Məhkəmə qərarları › İş №2(010)-796/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-796/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-796/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə X4 Kredit Təşkilatı «xxxx» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, X4 Kredit Təşkilatı «xxxx» QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Kredit Təşkilatı «xxxx» QSC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 395-NBK-0004-19 saylı kredit müqaviləsinə əsasən 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 manat və 30.40 manat dövlət rüsumu və xidmət haqqının, Cavabdeh1 və Cavabdeh2 X5 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 Kredit Təşkilatı «xxxx» QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh1 illik 32 % olmaqla 18 ay müddətinə 1 500 manat məbləğində kredit verilmiş və bununla bağlı X5 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 395-NBK-0004-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 395-NBK-0004-19 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 X5 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik Müqaviləsinin 2.2.3-cü bəndinə görə faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu Müqavilə ilə təmin edilmiş öhdəliyin “Borcalan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Borcverən”ə dəyən zərərin əvəzinin ödənilməsinə görə “Borcverən” qarşısında tam həcmdə məsuliyyəti daşımağı öhdəsinə götürür. Kredit Müqaviləsinin şərtlərinə əsasən, hal-hazırda Cavabdeh1 xx.xx.2020-ci il tarixə 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 manat təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində X5 Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixində X5 Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında 395-NBK-0004-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 illik 32 % olmaqla 18 ay müddətinə 1 500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 395-NBK-0004-19 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 395-NBK-0004-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 manat təşkil edir. İşə əlavə edilmiş X5 Təşkilatı «xxxx» QSC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, xx.xx.2019-cu il tarixində X5 Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında 395-NBK-0004-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 illik 32 % olmaqla 18 ay müddətinə 1 500 manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərlərinə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə həmin məbləğdə krediti əldə edib istifadə etmişdir, lakin iddiaçı təşkilata kredit borcunu müqavilə üzrə müəyyən edilmiş qaydada ödəməmişdir və hazırda həmin müqavilə üzrə cavabdehin iddiaçı təşkilata 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 manat məbləğdə borcu vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 oğlundan birgə qaydada 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 manat məbləğində borc və 30.40 manat dövlət rüsumu və bank xərci tutularaq X5 Təşkilatı «xxxx» QSC-nin hesabına köçürülməlidir. Məhkəmə onu da xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 395-NBK-0004-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan birgə qaydada 1030.76 manat əsas borc, 84.24 manat faiz borcu, cəmi 1115 (bir min yüz on beş) manat və 30,40 manat dövlət rüsumu və bank xərci X4 Kredit Təşkilatı «xxxx» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar