Məhkəmə qərarları › İş №2(010)-75/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-75/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-75/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh1 tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 16574 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 139,72 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 13 saylı bağ sahəsində yerləşən evi vardır. 11 dekabr 2006-cı il tarxidə həmin bağ sahəsinə 3 fazalı abonent kodu 03/21-093 olan elektrik sayğacı quraşdırılmışdır və sayğacda kwt məhdudiyyəti yox idi. Sayğac quraşdırıldığı vaxtdan elektrikdən istifadəyə görə sayğacın göstəricilərinə əsasən ödənişlərini etmişdir. Ailə vəziyyəti ilə əlaqədar müəyyən müddət bağ sahəsinə gedib nəzarət edə bilməmişdir. 2019-cu ilin yay aylarında bağda olarkən elektrik sayğacının sökülərək aparıldığını aşkar etmişdir. Səbəbini öyrənmək üçün "xxxx" ASC-nin Xəzər RETSİ-nə müraciət etmişdir. Xəzər RETSİ-dən ona bildirilmişdir ki, “borcun var, ödədikdən sonra sayğac geri quraşdırılacaq”. Daha sonra 17 dekabr 2021 -ci il tarixdə rəsmi qaydada ərizə ilə Xəzər RETSİ-nə müraciət etmişdir. Bundan sonra ona bildirilmişdir ki, onun istifadəsində olan abonent kodu 03/21-093 və sayğac həmin idarənin işçiləri Cavabdeh1 və Ruslan adlı şəxslər tərəfindən oğurlanaraq 05 may 2018-ci il tarixdə başqa şəxsə satılmışdır. Sonradan Cavabdeh1 onunla əlaqə saxlayaraq peşman olduğunu, tezliklə ona məxsus evinəbağına sayğac quraşdırılmasına köməklik edəcəyini bildirmişdir. Bu işlərin həlli üçün ondan etibarnamə verilməsini istəmiş, o da ona inanaraq onu təmsil etməsi üçün onun adına etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra ona məxsus sözügedən bağ sahəsinə sayğac quraşdırılmış və zəruri sənədlər ona təqdim edilmişdir. Sənədlərə baxış keçirdikdən sonra yeni quraşdırılmış sayğacın və abonent kodunun əvvəlki parametrlərə uyğun olmadığını müəyyən etmişdir. Belə ki, əvvəlcə onun istifadəsində olan abonent kodu 03/21-093 olan sayğacın cərəyan gücünə məhdudiyyət olmadığı halda, yeni quraşdırılmış sayğacın cərayan gücü 10 kwt-liq və abonent kodunun 03/19-592 olmuşdur. AR Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş "Obyektlərin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulma haqqının məbləğini göstərən 1 nömrəli Əlavəyə” əsasən ona dəymiş maddi ziyanın məbləği sayğacın quraşdırılmasına görə 15012 manat, əlavə isə 1562 manat təşkil edir. Həmçinin, hazırkı vaxtda yeni sayğacın quraşdırılması nəticəsində cərəyan gücündən istifadə üçün məhdudiyyətlər yaranmışdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi əvvəl quraşdırılmış sayğacda 150. kwt-a qədər istifadə edə bilirdi. Lakin, hazırda bu imkanlardan məhrum olmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına əsasən yeni sayğacın quraşdırılması nəticəsində cərəyan gücündən maksimum 10 kvt istifadə edə bilir. Cavabdeh1 və Ruslan adlı şəxslərin qanuna zidd hərəkətləri nəticəsində ona ümumilikdə 16574 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı ilk növbədə Xəzər RPİ-nə ərizə ilə müraciət etmiş, müraciətinin nəticəsi olaraq 22 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, ona vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edir. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunaraq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 bildirmişdir ki, iş materiallarından görünür ki, iki abonent kodu olub. Sayğac dəyişdiriləndən sonra iddiaçıya ayrı abonent kodu verilmişdi. Hal-hazırda elektrik enerjisinə qoşulma var. Sayğac var. Elektrik enerjisindən tam məhdudiyyətsiz istifadə olunur. Nazirlər Kabinetinin qərarı var. Faktiki olaraq iddiaçı ona əsaslanaraq məbləği deyir. Nazirlər Kabinetinin qərarı texniki şərtin verilməsi, qoşulmanın təmin edilməsi, tikilmiş və gələcəkdə tikiləcək obyektlərə qoşulmanın təmin edilməsini, uzaq yerlərdən qoşulma üçün nəqillərin çəkilməsi xərclərini də əhatə edir. Sırf sayğacdan söhbət getmir. Sayğaclar Azərişıq ASC-yə məxsusdur. Sayğacın dəyişməsinin fərqli səbəbləri olur. Ya istifadə müddəti bitir, ya da sayğacdan nazaslıq olur. Sayğacın dəyişməsi barədə abonentin istənilən halda xəbəri olur. Çünki o müddət ərzində elektrik enerjisindən məhrum olur. Akt tərtib olunur. Sonra yerinə yeni sayğac qoyulur. Faktiki olaraq sayğac quraşdırılıb. Əgər dəyən ziyandan söhbət gedirsə bu qoşulma xərcidir. Vətəndaş qoşulmadan məhrum olmalıdır ki, bu iddia ilə məhkəməyə müraciət etsin. Faktiki 2006-cı ildə qoşulma olmuşdur. Sayğac onsuzda ödənişsizdir. Xərc ancaq qoşulma üçün olur. İş materialları. İddiaçı “Azərişıq ASC”-yə ünvanladığı ərizəsindən görünür ki, ona məxsus 13 saylı bağ sahəsində obyekt kimi fəaliyyət göstərən hamamın elektrik sayğacını söküb aparmışlar. Sonradan ödəmə şöbəsinə müraciət etdikdə ona bildirmişlər ki, onun obyektə akt üzrə borcu vardır. Borcunu ödədikdən sonra sayğac yerinə quraşdırılacaqdır. Hal hazırda borcu ödəmək və sayğacın quraşdırılması imkanı yaranıb. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi məlumat əsasında araşdırma aparılmış və cinayət tərkibi aşkar edilmədiyi üçün CPM- nin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elgün Zülfüqarovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki mübahisə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət olunması hüququ izah edilmişdir. İş materiallarında olan 05/25 saylı, xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 180 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq, sahibkarların tələb olunan 150 kvt-a qədər (150kvt da daxil olmaqla, mövcud, 0.4kv-lıq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 20 gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği bu qaydada hesablanır: iddia olunan üç fazlı 65 kvt – 15012 manat plyus (+) 50 kvt-dan əlavə hər bir kvt üçün 156.25 manat təşkil edir. Yəni, 15012+2343 (15x156.20) = 17355 manat. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 1 ünvanında **********30004 kodlu abonent İddiaçı 31.62 manat məbləğində borc hesablanmışdır. xx.xx.2006-cı il tarixli "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, ünvan 2 ünvanında **********80105 kodlu abonent X2 567.84 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Elektroenergetika haqqında” 3 aprel 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu. Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı. məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı; 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.5. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının bağ evində elektrik sayğacı mövcud idi, qeyr-müəyyən bir vaxtda həmin sayğac cavabdehlər tərəfindən sökülmüş və aparılmışdır. İddiaçı müvafiq olaraq şikayətlə müraciət etdikdən sonra, əvəzinə yeni elektrik sayğac quraşdırılmışdır. Yeni elektrik sayğacın quraşdırılması işin mübahisəsiz halıdır. Cavabdeh1 cavabdeh "xxxx" ASC-nin işçisidir. Yeni quraşdırılmış sayğacın gücü əvvəlkindən zəif olduğundan, iddiaçı hesab edir ki, əvvəlki sayğacın qiyməti həcmində ona maddı ziyan vurulmuşdur. Belə ki, iddiaçı qeyd etsədə ki, öz bağ sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ona görə ona daha güclü sayğac quraşdırılmışdır, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən VOEN iş materialları və məhkəmə araşdırılması nəticəsində müəyyən edilməmişdir. Bu səbəbə görə, yəni mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olması sübut olunmadığından, məhkəmə işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən, istehlakçılarının mənzil və fərdi yaşayış evlərində quraşdırılmış elektrik sayğaclar onların mülkiyyətində deyil, elektrik enerjisinin uçot cihazı olaraq, müvafiq müəssisələr tərəfindən quraşdırılır, istismara verilir və tələb olunduğu halda, dəyişdirilir. Eyni zamanda, iddiaçının əvvəlki sayğaca görə hər hansı bir pul məbləğinin ödənilməsi iş materialları ilə sübut edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya zərərin vurulmasından söhbət gedə bilməz, çünki Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Göründüyü kimi, hazırki tələb bu maddənin müddəaları ilə uzlaşmır və buna görə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı vurulmuş ziyanın əvəzi olaraq 16574 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın əvəzi olaraq 16574 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 139,72 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar