Məhkəmə qərarları › İş №2(010)-864/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-864/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-864/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 622,31 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-5945/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin “Nizami” filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində “Kartmane debit kart” müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 5261********0832 saylı bank kartı verilmiş və AZ18RBTA**********6944-186028 saylı hesab açılmışdır. xx.xx.2023-cü il tarixində müştərinin hesabına terminaldan daxil olmuş 200 AZN və 11 AZN üç dəfə ardıcıl (200+200+200+11+11+11=633) yüklənmiş, eyni tarixdə vəsait 600 AZN və 33 AZN olmaqla istifadə edilmiş, nəticədə overdraft borcu yaranmışdır. Növbəti günlərdə isə müştərinin hesabında olan vəsait hesabına overdraft borcundan qismən silinmə olmuşdur. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə olan overdraft borcu 622,31 AZN təşkil edir. Bankın “Nizami” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2024cü il tarixli, xx-xx/26492 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh yaranmış borc məbləğini qaytarmayacağı bildirmiş və bu günədək banka məxsus olan 622,31 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Mülki Məcəllənin hazırki maddələrindən də göründüyü kimi, cavabdeh hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, Cavabdeh əsassız varlanma halı onunla sübut olunur ki, cavabdeh həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış, və çıxarmasından da əlavə onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Tərəflərin izahatları. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixində müştərinin hesabına terminaldan daxil olmuş 200 manat və 11 manat üç dəfə (200+200+200+11+11+11=633) yüklənmiş, eyni tarixdə vəsait 600 manat və 33 manat olmaqla istifadə edilmiş, nəticədə overdraft borcu yaranmışdır. Növbəti günlərdə isə müştərinin hesabında olan vəsait hesabına overdraft borcundan qismən silinmə olmuşdur. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə olan overdraft borcu 622,31 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair ərizədən görünür ki, Cavabdeh “Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə, həmçinin kartların istifadəsi ilə bağlı Bank tərəfindən müəyyən edilən Tariflərlə tanış olduğunu və onları qeyd-şərtsiz qəbul etdiyini təsdiq etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair Müqavilənin 1.1.17-ci maddəsi: Texniki (icazə verilməmiş) overdraft: Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklər. 8.5-ci maddəsinə əsasən müştəri Overdraft üzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 təqvim günü ərzində ödəməzsə, bu halda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Kartmane” xidməti üzrə Müqavilənin 1.1ci maddəsinə əsasən bu Müqavilənin predmetini Bank tərəfindən Müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın açılması, həmin hesabda Müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu Müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. İş materiallarında olan plastik kart əməliyyatları üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində kart hesabında müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kartmane xidməti üzrə müqaviləyə əsasən açılmış kart hesabı üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 iş günü müddətində ödənməyəcəyi təqdirdə həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında xx.xx.2021-ci il tarixində “Kartmane” xidməti üzrə Müqavilə bağlanmış, cavabdehə kart hesabı açılmış və onun əsasında kartmane kartı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində müştərinin hesabına terminaldan daxil olmuş 200 manat və 11 manat üç dəfə ardıcıl (200+200+200+11+11+11=633) yüklənmiş, eyni tarixdə vəsait 600 manat və 33 manat olmaqla istifadə edilmiş, nəticədə overdraft borcu yaranmışdır. Növbəti günlərdə müştərinin hesabında olan vəsait hesabına overdraft borcundan qismən silinmə olmuşdur. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmış və banka maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh “Kartmane” xidməti üzrə Müqaviləni imzalamaqla müqavilənin şərtləri ilə tanış olduğunu və qəbul etdiyini təsdiq etmişdir. Həmin şərtlərə əsasən, texniki (icazə verilməmiş) overdraft – akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklərdir. Bu zaman overdraft müştərinin hesabına terminaldan daxil olmuş 200 manat və 11 manat vəsaitin üç dəfə ardıcıl (200+200+200+11+11+11=633) yüklənməsi və vəsaitin 600 manat və 33 manat olmaqla istifadə edilməsi nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Texniki overdraftın baş verməsi halı iddiaçı-bank tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq edilir. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmışdır və iddiaçı-bank əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ona dəyilən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh sözügedən məbləği iddiaçı-banka qaytarmalı olduğu halda bunu etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 622,31 manat məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 622,31 manat məbləği, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar