Məhkəmə qərarları › İş №2(010)-883/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-883/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-883/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşlarına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşlarına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı ərizə təqdim edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsini ilə 136 manat alimentin tutulması qət edilsə də, aliment məbləğindən imtina etdiyini və icra vərəqəsinə xitam verildiyini bildirmiş və buna görə də xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 193 manat sabit pul məbləğində ilkin alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını və ərizəsini müdafiə etdiyini bildirmişdir.

4. Məhkəmə prosesində Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun yalnız 100 manat məbləğində aliment ödəməyə imkanı çatır. Belə ki, hazırda onun birinci nikahdan da övladları var və onlara görə 300 manat aliment ödəyir. Həmçinin, işləmir və kirayələrdə qalır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın qismən təmin, yəni ondan 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7773/2017 nömrəli mülki iş üzrə qəbul etdiyi 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması, birgə nikahdan olan uşağın ananın yanında saxlanması və alimentin tutulması tələbi barədə” iddiası təmin edilərək, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabında 941 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X9 anası X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 136 manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir.

6. İcra sənədi üzrə tələbkar X6 tərəfindən Goranboy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, borclu Cavabdeh ilə barışdığı üçün tələbkar Ş.Qasımova icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir.

7. Goranboy rayon VVADQŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 574558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 87 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X5r.

8. Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 912390 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 271 № ilə qeyd edilmişdir. X2, anası X5r.

İşin faktiki halları.

9. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə nikahın bağlanması, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 doğulması, tərəflər arasında olan nikahın pozulması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. Uşaq Hüquqları haqqında Qanun.

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7773/2017 nömrəli mülki iş üzrə qəbul etdiyi 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 136 manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Lakin həm cavabdehin məhkəmə iclaslarındakı izahatından və təqdim etdiyi sənəddən, həm də iddiaçının ərizəsindən məlum oldu ki, məhkəmə tərəfindən alimentin tutulması qət edilməsinə baxmayaraq, tərəflər barışmış və birgə yaşamış, bu səbəbdən iddiaçı icra şöbəsinə müraciət edərək alimentdən imtina etmişdir. Göründüyü kimi tərəflər arasında alimentlə bağlı münasibətləri tənzimləyən icra vərəqəsinin icrasından imtina edildiyi üçün cavabdehdən heç bir aliment məbləği tutulmur və buna görə də iddiaçı haqlı olaraq ilkin alimentin tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sənədlərə münasibətdə bildirir ki, cavabdeh ilk nikahından olan uşağına görə aliment ödəməsini bildirsə də, həmin faktı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin uşağa aliment ödəməsi və ya onun rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu digər nikahından olan uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 11 yanvar 2023-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri.

21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

24. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 193x12=2316 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumu məbləği 43,16 manat təşkil edir.

25. Mediasiya orqanına iddiaçı tərəfindən 50 manat məbləğində pul ödənildiyi və həmin pul məhkəməyə ödənilməli olan dövlət rüsumunu əhatə etdiyi üçün Cavabdeh 50 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Cavabdeh 26 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti 11 yanvar 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar