Məhkəmə qərarları › İş №2(010)-794/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-794/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-794/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kreditor «İddiaçı” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4923.56 ABŞ dolları məbləğində kredit borcu, 8172.78 ABŞ dolları məbləğində faiz borcu və 3191.48 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16287 ABŞ dolları 82 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı 18.03.2008ci il tarixli 02L000001894 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ doları məbləğində kredit xətti açılmışdır. Tərələrin imzaladıqları 23.08.2012-ci il, 1894 saylı sazişlə kredit xəttinin müdədti 120 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı 24.12.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qayarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli, 002R**********S saylı, 26.10.2015-ci il tarixli 002R**********SA saylı, 24.02.2016-cı il tarixli 002R**********SB saylı, 02.12.2016-cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlk müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir . Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək banka ödədiyi məbləğlərin nəzərə alınmadığını, borcunun düzgün hesablanmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək onun kredit müqaviləsindən xəbərsiz olduğunu bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli,tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, Azərbaycan Mikromaliyyələşdirmə Qapalı Səhmdar Bankı ilə Cavabdeh1 arasında 60 ay müddətinə, 18 mart 2013-cü il tarixədək 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 1894 № li sazişə əsasən 02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, Bank kredit alana 120 ay müddətinə, 18 mart 2018-ci ildən gec olmayaraq 30.000 ABŞ dollarını məbləğində kredit xəttini açmışdır. 02L000001894 № li, 18 mart 2008-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 002R********** № li kredit razılaşmasından görünür ki, «İddiaçı” QSC tərəfindən Cavabdeh1 aylıq 2.1667 % olmaqla, 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 002R10**********SA № li sazişə əsasən Bank ilə kredit alan arasında 02L000001894 № li, 18 mart 2008-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 002R********** № li kredit razılaşmasının ayrılmaz hissəsi olan 24 dekabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 26 oktyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 002R**********SB № li sazişə əsasən 24 dekabr 2014-cü il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 24.02.2016-cı il tarixdən aylıq 1.5833% dərəcəsi ilə faizlər hesablanmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 02S000022641 № li zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış - 02L000001894 № li, 18 mart 2008-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması və ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün zamin durmuşdur. Bank tərəfindən cavabdehlərə yuxarıda qeyd edilən borc məbləğinin ödənilməsi barədə xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 19 aprel 2021-ci il tarixli, 9/1651 saylı rəyinə əsasən Cavabdeh1 04.09.2020-ci il tarixinə İddiaçı-nə olan borcu o cümlədən əsas borc üzrə 4.541,69 ABŞ dolları, faiz borcu üzrə 7.643,25 ABŞ dolları olmaqla, ümumilikdə 12.184.94 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Hazırkı işdə zaminin məsuliyyəti ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli Qərardadı ilə qeyd edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbində qeyd edilmiş əsas borc məbləğini qismən əsaslı hesab edir. İşə əlavə edilən ekspert rəyindən görünür ki, tərəflər arasındakı kredit müqaviləsi üzrə əsas borc məbləği 4541,69 ABŞ dolları təşkil edir. Məhkəmə bu məbləği əsaslı hesab edir. Həmin rəylə, həmçinin faiz borcunun 7643,25 ABŞ dolları olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edilmiş faiz məbləğini də əsaslı hesab edir. İddia tələbinin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3191,48 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 ABŞ dollarına endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar ekspertiza xərcləri və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4541,69 ABŞ dolları məbləğində əsas borc, 7643,25 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12284,94 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 100 manatın 50 manatı Cavabdeh1, 50 manatı Cavabdeh2 tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar