənzildə qeydiyyatda qalmaq ona yaşayış yerindən arayış almaq üçün zəruridir. Qeyd etmişdir ki, hazırda ailəsi ilə birlikdə yaşadığı evin sənədi olmadığından həmin evə qeydiyyata düşə bilmir.
46. Cavabdeh X14 isə iddia tələbinə etiraz etməmiş, məhkəməyə teleqram göndərərək ailə qurduğu vaxtdan həmin mənzildən istifadə etmədiyini bildirmişdir.
47. Mülki qanunvericiliyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
48. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə o halda xitam verilir ki, yaşayış sahəsinə istifadə hüququ mövcud olsun və yaşayış sahəsinə olan ehtiyac ödənilməmiş olsun.
49. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququ yaranmış cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh2 uzun müddət könüllü olaraq həmin əmlakdan istifadə etməməsi (yaşamaması) və bu halın hər hansı bir maneələrinin törədilməsi səbəbindən baş verməsinin müəyyən edilməməsi ona əsas verir ki, cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh2 mübahisə predmeti olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.
50. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsə idi, mövcud vəziyyət davam edəcək idi, yəni iddiaçı mübahisəli mənzildə, cavabdehlər isə hər hansı məbləğdə kompensasiya tələb etmədən (hər halda belə bir niyyəti olsa idi, ötən dövr ərzində tələb etmiş olardı) başqa ünvanda yaşamağa davam edəcək idilər.
51. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq könüllü çıxıb getməsi, 6 aydan çox müddət istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər.
52. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır.
53. Belə ki, iddiaçı mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları İddiaçı mülkiyyət hüquqlarını pozur, həmin mübahisəli mənzildən istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.
54. Məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
55. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.
56. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.
57. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
58. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.
59. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsi, 5 nömrəli evin 1/4 pay hüququ hissəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və X9 İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində yerləşən 5 nömrəli evin 1/4 pay hüququ hissəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva