Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-761/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 345870-1-35382 nömrəli “Nağd pul kredit müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 3521.78 manat məbləğində əsas borc, 335.87 manat məbləğində faiz borcu, 177.50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4035.15 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 60.35 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 345870-1-35382 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 28.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4860 manat məbləğində kredit sayta yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabından “kart hesabı”na köçürülməkl) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 4035.15 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, təqdim edilmiş ekspert rəyində göstərilən faiz borcu çoxdur və bu səbəbdən iddia tələbində göstərilən məbləğdə faiz borcunun tutulmasını tələb edir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, ekspert rəyində göstərilən məbləğlə razı deyildir. İş materialları
5. xx.xx.2022-ci il tarixli, 345870-1-35382 saylı “Nağd pul krediti müqaviləsi”ndən və ödəniş cədvəlindən görünür ki, Bank VTB (Azərbaycan)” ASC tərəfindən Cavabdeh illik 28.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4860 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən 4787 manat pul vəsaiti qəbul edilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 345870-1-35382 saylı Kredit müqaviləsi üzrə 3521.78 manat əsas borc, 335.87 manat faiz borcu və 177.50 manat cərimə borcu olmaqla cəmi 4035.15 manat kredit borcu vardır.
8. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.
9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2133 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 345870-1- 35382 saylı “Nağd pul krediti müqaviləsi” üzrə Bank VTB (Azərbaycan)” ASC-yə 3503.50 manat əsas borc və 768.43 manat faiz borcu mövcuddur.
İşin faktiki halları
10. İddiaçı Bank ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 345870-1-35382 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 28.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4860 AZN məbləğində kredit verilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və eyni zamanda bildirir ki, ekspert rəyindən göstrəilən məbləğ artıqdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı bir hal müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə müqavilə münasibətlərindən yaranan öhdəliyi mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur. Tələb olunan məbləğə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı öz tələbində cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 3521.78 manat tələb etsə də, lakin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində təqdim edilmiş ekspert rəyindən görünür ki, həmin kredit müqaviləsi üzrə əsas borc 3503.50 manat təşkil edir. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür və hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə ekspert rəyinə götərilən qaydada – 3503.50 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə tələb edilən faiz borcuna münasibətdə isə bildirir ki, iddiaçı öz tələbində faiz borcuna görə cavabdehdən 335.87 manat tələb etmiş, lakin iş üzrə təqdim edilən ekspert rəyində faiz borcu 768.43 manat hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə iddiaçının faiz borcuna görə cavabdehdən 335.87 manat tələb etməsini və hazırki məkəmə iclasında da iddiaçının nümayəndəsinin elə iddia tələbində göstərilən qaydada faiz borcunun tutulmasını tələb etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 335.87 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehdən cərimə borcuna görə 177.50 manat pul vəsaiti tələb etmişdir. Məhkəmə hesab edir ki, təlb edilən cərimə borcu əsas borca münasibətdə mütənasibdir və tələb qeyd olunan hissədə də təmin edilməlidir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60.35 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 60.16 manat hissəsi Cavabdeh Vəkı̇ l qızından tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh Vəkı̇ l qızından tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Vəkı̇ l qızından 3503.50 manat əsas borc, 335.87 manat faiz borcu və 177.50 manat cərimə borcu olmaqla cəmi 4016.87 manat və iş üzrə ödənilmiş 60.35 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 60.16 manat hissəsi tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh Vəkı̇ l qızından tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Vəkı̇ l qızından 3503.50 manat əsas borc, 335.87 manat faiz borcu və 177.50 manat cərimə borcu olmaqla cəmi 4016.87 manat pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 60.35 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 60.16 manat hissəsi Cavabdeh Vəkı̇ l qızından tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh Vəkı̇ l qızından tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.