Məhkəmə qərarları › İş №2(010)-865/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-865/2023

10.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-865/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı1 və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X8 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 1984-cü ildən və İddiaçı2 isə doğulduğu vaxtdan, yəni 1985-ci ildən hazırkı vaxtadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki: “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsi, ev 14 ünvanında yerləşən ev mərhum qaynatam İddiaçı2 Məmmədəli oğlunun adına, ünvan 2 ünvanında yerləşən ev isə qaynım X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və hal-hazırda onun mülkiyyətindədir. X3 xx.xx.1984-cü ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşam. 1984-cü ilin iyun ayından hal-hazırkı vaxtadək daimi olaraq Bakı şəhəri, ünvan 3 ünvanında yaşayıram. Lakin qeydiyyata alınan zaman texniki səhv olaraq şəxsiyyət vəsiqəmdəki ünvan 14A əvəzinə 14 kimi göstərilmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəmi dəyişmək istəyən zaman bu anlaşılmazlığın aradan qaldırılmasına cəhd göstərsəm də, mənə 14A saylı ünvanın mülkiyyətçisinin cavabdeh X13 olması, həmin şəxsin yazılı razılığı olmadan mənim 14A saylı ünvana qeydiyyata alınmağımın mümkünsüz olması bildirilmişdir. İddiaçılar olaraq biz, yəni X5 1984-cü ildən və İddiaçı2 isə doğulduğu vaxtdan yəni 1985-ci ildən hal-hazırkı vaxtadək Bakı şəhəri, ünvan 4 ünvanında yaşayırıq. Dəfələrlə cavabdehə müraciət edərək bizə ünvanın dəyişdirilməsinə köməklik göstərməsini xahiş etsəm də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

Cavabdehin əsl cavabdehlə əvəz edilməsi.

3. İddiaçıların istifadə hüququnun tanınmasını xahiş etdiyi evin mülkiyyətçisi dəyişdiyindən iddia ərizəsində cavabdeh kimi göstərilmiş X13 əsl Cavabdeh ilə əvəz edilmişdir.

İddia tələbinin dəqiqləşdirilməsi.

4. İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsində istifadə hüququnun tanınması tələb olunan yaşayış evinin yerləşdiyi küçənin “Məktəbli” deyil, “Məktəb” kimi nəzərə alınmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, o, 1984-cü ildə ünvan 5 ünvanına gəlin köçmüşdür və hazırda da həmin ünvanda yaşayır. Lakin yaşayış yeri üzrə qeydiyyatı həmin ünvanda yerləşən 14 nömrəli evədir. Halbuki həmin evdə qaynı yaşayır. Bir hissəsində ailə üzvləri ilə birlikdə yaşadığı 14A ünvanında yerləşən ev isə hazırda cavabdehin mülkiyyətindədir. Həmin ev iki hissədən ibarətdir və onların yaşadığı hissə - iki otaq, mətbəx, sanuzel hissələri ayrıdır. Həmçinin onların qaldıqları hissənin ayrıca həyəti, qapısı var. Həyət 1986-cı ildən bölünmüşdür. Bundan başqa, evlər də bölünmüş, ona iki otaq düşmüşdür. O da ona düşən hissədə yoldaşı və uşaqları ilə birlikdə yaşamışdır. Həmin vaxtdan bu günə qədər heç vaxt 14 ünvanında yerləşən evdə yaşamamışdır. Həmin ünvanda qayınanası yaşadığı dövrdə yalnız ona qulluq etmiş, özü isə həmişə ailəsi ilə birlikdə 14A ünvanında yaşamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək bildirmişdir ki, o, 1985-ci ildə doğulduğu gündən ünvan 5 ünvanında yaşamışdır. Yalnız 2007-ci ildə evləndikdən sonra 14 ünvanına köçmüş, 3-4 il orada yaşamışdır. Lakin artıq orada yaşamır və həmin hissə hazırda boşdur. Həmçinin həmin ev olduqca köhnə və yaşayış üçün yararsız evdir. Bundan başqa, həmin evə oğlunu qeydiyyata aldırması da mümkün olmamışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğulduğu vaxtdan yaşadığı evə istifadə hüququnun tanınmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, anadan olandan ünvan 5 ünvanında yerləşən evdə yaşayır. İddiaçı da ailəsi ilə birlikdə həmin evdə, lakin onlardan ayrı yaşayır. Belə ki, ev faktiki olaraq iki hissəyə bölünmüşdür və hər hissədə bir ailə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, ev 14 ünvanında yerləşən ev isə iddiaçının qayınatasının, onun isə babasının adınadır. İddiaçı da həmin ünvanda qeydiyyata alınmış, lakin orada yaşamamışdır. Digər İddiaçı2 isə doğulduğu vaxtdan 2008-ci ildə ailə qurana qədər 14A-da yaşamış, ailə qurduqdan sonra üç il 14 ünvanında qalmış, ailəsindən ayrılandan sonra yenidən 14A-ya qayıtmışdır və hazırda da orada yaşayır. İddiaçılar 14 A ünvanında yaşadıqları halda nəyə görə 14 ünvanında qeydiyyata alınmalarının səbəbini bilmir. Belə ki, o, 1995-ci ildə dünyaya gəlmişdir və gözünü açandan iddiaçının ailəsi ilə birlikdə 14 A ünvanında yaşadığını görmüşdür. Lakin 14 A ünvanında yerləşən ev onun mülkiyyətində olduğu üçün iddiaçıların həmin evə qeydiyyata alınmalarını istəmir. İddiaçı1 və uşaqları onun babasının evi olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, ev 14 ünvanda qeydiyyatdadırlar. Həmin ev iki hissəyə bölünmüşdür. Bir hissəsi Zəfər əmisinə verilmişdir və hazırda da ailəsi ilə birlikdə orada yaşayır, digər hissəsi isə vaxtilə iddiaçının mərhum əri Fizuliyə verilmiş, bir müddət İddiaçı2 həmin evdə yaşamışdır. Hazırda 14 nömrəli evin çıxarışı da İddiaçı2 Məmmədəli oğlunun adınadır. Qəbul edir ki, hazırda ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi ünvanında yerləşən 14A saylı fərdi yaşayış evinin bir hissəsində - iki otaq, bir eyvan, hamam və mətbəxdən ibarət hissədə iddiaçı və ailəsi yaşamışdır və hazırda da yaşayır. O, bundan sonra da iddiaçı və ailəsinin həmin evdə yaşamalarına etiraz etmir, sadəcə olaraq onların evə qeydiyyata alınmalarını istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, 14 saylı fərdi yaşayış evi X2 adına, ünvan 6 saylı fərdi yaşayış evi isə X6 adına qeydiyyata alınmış və mülkiyyətindədirlər.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında 0.013870 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 109.2 m2 olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

11. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 829 nömrə ilə qeyd edilmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən ünvan 7 ünvanda İddiaçı2 da qeydiyyatdadır.

İşin faktiki halları.

13. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 Məmmədəli oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

14. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi isə əvvəlcə - bu iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə X6 xüsusi mülkiyyətində olmuşdur. Sonradan evin mülkiyyətçisi dəyişmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bu səbəbdən cavabdeh X11 əsl Cavabdeh ilə əvəz edilmişdir.

15. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır.

16. İddiaçı1 1984-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 14 A ünvanına gəlin köçmüş, İddiaçı2 isə 1985-ci ildə həmin evdə doğulmuşdur. Hər iki iddiaçı hazırda da həmin evdə yaşayırlar.

Tətbiq edilən hüquq.

17. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı.

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

18. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür).

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, İddiaçı1 1984-cü ildən, digər İddiaçı2 isə doğulduğu 1985-ci ildən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İşin bu hallarını hər iki tərəf mübahisələndirmədən qəbul edir. Məhkəmə cavabdehin bunu qəbul etməsini tələbin əsasını təşkil edən faktın cavabdeh tərəfindən etiraf edilməsi kimi qiymətləndirir və bununla da iddiaçıların işin bu hallarını sübut etmək vəzifəsindən azad olduğu nəticəsinə gəlir. Ona görə ki, yuxarıda da (§19) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

21. Belə olan halda məhkəmə hesab edir ki, hər iki iddiaçının ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ var. Belə ki, onların bu hüququ həmin evdə yaşamağa başladıqları vaxt qüvvədə olan Mənzil Məcəlləsinə (§ 18) əsasən yaranmışdır. Belə ki, İddiaçı1 icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxs (gəlin) kimi, digər İddiaçı2 isə icarədarın ailə üzvünün köçürdüyü (həmin evdə doğulmuş) uşaq kimi ev üzərində istifadə hüququ əldə etmişdir.

22. Həmçinin nəzərə alınmalıdır ki, evin mülkiyyətçisinin sonradan dəyişməsi iddiaçıların evə olan istifadə hüququnun xitamına səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

23. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 bir müddət həmin evdə yox, başqa ünvanda yaşaması (işin bu halı da mübahisələndirilmir) onun həmin evdən istifadə hüququnu itirməsinə səbəb olmamışdır. Belə ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir (Azərbaycan SSR Mənzil Məcəlləsi, maddə 60).

24. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı2 başqa ünvanda yaşadığı vaxt onun mübahisəli evə istifadə hüququnu itirməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmadığı hazırkı halda, o, həmin evə istifadə hüququnu saxlamışdır.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər iki iddiaçının ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınmalıdır.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, İddiaçı1 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar