Məhkəmə qərarları › İş №2(010)-73/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-73/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-73/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada öz xeyrinə “Hyundai Sonata” markalı, **-SD-*** nömrəli, “HUMMER H3” markalı, **-NK-*** nömrəli, “GREAT WALL M4” markalı, **-TM-*** nömrəli avtomobillərin təmirinə xərclədiyi 11000 manat məbləğində pulun və “BMW 325İ” markalı, **-US-*** nömrəli avtomobilin alqı-satqısına görə ödədiyi 10750 manat məbləğində pulun, cəmi 21750 manat məbləğidə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 birlikdə kredit yolu ilə avtomobillərin alqı-satqısı ilə məşğul olurlar və fəaliyyət göstərdikləri ərazi Xırdalanda yerləşir. Krediti vaxtında ödənilməyən avtomobillər onlar tərəfindən geri alınır, satış üçün yararlı əmtəə vəziyyətinə gətirildikdən sonra yenidən onlar tərəfindən müxtəlif şəxslərə satılır. Avtomobillər ilkin olaraq mülkiyyət hüququ ilə Cavabdeh1 qızı X4 adına rəsmiləşdirilir və sonuncunun verdiyi etibarnamələr əsasında Cavabdeh1 alqı-satqı əməliyyatlarını həyata keçirir. Avtomobillərin satış üçün yararlı əmtəə vəziyyətinə gətirilməsi üçün xeyli miqdarda vəsait tələb olunduğundan onun cavabdehlərlə əldə etdiyi razılığa əsasən həmin qaytarılmış avtomobilləri təmir etdirib yaxşı vəziyyətə gətirərək satmalı və satışdan əldə edilmiş mənfəəti qoyulmuş pula mütənasib bölüşdürməli idilər. Belə ki, əldə edilən razılaşmaya əsasən cavabdehlər tərəfindən vəsait qoyduğu avtomobillər yaxşı qiymətə satılsa idi, oradan cavabdehlər əldə etdikləri mənfəətdən əldə edilmiş payını verməli idilər, əgər mənfəət olmayacaqdısa, onun avtomobillərə sərf etdiyi vəsait cavabdehlər tərəfindən qaytarılmalı idi. Əldə edilmiş razılaşmaya əsasən bir neçə avtomobilin təmirinə və yararlı vəziyyətə gətirilməsinə vəsaiti o qoymuş, həmin avtomobillər satılsalar da avtomobillərə sərf etdiyi vəsait cavabdehlər tərəfindən qaytarılmamışdır. Belə ki, “Hyundai Sonata” markalı, **-SD-*** nömrəli avtomobilin mühərriki yararsız vəziyyətdə idi, həmin avtomobilin mühərriki təmir edildi və avtomobil yenidən rəngləndi, avtomobilin mühərrikinin təmirinə və avtomobilin rənglənməsinə onun tərəfindən 3500 manat vəsait sərf edildi. “Hyundai Sonata” markalı, **-SD-*** nömrəli avtomobil cavabdehlər tərəfindən satıldı, mənfəət yox, heç onun qoyduğu vəsait - 3500 manat qaytarılmadı. “HUMMER H3” markalı, ** NK *** nömrəli, tam yararsız olan avtomobilin mühərrikini cavabdehlərlə əldə etdiyi razılaşmaya əsasən öz vəsaiti hesabına yığdırdı, bu işə 4500 manat öz vəsaitini sərf etdi, həmin avtomobil cavabdehlər tərəfindən satıldı, lakin qoyduğu vəsait yenə də ona qaytarılmadı. “GREAT WALL M4” markalı, **- TM-*** nömrəli avtomobil qəzalı idi, qəza nəticəsində avtomobilin ön hissəsi tam yararsız vəziyyətə düşmüşdü, avtomobilin yararlı vəziyyətə salınması üçün yenə də cavabdehlərlə qarşılıqlı razılaşma əsasında onun vəsaiti hesabına avtomobilin ön hissəsi - fara, bufer, oblisovka, kapot, peredok və digər hissələr dəyişdirilmiş, yeniləri ilə əvəz edilmiş, eyni zamanda qəzalı avtomobilin Gəncə şəhərindən gətirilməsi üçün də vəsait xərcləmiş, bu işlərə görə isə tərəfindən 3000 manat məbləğində vəsait sərf edilmişdir. Odur ki, hər üç avtomobilə qoyduğu xərc - cəmi 11000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan əlavə, Cavabdeh1 ilə “BMV 325İ” markalı, **- US-*** nömrəli avtomobilin alqı-satqısı barədə razılığa gəlmiş, həmin avtomobilə görə Cavabdeh1 10750 manat pul ödəmiş, əvəzində Cavabdeh1 ona sərəncam hüququ da daxil olmaqla baş etibarnamə verməklə həmin avtomobili ona satmışdır. Həmin 10750 manat 6000 manat hissəsini nəğd şəkildə Cavabdeh1 vermiş, qalan 4750 manat hissəsini isə 5 ay ərzində hər ay 950 manat olmaqla digər Cavabdeh2 vermişdir ki, Cavabdeh1 çatdırsın. Hal-hazırda həmin avtomobil ondan alındığı üçün hesab edir ki, “BMV 325İ” markalı, **-US-*** nömrəli avtomobilə görə ödənilmiş 10750 manat məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Belə ki, sonradan qeyd edilən avtomobilə dair adına verilmiş baş etibarnamə onun məlumatı olunmadan ləğv edilmişdir, hal-hazırda da onda deyildir, həmin avtomobilin alqı-satqısı barədə əldə olunmuş razılığa əməl olunmamışdır. Həmin avtomobilə görə 10750 manat məbləğini cavabdehlərə ödəməyini iddia ərizəsinə əlavə etdiyi qətnamələrdə göstərilənlər də təsdiq edir. Belə ki, hər iki qətnamədə əks olunan cavabdehlərin izahatları iddia ərizəsində yazılanları təsdiq edir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, onların cavabdehlərlə aralarında əldə etdikləri razılıq belə olmuşdur ki, məsələn, kimsə gəlib onlara 10000 manatlıq maşın almaq istədiyini, lakin 5000 manatı olduğunu deyirdi. Bundan sonra Cavabdeh2 və onun digər cavabdeh Arzu xanıma verdiyi məlumat əsasında Arzu xanım avtomobili öz adına alıb, həmin şəxsə verirdi. Həmin şəxs də aldığı avtomobilə görə Arzu xanıma aylıq ödənişini ödəyirdi. Lakin bir sıra hallarda həmin şəxs avtomobili yararsız hala salıb pulunu da ödəmirdi. Belə olan halda Arzu xanım avtomobili həmin şəxsdən alırdı, o da avtomobilin təmir xərcini qarşılayırdı. Aralarındakı razılaşma da belə olurdu ki, o, avtomobilin təmir xərcini qarşılayacaq, bundan sonra avtomobil satılacaq və satışdan əldə edilmiş vəsait hesabına həm onun təmir üçün qoyduğu pul, həm də satışdan əldə edilən mənfəətdən pay ona ödəniləcək. Lakin cavabdehlər onun təmir etdiyi avtomobilləri satsalar da, satışdan ona heç bir ödəniş etməmişlər. “BMW” markalı avtomobilə gəldikdə isə, həmin avtomobil Arzu xanıma məxsus olmuş, o, bu avtomobili bəyənmiş və Arzu xanımdan almaq istəmişdir. Avtomobili almaq üçün Arzu xanıma 6000 manat birdəfəlik ödəniş etmiş, sonra 5 ay boyunca hər ay 950 manatdan ödənişlər etmişdir. Yəni həmin avtomobilə görə Arzu xanıma ümumilikdə 10750 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq, Arzu xanım həmin avtomobilə görə ona verdiyi etibarnaməni sonradan ləğv edərək avtomobili geri almış, daha sonra da avtomobili başqasına satmışdır. Beləliklə, onun həmin avtomobilə görə Arzu xanıma etdiyi ödənişlər batmışdır. Bu səbəbdən həm də həmin vəsaiti tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərdən biri Cavabdeh2 iddianı qismən etiraf etmişdir. Digər Cavabdeh1 isə iş materiallarında olan apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçıya “BMW” markalı avtomobil satdığını, bunun üçün ondan pul aldığını qəbul etmişdir. Bu vəziyyətdə hesab edir ki, iddia əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, onun ümumiyyətlə Nicatla heç bir işləri olmamışdır. Onun işi Nurlanla olmuş, sadəcə Nurlanın kompüterdən başı çıxmadığına görə Nicatı çağırmışlar. Nicat onun yanında ayı 500 manat maaşa işləmişdir. Onun vurulan, alınan, satılan maşınların heç birindən xəbəri olmamışdır. Əvvəldən şərti o olmuşdur ki, verdiyi avtomobilə görə ona ayda 5-600 manat ödəniş edilsin. Razılığa görə avtomobilin pulu çıxdıqdan sonra avtomobil ödənişi edən adama verilməli idi. Onun Nicatla arasında yalnız “BMW” markalı avtomobilin alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, Nicat həmin avtomobilə görə ona 10 ay müddətində hər ay 950 manatdan pul ödəməli olduğu halda, 5 aydan sonra ödənişləri dayandırmış, buna baxmayaraq, avtomobili ona qaytarmamışdır. Əksinə, o özü sonradan avtomobili axtarışa verdirmiş, bundan sonra məlum olmuşdur ki, avtomobil Salyanda başqa bir şəxsə satılmışdır. Bu səbəbdən o, avtomobilə görə Nicata verdiyi etibarnaməni ləğv etmiş, avtomobili də Salyandan Bakıya gətirmişdir. Həmin avtomobil artıq keçən ay satılmışdır. Nicat ona həmin avtomobilə görə bir dəfəyə 6000 manat ödəniş etməmişdir. Nicatın ona 6000 manat borcu olmuşdur və həmin pulu ödəmişdir. Bu pulun avtomobilə aidiyyəti olmamışdır. O, yalnız 5 ay boyunca 950 manat ödəniş etmişdir ki, həmin 5 ayda da avtomobil Nicatın istifadəsində olmuşdur. O, istifadə etdiyi vaxta görə ödəniş etmişdir, bu səbəbdən həmin pulu ondan tələb edə bilməz.

6. Cavabdeh1, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiyini, həm də iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını bildirərək, məhkəmədən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə iddianın qismən etirafına dair ərizə təqdim edərək, iddiaçının tələb etdiyi 11000 manat məbləğində pulun ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. O, qeyd etmişdir ki, aralarında olan razılığa əsasən İddiaçı “Hummer”, “Great Wall” və “Hyundai Sonata” markalı avtomobillərin təmirinə 11000 manat pul qoymuşdur. Razılıqları belə olmuşdur ki, həmin avtomobillər təmir olunduqdan sonra satıb pulunu bölsünlər. Həmin vaxt o, təmirdən sonra avtomobillərin satılıb-satılmamasından asılı olmayaraq, Nicatın qoyduğu pula “boyun olmuşdur”. Nicat avtomobillərin təmirinə 11000 manat pul versə də, avtomobillər sonda “ələ gəlməmişdir”. Lakin əvvəldən həmin pulu ödəməyi öz öhdəsinə götürdüyündən Nicatın iddiasını həmin 11000 manat hissədə qəbul edir.

8. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-140320/2023 nömrəli məktubuna əlavə edilmiş kompüter çıxarışından görünür ki: “BMW 325İ minik” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydə alınmışdır. “Hummer H3” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə X5 adına qeydə alınmışdır. “Great Wall M4” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X5 adına qeydə alınmışdır. “Hyundai Sonata” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydə alınmış, xx.xx.2023-cü il tarixdə X6 mülkiyyətinə keçmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 907/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı, Cavabdeh1 oğlu və X8 qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5843/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 907/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 6000 manat pulun iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1097/2024 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5843/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilən hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3577/2024 saylı qərardadından görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(010)- 907/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 6000 manat pul iddiaçı X2 xeyrinə tutulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3577/2024 saylı qərardadından görünür ki, X9, İddiaçı, Cavabdeh1 və X8 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə hazırkı apellyasiya baxışının tərəfləri olan X9 və İddiaçı arasında bağlanmış “cavabdeh İddiaçı X3 4 ay ərzində 3000 manat, hər ay 750 manat olmaqla, 10 avqust 2024-cü il tarixdən başlayaraq hər ay eyni vaxtda ödəməyi öhdəsinə götürür. İddiaçı X9 cavabdeh İddiaçı 4 ay ərzində 3000 manat, hər ay 750 manat olmaqla, 10 avqust 2024-cü il tarixdən başlayaraq hər ay eyni vaxtda ödəməyi öhdəsinə götürdüyünü qəbul edir” məzmunlu barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-907/2023 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçının “cavabdeh İddiaçı 6000 manatın alınıb ona ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir.

Şahid ifadəsi.

15. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X9 bildirmişdir ki, İddiaçı Arzu xanımın ofisində işçi kimi tanımışdır. Onun Nicatla maşın alış-verişi olmuş, ondan “BMW 325” markalı avtomobili 9500 manata barter etmişdir. Belə ki, o, Arzu xanımın ofisində “Range Rover” markalı avtomobili “BMW 325” markalı avtomobillə dəyişmişdir. Bu zaman “Range Rover” markalı avtomobilin 16500 manatı çıxıldıqdan sonra qalan pul ona verilmişdir. “BMW” markalı avtomobilə görə Arzu xanım ona etibarnamə vermiş, lakin sonradan həmin etibarnamə ləğv olunmuşdur. O, Arzu xanımdan bu barədə soruşduqda o, Nicatın ona borcu olduğunu, etibarnaməni bu səbəbə ləğv etdiyini bildirmişdir. Daha sonra Nicat onun yanında təxminən 5-6000 manat məbləğində pulu Arzu xanıma vermişdir. Bundan sonra Arzu xanım ona “BMW”-yə görə etibarnamə vermiş, o da “BMW”-ni satdığı adama etibarnamə vermişdir. Hazırda nə “Range Rover”, nə də “BMW” markalı avtomobillər onda deyil. Onun Nicatla işi məhkəməyə verilmiş, məhkəmə onun xeyrinə Nicatdan 6000 manat pul tutmuşdur.

16. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X14 bildirmişdir ki, İddiaçı Xırdalanda maşın düzəltməsi ilə əlaqədar tanıyır. Arzu xanımı isə Nicat vasitəsilə tanımışdır. Arzu xanımın işini tam olaraq bilmir, lakin bilir ki, Nicatla Arzu xanım birlikdə işləyirdilər. Onunla Nicat arasında 3 ilə yaxın maşın alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Nicata təxminən 20-yə yaxın maşın satmışdır. Bu avtomobillərin bəzilərinin təmirə ehtiyacı olmuşdur. Təmir xərclərini bəzən Nicat, bəzən də o çəkmişdir. Belə ki, kimin əlində pul olsa, təmir xərcini də o çəkmişdir. “Hummer” markalı avtomobilin təmir xərcini Nicat ödəmişdir.

İşin faktiki halları.

17. “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə; “Hummer H3” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə; “Great Wall M4” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019cu il tarixdə; “Hyundai Sonata” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydə alınmışdır.

18. X12 iş üzrə Cavabdeh1 qızıdır.

19. İddiaçı (alıcı) və Cavabdeh1 (satıcı) arasında “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə satışı ilə bağlı şifahi müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı hər ay 950 manat olmaqla, 5 ay boyunca, cəmi 4750 manat məbləğində pulu Cavabdeh1 ödəmişdir.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 6. Mülki qanunvericiliyin prinsipləri. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqi. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

23. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 21750 manat məbləğində pul tələb edir. İddiaçıya görə, bu pulun 11000 manatı onun tərəfindən üç avtomobilin - “Hummer H3” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı; “Great Wall M4” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobillərin təmiri üçün çəkdiyi xərcdir. Bu pulun 10750 manatı isə “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün ödədiyi puldur. Məhkəmə aparılmış araşdırmanın yekununda bu tələblərin hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.

24. İddiaçı iddia etmişdir ki, cavabdehlərlə aralarında olan razılığa əsasən, o, yuxarıda qeyd edilmiş üç avtomobilin təmir xərclərini çəkməli, cavabdehlər isə təmirdən sonra avtomobilləri satıb satışdan əldə edilmiş vəsait hesabına həm onun çəkdiyi təmir xərcini, həm də satışdan əldə ediləcək mənfəətdən payını ona ödəməli olmuşlar. Lakin onlar öhdəliklərini pozmuş, o, avtomobillərin təmir xərclərini qarşıladıqdan sonra avtomobilləri satsalar da satışdan ona heç bir ödəniş etməmişlər. Cavabdeh1 iddiaçı ilə aralarındakı münasibətlərin mahiyyəti ilə bağlı iddiaçının qeyd etdiklərini qəti şəkildə təkzib etsə də, digər Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatda iddiaçının tələbini özünə münasibətdə qəbul etmişdir. Belə ki, o, aralarında olan razılığa əsasən, İddiaçı üç avtomobilin təmiri üçün ümumilikdə 11000 manat məbləğində xərc çəkdiyini, lakin avtomobillərin “ələ gəlmədiyini”, bu səbəbdən İddiaçı pulunu sonradan ödəyə bilmədiyini, lakin hər bir halda aralarındakı razılığa əsasən, Nicatın təmir üçün çəkdiyi xərcə əvvəlcədən “boyun olduğunu” bildirərək, məhkəməyə iddianın qismən etirafına dair ərizə təqdim etmiş, iddiaçının tələb etdiyi 11000 manat məbləğində pulun ondan tutulmasına etiraz etmədiyini bildirmişdir.

25. Yuxarıda (§ 22) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

26. Məhkəmə, hazırkı halda iş üzrə İddiaçı və Cavabdeh2 arasında avtomobillərin təmiri və satışı ilə bağlı hər ikisinin etiraf etdiyi məzmunda şifahi müqavilə bağlandığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda (§ 20) istinad edilmiş maddələrinə əsasən, fiziki və hüquqi şəxslərin Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlamaqda sərbəst olduğunu, tərəflər arasında bağlandığı müəyyən edilən müqavilənin qanuna zidd olmadığını, dolayısıyla müqavilə öhdəliyini lazımınca icra etməyən cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyini icra etməyi etiraf etməsinin qanuna zidd olmadığını, bunun hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini də pozmadığını nəzərə alaraq, Cavabdeh2 tərəfindən edilmiş iddianın qismən etirafını qəbul edir və bunun nəticəsi olaraq Cavabdeh2 11000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməli olduğu nəticəsinə gəlir.

27. Lakin sözügedən 11000 manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tələb edildiyini nəzərə alan məhkəmə qeyd edir ki, Cavabdeh1 həmin üç avtomobilin təmiri və satışı ilə bağlı münasibətlərdə tərəf olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, Cavabdeh1 isə həmin münasibətlərdə iştirakını qəbul etmədiyindən iddia bu hissədə Cavabdeh1 münasibətdə təmin edilə bilməz.

28. İddianın növbəti hissəsi - “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün iddiaçının ödədiyini iddia etdiyi 10750 manat məbləğində pulla bağlıdır. Bu tələblə bağlı ilk növbədə qeyd edilməlidir ki, iddiaçı bu pulun hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etsə də, həm iddia ərizəsinin əlaqəli hissədə əsaslandırılmasından, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı həmin pulu məhz Cavabdeh1 verdiyini iddia etmişdir. Belə ki, iddiaçının iddiasına görə o, Cavabdeh1 məxsus avtomobili almaq üçün ona 6000 manat bir dəfəyə, hər ay 950 manat olmaqla, 5 ay boyunca cəmi 4750 manat olmaqla, cəmi 10750 manat məbləğində pul ödəmişdir. Öz növbəsində Cavabdeh1 isə “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satmaqla bağlı aralarında razılıq əldə olunduğunu, bu razılığa görə iddiaçının 10 ay boyunca hər ay 950 manat olmaqla, cəmi 9500 manat məbləğində pul ödəməli olduğunu, yalnız bundan sonra avtomobilin iddiaçının mülkiyyətinə keçəcəyini, aralarındakı razılığa uyğun olaraq avtomobili iddiaçının istifadəsinə verdiyini, buna baxmayaraq, iddiaçının 5 ay ödəniş etdikdən sonra ödənişləri dayandırdığını, özbaşına şəkildə avtomobili özgəninkiləşdirdiyini, bundan xəbər tutduqdan sonra avtomobili axtarışa verib Salyan rayonundan tapdığını, yalnız bundan sonra avtomobili Bakıya gətirdiyini və burada satdığını bildirmişdir. Cavabdeh, həmçinin iddia etmişdir ki, iddiaçı tərəfindən həmin avtomobilə görə ona 6000 manat məbləğində bir dəfəlik ödəniş edilməmiş, iddiaçının ödədiyi pul yalnız 5 ay boyu ödədiyi 950 manat, yəni cəmi 4750 manat pul olmuşdur ki, həmin pulu da tələb edə bilməz, ona görə ki, həmin müddətdə avtomobil iddiaçının istifadəsində olmuşdur. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü iddia edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın həm də bu əsasla rədd edilməsini xahiş etmişdir.

29. Tərəflərin aralarındakı münasibətlərin mahiyyəti ilə bağlı verdiyi izahatlar əsasında müəyyən edilir ki, onlar arasında avtomobilin hissə-hissə ödəməklə nisyə alqısatqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, yuxarıda (§ 20) da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1 və 601.1-ci maddələrinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi, yəni əşyanın nisyə satışı nəzərdə tutula bilər. Həmçinin əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi də nəzərdə tutula bilər. Bundan əlavə, Mülki Məcəllənin 606.1-ci maddəsindən görünür ki, daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlaya bilər, yəni müqavilədə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt ola bilər.

30. Hazırkı işdən görünür ki, Cavabdeh1 “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil və heç vaxt olmamışdır. Buna baxmayaraq, işin faktiki hallarından görünür ki, avtomobilin iddiaçı ilə alqı-satqı dövründəki mülkiyyətçisi olan X12 onun qızıdır. Hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, Aişə Abbasova adından onun mülkiyyətində olan avtomobillərlə bağlı əqdləri onun anası Cavabdeh1 bağlamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi əqdin bağlanması üçün qabaqcadan verilən razılıq (icazə) və sonradan verilən razılığı (bəyənmə) qadağan etmir. Bu baxımdan Cavabdeh1 qızının avtomobilləri ilə bağlı belə bir əqd bağlamasının qanuna zidd olduğu deyilə bilməz.

31. Lakin tərəflər arasındakı müqavilə başqa bir əsasla qanuna ziddir. Belə ki, alqısatqı predmeti olan obyekt rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya – avtomobildir. Belə olan halda bu alqı-satqı müqaviləsi şifahi formada bağlanıla bilməzdi. Buna baxmayaraq, işin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Odur ki, qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətsiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 21) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Odur ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında qeyd edilmişdir ki, bu müddət iddia müddətidir və hazırkı işdə cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

32. Məhkəmə, hazırkı işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı “BMW 325İ” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı ödədiyi pulu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında həmin avtomobilin alqı-satqısı ilə bağlı münasibətlərin konkret tarixi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməsə də, iş materiallarında olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanın verdiyi məlumatdan görünür ki, həmin avtomobillə bağlı xx.xx.2020-ci il tarixdə X9 adlı şəxsə, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə isə X10 və X7 adlı şəxslərə etibarnamələr verilmişdir. Yenə iş materiallarında olan iddiaçı Asiman Quliyev və cavabdehlər İddiaçı, Cavabdeh1 və Aişə Abbasova arasındakı məhkəmə mübahisələrinə dair qətnamələrdən görünür ki, İddiaçı və Asiman Quliyev “BMW 325İ” markalı avtomobillə “Range Rover” markalı avtomobilləri dəyişmiş, dəyişmədən sonra Asiman Quliyev “BMW 325İ” markalı avtomobili Sahib Bağırova məxsus başqa bir avtomobillə dəyişmişdir. Göründüyü kimi, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə mübahisəsiz şəkildə müəyyən edilir ki, “BMW 325İ” markalı avtomobil İddiaçı sahiblik və istifadəsinə verildikdən sonra İddiaçı tərəfindən avtomobillə bağlı hələ 2020-ci ildə yuxarıda qeyd edildiyi şəkildə sərəncam verilmişdir. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu vəziyyətdə iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürüldüyü aşkardır. Odur ki, iddia bu hissədə rədd edilməlidir.

33. Bununla belə, nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).

34. Hazırkı işdə məhkəmə bu qətnamənin 31-ci bəndində qeyd edilənlər əsasında müəyyən etmişdir ki, əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına əsassız varlanma baş vermiş, bununla belə qətnamənin 32-ci bəndində qeyd edilənlərə əsasən, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Lakin əsassız varlanmaya səbəb olan vəsaitin məbləğinə münasibətdə nəzərə alınmalıdır ki, İddiaçı Cavabdeh1 avtomobilə görə bir dəfəyə 6000 manat məbləğində pul verdiyini ümumiyyətlə sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfin istinad etdiyi və iş materiallarında olan məhkəmə qətnamələrinin heç birində Cavabdeh1 avtomobilin satışı üçün İddiaçı 6000 manat məbləğində pul aldığını etiraf etməsi müəyyən olunmur. O, həmin qətnamələrdə və eləcə də hazırkı iş üzrə məhkəmə iclaslarında təkidlə bildirmişdir ki, İddiaçı ona 6000 manat borclu olmuş, həmin borcu ona ödəmişdir ki, bu borcun da avtomobilə aidiyyəti olmamışdır. İddiaçının cavabdehə avtomobili almaq üçün 5 ay boyunca ödədiyi cəmi 4750 manat məbləğində puldan başqa hansısa məbləğdə pul verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddianı müddətin buraxılması əsası ilə rədd edərkən, əsassız varlanmaya səbəb olan vəsaitin məbləği ilə bağlı yuxarıda qeyd edilənləri aydınlaşdırmağı zəruri hesab etmişdir.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 156 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (Cavabdeh2 münasibətdə 11000 manat) mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 123 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 11000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 123 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.

37. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 11000 (on bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar