Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-230/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil Elxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66 nömrəli evin 2 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin 2 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Mənzil ona anası tərəfindən xx.xx.2010-cu il tarixdə bağışlama nəticəsində keçmişdir. Hazırda mənzildə ondan başqa keçmiş əri olan cavabdeh qeydiyyatdadır. O, ora 2006-cı ildə qeydiyyata alınıb. Qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 2005-ci ildən 2009-cu ilədək adı çəkilən mənzildə yaşamış, daha sonra ailəliklə iddiaçıya məxsus digər mənzilə köçərək yaşamağa orada davam etmiş və 2021-ci ildən isə ailə münasibətləri pozulduğundan əşyalarını da aparmaqla anasının yanına Dəvəçi rayonu, Güləmli kəndinə köçmüşdür. Cavabdehin iddiaçının mənzilində pasport qeydiyyatında qalması formal xarakter daşıyır və onun mülkiyyətçi hüquqlarını pozur.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil Elxan oğlu iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, tərəflər həmin mübahisəli mənzildə 2005-ci ildən 2009-cu ilə qədər bir yerdə yaşayıblar. 2019-cu ildən isə ayrılıblar. Nikahları 2022-ci ildə pozulub. Həmin mənzili isə iddiaçının anası 2010-cu ildə ona bağışlayıb. Odur ki, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********66-05101-093016 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 06 iyul 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin, 2 saylı mənzilində qeydiyyatdadır.
9. 06 iyun 2010-cu il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X6 küçəsi, 26 saylı evin, 2 saylı mənzilini Nuhbalayeva (Hüseynova) Elnurə Vadar qızına bağışlamışdır.
10. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 15 avqust 2024-cü il tarixli, 284 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin, 2 saylı mənzilinə 28 fevral 2005-ci ildə qeydiyyata alınıb.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 18 yanvar 2005-ci ildə nikaha daxil olublar. Cavabdeh X1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin, 2 saylı mənzilinə 28 fevral 2005-ci ildə pasport qeydiyyatına alınıb. X3 06 iyun 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X6 küçəsi, 26 saylı evin, 2 saylı mənzilini Nuhbalayeva (Hüseynova) Elnurə Vadar qızına bağışlamışdır. Tərəflər 2005-2009-cu illərdə həmin mənzildə yaşamışlar. 2019-cu ildən isə ümumiyyətlə ayrı yaşayıblar. Onlar arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66 nömrəli evin, 2 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:
Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
16. Avropa Konvensiyasının 1 saylı protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.
17. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:
9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
22. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
23. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 66 nömrəli evin, 2 saylı mənzili İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2023-cü ildə reyestrdə qeydə alınıb. Cavabdeh mülkiyyətçinin keçmiş həyat yoldaşıdır. İddiaçı Cavabdeh ilə həmin mənzildə 2005-ci ildən 2009-cu ilə qədər yaşayıb. Mənzil isə həmin vaxt iddiaçının anası X2 məxsus olmuşdur. İddiaçının anası 2010-cu ildə mənzili ona bağışlamışdır. Cavabdehlə iddiaçı arasında münasibətlər 2019-cu ildə faktiki olaraq kəsilmiş, onlar arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi cavabdeh mübahisəli mənzildə yaşadığı müddətdə mənzilin mülkiyyətçisi iddiaçının anası X3 olmuşdur. Qanunun tələbinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Cavabdeh iddiaçının anasının ailə üzvü deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü cümləsində qeyd olunub: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir”. Bu zaman “digər ailə üzvləri” deyiləndə mülkiyyətçinin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvünün (məs., mülkiyyətçinin qızının) ailə üzvü (əri) nəzərdə tutulur. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı qaydada bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mənzilin həmin dövrdə mülkiyyətçisi olan X1 Cavabdeh mənzilə köçürülməsinə dair notariat qaydasında razılaşma yoxdur.
24. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, mənzil iddiaçıya bağışlandıqdan sonra da Cavabdeh sözügedən mənzildə yaşamayıb. Odur ki, hər hansı hüququn itirilməsinin qət olunması üçün əvvəlcə həmin hüququn yarandığı müəyyən edilməlidir, çünki mövcud olmayan hüquq itirilə bilməz. İddianın əsası nəzərə alınmaqla istifadə hüququnun mövcud olmadığı qət edilməlidir. Göründüyü kimi cavabdehin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66 nömrəli evin 2 nömrəli mənzilində istifadə hüququ mövcud deyildir.
25. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə:
27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66 nömrəli evin 2 nömrəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilsin. Hazırki qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 66 nömrəli evin 2 nömrəli mənzildən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova