Məhkəmə qərarları › İş №2(010)-733/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-733/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-733/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 260,26 manat əsas, 562,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,28 manat olmaqla, cəmi 866,21 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qiyabi qətnaməsi ilə, iddia təmin edilərək Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 260,26 manat əsas, 562,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,28 manat borcu olmaqla, ümumilikdə 866,21 (səkkiz yüz altmış altı manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 29 mart 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad ləğv olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 01.01.2014-cü il tarixli, 409783 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi 01.01.2017-ci il müəyyən olunsa da, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini hazıra kimi icra etməmiş və 27.08.2020-ci il tarixinə onun ləğv prosesində olan İddiaçı ASC-yə 260,26 manat əsas, 562,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,28 manat olmaqla, cəmi 866,21 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh telegram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 01.01.2014-cü il tarixli, 409783 saylı “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən” görünür ki, həmin müqavilə ilə bank tərəfindən cavabdehə istifadə edilməsi üçün 24 ay müddətinə kart verir 300 manat məbləğində, 36 ay müddətinə kredit xətti açmışdır. İş materiallarında olan 07.09.2020-ci il tarixli, **********157 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.01.2014-cü il tarixli, 409783 saylı kredit müqaviləsi üzrə 27.08.2020-ci il tarixə cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 260,26 manat əsas, 562,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43,28 manat olmaqla, cəmi 866,21 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 260.26 manat əsas, 562,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 43.28 manat borc olmaqla ümumilikdə 866,21 manat borcu ödənilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 01 yanvar 2014ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 11 aydan çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 01 yanvar 2014-ci il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 11 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər iddia müddəti çərçivəsində ən geci 01 yanvar 2020-ci il tarixədək icra edilməli idi. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar