Məhkəmə qərarları › İş №2(010)-772/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-772/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-772/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2425 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixili əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində OBA market” MMC-nin OBA Həzi Aslanov 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4039,31manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2425,03 manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2425,03 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları 3.İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh izahatında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə o, tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində o, öz işinə məsuliyyətlə yanaşmış və işlədiyi dövr ərzində onun öhdəliyində olan mağazada heç bir kəsir yaranmamışdır. Lakin bəzən depodan gələn mallarda çatışmamazlıqlar mövcud olmuş və bu barədə bölgə müdirinə məlumat vermişdir. Bundan əlavə mağazada satış hissəsinin nəzarətsiz qalması halları da baş vermişdir ki, bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti şəxslərə məlumat vermişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən inventarizasiya aparılmış və kəsirin aşkar olunmasından 1 il keçdikdən sonra məhkəməyə müraciət olunduğundan bir illik iddia müddəti keçmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

İş materialları

5. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2) xx.xx.2024-cü tarixində saat 12:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və Oba Market» MMC mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və 10 manat poçtkargüzarlıq xərci ödəmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə verilmişdir.

6. xx.xx.2024-cü il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan müəyyən olunur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixinə 4039.31 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2425.03 borcu qalmışdır. Cavabdeh 12 avqust 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 2425.03 manat təşkil edir.

7. xx.xx.2023-cü il tarixli 227 nömrəli Əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0.54 faizi müəyyən edilməsi və Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etməsi müəyyən olunmuşdur.

8. xx.xx.2023-cü il tarixli növbədənkənar İnventarizasiya nəticələrinə dair yekun Aktdan müəyyən olunur ki, yoxlama dövrünün ilkin nəticəsi (maliyyət qiyməti ilə) 4039,34 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli imtina aktından müəyyən olunur ki, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş lakin, araşdırmanın nəticəlkəri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

10. xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbardarlıq edilmişdir.

11. xx.xx.2019-cu il tarixli 276-K saylı işə qəbul etmə haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2019-cu il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.

12. xx.xx.2022-ci il tarixli 604 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir.

13. xx.xx.2023-cü il tarixli 138x saylı İşdən azad etmə haqqında əmrdən çıxarışdan müəyyən olunur ki Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir.

14. İş materiallarına əlavə edilmiş X3 haqqında xx.xx.2022-ci il tarixli müqavilədən müəyyən olunur ki, Cavabdeh (administrator vəzifəsinə) tam maddi məsul vəzifəyə qəbul olunur və maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi X3i ilə üzərinə götürür və müqavilədə nəzərdə tutulan vəzifələri icra etməyə borcludur.

İşin faktiki halları

15. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla MMC arasında “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. İddiaçının verdiyi izahata görə xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin OBA Həzi Aslanov 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4039,31 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2425,03 manat borc qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif verilmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2024-cü il tarixdə bu barədə arayış verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 1.İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə 199. İşçinin X3i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X3 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

19. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 24. Mediasiya prosesinin həyata keçirilməsi qaydaları 24.1. Mediasiya prosesi bu Qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydasına və bu qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda), mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir. 24.2. Mediasiya prosesində mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilər. Bu zaman mediator tərəflərdən birini üstün mövqeyə qoyan və ya hüquq və vəzifələrini məhdudlaşdıran hərəkətlərə yol verməməlidir. 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı

Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla MMC arasında “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. İddiaçının nümayəndəsinin verdiyi izahata görə xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin OBA Həzi Aslanov 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4039,31 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2425,03 manat borc qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif verilmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2024-cü il tarixdə bu barədə arayış verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

23. Hazırkı məhkəmə mübahisəsindən müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və onunla “X3” haqqında müqavilə imzalanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlı təftiş yoxlaması keçirilmiş və yoxlamanın nəticəsinə əsasən xx.xx.2023-cü il tarixində 4039,31 manat çatışmazlıq müəyyən olunmuşdur. Bununla bağlı olaraq İddiaçı MMC-nin idarə heyətinin sədri tərəfindən xx.xx.2023-cü il tarixdə əmr verilmiş və əmrə əsasən təbii itki norması 0.54% olmaqla müəyyən edilməsi və təbii itki normaları çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması əmr edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh mediasiyanın tətbiqi barədə təklif verilsə də, cavabdeh tərəf ilkin mediasiya sesiyasında iştirak etmədiyindən xx.xx.2024-cü il tarixdə bu barədə arayış verilmişdir.

24. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

25. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən vurulan zərəri İddiaçı MMC xx.xx.2023cü il tarixdə aşkar etsə də, iddiaçı medasiya təşkilatına xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, bir ay müddətinə iddia müddətinin axımı dayanmış, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfin ilkin mediasiya sesiyasında iştirak etməməsi barədə arayış verilmişdir. İddiaçı tərəf vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

26. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən ona maddi ziyan vurulması halını xx.xx.2023-cü il tarixdə aşkar etmiş, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı təklifini tərəfə xx.xx.2024-cü il tarixdə göndərmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi zamanı iddia müddətinin axımının 1 ay dayandırılmasına baxmayaraq, iddiaçı tərəf 1 illik iddia müddətini ötürmüşdür. Əmək qanunverciliyinin tələbinə əsasən işəgötürən maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində tələb irəli sürə bilər.

27. İş materiallarından müəyyən olunduğu kimi işəgötürən ona maddi ziyan vurulması halını aşkar etsə də, 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən maddi zərərin mövcud olub-olmamasının məhkəmə tərəfindən araşdırılmasına zərurət aradan qalxmışdır.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 50 manat mediasiya xərci ödənildiyindən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 44.25 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

30. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd olunmalıdır.

31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməmiş - 44.25 (qırx dörd manat, iyirmi beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar