Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-81/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçının hüquqi varisi X3 vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona 187.058 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 318.000 AZN pulun, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün (gecikdirilmiş vaxt ümumilikdə 11 il hesab edilməklə) illik 5 faiz olmaqla 102.882 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 174.900 AZN əldən çıxmış fayda formasında pulun, ümumilikdə 289.941 ABŞ dolları, həmin pulun bügünə olan məzənnəsi ilə 492.900 AZN pulun ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2378/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı öldüyündən vərəsəlik işi açılanadək mülki işin dayandırılması qərara alınmışdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2378/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 noyabr 2022-ci il tarixli qərardadı ilə mülkin işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X3 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı çıxarışa əsasən cavabdeh ilə qeyri-yaşayış sahəsinə şərik mülkiyyətçi olublar və hər ikisinin ½ hissə payı olub. Cavabdeh həmin qeyri-yaşayış sahəsini sataraq əldə edilən məbləği Yağmur restoranının təmirinə xərcləməyi təklif etmiş və qarşılığında isə iddiaçıya pul verəcəyini vəd etmişdir. Həmin qeyri-yaşayış sahəsi satılmış və əldə edilən pulun hamısını cavabdeh götürmüşdür.Yağmur restoranının satılmasından əldə edilən puldan 200 min dollar iddiaçıya verilməsi vəd edilsə də, ona pul verilməmişdir. Obyektin satılmasından əldə eilən pulun restorana xərclənməsi ilə bağlı polisdə alınan izahatlarda da qeyd edilib. Dəfələrlə polisə müraciət edilib və cinayət işinin başlanılmasından rədd edilib. Orada şahidlərin izahatları da var. Ümumiyyətlə, alqı-satqı müqaviləsi xx.xx.2010-cu ildə, razılaşma isə xx.xx.2010-cu il tarixdə bağlanılıb, xx.xx.2010-cu il tarixədək borc qaytarılmalı idi. 2015-2017-ci illərdə qeyd edilən məbləğdən cəmi 22000 manat pul verilib. Cavabdeh hazırda bir neçə vətəndaşa borclu olduğu üçün axtarışdadır. İddia müddəti ilə bağlı hissəyə münasibət bildirərək qeyd etdi ki, qanuna əsasən şəxs hüququnun pozulduğunu bildiyi vaxtdan iddia müddəti hesablanmağa başlanılır. Onlar arasında dostluq münasibəti var idi, İddiaçı cavabdehə inanaraq o pulu ona vermişdir. Artıq cavabdeh işdən çıxdıqdan sonra iddiaçının ona qarşı inamı itmişdir. Bu tələb daşınmaz əmlakla bağlıdır və daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. İddiaçı isə 2016-2017-ci ildən pulunu istəməyə başlayıb və bu səbəbdən iddia müddəti ötürülməmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan ümümilikdə 289941 ABŞ dolları pulun bugünə olan məzənnəsi ilə 492900 pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin ümumi mülkiyyətlərində olan hər birinin payı 50 faiz olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Y.Eyvazov küçəsində 0,00964 ha torpaq sahəsində yerləşən 89,5 kv.m ümümi sahəsi , 56,5 kv.m əsas, 33 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası iddiaçının razılığı ilə xx.xx.2010-cu ildə X1. Tərəflər arasında olan razılaşmada cavabdehin də imzası var. Belə ki, cavabdeh 200000 dollar borc aldığını öz imzası ilə təsdiq edib. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli razılaşma var. Alqı-satqı xx.xx.2010-cu ildə olub və birbaşa razılaşma ilə əlaqələndirmək düzgün deyil. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçının 200000 dollar borc verdiyi fərz olunsa belə, cavabdeh xx.xx.2010-cu il tarixdə borcu aldığını və xx.xx.2010-cu ilədək geri qaytaracağını bildirmişdir. Buna görə də 2010-cu ildən hazırki vaxtadək 3 illik iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Y.Eyvazov küçəsində 0,00964 ha torpaq sahəsində yerləşən 89,5 kv.m ümümi sahəsi , 56,5 kv.m əsas, 33 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (meyvə-tərəvəz mağazası) paylı mülkiyyət hüququ əsasında İddiaçı adına ½ hissə, Cavabdeh adına ½ hissədə xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1708 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Satıcılar İddiaçı və Cavabdeh ilə alıcı X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı və Cavabdeh onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Y.Eyvazov küçəsində 0,00964 ha torpaq sahəsində yerləşən 89,5 kv.m ümümi sahəsi , 56,5 kv.m əsas, 33 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasını (meyvə-tərəvəz mağazası) X2.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında X4 adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1708 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. xx.xx.2010-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2010-cu il tarixdə 200.000 ABŞ dolları borc almış və xx.xx.2010-cu il tarixinədək bu pulu qaytaracağına zəmanət vermişdir.
10. xx.xx.2019 və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, İddiaçı və digərlərinin şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
11. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiq olunması” barədə ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini tətbiq edərək rədd edilməsi xahiş olunmuşdur.
İşin faktiki halları.
12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni razılaşmada nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, razılaşmanın müddətinin bitməsinə baxmayaraq, cavabdeh razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və borcu qalmışdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı.
Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
16. İş üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir.
17. xx.xx.2010-cu il tarixli razılaşmadan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2010-cu il tarixdə 200.000 ABŞ dolları borc almış və razılaşmanın müddəti xx.xx.2010-cu il tarixinədək müəyyən edilmişdir.
18. Beləliklə, tərəflər arasında bağlanmış razılaşmada borcun qaytarılma müddəti xx.xx.2010-cu il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni razılaşmanın icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
19. Məhkəmə sözügedən razılaşmanın icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
20. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2010-cu il tarixdə bağlandığından və müqavilənin icra müddəti xx.xx.2010-cu il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixdən sonrakı gün, yəni xx.xx.2010-cu il tarixdən başlamışdır.
21. Borc münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdə bitmişdir.
22. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2013-cü ildən bildiyi halda, yalnız 2022-ci ilin aprel ayının 20-ci günündə, yəni hüququnun pozulduğunu bildiyi andan 8 (səkkiz) il, 3 (üç) ay, 25 (iyirmi beş) gündən sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə iddiaçının vəkilinin bildirdiklərinə münasibətdə qeyd edir ki, hazırki mübahisənin predmeti məhz tərəflər arasında yaranmış borc münasibətlərindən irəli gəldiyi üçün qeyd olunan mübahisəyə daşınmaz əmlakla bağlı iddia müddəti deyil, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Çünki tərəflər öz iradə ifadələrini borcun alınmasına dair razılaşmada bildirmişlər.
Məhkəmə xərcləri.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.
27. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.