Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-783/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 15000 (on beş min) manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 15030 (on beş min otuz) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin icarəsində olan ümumilikdə 3.23 hektar torpaq sahəsi onların mülkiyyətindədir. Onlar 2017-ci ilin ortalarında həmin torpaq sahəsinin üzərində yerləşən zavodlara dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəmişlər. Çünki torpaq sahəsi mülkiyyətlərində olsa da üzərində olan tikililər mülkiyyət üzrə qeydiyyata alınmamışdır. Lakin onlara Reyestr Xidmətindən bildirmişlər ki, zavodların yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan bunu etmək mümkün deyil. Ona görə də həmin torpaq sahəsini kənd təsərrüfatı təyinatından sənaye təyinatına dəyişmək lazımdır. Bu da yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Daha sonra, Əmlak Komitəsinin Abşeron Rayon Şöbəsindən onlara bildirmişlər ki, həmin torpaq sahələri “xxxx” neft şirkətinin istifadəsində olduğundan və neft quyularının mühafizə zonasına düşdüyündən bu torpaq sahələrinə dair baş plan hazırlayıb verə bilməzlər. Onlar o yerə o halda baş plan verə bilər ki, “xxxx” şirkəti buna razılıq versin. Ona görə də onlar bu işi Azər Tağıyevə tapşırmışlar. Azər Tağıyev bir neçə gün sonra, yəni təxminən 2018-ci ilin may ayının əvvəllərində onlara bildirmişdir ki, onun tanıdığı Yaqub adlı şəxs var, həmin şəxs Azərə bildirmişdir ki, bu işi bacaran adamları tanıyır, həmin adamlar bu işi həll edə bilər. Yaqub Azərə demişdir ki, həmin adamlar bu iş üçün 15000 manat pul istəyir. İşin həll olunma müddəti bir neçə ay çəkəcək. Onlar da Azərə demişdir ki, Yaqubun dedikləri ilə razıdırlar. Sonra şirkətin kassiri Qabil Cəbrayılova tapşırmışlar ki, qeyd olunan işin həlli üçün Yaquba çatdırılası 15000 manat pul versin. Azər 2018-ci ilin may ayında Qabildən 15000 manat pulu götürmüş və Yaquba çatdırmışdır. Yaqub onlara demişdir ki, o, onlara məxsus torpaq sahəsini neftin mühafizə zonasından çıxaracaq və bu barədə sənədləri Daşınmaz Əmlakın Dövlət Xidmətinə göndərəcək. Reyetsr Xidmətində bu barədə müvafiq sənədləşmə və qeydiyyat işləri aparılacaq, son nəticədə onların torpaqları neftin mühafizə zonasından çıxarılacaq. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Yaqub onların torpağının sənədini düzəltməmişdir. X15 vasitəsilə onlara saxta məktub da çəkib göndərmişdir. Onlar Azərə demişdir ki, Yaqubdan pulu geri alsın. Sonra isə pulu Yaqubdan geri tələb etməyə başlamışlar. Azər onlara bildirmişdir ki, Yaqub pulu geri qaytarmaqdan imtina edir. Yaquba dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Yaqub pulu qaytarmamışdır. Sonda məcbur olub polisə müraciət etməli olmuşlar. Yaquba verilən pul onların ikisinin şərikli puludur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi həmin iş üzrə cinayət işinə başlamaqdan imtina etmişdir. Dəfələrlə Yaqubdan pulu tələb etmələrinə baxmayaraq, o pulu geri qaytarmaqdan imtina etmişdir. 15000 manat pulun cavabdehə verilməsinə dair telefon danışıqlarının səs yazısı, şahidlərin ifadələri, SMS və whatsapp yazışmaları mövcuddur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin “xxxx” şirkətinə məxsus neft quyularının mühafizə zonasından çıxarılması üçün görüləcək işlərin əvəzində hüquqi xidmət haqqı kimi 15000 manat məbləğində pulu iddiaçılardan X5 vasitəsilə almış, lakin vədinə əməl etməmiş, iddiaçıların pulunu isə geri qaytarmamışdır. O, sonradan ümumiyyətlə bu pulu aldığını inkar etmiş, məsuliyyətdən yayınmaq üçün polisə yalan ifadə vermişdir. Halbuki, pulun cavabdehə verilməsini təsdiq edən şahidlər, səs yazıları, yazışmalar mövcuddur. Cavabdeh iddiaçılara qarşı dələduzluq cinayəti törətmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçıların vəkilinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 məhkəməyə ünvanladığı yazılı ifadəsində qeyd edilir ki: “Bildirirəm ki, mən hazırda COVİD-19 xəstəliyinə tutulduğumdan məhkəməyə gəlib ifadə verə bilmirəm. Amma ən azından ifadəmi məhkəməyə yazılı şəkildə təqdim edirəm. Əgər gələcəkdə məhkəmə mənə şərait yaradarsa gəlib ifadəmi əyani şəkildə verə bilərəm. Mən yuxarıda qeyd olunan ünvanda yaşayıram. Orta təhsilliyəm və ailəliyəm. Əvvəllər "xxxx" MMC-də sürücü vəzifəsində işləyirdim. Mənim həmin şirkətdəki əsas fəaliyyətim şirkətə məxsus sənədlərin və pulların, bəzən də işçilərin bir yerdən başqa yerə çatdırılmasıdır. Hər gün ərzində mən dəfələrlə bir yerdən başqa yerə sənəd və pul aparıb çatdırıram. Şirkətimizin hüquqşünası Azər Tağıyev də mənə bəzən lazımi sənədləri və pulları kiməsə çatdırmağı tapşırır. Çox vaxt da o özü də mənimlə həmin yerlərə gedir. Təxminən 2018-ci ilin may ayının sonlarında Azər mənə dedi ki, onu Kənd Binəqədidə yerləşən Binəqədi Hərbi Komissarlığının yaxınlığına aparmaq lazımdır. Azər mənə həmin yerə gedərkən yolda danışırdı ki, şirkətə məxsus torpaq sahəsinin sənədlərinin hazırlanması üçün bir nəfərlə görüşüb ona pul verməlidir. Hətta Azər şirkətdən 5000 manat pul da götürdü. Biz bir yerdə getdik kənd Binəqədi adlanan yerə. Orada "Sarı market" adlanan mağazanın yaxınlığında mən idarə etdiyim avtomobili saxladım. Azər orada kiməsə zəng etdi. Sonradan mən bildim ki, həmin şəxs "xxxx" neft şirkətində işləyən Yaqub adlı şəxsdir. Yaqubun nə vəzifəsində işləməsini bilmirəm. Bir neçə dəqiqədən sonra Yaqub gəlib bizim maşınımıza oturdu. Azər və Yaqub maşının arxa tərəfində oturmuşdu. Onlar torpaq barədə danışırdılar. Bir az söhbət etdikdən sonra Azər özündə olan 5000 manat pulu sayıb Yaquba verdi. Mən Azərin pulları saymağını və Yaquba verməyini gördüm. Amma Yaqub dedi ki, pulun hamısını vermək lazımdır. Azər ona dedi ki, "Yaqub sən işlərdən biraz yerinə yetir, mən sənə yaxın vaxtlarda qalan pulu da verərəm." Yaqub isə dedi ki, yox pulun hamısını vermək lazımdır. Onlar bir az söhbət etdikdən sonra Azər Yaqubla razılaşdı və ona dedi ki, bu gün işləri çatdıra bilmərəm, sabah pulun qalanını yəni 10000 manatını da çatdıraram. Sonra Yaqub 5000 manat pulu da götürüb maşından düşüb getdi. Mən Azərlə birgə yenidən şirkətə qayıtdım. Həmin günün səhəri günü Azər mənə yenə də 10000 manat pulu və Yaqubun telefon nömrəsini verib onunla dediyi yerdə görüşüb pulu ona verməyimi tapşırdı. Sonra mən həmin gün Yaqubun telefonuna zəng edib 10000 manat pulu ona verdim. Səhv etmirəmsə pulu onun işlədiyi yerdə, yəni Kənd Binəqədi adlanan yerdə verdim. Ola bilər ki, pulu verdiyim yer yadımda yaxşı qalmaya da bilər. Çünki, həmin vaxtdan ən azı 8 ay vaxt keçmişdir və mən hər gün ən azı 7-8 yerə pul verib alıram. Yaqubun telefon nömrəsi yadımda deyil, amma mən ona istifadəmdə olan ***-***-**-** saylı telefondan zəng etmişəm”. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 26.12.2018-ci il tarixdə X1 RPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh adlı şəxsin ondan torpaq sahəsinin sənədlərinin düzəldilməsi məqsədilə 15000 manat pul aldığını, lakin nə torpaq sahəsinin sənədlərini düzəltdiyini, nə də pulu geri qaytardığını bildirmişdir. Toplanmış materiallar üzrə Binəqədi RPİ İŞ-də cinayət işi başlanılsa da Binəqədi rayon prokurorluğu tərəfindən qərar ləğv edilmiş, materiallar Binəqədi RPİ İŞ-yə yenidən araşdırılması üçün göndərilmişdir. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınan Cavabdeh Azər Tağıyevin və digərlərinin göstərmiş olduqları xüsusatları inkar edərək ona sənəd hazırlanması və ya hər hansı məqsədlə pul verilmədiyini, yalnız Azərlə görüşüb bu barədə məsləhətlər apardıqlarını, ona göndərilən ərizə nümunələrinə düzəlişlər etdiyini və Azər Tağıyevin onun işlədiyi “xxxx” şirkətinə ünvanlamış olduğu ərizələrə imtina cavabı verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadəsi alınan X5 bildirmişdir ki, o, iddiaçılara məxsus “xxxx” MMC-də hüquqşünas işləyir. İşlədiyi şirkətə məxsus zavodlar iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşir. Lakin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. 2017-ci ilin ortalarından başlayaraq şirkətə məxsus zavodların şirkətin adına sənədləşdirilməsi üçün tədbirlər görməyə başlamışlar. Bunun üçün isə torpaq sahəsinin təyinatını kənd təsərrüfatından sənaye təyinatına dəyişmək zəruri olmuşdur. Bu zaman müvafiq qurumlar tərəfindən onlara bildirilmişdir ki, torpaq sahəsi ”xxxx” şirkətinin neft quyuları yaxınlığında yerləşdiyindən mühafizə zonasına düşür və bu səbəbdən “xxxx” şirkətindən razılıq alınmalıdır. Bunun üçün o tanışı olan və “xxxx” şirkətində işləyən Cavabdeh ilə əlaqə saxlamış, Bağırov X6 müvafiq sənədin alınması üçün 15000 manat xidmət haqqı verilməli olduğunu bildirmişdir. O, iddiaçılarla razılaşdıraraq onlara məxsus 5000 manat pulu 23.05.2018-ci il tarixdə şirkətin sürücüsü Pərvizlə birlikdə Yaqubla görüşərək ona çatdırmış, Yaqub qalan 10000 manatı da təcili istədiyindən qalan 10000 manatı növbəti gün Pərvizə verərək Yaquba göndərmişdir. Yaqub bu vaxt sənədlərin üç ay ərzində hazır olacağını bildirmişdir. Lakin sentyabr ayından etibarən sənədlərlə maraqlanmağa başladıqda isə Yaqub onu yubatmağa başlamış, noyabr ayında isə “xxxx” Şirkətinin adından Dövlət Neft Şirkətinə 17.09.2018-ci il tarixdə ünvanlanmış məktubun şəklini ona göndərmiş, sonradan bu məktubun saxta olduğu müəyyən edilmişdir. Bu hadisələrdən sonra onlar Yaqubdan pulu tələb etməyə başlamışlar, Yaqubla onun arasında bununla bağlı telefon danışıqları, yazışmalar olmuş, Yaqub əvvəl pulu aldığını qəbul etsə də sonradan məsuliyyətdən yayınmaq üçün bütün baş verənləri gizlətmiş, polisə yalan ifadə vermişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahəsində yerləşən təsisçiləri olduqları Şirkət tərəfindən tikilmiş zavodların üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəmişlər. Onlar bu məqsədlə bir sıra müraciətlər etdikdən sonra məlum olmuşdur ki, torpaq sahəsi “xxxx” Şirkətinə məxsus neft quyularının mühafizə zonasına daxil olduğundan Şirkətdən razılıq almaq lazımdır. Bu məqsədlə iddiaçılara məxsus Şirkətdə işləyən və məhkəmə iclasında şahid kimi dindirilmiş X5 “xxxx” Şirkətində işləyən Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh məsələnin həlli üçün sənədləşdirmə işlərinin aparılması məqsədilə 15000 manat xidmət haqqı lazım olduğunu bildirmişdir. Bundan sonra, X5 iddiaçılara məxsus 15000 manat pulu bu məqsədlə Cavabdeh vermiş, Cavabdeh məsələni həll edəcəyini vəd etmişdir. Lakin Cavabdeh aradan keçən bir neçə ay müddətində vədini yerinə yetirmədiyindən iddiaçılar X5 vasitəsilə pulu cavabdehdən tələb etməyə başlamış, daha sonra polisə müraciət etmiş, izahatı alınan Cavabdeh pul alması ilə bağlı qeyd edilənləri bütövlükdə inkar etmiş, Azərlə görüşüb yalnız məsləhətləşdiklərini, ona göndərilən ərizə nümunələrinə düzəlişlər etdiyini, Azər Tağıyevin onun işlədiyini “xxxx” Şirkətinə ünvanlanmış ərizələrinə isə imtina cavabı verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi izahat verən X5 bütün bu qeyd edilənləri təsdiqləmişdir. Eyni zamanda, 15000 manat məbləğində pulun Cavabdeh verilməsinə şahid olduğu qeyd edilən X10 məhkəməyə ünvanladığı yazılı ifadədə pulun 5000 manatının X5 tərəfindən Cavabdeh verilməsini, qalan 10000 manatının isə özü ilə göndərilməsini təsdiq etmişdir. Bundan başqa, iş materiallarına X5 və Cavabdeh arasında 23.11.2018, 27.11.2018, 28.11.2018-ci il tarixlərində baş tutmuş telefon danışıqlarının səs yazısı əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş səs yazısının sübut kimi qəbuledilənliyi məsələsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nəzərə alınmaldır ki, adı çəkilən maddənin İİİ hissəsində nəzərdə tutulan məhdudiyyət hər kəsin şəxsi təhlükəsizlik hüququnun qanuni əsaslar olmadan əsassız məhdudlaşdırılmasına, şəxsi və ailə həyatı sirrinə dövlət tərəfindən və digər şəxslərdən tərəfindən qanunsuz müdaxilələrə qarşı yönəlmişdir. Bu cür yanaşma “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. (1) Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. (2) Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özüözlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Baxılan işdə məhkəməyə təqdim edilmiş səs yazısında isə tərəflərin pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Həmçinin, milli qanunvericilikdə də şəxsi və ailə həyatına qanunsuz müdaxilə etmədən və bu məqsədlə hərəkət etmədən iki nəfər arasında aparılmış söhbətin onlardan birinin xəbəri və ya razılığı olmadan qeydə alınmasını birbaşa qadağan edən norma mövcud deyildir. Başqa sözlə, belə bir yazı yalnız o halda qanunsuz hesab edilə, o cümlədən məhkəmə baxışında sübut kimi yolverilməz sayıla bilər ki, şəxsi toxunulmazlıq hüququna qanunusuz müdaxilə məqsədləri üçün qeydə alınsın və istifadə edilsin. Üstəlik, X5 və Cavabdeh arasında 23.11.2018-ci il tarixdə qeydə alınmış və məhkəməyə təqdim edilmiş səs yazısının ikinci dəqiqəsində Azər Tağıyev “məndə gündəlik danışıqlarımın hamısı qrafik gedir” ifadəsini işlətməklə səs yazısının qeydə alındığına dolayı yoldan işarə etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, telefon danışıqlarını avtomatik qeydə alan proqramlardan istifadə kifayət qədər geniş yayılmışdır və çox vaxt məhz hansısa danışığın qeydə alınması üçün xüsusi olaraq proqramı aktiv etməyə ehtiyac qalmır, yəni bu cür proqramların istifadə edildiyi əksər telefonlarda bütün danışıqlar avtomatik olaraq qeydə alınır. Bu baxımdan cavabdehin qeydə alınmış telefon danışığı məqsədli şəkildə gizli yolla qeydə alınmış səs yazısı kimi qiymətləndirilə bilməz. Eyni zamanda, bu cür proqram tətbiqlərinin geniş yayılması, əksər mobil telefonlarda istifadə edilməsi X5 ilə telefon danışığının qeydə alınmasını Cavabdeh üçün gözlənilən edir. Yəni, aralarında olan mübahisə də nəzərə alındıqda bu cür geniş istifadə edilən proqramların X2 telefonunda da olması cavabdeh tərəfindən istisna edilməməli idi. Digər tərəfdən, Cavabdeh iddiaçılardan X5 vasitəsilə pul almasını sonradan qətiyyətlə inkar etməsi nəzərə alındıqda iddiaçılar Cavabdeh onların hüquqlarını pozduğunu, heç bir hüquqi əsas olmadan onların 15000 manat məbləğində pulunu əldə etdiyini başqa qaydada sübut edə bilmək imkanından məhrum olmuşdur. Qeyd olunanlardan əlavə, nəzərə alınmalıdır ki, hər kəsin malik olduğu şəxsi toxunulmazlıq hüququ, o cümlədən, öz xəbəri olmadan və ya etirazına baxmadan səs yazısına məruz qoyula bilməmək konstitusiya təminatı mütləq hüquq olmamaqla qanuni məhdudiyyətlərə məruz qala bilər. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.6-cı maddəsinə müvafiq olaraq Konstitusiyada göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquq digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu mənada məhkəmə hesab edir ki, yaranmış vəziyyətdə şəxsin konstitusiya hüquqlarının qorunması məqsədilə həmin hüquqlara qanuna zidd qəsd edən digər şəxsin səsinin onun razılığı olmadan qeydə alması Konstitusiyanın 32-ci maddənin İİİ hissəsinin təsir dairəsinə düşmür. Nəhayət, məhkəmə qeyd edir ki, bu səs yazısı həqiqətin müəyyən olunmasında hakimin sərbəst daxili inamını yaratmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 100) Təqdim edilmiş səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olunmasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci hissəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçılar mübahisənin qanuni yolla həll etmək üçün bütün yollara əl atmış, başqa vasitə görmədiklərindən son çarə kimi, hüquqlarının pozulduğunu sübut etmək və onların bərpasını təmin etmək məqsədilə cavabdehin səsini yazmışdır. Beləliklə, məhkəmə Konstitusiyanın 32-ci maddəsində müəyyən edilmiş məhdudiyyətin məqsədləri, 125-ci maddəsinin Vİİ hissəsinin ifadə olunmuş həqiqətin müəyyən edilməsi prinsipinin tələbləri baxımından baxılan iş üzrə məhkəməyə təqdim edilmiş səs yazısının əks olunduğu sübutu mümkün hesab edir. Qeydə alınmış danışığın həqiqətən X5 və Cavabdeh arasında olub-olmamasına münasibətdə qeyd edilməlidir ki, danışığın bu iki şəxs arasında baş tutması mübahisəsizdir. Belə ki, danışıqların ümumi mətnindən görünür ki, bütün danışıq birbirlərinə Azər və Yaqub kimi müraciət edən iki şəxs arasında qeydə alınmışdır. Danışıq zamanı Yaqub Azərdən 15000 manat pul aldığını, “xxxx”da işlədiyini, sənədləşmənin bir neçə günə başa çatacağını, torpaq sahəsinin böyük olduğunu və bu səbəbdən prosesin vaxt apardığını bildirmişdir. Azər isə pulun işlədiyi şirkətin sahiblərinə məxsus olduğunu, həmin şəxslərin pullarını tələb etdiklərini, onlara cavab verə bilmədiyini, Yaqubun onu aldatdığını, bununla bağlı prokurorluğa, aidiyyəti orqanlara müraciət edəcəyini bildirmişdir. Danışıqların ümumi məzmunundan görünür ki, bu danışıq iddiaçılara məxsus şirkətdə işləyən və iş üzrə şahid kimi izahat vermiş X5 və “xxxx” şirkətində işləyən (cavabdeh bunu polisə verdiyi izahatda təsdiq edir) və şirkət adından müvafiq sənədlərin hazırlanacağını vəd edən Cavabdeh arasında baş tutmuşdur. Göründüyü kimi iş materiallarına əlavə edilmiş və cavabdehə aidliyi heç bir şübhə doğurmayan səs yazısında Cavabdeh qeyd etdikləri ilə onun Polis İdarəsində verdiyi izahatda qeyd etdikləri bir-birinə ziddir. Belə ki, o, müvafiq səs yazısında hər hansı məsləhətləşmədən, ərizəyə düzəlişdən bəhs etməmiş, əksinə X5 vasitəsilə iddiaçılara məxsus 15000 manat məbləğində pulun ona verildiyini qəbul etmişdir. O, müvafiq səs yazısında bu puldan ona heç nə çatmadığını bildirsə də bunu sübut etmək cavabdehin üzərinə düşür və məhkəmə iclasında iştirak etməkdən qəsdən yayınan cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin sonradan Polis İdarəsində verdiyi izahatda qeyd edilənlər işin həqiqi hallarının gizlədilməsi məqsədi daşıyır və inandırıcı hesab edilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, müvafiq pul cavabdehə iş üzrə şahid kimi dindirilmiş X5 tərəfindən verilmiş olsa da bu pulun iddiaçılara məxsusluğu mübahisəsizdir. Belə ki, bu fakt həm şahid ifadələri, həm də iş materiallarında olan səs yazısı ilə təsdiq edilir. Bu baxımdan iddiaçıların pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməsi tam əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan səs yazısı və şahid ifadələri əsasında Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına 15000 manat məbləğində pul əldə etdiyini, bu yolla əsassız varlandığı müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıların hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Son olaraq, məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(010)-783/2021 saylı xüsusi qərardadı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətlərinin olması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 30 (manat) məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 30 (manat) məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-783/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-783/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver