Məhkəmə qərarları › İş №2(010)-836/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-836/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-836/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 3220.13 manat məbləğində kredit borcu, 504 manat məbləğində faiz borcu və 1130.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4854 (dörd min səkkiz yüz əlli dörd) manat 35 (otuz beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.01.2020-ci il tarixli 027L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2020-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1779.87 manat ödəmiş, onun 3220.13 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.12.2021-ci il tarixə 351 gün üçün hesablanmış faiz borcu 504 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 07.12.2021 -ci il tarixə 351 gün üçün hesablanmış cərimə 1130.22 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 027L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 21.01.2020-ci il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 027S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 16.01.2020-ci il tarixli, 027L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 027S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Fizulı qızı Cavabdeh1 16.01.2020-ci il tarixli, 027L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 027S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 16.01.2020-ci il tarixli, 027L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 07.12.2021-ci il tarixinə 3220.13 manat əsas, 504 manat faiz və 1130.22 manat cərimə borcu olmaqla ümumilikdə 4854.35 manat borcu vardır. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdehlərə borc məbləğinin qısa zamanda ödənməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə kredit məbləği verilmiş, müqavilənin təminatı kimi digər cavabdehlərlə zaminlik müqaviləsi imzalanmışdır. iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsinin müddəti bitmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. İddia tələbinin cərimə borcunun tələbi hissəsi ilə bağlı, məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1130.22 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 manata endirilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, 21.01.2020-ci il tarixli, 027R********** saylı kredit müqaviləsi 24 ay müddətinə bağlandığı üçün 21.01.2022-ci il tarixdə qeyd olunan kredit müqaviləsinin müddəti bitdiyinə görə həmin müqavilənin məhkəmə tərəfindən ləğv edilməsinə lüzum qalmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Məhkəmə hesab edir ki, ödənilmiş 68.54 manat məbləğində dövlət rüsumunun 58.24 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Albabayev Cavı̇ d Ağamusa oğlu, Albabayev Şəhrı̇ yar Cavı̇ d oğlu, Hüseyı̇ nov Zahı̇ d Valeh oğlu və Cavabdeh4 Fı̇ zuli qızından müştərək qaydada 3220.13 manat əsas borc, 504 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3824.13 manat pul və 58.24 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC-nin xeyrinə cavabdehlər Albabayev Cavı̇ d Ağamusa oğlu, Albabayev Şəhrı̇ yar Cavı̇ d oğlu, Hüseyı̇ nov Zahı̇ d Valeh oğlu və Cavabdeh4 Fı̇ zuli qızından müştərək qaydada 3220.13 manat əsas borc, 504 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3824.13 manat pul və 58.24 manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar