Məhkəmə qərarları › İş №2(010)-73/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-73/2021

23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-73/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri X7 və X10, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh onun mənzilinə vurduğu maddi ziyana görə 2500 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 117B, mənzil 15 onun xüsusi mülkiyyətindədir. Qonşusu Cavabdeh özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 117B, mənzil 17-dən onun mənzilinə dəfələrlə su buraxmışdır. Ona bu barədə bildirsə də heç bir tədbir görmür. Qonşusu Cavabdeh onun mənzilinə su buraxması nəticəsində mənzilinə ziyan dəymiş, mənzilin mətbəxi, vanna otağı və təmirli dəhlizi tamamilə pis vəziyyətə düşmüşdür. Elektrik xətləri islanmış, hər an elektrik cərəyanı keçirəcəyi üçün təhlükəli vəziyyətə düşmüşdür. Bu isə mənzildə yaşayanların həyatı üçün təhlükə törədir. Cavabdehin hərəkətləri nəticəsində ona 2500 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilkin iddia tələbi üzrə İddiaçı ona qarşı iddia tələbinin rədd edilməsi, onun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia tələbinin tam təmin edilməsi, cavabdeh tərəfindən onun mənzilinə vurulmuş maddi zərərə görə cavabdehdən 5000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehi düzgün təyin etməmişdir. Ona görə də ona qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, o, həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 117 B ünvanında yerləşən evin doqquzuncu mərtəbəsində, cavabdeh isə səkkizinci mərtəbəsində yaşayır. Cavabdeh və şahidlər tərəfindən onun mənzilinə dəymiş ziyan barədə akt tərtib olunarkən aktı tərtib edən şəxslər müəyyən etməmişlər ki, cavabdehin mənzilinə su haradan və kimin təqsiri üzündən axmışdır. Onun mənzili doqquzuncu mərtəbədə yerləşir və su axıntısı nəticəsində onun mənzilinə cavabdehin mənzilinə dəymiş ziyandan daha çox ziyan dəymişdir. Məhz onun mənzilinə su axıntısı nəticəsində dəymiş ziyan bilavasitə cavabdehin məsuliyyətsizliyi və tikintitexniki normalarına uyğun gəlməyən qeyri-qanuni hərəkətlərinin nəticəsidir. Onun və cavabdehin yaşadığı mənzillərin üzərində yerləşən dam hissəsində biri cavabdehə məxsus olan bir neçə, hər biri 3-4 ton tutumu olmaqla su çənləri yerləşdirilmişdir və həmin çənlər həmişə dolu vəziyyətdə saxlanılır. Qeyd olunan çənlərə su doldurulduqdan sonra onların su axarlarından buraxılan sular onun evinin bütün sahələrinə, cavabdehin evinin bir hissəsinə ziyan vurmuşdur. O, bir qonşu olaraq dəfələrlə cavabdehə onun damda yerləşən su çənindən onun mənzilinə su buraxdığını və bunun nəticəsində həm də cavabdehin mənzilinə su axdığını, onlara maddi ziyan dəydiyini deyərək iradını bildirmiş və təklif etmişdir ki, cavabdeh və damda su çənləri olanlar çənlərindən su axıntısının qarşısını alsınlar. Buna baxmayaraq, cavabdehin məsuliyyətsizliyi nəticəsində mütəmadi olaraq damdakı su çənindən su axır və onun mənzilinə xüsusilə külli miqdarda ziyan vurulur. Hal-hazırda onun mənzilinə cavabdehin təqsiri üzündən 4500-5000 manatdan çox maddi ziyan vurulmuşdur. Cavabdehin təqsiri üzündən onun mənzilinə axan su nəticəsində mənzilin elektrik xətləri tam yararsız vəziyyətə düşdüyündən o, elektrik xətlərini dəyişmiş, təkcə buna görə 600 manatdan çox xərci çıxmışdır. Hesab edir ki, işin obyektiv araşdırılması üçün birinci növbədə tikinti-texniki ekspertiza təyin edilməli və cavabdehin təqsiri üzündən ona nə qədər maddi ziyan vurulması müəyyən edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X7 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə etdi ki, cavabdehin mənzilindən axan su nəticəsində iddiaçının mənzilinə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh iddia edir ki, mənzilinə axan su binanın damında qoyulmuş su çənlərindən axır. Bu su çənlərindən biri də iddiaçıya məxsusdur. O, bu əsasla iddia edir ki, guya iddiaçının çənindən axan su əvvəlcə onun, sonra iddiaçının mənzilinə axır. Bu isə doğru deyil. Belə ki, nə vaxt cavabdehə suyun aşağı axması barədə məlumat verilsə, axıntı qısa müddət sonra kəsilmişdir. Hətta cavabdehin həyat yoldaşı suyun açıq qaldığını bildirib dəfələrlə ehtiyatsızlığına görə üzr istəmişdir. Məhkəməyə müraciət etdikdən sonra isə bu hallar daha da azalmış, son bir ayda isə ümumiyyətlə baş verməmişdir. Buradan da görünür ki, iddiaçının mənzilinə su axmasının səbəbi cavabdehin hərəkətləridir. Binanın damında həqiqətən də iddiaçıya və eləcə də digər qonşulara məxsus su çənləri var və ola bilər ki, bu çənlərdən hansındansa həqiqətən də cavabdehin mənzilinə su axmış olsun. Lakin, həmin suyun iddiaçının su çəninə aidiyyəti yoxdur. Belə ki, iddiaçıya məxsus su çənində avtomatik qapanma sistemi var və çən dolduqdan sonra avtomatik bağlanaraq əlavə su qəbul etmir. Cavabdeh su axıdan çən sahibləri kimdirsə onlara gedib çənlərin götürülməsi ilə bağlı müraciət edə bilər. Cavabdeh onunla əlaqə saxlayıb evinə çəndən su axdığını deyəndə də ona izah etmişdir ki, əgər su iddiaçının çənindən axırsa ona sübut etsin. Cavabdeh özü də bilir ki, iddiaçıya məxsus çəndən heç bir su axmır. Digər çən sahiblərinə görə isə iddiaçı məsuliyyət daşımır. Həmin çənlərdən axıdılan suya görə əgər həqiqətən cavabdehin mənzilinə ziyan dəyibsə dəymiş ziyan həmin çən sahiblərindən tələb edilməlidir. Bunun iddiaçıya aidiyyəti yoxdur. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin yeganə məqsədi cavabdehin mənzilindən onun mənzilinə axan suyun qarşısını almaqdır. Belə ki, təxminən bir aydır ki, su axmasa da gələcəkdə eyni vəziyyətin yaranıb-yaranmayacağı məlum deyil. Bu isə mənzildə yaşayan insanların, xüsusən azyaşlı uşağın həyatı üçün təhlükəlidir. Çünki su elektrik yuvalarının üzərindən axır və hər an cərəyan vura bilər. İddiaçı isə bunun qarşısını almaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Üstəlik, iddiaçı öz mənzilinə dəymiş zərərə görə cavabdehdən 2500 manat məbləğində pul tələb etsə də o, cavabdehin bu pulu öz mənzilinin təmiri üçün xərcləməsinə etiraz etmir. Yəni, iddiaçı razıdır ki, cavabdeh onun mənzilinə dəyən zərərin əvəzini ödəməsin, o pulla, sadəcə olaraq gedib öz mənzilindən su axıntısına səbəb olan problemi aradan qaldırsın və bununla da məsələ həll edilsin. Lakin cavabdeh bununla razılaşmaq əvəzinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinə əsasən məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin digər nümayəndəsi X12 da X7 ilə bənzər məzmunda izahat verərək məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia üzrə cavabdehin mənzilinə su axıdılmasında onun heç bir təqsiri yoxdur. Belə ki, onun öz mənzili, cavabdehin mənzilindən daha pis vəziyyətdir. Buna səbəb isə binanın damında qurulmuş su çənlərindən axan sulardır. Həmin su çənlərindən biri də cavabdehə məxsusdur. Bu çənlərə su dolduqdan sonra qalan su mütəmadi olaraq damın səthinə, oradan isə onun mənzilinə, daha sonra cavabdehin mənzilinə axır. Bu vəziyyətdə onun təqsiri yoxdur. Düzdür, bir neçə dəfə ehtiyatsızlıqdan mənzildə su açıq qalmış və cavabdehin mənzilinə su axmışdır. Lakin bu, mütəmadi hal olmamışdır. Su çənlərindən axan su isə davamlıdır. Bu sulara görə mənzilinin divarları bərbad vəziyyətə düşmüşdür. Problemin yeganə həlli bu su çənlərinin götürülməsidir. Bunun üçün iddiaçı da özünə məxsus çəni götürməlidir. Belə ki, hazırda onun çənindən su axmasının qarşısı xüsusi qurğu ilə alınsa da əvvəllər onun da çənindən su axmış, nəticədə mənzilinə külli miqdarda ziyan dəymişdir. O, bu ziyanın bütövlükdə cavabdehə məxsus çənə görə dəydiyini iddia etmir, lakin cavabdeh də digər çəni olan qonşularla birlikdə buna görə məsuliyyət daşımalıdır. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 166 nömrəli MTK tərəfindən tərtib edilmiş 18.10.2019-cu il tarixli, 166 nömrəli aktda qeyd edilmişdir ki: “166 nömrəli MTK-nın sədri X3, mənzil 1-də yaşayan X4, mənzil 13-də yaşayan X6 bu aktı tərtib etdik ona görə ki, 16.10.2019-cu il tarixində, saat 07:10-da 17 nömrəli mənzildə yaşayan Cavabdeh tərəfindən İddiaçı məxsus olan 15 nömrəli mənzilə su axıdılmış, mənzilin mətbəxi, vanna otağı və koridoru ciddi ziyan görmüşdür. Dəfələrlə, təkrar olunmuş xəbərdarlıqlara baxmayaraq heç bir nəticəsi olmamışdır”. CD-dən görünür ki, mənzilin sanuzelinin tavanından intensiv şəkildə (yağıntı bənzəri) su axdığı, mənzilin divarlarından su sızdığı, suyun elektrik yuvasının üzərindən axdığı video görüntüyə alınmışdır. (ilk iddia ərizəsinə əlavə edilmişdir) Dörd ədəd fotoşəkildən görünür ki, mənzilin plasmas tavanının bir hissəsi qopmuşdur və qopan hissədə kabellər görünür. (ilk iddia ərizəsinə əlavə edilmişdir) CD-dən görünür ki, altı ədəd video görüntü əlavə edilmiş, görüntülərdə mənzilin sanuzelindən, dəhlizin divarlarından, divar kağızlarının altlarından su sızıntı olduğu video görüntüyə alınmışdır. (ilk iddiaçı tərəfindən təqdim edilmişdir) 21 ədəd fotoşəkildən görünür ki, mənzilin divarlarının boyası qopmuş, bəzi yerlərdə tavandan aralanmış, çürümüş, qopmuşdur. (qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmişdir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli, 10/822 nömrəli rəydə tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki: “Rəyin tədqiqat hissəsində göstərilənləri, mülki işin materiallarında olan məlumatları və Bakı şəhəri Suraxanı rayonu 166 nömrəli MTK-nin sədri X1 18.10.2019-cu il tarixdə tərtib etdiyi aktda qeyd olunanları və həmçinin, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 15 saylı mənzilin binanın 8-ci mərtəbəsində, cavabdehə məxsus 17 saylı mənzilin isə binanın 9-cu mərtəbəsində yerləşdiyini, 9 saylı mənzilin yaşayış otağı, dəniz və sanitar qovşağı kimi istifadə olunan yardımçi tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq, 15 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 17 saylı mənzildən suyun sızması xarakterikdir və tədqiq olunan mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2287 manat məbləğində olduğu müəyyən edilir. ünvan 2 ünvanında yerləşən binanın dam hissəsinə baxış keçirilmi.dir. Baxış zamanı sözügedən binanın dam hissəsində su çənlərinin olduğu müəyyən edilmişdir, lakin su çənlərinin kimə məxsus olmasını müəyyən etmək ekspertin səlahiyyətlərinə aid deyildir. Ekspert tərəfindən qeyd olunur ki, binanın dam hissəsində qoyulmuş su çənləri boş olduğun üçün eksperiment aparılması mümkün olmadığından həmin çənlərdən aşağıda yerləşən mənzillərə faktiki olaraq su axmasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş dördüncü sual üzrə tədqiqat aparılmadı”. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflərə məxsus mənzillər ünvan 2 ünvanında yerləşir. İlk iddia üzrə İddiaçı məxsus mənzil 15 nömrəli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus mənzil 17 nömrəli mənzildir. Bina doqquz mərtəbəlidir və Cavabdeh məxsus 17 nömrəli mənzil binanın doqquzuncu mərtəbəsində, İddiaçı məxsus 15 nömrəli mənzil isə səkkizinci mərtəbəsində, 17 nömrəli mənzilin altında yerləşir. Binanın dam hissəsində su çənləri mövcuddur. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh mənzilindən ona məxsus mənzilə su axdığını, bu səbəbdən mənzilinə ziyan dəydiyini bildirir. Qarşılıqlı iddiaçı Cavabdeh isə əksinə, binanın damında qurulmuş qarşılıqlı iddia üzrə cavabdehə məxsus su çənindən onun mənzilinə su axdığını, nəticədə mənzilinə maddi ziyan dəydiyini iddia edir. Məhkəmə tərəfindən işin faktiki vəziyyətinin öyrənilməsi məqsədilə sözügedən mənzillərə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən həm ilk, həm də qarşılıqlı iddiaçıya məxsus mənzillərin tavan və divarlarında su sızma nəticəsində əmələ gəldiyi görünən izlər, sarımtıl ləkələr, bəzi yerlərdə qopmalar, çürümələr mövcuddur. Eyni zamanda, müəyyən edilmişdir ki, bu mənzillərin quruluşları eynidir. Yəni, mənzillərin hər birinin otaqları, mətbəxi, sanitar qovşağı, sanuzeli ilə digər mənzilin müvafiq hissələri üstüstə düşür. Lakin, su axması nəticəsində yaranmış izlər eyni yerlərdə deyil. Belə ki, qarşılıqlı iddiaçının mənzilinin balkonunun, mətbəxinin, qonaq otağının və yataq otağının divarlarında daha çox belə izlər müşahidə edilsə də, ilk iddia üzrə iddiaçının mənzilinin sanuzelinin tavan hissəsində və dəhlizdə yerləşən divarında izlər olduğu müəyyən edilmiş, qonaq otağı və eləcə də digər otaqlarda isə bu cür izlər müşahidə edilməmişdir. Bu isə axıntının eyni istiqamətlə, yəni əvvəlcə damdan 17 saylı mənzilə, daha sonra 15 saylı mənzilə axmış olmasını ağlabatan etmir. Belə ki, əgər qarşılıqlı iddiaçının iddia etdiyi kimi axıntı bir istiqamətli olsa idi, eyni quruluşda olan bu iki mənzilin eyni hissələrində axıntı izləri müşahidə edilməli idi. Hazırkı işdə isə bunun əksi baş vermişdir. Digər tərəfdən, müəyyən edilmişdir ki, binaya daimi su gəlmir. Belə ki, günün müəyyən saatlarında su olmur və bəzi bina sakinləri həmin saatlarda su çənindən istifadə edirlər. Binanın dam hissəsində də həmin sakinlərə məxsus su çənləri mövcuddur. Aydındır ki, gündəlik daimi suyun gəlmədiyi və su çənlərinin gündəlik istifadə edildiyi binada su çənləri davamlı olaraq boşalıb-doldurulmalıdır. Bu isə o deməkdir ki, damdan 17 saylı mənzilə, oradan da 15 saylı mənzilə axıntı olursa, bu mütəmadi olaraq, demək olar ki, hər gün baş verməlidir. Lakin, məhkəmə iclasında, eləcə də yerli baxış zamanı izahat verən ilk iddiaçı təxminən bir aydır ki, cavabdehin mənzilindən onun mənzilinə heç bir su axmadığını bildirmişdir. Əksinə, qarşılıqlı iddiaçı isə axırıncı dəfə bir həftə əvvəl mənzilinə su axdığını bildirmiş, qonaq otağının divarında yaranmış izləri məhkəməyə göstərmişdir. Buna uyğun olaraq, qarşılıqlı iddiaçının mənzilində müşahidə edilən yaş divar izləri ilk iddiaçının mənzilində müşahidə edilməmişdir. Bundan başqa, yerli məhkəmə baxışı zamanı izahat verən ilk iddiaçı bildirmişdir ki, mənzilinə yuxarıdan su axan zaman dəfələrlə cavabdehin mənzilinə qalxmış, cavabdehin ailə üzvləri suyu açıq qoyduqlarını, ehtiyatsızlıq etdiklərini bildirmişlər. Yerli baxışda iştirak edən qarşılıqlı iddiaçı da bir neçə dəfə bu cür halların baş verdiyini, lakin mütəmadi xarakter daşımadığını bildirmişdir. Yəni, qarşılıqlı iddiaçı davamlı olmasa da bəzi vaxtlar özünə məxsus mənzildən ilk iddiaçıya məxsus mənzilə su axdığını, beləliklə, bütün axıntının damdan axan çənlərlə əlaqədar olmadığını qəbul etmişdir. Həmçinin, binanın damında yerləşən və ilk iddiaçıya məxsus su çənindən qarşılıqlı iddiaçıya məxsus mənzilə su axıb-axmamasını müəyyən etmək məqsədilə ilk iddiaçı binanın dam hissəsinə çıxaraq qarşılıqlı iddiaçının ailə üzvlərinin də iştirakı ilə özünə məxsus su çənini, çənin alt hissəsini videogörüntüyə almış, görüntülərdən ilk iddiaçıya məxsus çəndən hər hansı axıntı olmadığı, çənin altının quru olduğu, müşahidə olunan suyun digər çənlərdən qaynaqlandığı müəyyən edilmişdir. Görüntülər əsasında damda yerləşən digər su çənlərindən su axdığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərdən hər ikisinin mənzilinə su sızma nəticəsində ziyan dəymişdir. Qarşılıqlı iddiaçının mənzilinə axan suyun mənbəyi dəqiq sübuta yetirilməsə də mənzilin divarlarında yaranmış və hələ tam qurumamış izlər yuxarıdan mənzilə su axması ehtimalını inandırıcı edir. Bu izin mənbəyinin isə binanın dam hissəsində yerləşən su çənlərindən qaynaqlandığı ağlabatandır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia məhz ilk iddiaçının su çənindən axıdılmış su ilə bağlı qaldırılmışdır. Yəni, qarşılıqlı iddiaçı iddia etmişdir ki, onun mənzilinə axmış bütün su məhz ilk iddiaçıya məxsus su çənindən axmış, oradan isə ilk iddiaçının öz mənzilinə tökülmüşdür. Məhkəmə qeyd edir ki, əgər qarşılıqlı iddiaçı məhz ilk iddiaçıya məxsus su çənindən onun mənzilinə su axdığını iddia edirsə, bunu sübut etmək hər bir halda onun üzərinə düşür. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə tərəfindən keçirilmiş baxış nəticəsində, su çənlərinin tərəflərin iştirakı ilə çəkilmiş videogörüntüsü əsasında müəyyən edilmişdir ki, ilk iddiaçıya məxsus su çənində hər hansı su sızıntısı yoxdur və çənin altı qurudur. Lakin damda su axıntısı olan digər çənlər həqiqətən də mövcuddur. Beləliklə, ehtimal var ki, bu çənlərdən biri, yaxud bir neçəsindən qarşılıqlı iddiaçıya məxsus mənzilə həqiqətən su axmış olsun. Lakin hazırkı qarşılıqlı iddia üzrə mübahisə predmeti məhz ilk iddiaçıya məxsus su çənindən qarşılıqlı iddiaçının mənzilinə su axması olduğundan və bu hal sübuta yetirilmədiyindən məhkəmə qarşılıqlı iddianı əsassız hesab edir. Bu cür nəticəyə gələrkən məhkəmə qarşılıqlı iddiaçının diqqətinə çatdırır ki, əgər ona məxsus mənzilə binada yaşayan digər sakinlərə məxsus su çənlərindən axıdılan suya görə hansısa ziyan dəymişdirsə, bu ziyana görə məsuliyyəti məhz axıntı olan çən sahibləri daşıyır və dəymiş ziyanın əvəzi həmin şəxslərdən tələb edilməlidir. Yox əgər, axıntının məhz ilk iddiaçının su çənindən olduğu iddia edilirsə, bu qarşılıqlı iddiaçı tərəfindən sübut edilməlidir. Qarşılıqlı iddiaçı nəzərə almalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Bu prinsiplə ilk iddia tələbinə baxıldıqda isə görünür ki, ilk iddiaçı məhz cavabdehə məxsus mənzildən onun mənzilinə su axdığını və mənzilə ziyan dəydiyini iddia edir. Odur ki, ona düşən sübutetmə yükü mənzilə məhz cavabdehin mənzilindən su axdığını və nəticədə həqiqətən ziyan dəydiyini sübut etməkdir ki, ilk iddiaçı bu halları sübut edə bilmişdir. Belə ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-lərdə olan video görüntülərdən mənzilə yuxarıdan su axdığı, axıntının bəzi hallarda yağış kimi intensiv olduğu görünmüşdür. Axıntının mənzilin daha çox sanuzel və sanitar qovşağında, eləcə də dəhlizin divarlarında olduğu müşahidə edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxışda da axıntı izlərinin həqiqətən mənzilin videoda görünən hissələrində olduğu müəyyən edilmişdir. Eləcə də iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinin nəticə hissəsində də göstərilmişdir ki: “...mənzilin yaşayış otağı, dəniz və sanitar qovşağı kimi istifadə olunan yardımçi tikilisinin divar və tavanında yaranmış qüsurları nəzərə alaraq, 15 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 17 saylı mənzildən suyun sızması xarakterikdir ...” Beləliklə, qarşılıqlı iddiaçıya məxsus mənzildən ilk iddiaçının mənzilinə su axdığı və nəticədə ilk iddiaçının mənzilinə ziyan dəydiyi sübut edilmişdir. Bu baxımdan, ilk iddiaçı cavabdehə məxsus mənzildən axıdılan suya görə öz mənzilinə dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə ilk iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Məhkəmə ilk iddiaçının mənzilinə, qarşılıqlı iddiaçının mənzilindən su axıdılması nəticəsində zərər dəydiyini müəyyən etsə də zərərin əvəzi kimi tələb edilən məbləğlə qismən razılaşmır. Belə ki, ilk iddiaçı su axması nəticəsində mənzilinə 2500 manat məbləğində ziyan dəydiyini bildirib həmin pulu cavabdehdən tələb etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, hesablamanın nəyə əsasən, hansı təmir işlərinin, tikinti materiallarının dəyərinə əsasən aparıldığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə keçirilmiş kompleks məhkəmə tikinti ekspertizası rəyində isə tədqiq olunan mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2287 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəydə görülməli bərpa işlərinin, tələb edilən tikinti materiallarının dəyəri bazar qiymətinə uyğun smeta tərtib edilərək göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddiaçının mənzilindən ilk iddiaçının mənzilinə su axıdılması nəticəsində ilk iddiaçıya dəymiş zərər 2287 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddiaya gəldikdə isə, ilk iddiaçıya məxsus su çənindən qarşılıqlı iddiaçıya məxsus mənzilə su axıdıldığı qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən qarşılıqlı iddiaçı ilk iddiaçıdan mənzilinə dəymiş ziyana görə pul tələb edə bilməz. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 2287 manat məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Son olaraq, məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu isə qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçıya aid edilməlidir. Eyni zamanda, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi üçün çəkilmiş 50 manat məbləğində xərc də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 2287 (iki min iki yüz səksən yeddi) manat məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci olan 50 (əlli) manat məbləğində pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinın hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar