Məhkəmə qərarları › İş №2(010)-874/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-874/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-874/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 780 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-5955/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” barədə kiçik iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Kərimova Vəfa Əliyasin qızı az ağır bədən xəsarəti almışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh yolnəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Dadaşov X4 yolundaki “Araz marketin qarşısında hərəkət edərkən manevr qaydasını pozub, yolu keçən Kərimova Vəfa Əliyasin qızını vurmuş, nəticədə o, yüngül bədən xəsarəi almışdır. Sürücü avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. (Sürücülük hüququ xx.xx.2023-cü ildən 6 ay müddətinə məhdudlaşdırılmışdır.) İş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Toyota Prius” markalı, 90CY842 dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı, boz göy metallik rəngli, JTDKB20U677640295 ban nömrəli, 2007-ci il buraxılışlı, xetçbek tipli avtomobil X2 mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 dəqiqədə Kürdəxanı qəsəbəsində mülkiyyətçisi X3 olan “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən Kərimova Vəfa Əliyasin qızının bank hesabına 750 manat məbləğində ödəniş edilmişdir. PAA********** saylı xx.xx.2023-cü il tarixli X7 X1 Sahibinin Mülki Məsuliyyətinin İcbari Sığorta Müqaviləsinin X5 görünür ki, boz göy metallik rəngli, JTDKB20U677640295 ban nömrəli, 2007-ci il buraxılışlı, “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı, avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, AS-23/476 nömrəli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh 750 manat sığorta ödənişi ilə bağlı yaranmış borc barədə məlumat verilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2038/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;... Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... 25.1.3 icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.... 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yolnəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində Kərimova Vəfa Əliyasin qızı yüngül bədən xəsarəti almışdır. Hadisə baş verən zaman “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş, o, həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cavabdehin həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi icbari sığorta münasibətlərini tənzimləyən yuxarıda qeyd edilmiş normanın tələbi baxımından cavabdehə qarşı subroqasiya hüququnu yaradan əsasdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla bağlı qeyd edilir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Kərimova Vəfa Əliyasin qızı bədən xəsarəti aldığından və “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış şəxs – Kərimova Vəfa Əliyasin qızına sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh qeyd edilən yol nəqliyyat hadisəsində “Toyota Prius” markalı, 77CY842 dövlət qeydiyyat nişanlı atomobilin sürücüsü olmuş və hadisədə təqsirli bilinərək, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2038/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Nəticə etibarı ilə, "xxxx" ASC onun tərəfindən zərərə uğramış şəxsə ödənilmiş məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələb edilən məbləğlə bağlı iddiaçı tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və öz etirazlarını və onları əsaslandıran hallarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 750 manat sığorta ödənişi məbləği Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 750 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu, cəmi 780 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar