Məhkəmə qərarları › İş №2(010)-908/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-908/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-908/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dаir ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən borclulardan 12516.78 manat əsas borc və 2632.95 manat faiz borcu olmaqla, ümumilikdə 15149.73 manat borcun və Mərkəzi Bankın uçot dərəcəsini keçməməklə, illik 5% olmaqla hesablanmış 4132.63 manat və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4219/2016 nömrəli əmri ilə ərizə təmin edilmişdir.

3. Borclu Cavabdeh2 etirazı əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-4219/2016 nömrəli əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 106840-0342/14 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 28% dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, Bank və digər borclular - Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 106840-0342/14 nömrəli və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 106840-0342/14/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən xx.xx.2014 il tarixli, 106840-0342/14 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx.xx.2016 il tarixinə borclunun kredit müqaviləsi üzrə 12516.78 manat məbləğində əsas borcu və 2632.95 manat faiz borcu olmaqla, ümumilikdə 15149.73 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

İddianın dəyişdirilməsi.

5. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, həmin cavabdehlərdən 12216.78 manat əsas borc və 4936.19 manat faiz borcu olmaqla, cəmi 17152.97 manat borcun və Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə, illik 5% olmaqla hesablanmış 4132.63 manat faiz borcu və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, digər Cavabdeh3 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində Culfa şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 12 ünvanında yerləşən 5 saylı mənzil və “Mercedes 200” markalı, ** OF *** qeydiyyat nişanlı avtomobil mövcuddur. Cavabdehin vəfatından sonra vərəsəlik işi açılmasa da, onun oğulları Cavabdeh5 və Cavabdeh4 onun adına olan əmlaklardan faktiki istifadə edirlər. Odur ki, vərəsəlik işinin açılmaması və vərəsələrin vərəsəlik şəhadətnaməsinin almamasına baxmayaraq, Cavabdeh5 və Cavabdeh4 həmin əmlaklardan istifadə etməsi onların faktiki qəbul edilməsi və onların hüquqi varis olması kimi qiymətləndirilməlidir.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, bildirdi ki, mərhum Cavabdeh1 Binyətli oğlu bankla kredit müqaviləsi bağlayarkən özünə məxsus daşınar əşyaları girov qoymuşdur. Həmçinin onun ölümündən sonra vərəsələri olan digər cavabdehlərə miras əmlaklar qalmışdır. Odur ki, məhkəmədən borcun həmin miras əmlaklara yönəldilməsini xahiş etdi.

9. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh4 məhkəməyə ərizə verərək, iddianı qəbul etdiklərini bildirmişlər.

İş materialları.

10. İddiaçı ASC (Bank) və Cavabdeh1 Binyətli oğlu (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 106840/14 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank 36 ay müddətinə, illik faiz dərəcəsi 28%-dək olmaq şərtilə 14000 manat məbləğədək krediti Borcalana verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 28 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür.

11. İddiaçı ASC (Bank), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 106840-0342/14 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Zamin Borcalanın xx.xx.2014-cü il tarixli, 106840/14 nömrəli kredit müqaviləsi üzrə Bank qaşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birlikdə məsuliyyəti öz üzərinə götürür.

12. İddiaçı ASC (Bank), Cavabdeh1 (Borcalan) və Cavabdeh3 Şakir oğlu (Zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 106840-0342/14/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Zamin Borcalanın xx.xx.2014-cü il tarixli, 106840/14 nömrəli kredit müqaviləsi üzrə Bank qaşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birlikdə məsuliyyəti öz üzərinə götürür.

13. Ödəniş cədvəlindən görünür ki, 14000 manat məbləğində kreditin xx.xx.2014 – xx.xx.2017-ci il tarixləri arasında hər ay 579 manat (sonuncu ay 579.11 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

14. xx.xx.2014-cü il tarixli, TT14308HGLYM saylı kassa məxaric orderindən görünür ki, 4000 manat məbləğində kredit Cavabdeh1 verilmişdir.

15. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Borcalanın Banka 12216.78 manat əsas borc, 4936.19 manat faiz borcu, cəmi 17152.97 manat və Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 4132.63 manat faiz borcu olmaqla, cəmi 21285.6 manat borcu var.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4182 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 106840-0342/14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2017-ci il (müqavilə müddəti tarixinə) əsas borc üzrə 12908.7 manat, faiz borcu üzrə 8230.53 manat olmaqla, cəmi 21139.23 manat; xx.xx.2023-cü il (maliyyə arayışı tarixinə) borcu əsas borc üzrə 12908.7 manat, faiz borcu üzrə 8230.53 manat.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Mercedes Benz 200” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 6000 manat; ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin bazar qiyməti 34000 manat məbləğində qiymətləndirilmişdir.

İşin faktiki halları.

18. İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 28%-lə 14000 manat məbləğində kredit verməyi, Borcalan isə həmin krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür.

19. Bankla Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə Borcalanın üzərinə götürdüyü öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (Zamin) və Cavabdeh3 (Zamin) arasında xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.

20. Borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, zamin Cavabdeh3 isə xx.xx.2020ci il tarixdə vəfat etmişdir.

21. Cavabdeh5 və Cavabdeh4 mərhum Cavabdeh1 oğullarıdır.

22. Mərhumdan ünvan 2 ünvanında yerləşən mənzil və “Mercedes 200 minik” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

26. Məhkəmə, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

27. Belə ki, iddiaçı Bank mərhum Borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda (§ 24) istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

28. Vərəsələrin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, mərhum Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzil və “Mercedes 200 minik” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, miras qalmış mənzilin bazar qiyməti 28000 manat, avomobilin bazar qiyməti isə 6000 manat məbləğində qiymətləndirilmişdir. Yəni mərhumdan miras qalmış əmlakın dəyəri mərhumun iddiaçı Bank qarşısında olan borcunun məbləğindən çoxdur. Belə olan halda vərəsəcavabdehlər mərhum Cavabdeh1 iddiaçı Banka olan borcun tam həcminə görə mirasdan əldə etdikləri paylara mütənasib məsuliyyət daşımalıdır.

29. İşin hallarından görünür ki, mərhumun vərəsələri olan cavabdehlər iddianı qəbul etdiklərinə dair məhkəməyə ərizə verərək, iddianı etiraf etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə bu etirafların qanuna zidd olmadığını, eləcə də üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmadığını nəzərə alaraq, hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi təsdiq edilməlidir.

30. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı).

31. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mərhum Borcalanın iddiaçı Bank qarşısındakı yerinə yetirilməmiş öhdəlikləri, bu öhdəliklərin icrasına təminat olaraq zamin durmuş Cavabdeh2 və mərhumun vərəsələri olan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən mirasdakı paylarına mütənasib olaraq yerinə yetirilməlidir.

32. Cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən 12216.78 manat əsas borc, 4936.19 manat faiz borcu və 4132.63 manat faiz borcunun tutulmasını tələb etmişdir. İş materiallarında olan ekspert rəyindən isə görünür ki, iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən müvafiq kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi, həmçinin iddiaçı Bankın maliyyə arayışı verdiyi tarixə əsas borc 12908.7 manat, faiz borcu 8230.53 manat məbləğində müəyyən edilmişdir. Buradan görünür ki, iddiaçı Bankın cavabdehlərdən tələb etdiyi əsas və faiz borcunun məbləği ekspert tərəfindən müəyyən edilmiş müvafiq məbləğlərdən aşağıdır. Belə olan halda məhkəmə, iddia tələbindən kənara çıxmayaraq hesab edilir ki, cavabdehlərdən iddiaçı Bankın xeyrinə məhz iddia tələbində qeyd edilmiş məbləğlərdə əsas və faiz borcu tutulmalıdır. Eyni zamanda, gecikdirilmiş vaxt üçün illik 5%-lə cavabdehlərdən 4132.63 manat faiz borcu tutulmalıdır.

Məhkəmə xərcləri.

33. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə, ekspertiza xərci isə ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mərhum Cavabdeh1 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq və Cavabdeh2 12216.78 manat əsas borc, 4936.19 manat faiz borcu, 4132.63 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21285.6 manat məbləğində borc və müştərək qaydada 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməli, 100 manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 mərhum Cavabdeh1 miras qalmış əmlakdakı paylarına mütənasib olaraq və Cavabdeh2 12216.78 manat əsas borc, 4936.19 manat faiz borcu, 4132.63 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21285.6 manat (iyirmi bir min iki yüz səksən beş manat altmış qəpik) məbləğində borc və müştərək qaydada 20 (iki) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar