Məhkəmə qərarları › İş №2(010)-722/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-722/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-722/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 1456.96 manat məbləğində əsas borcun, 350 manat vəkilə ödənilmiş pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “xxxx” ASC-nin Mərkəzi ofisi ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan depozitinin altında cavabdehə 12 ay müddətinə 2020 manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxxxx 2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” ASC ləğv prosessində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanəti (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 1456.96 manat borcunu ödəmişdir. xx xxxxxx 2020-ci il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları “Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin “Borclu”dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sonda qeyd edilənlərə əsasən cavabdehdən 1456.96 manat məbləğində pulun, 350 manat vəkilə ödənilmiş pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o bankla müqavilə bağlayaraq pul götürmüş, lakin bank bağlandığından kredit borcunu ödəyə bilməmişdir. İddiaçı ona banka olan borcu ödəyəcəyi barədə heç bir məlumat verməmiş və ona xəbərdarlıq etməmişdir. Hal-hazırda banka ödənilən borcu birdəfəyə ödəmək qabiliyyətində deyil və həmin borca dair qrafik tərtib edilsin. Bundan sonra borcu yalnız hissə-hissə olmaqla ödəyə bilər. Nümayəndəyə ödənilən xərci və dövlət rüsumunu isə o ümumiyyətlə ödəməyəcək. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlimatlarından görünür ki, Cavabdeh ünvan 1 mənzil 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx” ASC-nin Gənclik filialından 2020 manat məbləğində kredit almışdır. Kreditin təminatı kimi İddiaçı ilə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş «xxxx” ASC-nin Gənclik filialı tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən götürülmüş 2020 manat kredit məbləğinin 1456.96 manatını xx.xx.2020-ci il tarixdə İddiaçı ödəmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən 348 manat 20 saylı vəkil bürosuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu Məcəllənin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərini dövlət rüsumu 30 manat və nümayəndəyə ödənilən xərc 348 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən cavabdehin əvəzinə 1456.96 manat məbləğində pul “xxxx” ASC-nə ödəniş edilmiş və 348 manat 20 saylı vəkil bürosuna ödənilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və nümayəndəyə ödənilən xərc cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və nümayəndəyə ödənilən xərc cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasını həyata keçirdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən Cavabdeh 1456.96 manat məbləğində “xxxx” ASC-nə ödənilmiş pul, ağlabatan məbləğdə nümayəndəyə çəkilən xərc -100 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1456.96 (bir min dörd yüz əlli altı manat, doxsan altı qəpik) manat, 100 (yüz) manat hüquqi xidmət xərci və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar