Məhkəmə qərarları › İş №2(010)-832/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-832/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-832/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və s." tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı "xxxx" ASC) Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli 3- xx-xx- 2016-AF-GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 43335 manat əsas borc, 3283.84 manat faiz borcu olmaqla, cəmi borcu 46618.84 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli, 3-xx-xx-2016-AF-GT nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D" yaşayış sahəsi, 21F, korpus 9, mənzil 150 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılıb nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilib, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılıb, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ndən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 3-xx-xx- 2016-AF-GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4ndən İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2019-cu il tarixli, 3-xx-xx-2016-AF-GT nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus 9, mənzil 150 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4ndən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-832/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və s." tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi qərara alınmış və iddiaçıya həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, həmin şəxsə və ya şəxslərə qarşı iddia irəli sürə bilmək hüququnun olduğu izah edilmişdir.

Tərəflərin izahatları.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə bağlanmış və ona 46.068 manat məbləğində kredit verilmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında qeyd olunan kredit müqaviləsi üzrə zaminlik müqavilələri bağlanmışdır. Hazırda cavabdehin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat məbləğində borcu vardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq xx.xx.2022-ci il tarixli iddia tələbi həcminin artırılmasına dair ərizəyə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək, iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

İş materialları.

7. Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3-xx-xx-2016-AF-GT nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla, 46.068 manat məbləğində kredit verilmişdir.

8. xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına 45.607 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2016-cı il tarixli, 3-xx-xx-2016-AF-GT nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər.

10. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2020-ci il tarixdən xx.xx.2036-cı il tarixədək faiz ödənişi cəmi 32.458,94 manat, əsas məbləğ ödənişi 43.335 manat olmaqla, cəmi 75.793,94 manat təşkil edir.

11. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34 kv/m, yaşayış sahəsi 16.8 kv/m olan 1 otaqlı mənzil (bundan sonra mətndə “mənzil”) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 46.068 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3).

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki mənzil xx.xx.2036-cı il tarixinədək ipoteka ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

13. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 22-8952/2021 saylı bildirişin qeydə alınması üçün 41,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat məbləğində borcu vardır.

İşin faktiki halları.

16. Cavabdeh1 ilə bank arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 46.068 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında qeyd olunan kredit müqaviləsi üzrə zaminlik müqavilələrinin bağlanması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehlərdən 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etdiyini bildirmiş, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 münasibətdə isə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Ggirov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi.

22. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

23. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4ndən kredit müqaviləsi üzrə 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

25. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə bildiriş qeydə alınmışdır.

26. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ona tam mülkiyyət hüququ üzrə məxsus mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

27. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 46.068 manat məbləğində müəyyən edilmişdir (bənd 2.3). Lakin məhkəmə iclasları zamanı ipoteka predmeti qiymətləndirilməsi üçün qiymətləndiriciyə göndərilmiş və ipoteka predmeti likvid qiyməti 47.000 manat müəyyən olunmuşdur. Ona görə də hesab olunur ki, qiymətləndirici tərəfindən ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

28. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

29. İpoteka predmetinin hərracda satıldıqdan sonra cavabdehin istifadə hüquqlarının itirilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Bu maddə mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir.

30. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır.

31. Göründüyü kimi, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir.

32. Qeyd edilənlər mənzil satıldıqdan sonra cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir.

33. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra onun ən geci bir ay ərzində cavabdehin həmin evdən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı, sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdeh həmin evi tərk etmədiyi halda o, əmlakları ilə birlikdə həmin evdən çıxarılmalıdır.

Məhkəmə xərcləri.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, bildirişin qeydə alınması üçün üçün ödənilmiş 41,42 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 manat məbləğində borc tutulmalı, tələb Cavabdeh1 mülkiyyətindəki mənzilə yönəldilməli, göstərilən əmlakın ilkin satış qiyməti 47.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan məbləğ hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 banka olan borcu ödənilməli, tələb Cavabdeh1 mülkiyyətindəki mənzilə yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və Cavabdeh1 həmin evi tərk etmədiyi halda o, əmlakları ilə brlikdə həmin evdən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada xx.xx.2016-cı il tarixli 3- xx-xx-2016-AF-GT nömrəli kredit müqaviləsi üzrə 43335 manat əsas borc, 6249,88 manat faiz borcu olmaqla, cəmi borcu 49584,88 (qırx doqquz min beş yüz səksən dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34 kv/m, yaşayış sahəsi 16.8 kv/m olan 1 otaqlı mənzilinə yönəldilsin. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 47.000 (qırx yeddi min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş mənzil açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 49584,88 (qırx doqquz min beş yüz səksən dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpotekaya qoyulmuş mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh1 həmin evi tərk etmədiyi halda o, əmlakları ilə birlikdə həmin evdən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat olmaqla, cəmi 71,82 (yetmiş bir manat səksən iki qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4ndən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar