Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-772/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 4000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mənim qızım X2 Cavabdeh ilə ailə qurmuşdur. Onlar ailə qurduqdan sonra yaşamaq üçün evləri olmadığından məndən onlara borc olaraq pul qismində köməklik etməyimi xahiş etdilər. Mən də onlara borc olaraq 4000 ABŞ dolları pul verdim. Bir müddət sonra qızımla onun əri arasında yaranmış narazılıqlar səbəbindən onlar rəsmi qaydada nikahın pozulması üçün məhkəməyə müraciət etdilər. Qızım isə övladları ilə mənim yanıma köçdü. Bizim bu məsələ ilə aramızdakı münasibətlər pisləşdiyindən mən pulumu geri istədikdə cavabdeh pulu verməkdən imtina etdi. Hətta belə bir məsələnin mövcud olmamasına dair fikirlər bildirdi. Lakin cavabdeh münasibətlərimizin gərginləşdiyi vaxtda mənim Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində işləyən oğlum X5 əsassız şəkildə şikayət edərkən də həmin şikayətində göstərilən borc məbləği barədə qeyd etmişdir. Mən həmin borcu cavabdehdən ala bilmirəm. Belə olan halda cavabdeh tərəfindən mənim hüquqlarım pozulmuş olur. Mən də pozulmuş hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.
İddia müddətinin tətbiq edilməsinə dair.
3. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki: “İddiaçının qızı X6 ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşam. Bütün toy xərcləri mənə aid olmuşdur. Toydan bir neçə gün sonra X3 məndən əvvəl də ailə qurduğu, lakin boşandığı məlum olduqdan sonra ailələr arasında mübahisə başlamışdır. Bu ərəfədə, təxminən toydan iki həftə sonra iddiaçı bizə pul hədiyyə edərək yaranmış gərginliyin aradan qalxması üçün istirahət etməyimizi, nikahı pozmamağı xahiş etmişdir. Mənim nə borca, nə də pula ehtiyacım olmamışdır. İddiaçı özü könüllü bu addımı atmışdır. Mən heç kimdən borc almamışam, borca ehtiyacım olmamışdır. Gömrük komitəsində verilən imzahatımda da sübut olunur ki, söhbət hədiyyə edilən puldan gedir. İzahat verilən ərəfədə heç bir pul tələbi, hazırkı iddia da yox idi. İzahatın tarixi xx.xx.2022-ci il tarixə təsadüf edir. Mən bilsəm ki, borcum var və ya hədiyyə edilən vəsait geri tələb olunacaq ümumiyyətlə məqsədli olaraq fərli ifadə verərdim. Ancaq qarşı tərəfdən fərqli olaraq mən orada səmimi ifadə vermişəm. İddiaçı tərəf mənə qarşı qərəzli olduğu üçün mənim tərəfimdən X6 evdən gedərkən avtomobil satışı nəticəsində əldə etdiyim 10000 manat məbləğində pulumu tələb etdiyim üçün hədiyyənin adını dəyişərək borc qoymuşdur. Halbuki keçən üç il müddətində hədiyyə - borc heç kimin yadına düşmürdü. Baxmayaraq ki, X6 da uzun müddətdir ki, evdən çıxmışdır. Bu tələb mənim yuxarıda dediyim kimi X1 pul tələbimlə əlaqədar yaranan qərəzli iddiadır. Qeyd edilən hədiyyəyə boşandıqdan sonra süni olaraq borc statusu verilsə belə qanunla müəyyən edilmiş bu işlər üzrə üç illik iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixdən iddianın verildiyi tarixədək 3 ildən artıq vaxt keçmişdir. Odur ki, hazırkı iddia tələbinə iddia müddətinin də tətbiq edilməsini və iddia tələbinin bu əsasla da təmin edilməməsini xahiş edirəm”.
Tərəflərin izahatları.
4. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddanı müdafiə edərək bildirmişdir ki, 2020-ci ilin aprel ayında keçmiş kürəkəni olan Cavabdeh ondan 4000 ABŞ dolları məbləğində borc istəmiş və hissə-hissə ödəniş edərək borcunu qaytaracağını bildirmişdir. Qızı cavabdehlə 2018-ci ildə ailə qurmuşdur. Hazırda qızı ilə cavabdeh arasında olan nikah pozulduğu üçün cavabdehdən həmin pulu geri istəyir. Cavabdeh pulu nə zaman qaytaracağını deməmiş, yalnız borc pul lazım olduğunu bildirmişdir. Pulu şəxsən cavabdehin özünə vermişdir. Cavabdeh ev aldığı üçün borcu yaranmış və həmin borcunu bağlamaq üçün ondan 4000 ABŞ dolları məbləğində borc istəmişdir. Hazırda həmin evdə cavabdeh özü yaşayır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı yalan danışır. Belə ki, o, iddiaçının qızı İsmayılova Nəzakət ilə 2018-ci ildə ailə qurmuş, iddiaçı da toydan bir ay sonra qızına 4000 ABŞ dolları pul hədiyyə etmişdir. İddiaçı bunu ona görə etmişdir ki, iddiaçının qızı ilə toy günü arvadının ikinci evliliyi olduğunu öyrənmişdir. Həmin vaxt idiaçı ondan xahiş etmişdir ki, qızını bağışlasın. Bundan sonra onlar razılaşmışlar ki, bu məsələ gizli qalsın. Toydan bir müddət sonra keçmiş arvadı evə 4000 ABŞ dolları pul gətirmiş və anasının bu pulu onlara hədiyyə etdiyini bildirmişdir. O, pula dəyməmiş, pul elə keçmiş arvadında olmuşdur. Bundan bir ay sonra arvadı ona qardaşının başına iş gəldiyini demiş, həmin pulun 3000 ABŞ dollarını götürərək anasıgilə aparmışdır. Qalan 1000 ABŞ dollarını da iki gün sonra aparmışdır. Qalan pulu apararkən ondan da 500 ABŞ dolları borc istəmiş, 3-5 günə pulu qaytaracaqlarını demişdir. Aldığı evin borcunu bağlamaq üçün iddiaçından borc almasına münasibətdə qeyd etmişdir ki, həmin ev onun anasının evidir. Onlar özləri (cavabdeh və keçmiş arvadı) evləndikdən sonra iki ay kirayə yaşamış, daha sonra anası bacısıgilə köçmüş, onlar da anasının evində yaşamağa başlamışlar. O, heç vaxt iddiaçıdan borc almamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, tərəflər nikaha daxil olduqdan sonra cavabdeh arvadının ikinci evliliyi olduğunu öyrənmişdir. Bu məsələ aşkara çıxandan sonra cavabdehin keçmiş qayınanası olan iddiaçı qızına 4000 ABŞ dolları pul vermişdir ki, onlar ər-arvad gəzib istirahət etsinlər, məsələ sakitləşsin. Lakin həmin pulu da elə iddiaçının qızı götürmüşdür. İddiaçının qızı bundan əlavə, cavabdehlə birgə yaşadıqları evi tərk edərkən evdəki 11000 manat məbləğində pulu da götürmüşdür. Hazırda tərəflər arasında bir neçə məhkəmə mübahisəsi var. Hazırkı iddia isə əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə verilmiş xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh izahatında Dövlət Gömrük Komitəsinin əməkdaşı olan qaynı Natiq Əmirovun bacısı Nəzakət İsmayılovaya istiqamət verərək onların ailə münasibətlərinin pozulmasına səbəb olduğunu, həmçinin qızı ilə görüşməsinə mane olduğunu bildirmiş, bunun səbəbinin Natiq Əmirovun valideynləri tərəfindən arvadı ilə toyundan sonra hədiyyə edilmiş 4000 ABŞ dolları məbləğində pul olduğunu qeyd etmişdir.
9. Üç ədəd CD-dən görünür ki, müxtəlif şəxslər arasında qeydə alınmış səs yazıları qeydə alınmışdır.
İşin faktiki halları.
10. İddiaçı Cavabdeh keçmiş qayınanasıdır. İddiaçı iddia edir ki, cavabdeh ondan 4000 ABŞ dolları məbləğində borc pul almış, lakin pulu qaytarmamışdır. Cavabdeh isə iddia edir ki, o, iddiaçıdan heç vaxt borc almamış, iddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçı qızına 4000 ABŞ dolları məbləğində pul hədiyyə etmişdir. Cavabdeh, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh ondan aldığı borcu qaytarmadığını iddia etmişdir. Yəni iddiaçı cavabdehlə aralarında məhz borc müqaviləsindən irəli gələn münasibətlər olduğunu iddia etmişdir.
14. İddiaçının cavabdehə həqiqətən borc verib-verməməsi məsələsi tərəflər arasında mübahisəli olsa da, hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, onlar arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Halbuki iddiaçının cavabdehə borc verdiyini iddia etdiyi pulun məbləği 3000 manatdan çoxdur ki, bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir (Mülki Məcəllə, mad. 740.2).
15. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlandığı iddia edilən borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş forma olan yazılı formada bağlanmamışdır. Bu halda isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilə bilər. Yəni hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edə bilərdi.
16. Lakin nəzərə alınmalıdır ki, cavabdeh iddianı qəbul etməyərək həmin pulun borc kimi yox, hədiyyə olaraq verildiyini iddia etmiş, həmçinin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il müəyyən edilməsinə istinad edərək, iddianın həm də qanunla müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı həmin pulu 2018-ci ildə vermişdir və həmin vaxtdan üç ildən çox vaxt keçmişdir.
17. Bununla belə məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması məsələlərini araşdırmağı zəruri hesab edir. Ona görə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarı).
18. Məhkəmə qeyd edir ki, Cavabdeh 4000 ABŞ dolları məbləğində pul verdiyini iddia edən İddiaçı olduğuna görə iddia tələbinin əsası kimi istinad edilmiş bu halın sübut edilməsi də onun üzərinə düşür. Yalnız İddiaçı həmin halı sübut etdiyi təqdirdə, Cavabdeh həmin pulu qaytardığını sübut etmək vəzifəsi yarana bilər.
19. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsində verdiyi izahat təqdim edilmişdir. Məhkəmə bu sübutla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu orqan tərəfindən aparılmış araşdırma gedişində verilmiş izahatın hazırkı iş üzrə mübahisəyə baxan məhkəmə üçün heç bir preyudusial əhəmiyyəti yoxdur. Bununla belə verilmiş izahatın işin əhəmiyyətli hallarını müəyyən etməyə imkan verən sübut qismində çıxış edə biləcəyi və digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməli olduğu nəzərə alınmalıdır.
20. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsində verdiyi izahatda qeyd etmişdir ki: “Qızımla görüşməyinə maneə yaradılmasına səbəb olaraq Natiq Əmirov valideynləri tərəfindən arvadımla mənə toyumla əlaqədar hədiyyə edilmiş 4000 ABŞ dolları məbləğində pulu bildirir”.
21. Göründüyü kimi, bu izahatda cavabdeh iddiaçıdan borc aldığını etiraf etməmiş, yalnız hədiyyə edilmiş puldan bəhs etmişdir. Cavabdeh hazırkı iş üzrə məhkəmə araşdırması gedişində də iddiaçı tərəfindən ona və keçmiş arvadına toy hədiyyəsi kimi pul verildiyini, həmin pulun da iddiaçının qızı olan keçmiş arvadı tərəfindən xərcləndiyini iddia etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu izahat əsasında iddiaçının cavabdehə 4000 ABŞ dolları məbləğində pul verməsi nəticəsinə gəlmək mümkün deyil.
22. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş növbəti sübut üç ədəd CD-dir. Hansı ki, bu CD-lərdə müxtəlif şəxslər arasında baş tutmuş telefon danışıqlarının səs yazıları qeydə alınmışdır.
23. Məhkəmə hesab edir ki, həmin CD-lərdə olan səs yazıları hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, bu danışıqlar iş üzrə tərəflər arasında deyil, üçüncü şəxslər arasında baş tutmuş danışıqlardır. Bu səbəbdən həmin səs yazılarının bu iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil.
24. Nəzərə alınmalıdır ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
25. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən hal – cavabdehin iddiaçıdan 4000 ABŞ dolları məbləğində borc alması – iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, sübuta yetirilməyən iddianın verilməsi müddətinin ötürülüb-ötürülməməsinə ayrıca münasibət bildirməyə zərurət qalmamışdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
27. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva