Məhkəmə qərarları › İş №2(010)-716/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-716/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-716/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ona məxsus olması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun evi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı həmin mənzilin ümumi sahəsi 51.4 m2-dır. Nazim 2013-cü ildə saxta müqavilə əsasında tikinti şirkətinə qarşı iddia qaldıraraq həmin mənzilə köçürülmə hüququ almışdır. 130 saylı, xx.xx.2012-ci il tarixli həmin saxta müqavilə iş materiallarına əlavə edilmişdir. Qətnamə kassasiya məhkəməsində də qüvvədə saxlanılmışdır. Ancaq qətnamədə onun həmin mənzildən çıxarılması qət edilməmişdir. Həmin qətnamələr iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 50 saylı, xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilin tam dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. 49 saylı, xx.xx.2009-cu il tarixli müqavilə təsdiq edir ki, həmin mənzilin tikintisi cavabdeh şirkətlə onun arasında razılaşdırılmışdır. O, həmin mənzildə 11 ildir ki, təmir işləri edib yaşıyır. Qonşular da buna şahiddir. Cavabdeh2 onun mənzilinə köçürülməsinə dair məhkəmə qərarının əsasını təşkil edən müqavilə saxta olduğu üçün onun həmin müqavilənin etibarsızlığı faktını yeni açılmış hal üzrə qaldırmaq hüququ vardır. Hazırda isə həmin hüquqi proseduranın tərkib elementi olaraq, onun həmin mənzilə mülkiyyət hüququnun tanınmasına zərurət meydana gəlmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, mənzili 2009-cu ildə almışdır, maliyyə arayışını isə 2013-cü ildə almışdır. 2010-cu ildən o mənzildə yaşayır. Əgər Nazim onu 2012-ci ildə almışdırsa 2016-cı ilə qədər, məhkəməyə qədər niyə gəlib deməyib ki, bura onundur? Yaşadığı müddətdə kommunalları özü ödəmişdir, o vaxt kommunalı ödəyəndə “+” işarəsi qoyurdular. Bina tikilən yer binanın indiki sədri Rəhiləgilin olub. X13 bir-biri ilə düşməndilər, aralarında qan davası var. Rəhilənin oğlu Ədalətin qohumunu öldürüb və hazırda həbsdədir. Onlar bir-biri ilə düşmənçilik aparır. Burda onun günahı yoxdur. O, mənzili 2009-cu ildə almış, müqaviləni də 2009-cu ildə bağlamışdır. O, həmin mənzildə yaşayanda 20-ə yaxın qonşular orda vardı. Amma 6-cı mərtəbədə o, tək olmuşdur. Sonra 3-cü mərtəbədə Vüsalə adlı qonşu vardı. O da 2011 və ya 2013-cü ildən orada yaşayır. Əvvəl su xətti olmadığına görə pulla su alırmışlar. O, həmin evi 2009-cu ildə almış, özü təmir etdirmişdir və oradan da çıxmaq fikri yoxdur. Onu evdən heç kim çıxara bilməz və başqasına da verə bilməz. Əgər Cavabdeh2 dediyi kimi sənədi düzdürsə, onda 14 ildə bir gəlib deyərdi ki, bu mənzil onundur. O da gedib mənzili ona satanın yaxasından yapışardı. Onların ikisini də aldadıblar. Yəqin Nazim də o mənzilə görə pul ödəmişdir ki, ona kağız veriblər. Amma o, 2009-cu ildə almışdır. Ədalət ikisini də aldatmışdır. Ədalət zəhmət çəksin Nazimə dəyən zərəri ödəsin, o da rahat evində otursun. Qonşu bir gün onun evinə gələndə dedi: “Nuridə xala evin sənədlərini gətir baxım”. O da sənədləri baxmaq üçün gətirdi. Onda qonşu müəyyən etdi ki, onun 2009-cu il müqaviləsi var. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında müqavilə bağlanıb, iddiaçı mənzilin dəyərini tam ödəyib və mənzilin dəyərini tam ödəməsi barədə ona maliyyə arayışı da verilib. Sonradan Cavabdeh2 gəlib deyir ki, onun da həmin mənzilə dair müqaviləsi var və həmin mənzil ona məxsusdur. Qanunvericilikdə konkret şəkildə qeyd olunur ki, əgər bir mənzilə dair iki şəxsin alğı-satqı müqaviləsi varsa, ilkin müqavilə kiminlə bağlanırsa, həmin müqavilə nəzərə alınmalıdır. İddiaçı həmin mənzili 2009-cu ildə alıb və 2010-cu ildən orada yaşayır. Yaşadığı müddətdə kommunal xərclərini də ödəyib və bununla bağlı onun qəbzləri də var. Əlavə olaraq qeyd etmək etmişdir ki, vətəndaş pulu ödədiyi andan mənzilin sahibi sayılır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, hazırda həmin qərarın alınması üçün Ali Məhkəməyə ərizə ilə müraciət etmişlər. Belə ki, Nazim müəllimin məhkəməyə təqdim etdiyi qərardan müəyyən olunur ki, onun tərəfindən əvvəllər həmin mənzildən istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Mübahisəli mənzildə hazırda Nuridə xanımın yaşamasına və mənzilin onun istifadəsində olmasına baxmayaraq, Nuridə xanım həmin mənzillə bağlı birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində keçirilmiş heç bir məhkəmə prosesinə maraqlarına toxunan şəxs kimi cəlb edilməmiş və eyni zamanda həmin mənzilə yerli baxış belə keçirilməmişdir. Belə olan halda, hazırkı mübahisə ilə bağlı mülki iş baxılmamış saxlanılmalıdır. Odur ki, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən də İddiaçı mənzili 2009-cu ildə alıb və 2010-cu ildən orada yaşayır. Mənzilə kommunal xidmətlər İddiaçı vəsaiti hesabına qoşulub və elə həmin vaxtdan da kommunal xidmətlərdən istifadəyə görə ödənişlərini edir. Cavabdeh2lə isə məsələ belədir ki, Akif Çovdarovun adamı Elçin Həsənzadənin adamları onu və bir neçə şəxsi tutub başlarına torba keçirərək MTN-ə aparmışlar. Orada onlardan 10 mənzili pulsuz zorla almışlar. Sonra isə həmin evlərdən birini X24 Salamova satıb, lakin Nazimin pul verib verməməsini o bilmir. Amma ona mənzilə görə Nazim pul verməyib. Daha sonra isə Akif Çovdarov həbs olundu, Elçin Həsənzadə isə ölkədən qaçıb getdi. Onlara isə dedilər ki, həmin 10 evin alqı-satqı müqavilələri ləğv olunsun və zərərçəkənlərə dəymiş ziyan ödənilsin. Onlar da mənzilləri tikib zərərçəkənlərə qaytarmışlar. Elçin qaçıb getmiş, onlar da yuxarı orqanların göstərişi ilə mənzilləri sahiblərinə təhvil vermişlər. Ali Məhkəmənin qərarına Cavabdeh2 adı necə düşüb bilmir, digər tərəfdən onu məhkəmə proseslərində görməmişdir. Faktiki İddiaçı mənzili əvvəl yəni 2009-cu ildə almışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativi məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki,o, mənzili Elçindən almışdır. Bununla bağlı araşdırma da aparılmış, məhkəmələr də olmuş və həmin qərarlar da qüvvədə qalmışdır. 2009-cu ildə bağlanması qeyd edilən müqavilə yenidir və saxtadır. Belə ki, iddiaçı özü “SPACE” TV-də veriliş zamanı müsahibə verərək bildirmişdir ki, mənzili 2013-cü ildə alıb. Ondakı müqavilə 2012ci ildə bağlanıb və o, mənzili 2012-ci ildə almışdır. Həmin müqavilənin əslini də məhkəməyə təqdim etmişdir. Digər tərəfdən icra məmurunun aktında da deyilir ki, guya o, mənzilə köçürülmüşdür. Amma sadəcə açar təhvil verilib, köçürülmə olmayıb. Çünki, Nuridə oradan çıxmır. O da gedib Nuridəyə demişdir ki, ev onundur və oranı 2012-ci ildə almışdır. Nuridə də ona demişdir ki, o nə qədər pul veribsə Qənbərov Ədalətdən alıb qaytaracaqdır. O da cavabında istəmədiyini bildirmişdir. Çünki o, pulunu verib evi almışdır və ev onundur. İddiaçı tərəfin iddia ərizəsinin baxılmamış saxlanılmasına dair vəsatəti ilə razı deyil və işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir. Belə ki, əsas cavabdeh Ədalətdir. Həmin mübahisəli mənzili 2012-ci ildə o, 2013-cü ildə isə Nuridə almışdır. 2015-ci il tarixdə baş tutan məhkəmə prosesində Ədalət də iştirak edərək bildirmişdir ki, həmin evi 2009-cu ildə Nuridəyə satmışdır. Belə olan halda, Ədalət eyni evi 2 nəfərə satmışdır. Məhkəmələrdə müəyyən qədər iddialar qaldırılmışdır ki, hamısında da Cavabdeh1 rədd cavabı almışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında bildirdi ki, mübahisəli binanın istismarı məhkəmənin qərarı ilə "xxxx" MTK-dan alınıb rəhbəri olduğu "xxxx" MMC-yə verilib. O, İddiaçı qeydiyyata alınanda tanımışdır. Ondan sonra sentyabr ayında Cavabdeh2 gəldi və bildirdi ki, həmin mənzilə qeydiyyata alınmaq istəyir. Cavab olaraq ona bildirmişdir ki, artıq ondan əvvəl həmin mənzilə İddiaçı qeydiyyatdan keçib. Nazim də gedib maşınından sənədləri gətirdi və bildirdi ki, həmin mənzilin sahiblik və istifadə hüququnun ona məxsus olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də var. Hətta bildirdi ki, hazırda həmin iş icra prosesindədir. Ondan bir neçə müddət sonra icra məmurları da gəldi ki, Cavabdeh2 qətnaməyə əsasən həmin mənzildə yaşamaq hüququ var və o, həmin mənzilə köçürülməlidir. Lakin İddiaçı də onlara bildirdi ki, mənzil bir otaqdan ibarətdir və Nazim onunla birgə orada necə yaşaya bilər. Mənzili tərəfin adına onlar yox, "xxxx" MTK keçirib. Yəni Elçinin adından Cavabdeh2 adına mənzili "xxxx" MTK keçirib. İddiaçı isə Cavabdeh2 məhkəmələrdən sonra xəbər tutub. Onun özünə də maraqlıdır ki, eyni mənzilə eyni tərəf arasında iki fərqli tarixlərdə eyni müqavilə necə bağlana bilər. Yəni İddiaçı ilə "xxxx" MTK arasında həm 2009-cu ildə, həm də 2013-cü ildə necə eyni müqavilə bağlanıb və necə ola bilər ki, Qənbərov Ədalət hər iki müqaviləni imzalayır və möhür vurur. Həm də necə olur ki, 2009-cu ildə satılan mənzilə ilkin ödəniş 2013-cü ildə edilir? Bu o deməkdir ki, 4 il Nuridə o mənzildə pul ödəmədən yaşayıb? İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və X14 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X8 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil X9 adına keçirilir. X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən binanın 4-cü girişində, 6-cı mərtəbəsində, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə və sənədləşdirilməsinə razıdır, bununla əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və Cavabdeh2 (Payçı) arasında xx.xx.2012ci il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X9 adına olan 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilir. İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-ya ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasında 51.4 m2 olan, 1 otaqlı mənzilin “Payçı”sı olaraq Kooperativin üzvlüyünə qəbul edilməsini və onunla müvafiq müqavilə bağlanmasını xahiş etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 27 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli müqaviləyə əlavə olan "xxxx" MTK ilə ödənişlərin ardıcıllığının razılaşdırılması protokolundan müəyyən olunur ki, bu protokol ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binada yerləşən İV giriş, 6-cı mərtəbə, 263 saylı mənzilin dəyərinin ödənilməsi “Payçı” ilə razılaşdırılmışdır (ilkin ödənişin məbləği - 18.144 manat, ödənilməli qalıq məbləği – 2416 manat). "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 27 nömrəli maliyyə arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 18.144 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 148 nömrəli maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.000 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 165 nömrəli maliyyə arayışının surətindən (imza Ədalət Qəmbərovun imzası deyil) müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.416 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 50 nömrəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının surətindən müəyyən olunur ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı (51.4 m2) mənzilinin dəyəri X18 tərəfindən tam ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4524/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X10, X15, X11, X20, X6, X12 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-773/16 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Xidmət göstərən) və İddiaçı (Payçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilədən müəyyən olunur ki, “Xidmət göstərən” “Payçı”ya kommunal xidmətlər göstərir, “Payçı”lar aldıqları mənzilin hər m2-i üçün 0=30 qəpik xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər. Bir ədəd fləşkarta daxil edilmiş video yazıda İddiaçı tərəfindən aşağıdakı ifadələr səsləndirilmişdir: “Mən Cəbrayıllıyam, 1993-cü ildən Yeni Günəşlidə yaşayıram. 2013-cü ildən də mən “X27”nin yanında mübahisəli binadan evi Ədalət Qənbərovdan almışam. Dollarnan da pulunu vermişəm. 22.000 vermişəm, 20.800 yazıb. Mən o evi alanda, hansı evlərin satılıb-satılmaması ilə bağlı siyahıya baxmışam. Həmin siyahıda mənim aldığım ev satılmamışdı və boş idi. Dedim Ədalət müəllim, mənim ürəyimə bir dəfə ev dağı çəkilib, ən axırıncı Cəbrayıldan mən gəlmişəm. Bacı balasından balalıyam və mənə mübahisəli ev vermə. 1-ci gündən bacımın balasını saxlıyıram və indi 35 yaşı var. Onu evləndirmişəm və nəvəm var. 1 otaqlı evdi, həmin evi remont eləmişəm və içində yaşayırıq. Özüm də ailə qurmuşam, lakin nikah müəyyən səbəblərə görə pozulub. 2013-cü ildə mən ev almışam. Ədalət də mənim evimi ya 2014-cü ildə, ya da 2015-ci ildə satıb, lakin tarixini 2012-ci il qeyd edib. Ədalət evi Cavabdeh2 satıb. Nazim 1 dəfə evə gələndə ona dedim ki, mən evi alannan 8, 9 il keçib. Mən o evə xərc çəkmişəm, remont eləmişəm. O vaxt nə suyum nə də qazım yox idi. Ordan-burdan su dilənmişəm. İndi hər şeyi hazır eləmişəm, hazırına nazir gəlib? Mənim xəbərim olmadan, mən bilmədən 2016-cı ildə məhkəmə olub. Məhkəmə 2016-cı ildə qərar qəbul eliyib ki, Nazimi köçürsünlər evə və mənnən qalsın. Nazim mənnən harda qalacaqsan? Mən sənə ev vermişəm? İndi sən gəlmisən ki, evi mənim əlimnən alasan? İndi Ədalət də deyir ki, mən Nazimə ev satmamışam, başıma torba salıblar, o evi mənə məcburi yazdırıblar. Ədalət deyir ki, o evi mən sənə satmışam. İcraçılar da gəlib, evimin qapısının zamokunu da söküblər. Nazim bir neçə dəfə mənim evimə gələndə Ədalət müəllimnən də soruşmuşam ki, sənin mənə satdığın evdə Nazim nə gəzir? O da deyir ki, mən Nazimə ev satmamışam və Nazim mənə pul vermiyib. Mən evi 2013-cü ildə almışam. Sənəddə də 2013 qeyd olunub. Ədalət yalan danışır, mən ev alanda həmin ev satılmamışdı. Çünki mən siyahıya baxdım və həmin ev satılmamışdı. Pulu ödədiyim haqqında maliyyə arayışım da var. Mən pul verib ev almışam, müqavilədə 2012-ci il qeyd edilməklə deyil ki, mən ev alanda ev satılmamışdı. Mən ölərəm, amma evimdən çıxmaram. 17.000 Nazim verib, 22.000 dollar da mən vermişəm. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTK ilə bağladığı xx.xx.2009-cu il tarixli 49 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, İV giriş, Vİ mərtəbə, 263 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Həmçinin, mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında eyni məzmunlu xx.xx.2013-cü il tarixli 27 saylı müqavilə və xx.xx.2013-cü il tarixli 50 nömrəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Mülki iş üzrə İddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun 2009-cu il tarixindən, yəni onun həmin mənzildə yaşamağa başladığı vaxtdan yarandığı iddia etsə də məhkəmə bununla razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyənləşdirilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İddiaçı və onun vəkilinin izahatı ilə, həmçinin iş materiallarında olan xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayış ilə iddiaçı tərəfindən tam olaraq pay haqqının xx.xx.2013-cü il tarixində ödənilməsi sübuta yetirilir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın sədri X8 (İcraçı) ilə X14 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqaviləyə əsasən “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X8 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil X9 adına keçirilir (Ə.N.Qənbərovun ərizəsinə əsasən). Bundan əlavə iş materiallarında olan "xxxx" MTK-nın sədri X8 (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqaviləyə əsasən “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X9 adına olan 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilir (E.M.Həsənzadənin ərizəsinə əsasən). Bundan əlavə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-287/2015 saylı qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-4524/2015 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X10, X15, X11, X20, X6, X12 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-773/16 saylı qərarına əsasən iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Cavabdeh2 həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mülki işin materiallarında olan "xxxx" MTK-nın 68 saylı, 16 iyul 2010-cu il tarixli arayışından aydın olur ki, X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzilinin dəyərini tam ödəmiş və keçən müddət ərzində kooperativ üzvü kimi kooperativdən çıxarkən ona payının ödənilməməsi ilə bağlı nə "xxxx" MTK-ya, nə də ki, yeni payçı Cavabdeh2 qarşı tələb irəli sürməyərək payının dəyərinin ödənilməməsini mübahisələndirməmişdir. Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X14 "xxxx" MTK-da olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzildən ibarət pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X14 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, həmin mülki iş üzrə qəbul edilmiş qətnamələr ilə müəyyən edilmiş faktlar məhkəmə proseslərində iştirak edən "xxxx" MTK və Cavabdeh2 tərəfindən mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı barəsində isə həmin faktlar preyudisial əhəmiyyətə malik olmamaqla, iddiaçı tərəfindən mübahisələndirilə biləndir (bu faktlar onun üçün məcburi qüvvəyə malik deyil). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Göstərilənləri hüquq normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun hansı andan yaranması üçün ona dair tam pay haqqınının hansı tarixdə ödənildiyini müəyyənləşdirmək mütləqdir. Belə ki həmin mənzilə dair cavabdeh "xxxx" MTK həm İddiaçı ilə, həm də X14 ilə müqavilə bağlamışdır. İşdə olan materiallarla İddiaçı tərəfindən tam pay haqqının xx.xx.2013-cü il tarixdə, X14 isə xx.xx.2010-cu il tarixdə ödənilməsi müəyyən olunur. Həsənzadə Elçin pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X14 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93).

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar