Məhkəmə qərarları › İş №2(010)-761/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-761/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-761/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2590/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək və məhkəməyə müraciət edilən tarixdən hesablanmaqla, birgə nikahlarından doğulmuş 29 sentyabr 2005ci il təvəllüdlü X2 və 31 dekabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün tərəfindən ödənilmiş 50 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdehin birgə nikahından 29 sentyabr 2005-ci il tarixdə X2 və 31 dekabr 2006-cı il tarixdə X5 doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmuşdur. Bundan sonra müəyyən edilmiş alimentin miqdarı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2590/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə 2020-ci il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun artırılaraq, hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 2022-ci il üzrə bir qədər də artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir. Bununla da uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulan aliment miqdarının artırılmasını tələb etmək üçün hüquqi əsas yaranmışdır. Belə ki, uşaqlar böyüyür və onlarla birlikdə onlara çəkilən xərclər də artır. Uşaqların da Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək bildirdi ki, cavabdehlə olan nikahı 2014-cü ildə pozulmuşdur. Həmin vaxtdan birgə nikahdan doğulmuş iki uşağı onunla qalmış, cavabdeh isə uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi əsasında aliment ödəmişdir. Cavabdeh alimenti adətən vaxtlı-vaxtında ödəmiş, az məbləğdə aliment borcu qalmışdır. Lakin hazırda uşaqların biri doqquzuncu, digəri isə on birinci sinifdə oxuyur. Onların hər ikisi hazırlıq kursuna gedir və bu kurslara aylıq 420 manat məbləğində ödəniş edir. Bundan başqa, oğlu üçün riyaziyyat fənnindən əlavə müəllim də tutmuşdur. Bütün bunları cavabdeh də bilir. Belə ki, cavabdehin verdiyi bütün aliment uşaqların təhsilinə xərclənir. Özü isə xəstədir, vaxtında müalicə ala bilmədiyindən xəstəliyi daha da ağırlaşmışdır. Cavabdehin isə Moskva şəhərində mağazası, biznesi var. Bildiyinə görə mağazanı bir neçə nəfərlə şərikli işlədir. Keçən ilin dekabr ayında cavabdeh uşaqlarla görüntülü danışarkən bu mağazanı nümayiş etdirərək, uşaqlardan onlara nə almasını istədiklərini soruşmuşdur. Son 2-3 ayda isə Bakıya qayıtmışdır. Eşitdiyinə görə Moskvada qazandığı pulla burada ev tikdirmiş, elə bu məqsədlə də müvəqqəti Bakıya qayıtmışdır. Cavabdeh onun da ev almasına kömək olmuş, bunun üçün ona 20000 manat məbləğində pul vermişdir. O, çox vaxt alimenti də vaxtlı-vaxtında ödəmişdir. Lakin uşaqların hazırlığa getməsi səbəbindən artıq bu aliment onların saxlanılması üçün kifayət etmir. Həmçinin, cavabdehin də daha artıq məbləğində aliment ödəməyə maddi imkanı var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 2017-ci ildə Moskva şəhərinə işləmək üçün getmişdir. İddiaçının bəhs etdiyi mağaza isə ona məxsus deyil. Bu mağazanı bacısının əri və onun dayısı oğlu işlədir. O özü isə bu mağazada sadəcə satıcı olaraq bir müddət işləmiş, lakin sonradan ölkəyə qayıtmalı olmuşdur. Həmin vaxtdan - 2021-ci ildən işsizdir. O, gözdən əlil olduğuna görə 120 manat təqaüd alır, bu pulun da hamısını alimentə verir. Alimentin qalan hissəsini isə bacı-qardaşı ödəyir. Uşaqların hazırlığa getdiyini və ödədiyi alimentin onların təhsilinə xərcləndiyini bilir. Lakin onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 29.09.2005-ci il təvəllüdlü X2 və 31.12.2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(010)-2590/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2019cu il tarixli, 2(010)-3052/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, 29.09.2005-ci təvəllüdlü X2 və 31.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 23 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 3-cü dərəcəli əlilliyə görə 120 manat məbləğində sosial müavinət alır. Təyinatın başlama tarixi-01.02.2007; təyinatın bitmə tarixi-müddətsiz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından 29.09.2005-ci təvəllüdlü X2 və 31.12.2006-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən təyin edilmiş aliment miqdarının artırılması tələbi ilə İddiaçı daha əvvəl də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(010)-2590/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu məbləğ tərəflərin birgə nikahından doğulan uşaqlara da aiddir. Hazırkı işdə uşaqlar daimi olaraq ananın yanında qaldıqlarından uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü məlumdur. Lakin hər bir halda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 200 manat sabit pul məbləğində aliment tələb etsə də o, cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da artıq məbləğdə aliment tutulmasının zəruriliyini əsaslandıra bilməmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməli, aliment 193 manat sabit pul məbləğində təyin edilməlidir. Uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğini artırarkən məhkəmə, həmçinin, o halı da nəzərə alır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan birinin bu il 17 yaşı olacaq. Bu da o deməkdir ki, qısa bir müddət sonra cavabdeh həmin uşağa görə aliment ödəməkdən azad olacaq. Bu hal isə cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin miqdarını müəyyən edərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Yekunda, məhkəmə qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə (hakim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 29.09.2005-ci təvəllüdlü X2 və 31.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(010)-2590/2020 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməli və bu qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən ödədiyi 50 manat mediasiya xərcini də tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə dair cədvəldən görünür ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat məbləğində haqq ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı 50 manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə mediasiya xərci ödənilmiş, iddiaçı bu xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdən görünür ki, bu qətnaməyə əsasən iki uşağın saxlanılması üçün cavabdehin bir il ərzində ödəməli olduğu aliment məbləği 4632 (386x12) manatdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Belə olan halda hazırkı iş üzrə dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun məbləği 66.32 manat olmuşdur. Lakin nəzərə alınmalıdır ki, "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl, 50 manat məbləğində mediasiya xərci ödədiyindən məhkəməyə müraciət edərkən yalnız 16.32 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İddianın mahiyyəti etibarilə iddiaçı bu rüsumu ödəməkdən azad olduğundan həmin rüsum cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 16.32 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.09.2005-ci təvəllüdlü X2 və 31.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(010)-2590/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli, 2(010)-761/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(010)-2590/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 16.32 manat (on altı manat otuz iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar