Məhkəmə qərarları › İş №2(010)-777/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-777/2023

17.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-777/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən 2213.5 m2 qeyri-yaşayış sahəsindən istifadəsinə, xüsusən də anbar otağına məhəllə yoluna hissədə qapı açılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən, 2213.5 m2 qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətində, sahibliyində olmasına baxmayaraq, Cavabdeh tərəfindən istifadə hüquqlarına maneəçilik törədilir. Belə ki, ona məxsus qeyri-yaşayış sahəsinin məhəllə yoluna tərəf anbar otağına çıxış üçün açdığı qapı heç bir əsas olmadan Cavabdeh tərəfindən sökülərək, mişar daşı ilə hörülmüşdür. Halbuki ona məxsus əmlakın cavabdehə heç bir aidiyyəti yoxdur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaq, o, qanunsuz hərəkətlərə son qoymayaraq, mütəmadi olaraq əmlakdan istifadəsinə maneəçilik törədərək, mülkiyyət hüquqlarını pozmaqda davam edir. Bununla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, müəyyən araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi var. Bundan başqa həmin qeyri-yaşayış sahəsindən mühahisəli qapının, həmçinin bundan əlavə daha beş qapının açılmasına dair müvafiq orqandan rəsmi razılıq alınmışdır. Lakin cavabdeh iddiaçıya nəinki bir neçə, hətta bir qapının açılmasına belə maneə törədir. Belə ki, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsindən küçəyə qapı açmasına cavabdeh mane olur, həmin qapı inşa edilən kimi cavabdeh gecə qapını söküb, yerini daşla hörür. Bunun onun tərəfindən edildiyini aşkar etmək üçün iddiaçı məcbur olub mülkiyyətinə kamera quraşdırmış, bununla da cavabdeh tərəfindən edilən özbaşınalıqları aşkar etmişdir. Cavabdehdən bu hərəkətlərinin səbəbini soruşduqda o, bunu qeyri-yaşayış sahəsini istifadə edərkən ondan “halallıq” alınmaması, iddiaçının cavabdehə müəyyən pul məbləği ödəməli olması ilə izah etmişdir. Halbuki onun özünün işlətdiyi sexin iki qapısı var, amma həmin qapıların açılmasının qanuniliyini təsdiq edən sənədin olması məlum deyil. Cavabdeh tərəfindən edilən hərəkətlər qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin yerli baxışında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, özünə məxsus olan və hazırda işlətdiyi qəbir daşları sexi ilə iddiaçıya məxsus qeyriyaşayış sahəsi arasından keçən şose yoluna asfalt örtüyü çəkməklə, öz hesabına külli miqarda xərc çəkərək həmin yolu yararlı vəziyyətə gətirmişdir. Nəyə görə onun külli miqdarda pul xərcləyib çəkdiyi yoldan iddiaçı istifadə etməlidir? Heç olmasa gəlib ondan “halallıq” almalı idilər.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının qeyri-yaşayış sahəsindən qapının açılması cavabdeh və digər şəxslər üçün təhlükə mənbəyidir. Belə ki, cavabdeh həmin yeri maşınların təmiri üçün “boks” kimi işlətmək istəyir ki, bu zaman da oraya böyük maşınların giriş-çıxışı ərtafdakılar üçün təhlükəli vəziyyət yarada bilər. Qapının açılmasına dair müvafiq orqan tərəfindən verilmiş icazə qanunsuzdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi.

6. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı Şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 2213.5 m2 olan əmlak kompleksi) üzərində mülkiyyət, həmin daşınmaz əmlakın yerləşdiyi, dövlət mülkiyyətində olan 0.4240 ha torpaq sahəsi üzərində icarə hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun surətindən görünür ki, baş plan “A”, “B”, “C”, “D”, “E” və “G” tikililərinin ayrı-ayrılıqda tərtib edilmiş plan-cizgilərində əsas və köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri qeyd edilmişdir.

Yerində müayinə.

9. Məhkəmə tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerində müayinə keçirilmişdir. İddaçıya məxsus tikiliyə aid qapının sökülmüş vəziyyətdə və yarıya qədər daşla hörüldüyü müşahidə edilmişdir. Yerində müayinə zamanı tərəflərə aid qeyriyaşayış sahələrinin qonşu olmadığı, cavabdehin işlətdiyi qəbir daşı sexi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi arasında təxminən 14-15 mert məsafə olduğu, bu iki obyekti bir-birindən ikitərəfli hərəkətin mümkün olduğu və maşınların kifayət qədər sərbəst hərəkət edə bildiyi maşın yolunun ayırdığı müşahidə edilmişdir. İddaçının qapı açmaq istədiyi qeyri-yaşayış sahəsi ilə üzbəüz yerləşən cavabdehə məxsus hasara alınmış obyektdən yük maşınlarının da keçə biləcəyi darvaza açıldığı müəyyən edilmişdir.

İşin faktiki halları.

10. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən əmlak kompleksinin mülkiyyətçisidir. Həmin əmlak kompleksi daxilində olan qeyri-yaşayış sahəsi avtomobilin təmiri sexi kimi fəaliyyət göstərir. İddiaçı həmin sexin fəaliyyət göstərməsi üçün obyektdən yola doğru qapı açmaq istəmişdir. Lakin iddiaçının iddia etdiyinə görə həmin qapı cavabdeh tərəfindən sökülərək daş hasar ilə hörülmüşdür. İddiaçı bu hərəkətlərin onun mülkiyyət hüquqlarını pozduğunu, cavabdeh isə həmin qapıdan istifadə olunmasının təhlükəli və qanunsuz olduğunu iddia etmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin hallarından göründüyü kimi tərəflər arasındakı mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin küçəyə açılan hissəsindən qapının açılması ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, anbar tərəfindən qapı açmaq istədiyi qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur və cavabdeh qanunsuz olaraq buna mane olur. Cavabdeh isə bildirir ki, qapının açılması ona və digər şəxslərə təhlükə yarada bilər.

16. Məhkəmə sübutları yerində tədqiq etmək üçün mübahisəli ünvanda yerində müayinə keçirmiş, bu zaman müəyyən edilmişdir ki, tərəflərə məxsus qeyri-yaşayış sahələri bir-birinin qonşuluğunda yerləşmir. Belə ki, bu iki əmlakı bir-birindən avtomobil yolu ayırır. Hansı ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun qarşısından keçən həmin avtomobil yolundan kifayət qədər aralı məsafədə yerləşir. Beləliklə, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə edilənlər əsasında iddiaçıya məxsus qeyriyaşayış sahəsinə avtomobillərin giriş-çıxışının cavabdeh üçün təhlükə mənbəyi olmaması nəticəsinə bu barədə ekspert rəyi olmadan da gəlmək mümkün olmuşdur.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

18. Məhkəmə hazırkı iş üzrə mübahisə predmeti olan məsələyə dair suallara cavab verilməsinin xüsusi bilik tələb etməməsi səbəbindən ekspertizanin keçirilməsinə zərurət olmadığı nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə həm də işə baxılması müddətinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq vəzifəsini də nəzərə almışdır.

19. Qeyd edildiyi kimi mübahisəli ünvanda yerində müayinə keçirilərkən müşahidə edilmişdir ki, cavabdehin işlətdiyi sex iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə paralel olaraq, yolun qarşı tərəfində, 10-15 metr məsafədə yerləşir. Həmçinin müşahidə edilmişdir ki, həmin əmlakları bir-birindən eni təxminən 14-15 metr olan şose ayırır. Beləliklə, mübahisəli qeyri-yaşayış sahəsindən açılacaq qapının istifadəsi zamanı cavabdeh üçün hər hansı təhlükə yaranmasını müəyyən etmək mümkün olmamışdır.

20. Mübahisəli əmlakdan qapı açılmasının digər şəxslər üçün təhlükə yarada biləcəyi ilə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından cavabdehin digər şəxslərin hüquqlarının müdafiəsi kimi bir vəzifəsinin olduğu müəyyən olunmamışdır Ümumiyyətlə, digər şəxslər dedikdə kimin nəzərdə tutulduğu da müəyyən deyil.

21. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli tikilidən qapı açılmasının cavabdeh və digər şəxslər üçün təhlükə mənbəyi ola biləcəyi işin halları ilə sübuta yetirilməmişdir.

22. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi kifayət qədər geniş və avtomobillərin sərbəst surətdə hər iki istiqamətdə hərəkətini təmin edən yoldan istifadə etməyin ancaq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillərin giriş-çıxışı zamanı təhlükə törətməsi barədə cavabdehin irəli sürduyü dəlillər açıq şəkildə birtərəfli olmaqla həqiqətə uyğun deyildir. Belə ki, cavabdehə məxsus olan qəbir daşlarının düzəldilməsi fəaliyyəti ilə məşğul olan sexin yerləşdiyi əraziyə daxil olmaq üçün də yol tərəfə qapı açılmışdır və həmin qapıdan müxtəlif ölçülü maşınların giriş-çıxışı üçün istifadə edilməsi istisna olunmur. Bu isə məhkəmədə belə bir fikir formalaşdırmağa əsas verir ki, cavabdehin etirazının əsasını təşkil edən hal iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən açılacaq qapının özü və üçüncü şəxslər üçün təhlükə mənbəyi olması deyil, ümumiyyətlə iddiaçının həmin yoldan istifadəsinin qarşısını almaqdır. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçı özü də bu məqsədini dolayı yolla etiraf etmiş, külli miqdarda xərc çəkib abadlaşdırdığı, asfalt çəkdiyi yoldan iddiaçının istifadə etməyə haqqı olmadığını, bunun üçün ən azından ondan “halallıq” alınmalı olduğunu bildirmişdir. “Halallıq” dedikdə nəyin nəzərdə tutulduğu soruşulduqda iddiaçı tərəf cavabdehin yoldan istifadəyə icazə vermək üçün onlardan pul tələb etdiyini, “halallıq” dedikdə də bunu nəzərdə tutduğunu bildirmişdir.

23. Məhkəmə cavabdehin etirazının bu dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin xərc çəkib abadlaşdırdığını iddia etdiyi yol dövlət, yaxud bələdiyyə mülkiyyətində olmaqla, ümumi istifadədədir. Həmin yoldan istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanlarının səlahiyyətinə aiddir. Cavabdehin yoldan istifadəyə mane olması qanunsuz olduğundan yolverilməzdir. Belə ki, bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə hüququnu pozur.

24. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Göründüyü kimi qanun mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui - istifadə etməsidir.

26. Hazırkı işin hallarından tərəflər arasında hansısa qonşuluq münasibətinin olması yaxud cavabdehin və başqa şəxlərin mübahisəli əmlaka dair hər hansı hüququnun olması müəyyən edilməmişdir. Bu vəziyyətdə olmayan hüquqların pozulmasından söhbət gedə bilməz.

27. Hüquqdan sui-istifadə dedikdə isə qanun mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olmasını, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyini nəzərdə tutur (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 560.1). Hazırkı işin hallarından iddiaçı tərəfindən hüquqdan sui-istifadə hesab oluna biləcək hərəkətlərə (qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və s.) yol verildiyi müəyyən edilməmişdir.

28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının özünə məxsus əmlaka dair sərəncam vermək, ondan istifadə etmək hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh özü də bunu qəbul etməklə buna haqqı çatdığını iddia edir. Məhkəmə tərəfindən cavabdehin iddiaçının əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərinin qanunsuz olduğu, cavabdehin öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istinad etdiyi halların isə əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə istinadla qeyd edir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən 2213.5 m2 əmlak kompleksindən (qeyri-yaşayış sahəsindən) istifadəsinə, anbar otağından məhəllə yoluna qapı açılmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiаçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən 2213.5 m2 əmlak kompleksindən (qeyri-yaşayış sahəsindən) istifadəsinə, anbar otağından məhəllə yoluna qapı açılmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar