Məhkəmə qərarları › İş №2(010)-900/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-900/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-900/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-carpayi, 2 ədəd tumba Verona, Alyans-dolab Verona, Alyans-termo Verona, «Uretan» markalı döşək üçün 831.1 manat ödənilməmiş hissə, 280.9 manat dəbbə, 28.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********83543 Xiaomi Redmi 8 markalı telefon, Xiaomi Mi band 4markalı qol saatı üçün 221 manat ödənilməmiş hissə, 78 manat dəbbə, ümumilikdə 1411 manat borcun və 34.11 manat dövlət rüsumunun Cavabdeh və Zamin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 23.04.2019-cu il tarixli və 28.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Alyans-carpayi, 2 ədəd tumba Verona, Alyans-dolab Verona, Alyans-termo Verona, «Uretan» markalı döşək və İMEi kodu **********83543 Xiaomi Redmi 8 markalı telefon, Xiaomi Mi band 4markalı qol saatı almış və nəticədə 1411 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2691 manat (23 ay x 117 manat +0 manat ilkin ödəniş) Alyans-carpayi, 2 ədəd tumba Verona, Alyans-dolab Verona, Alyans-termo Verona, «Uretan» markalı döşək üçün ümumilkdə 1112 manat olmaqla ondan, 831.1 manat ödənilməmiş hissə, 280.9 manat dəbbə, 28.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 523,8 manat (6 ay x 87,3 manat + 0 manat ilkin ödəniş) İMEi kodu **********83543 Xiaomi Redmi 8 markalı telefon, Xiaomi Mi band 4markalı qol saatı üçün ümumilikdə 299 manat olmaqla ondan, 221 manat ödənilməmiş hissə, 78 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin 23.04.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1692 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 167.9 manat, ümumilikdə 1859.9 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödənilən məbləğ 302.8 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 23.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 23.04.2019-cu il tarixli, 00627307 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 23 ay müddətinə hər ay 117 manat ödəniş olmaqla, qiyməti 2691 manat olan məişət avadanlığı satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında 28.05.2020-ci il tarixli, 20313895 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 6 ay müddətinə hər ay 87,3 manat nağd ödəniş olmaqla, qiyməti 523,8 manat olan telefon və qol saatı satmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş 23.04.2019-cu il tarixli, 00627307 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Zamin borcalan Cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ilə aralarında bağlanmış 23.04.2019-cu il tarixli və 28.05.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1052,1 manat ödənilməmiş məbləğ, 358,9 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Zamin Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ, Elçin Əliyev küçəsi 4, İnzibati Binada qeydiyyatdadır. İş materiallarında əlavə edilmiş əlavə edilmiş "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh və Zamin ünvanlanmış xəbərdarlıq məzmunundan görünür ki, Cavabdeh və Zamin mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 23.04.2019-cu il tarixli və 28.05.2020-ci il tarixli müqavilələrə əsasən məişət avadanlığı, telefon, qol saatı almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh və Zamin bağlanmış müqavilələr üzrə 831.10 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 280.90 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 150 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh qızından və Zamin birgə qaydada 23.04.2019-cu il tarixli müqavilə üzrə 831.10 manat ödənilməmiş məbləğ,150 manat dəbbə, Cavabdeh 28.05.2020-ci il tarixli müqavilə üzrə 221 manat ödənilməmiş məbləğ, 78 manat dəbbə və 34.11 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin birgə qaydada 23.04.2019-cu il tarixli müqavilə üzrə 831.10 manat ödənilməmiş məbləğ,150 manat dəbbə, cəmi 981.10 (doqquz yüz səksən bir manat, on qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Cavabdeh 28.05.2020-ci il tarixli müqavilə üzrə 221 manat ödənilməmiş məbləğ, 78 manat dəbbə pulu, cəmi 299 (iki yüz doxsan doqquz) manat və 34.11 (otuz dörd manat, on bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar