Məhkəmə qərarları › İş №2(010)-739/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-739/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-739/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaqviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT ASC) Cavabdeh qarşı “kredit müqaqviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsinə əsasən 7578,26 ABŞ dolları əsas borc, 4323,40 ABŞ dolları hesablanmış faiz, 7878,74 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19780,40 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, girov predmeti olan qeyri-yaşayış sahəsinin 60000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi və qeyri-yaşayış sahəsinin məcburi boşaldılamasma dair qətnamə çıxarasınız. qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı “Vahid təminatlı Kredit Xətt (Borc) müqaviləsi” imzalanmış və həmin müqaviləyə əsasən cavabdehə 40000 ABŞ dolları kredit xətti ayrılmışdır. Həmin müqaviləyə uyğun olaraq Cavabdeh ilə Bank arasında 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredin müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik 21 faiz olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsinin təminatı kimi 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı İpoteka Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183.4 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka (girov) və kredit müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 7578.26 ABŞ dolları əsas borc, 4323.40 ABŞ dolları faiz, 7878.74 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19780.40 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda ELEKTRON qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Əvvəlki məhkəmə prosesi məhkəmədən kənar razılaşma üçün təxirə salınsa da, tərəflər arasında heç bir razılaşma olmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 7000 dollara yaxın borcları olmağını etiraf edirlər və borcu ödəməkdən yayınmırlar. Sadəcə olaraq həmin borcun manata çevrilməsini və qrafik açılaraq, borcun aybaay ödəniş cədvəlinə əsasən, hər ay 250 manat olmaqla ödənilməsini istəyirlər. Bundan əvvəlki məhkəmə prosesi də razılaşma üçün təxirə salınsa da, aralarında razılıq əldə olunmamışdır. Belə ki, onlar bankla əlaqə saxlamış və qrafik açılmasını istədiklərini bildirmiş, lakin bank tərəfindən onlara heç bir məlumat verilməmişdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında bağlanmış 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı “Vahid təminatlı Kredit Xətt (Borc) müqaviləsi”nə əsasən cavabdehə 40000 ABŞ dolları kredit xətti ayrılmışdır. Həmin müqaviləyə uyğun olaraq Cavabdeh ilə Bank arasında 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredin müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik 21 faiz olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.10.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 20.000 ABŞ dolları məbləğində vəsait verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 19.11.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 5977 nömrəli vərəqində qeydiyyata alınmışdır. 23.10.2015-ci il tarixli, 044/15/PBN №-li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 23.10.2015-ci il tarixli 044/15/PBN №-li kredit müqaviləsi üzrə borcun təminatı olaraq, mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilə ilə bağlanan günə ipoteka predmetinin likvid dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 60 ay müddətinədək müəyyən edilmişdir. 10.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 7578,26 ABŞ dolları əsas borc, 4323,40 ABŞ dolları hesablanmış faiz, 7878,74 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19780,40 ABŞ dolları borcu məbləğində borcu vardır. 11.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 9295,02,26 ABŞ dolları əsas borc, 2424,03 ABŞ dolları hesablanmış faiz, 5426,02 ABŞ dolları hesablanmış dəbbə, cəmi 17.145,07 ABŞ dolları borcu məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/1968 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, titul vərəqəsi məlumatları və 23 oktyabr 2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 23.10.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı BOKT ASC-yə olan borcu 10.164,60 USD məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 9.598,43 USD, faiz borcu üzrə 566,18 USD. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 31.10.2018-ci il tarixdən 01.02.2019-cu il tarixədək ümumilikdə 3.195,00 USD məbləğində ödəniş edilmişdir. 3.195,00 USD məbləğində ödəniş nəzərə alındığı təqdirdə 6.969,60 USD (10.164,60 - 3.195,00) məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borc üzrə 6.969,60 USD, faiz borcu üzrə 0,00 USD. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə Bank arasında 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredin müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə, illik 21 faiz olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsinin təminatı kimi 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı İpoteka Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183.4 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə 6969,60 ABŞ dolları əsas borcun tutulması barədə əsaslıdır. Həmçinin, ekspert rəyindən görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə 31.10.2018-ci il tarixdən 01.02.2019-cu il tarixədək ümumilikdə 3.195,00 USD məbləğində ödəniş edildiyindən faiz borcu sıfırlanmış və yalnız əsas borc qalmışdır. Cərimə borcu ilə bağlı hissəyə münasibət bildirən məhkəmə hesab edir ki, qeyd olunan kredit müqaviləsi üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. 03.02.2020-ci il tarixli, 0192/PB №-li bildirişdən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün 11.02.2020-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və 14.02.2020-ci il tarixdə bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçıBOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. 23.10.2015-ci il tarixli, 044/15/PBN №-li ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilə ilə bağlanan günə ipoteka predmetinin likvid dəyəri 60.000 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 29 iyul 2021-ci il tarixli, 196 №-li məktubunda qeyd olunmuşdur ki, İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 və Cavabdeh ilə telefon əlaqəsi yaradılmış, lakin onlar ödəniş etməkdən imtina etmişlər və qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə şərait yaratmamışlar. Bu səbəbdən də 2(010)-739/2021 saylı qərardad icrasız geri qaytarılmışdır. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.10.2021-ci il tarixli, 329 E №-li məktubunda qeyd olunmuşdur ki, Mərkəz tərəfindən hər iki vətəndaşa müraciət olunmasına baxmayaraq onlar əmlaklara baxış keçirtməyə şərait yaratmamış, həmçinin qiymətləndirmə xərcini ödəməkdən imtina etmişdirlər. Bu səbəbdən də 2(010)-4739/20210 saylı müki iş icrasız olaraq geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən ardıcıl olaraq iki dəfə ipoteka predmetinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təyin edilsə də, tərəflər əmlaka baxış keçirtməyə şərait yaratmamış, həmçinin qiymətləndirmə xərcini ödəməkdən imtina etmişdirlər. Ona görə də hesab olunur ki, ipoteka müqaviləsində ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi, yəni 60.000 manat məbləğində göstərilməlidir. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra qeyri-yaşayış sahəsinin məcburi boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh ipotekaya qoyulmuş əmlaka tutma yönəldiyi halda onu tərk edəcəyinə dair öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, sözügedən əmlak satıldıqdan sonra məcburi boşaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 23.10.2015-ci il tarixli, 044/15/PBN №-li kredit müqaviləsi üzrə 6969,60 ABŞ dolları əsas və 100 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7069,60 ABŞ dolları məbləğində borc tutulmalı, tələb Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli, göstərilən əmlakın ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilməli, satışdan əldə olunmuş məbləğdən banka olan borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh qaytarılmalı, tələb Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldikdə və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində məcburi boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 11.03.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,70 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 40,70 manat məbləğində pul Cavabdeh İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 19,30 (on doqquz manat otuz qəpik) manat hissəsi İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23.10.2015-ci il tarixli, 044/15/PBN saylı kredit müqaviləsi üzrə 6969,60 ABŞ dolları əsas və 100 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7069,60 (yeddi min altmış doqquz dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsi açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 7069,60 (yeddi min altmış doqquz dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İpotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 116 nömrəli evin zirzəmisində yerləşən ümumi sahəsi 183,4 kv.m. olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10,70 (on manat yetmiş qəpik) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 40,70 (qırx manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 19,30 (on doqquz manat otuz qəpik) manat hissəsi İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** X9 41 NABZ******************** CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar