Məhkəmə qərarları › İş №2(010)-842/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-842/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-842/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" KB ASC) Cavabdeh qarşı “borc” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 118,12 manat əsas, 55,40 manat cərimə faizi, cəmi 173,52 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən ‘'Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab iizrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir". Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 118.12 manat əsas, 55.40 manat cərimə faizi, cəmi 173.52 manat texniki overdrafta yol vermişdir. Sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu gi'ınki günə cavabdehin iddiaçı qarşısında 173.52 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır.

İş materialları.

3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqaviləyə əsasən ‘'Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab açmağı və Hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.

4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehin "xxxx" KB ASC-yə 118,12 manat əsas, 55,40 manat cərimə borcu olmaqla, cəmi 173,52 manat borcu vardır.

5. xx.xx.2022-ci il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

7. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilənin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

10. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”. 1.83. Overdraft – Kart Hesabında olan pul vəsaiti Kartdan istifadə etməklə aparılan Əməliyyat(lar) üçün kifayət etmədikdə, həmin Əməliyyat(lar)ın icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin Müqavilə ilə razılaşdırdığı təqdirdə Bank tərəfindən ödənilməsidir. 1.98. Texniki (icazə verilməmiş) overdraft – Tərəflər arasında Overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart İstifadəçisi tərəfindən Kart vasitəsilə Kart Hesabında olan vəsaitdən artıq məbləğdə Əməliyyat(lar)ın aparılmasıdır. 5.10. Overdraft və ya Chargeback nəticəsində borc yarandıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) İş Günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. 5.11. Overdraft və ya Chargeback nəticəsində yaranmış borc Ümumi Şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank Müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. 5.12. Overdraft və ya Chargeback nəticəsində yaranmış borc və həmin borca hesablanmış faizlər Ümumi Şərtlərin 5.11-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, Bank borcun qalıq məbləğinə illik 36 (otuz altı) faiz dərəcə ilə dəbbə pulu hesablaya və Müştəridən tələb edə bilər. 5.13. Overdraft və ya Chargeback nəticəsində yaranmış borc məbləği və faizlər ödənilənə qədər Bank Kartı bloklaşdıra bilər və bununla əlaqədar Bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər beynəlxalq ödəniş sistemlərində tətbiq olunan Tariflərə uyğun olaraq Müştəri tərəfindən Banka ödənilməlidir.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdrafit nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 118,12 manat əsas, 55,40 manat cərimə borcu olmaqla, cəmi 173,52 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh kredit borcuna görə 118,12 manat əsas, 55,40 manat cərimə borcu olmaqla, cəmi 173,52 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh kredit borcuna görə 118,12 manat əsas, 55,40 manat cərimə borcu olmaqla, cəmi 173,52 (bir yüz yetmiş üç manat əlli iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar