Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-908/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İş № 2(010)-5989/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ SURAXANİ RAYON MƏHKƏMƏSİ 22 aprel 2025-ci il Bakı şəhəri X2 Məmmədovun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyyəti olmaqla) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh küçə olmuş yolu hansı ki, qanunsuz zəbt etmiş həmin yolun açılması və onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2017-2018-ci ildə qonşuluqda ev inşa etdirib yaşamağa başlayan Cavabdeh əvvəl küçə olmuş onun evinin arxa tərəfində olan yolu zəbt etdikdən sonra onun evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazmış, elektrik xətti çəkmişdir. Yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsini hiss etmişlər. Həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu onun evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında onun pis qoxusundan nəfəs almaq belə mümkünsüz olmuşdur. Evlərinin arxa divarına bitişik gül-çiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olmuş, evllərinin divarında nəmişlik yaranmış, divarında qatlar yaranmış, Gülzar Fətəliyeva asma-bronxit xəstəliyi olmuşdur. Qaz və su sayğaclarını onun hasarına yerləşdirmiş, bu səbəbdən təmir işləri apara bilməmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən pozulmuş konstutsion hüquqlarının məhkəmə tərəfindən qanunvericilik əsasında bərpa edilərək, ona olan təzyiqlər və maneələr aradan qaldırılacaqdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, cavabdehin qeyd edilən əraziyə dair yolu olmamışdır. Cavabdeh alaqapının yerini dəyişib həmin yerdə kanalizasiya quyusu düzəltmiş, bu səbədən evində xoşagəlməz qoxular əmələ gəlmişdir. Cavabdeh tərəfindən çəkilən elektrik xətti həyatı üçün təhlükə yaratdığından 25000 manat məbləğində kompensasiya tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbində qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Elektrik xətti qanuni sənədləri ilə çəkilmişdir. İddia tələbində qeyd olunan yolun qanunsuz zəbt edilməsi ilə bağlı fikirlər əsassızdır. Üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyət məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Yerində müayinə
4. Məhkəmə tərkibi (Hakim Tural Məmmədov, iclas katibi X1) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış sahəsinə xx.xx.5025-ci il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə iddiaçının iddia tələbində qeyd etdiyi evinin arxa tərəfində olan güllərin cavabdeh tərəfindən götürüldüyü, eyni zamanda iddiaçının tələbində şikayət etdiyi elektrik xəttlərinin də olmadığı müəyyən edilmişdir. İddiaçının zəbt edildiyini bildirdiyi evinin arxa tərəfindəki yolun əslində cavabdehin həyəti olduğu müəyyən edilmişdir.
İş materialları
5. Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xdməti 4-cü ərazi X4 İdarəsinə ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış sahəsi ünvanda yaşayan İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-18-62/1-F-467/42 saylı məktub yerində araşdırılmışdır. Qeyd olunan ünvanda daş hasarın qonşuya aid olan hissədən sayğacdan çıxan kabel xətti çəkilmişdir. Sayğacdan çıxan xətti abonentə məxsusdur. Onun balansındadır. Qonşular arasında razılıqla həll olunmalıdır.
6. Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinin Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış sahəsi ünvanda yaşayan İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-18-62/1-F-467/42 saylı məktub yerində araşdırılmışdır. Qeyd olunan ünvanda daş hasarın qonşuya aid olan hissədən sayğacdan çıxan kabel xətti çəkilmişdir. Sayğacdan çıxan xətti abonentə məxsusdur. Onun balansındadır. Qonşular arasında razılıqla həll olunmalıdır.
İşin faktiki halları
7. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər qonşu həyətlərdə yaşayırlar. Nə iddiaçının, nə də cavabdehin torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı iddia edir ki, cavabdeh onun hasarına bitişik bitkilər yerləşdirib onları mütəmadi suladığına görə onun əmlakının divarları nəm çəkir, nəticədə ona ziyan dəyir. Eyni zamanda, cavabdeh elektrik kabellərini təhlükəsizlik qaydalarına riəyət etmədən çəkdiyinə görə onlara təhlükə yaranmşdır. Bundan başqa, cavabdeh onun evinə gedən yolu zəbt etmiş, nəticədə onun girişçıxışını məhdudlaşdırmışdır. Cavabdeh tərəf iddia ilə razı deyil.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı
Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia edir ki, cavabdeh onun hasarına bitişik bitkiləri mütəmadi suladığına görə onun əmlakının divarları nəm çəkir, nəticədə ona ziyan dəyir, eyni zamanda cavabdeh elektrik kabellərini təhlükəsizlik qaydalarına riəyət etmədən çəkdiyinə görə onlara təhlükə yaranmışdır və cavabdeh onun evinə gedən yolu zəbt etmiş, nəticədə onun giriş-çıxışını məhdudlaşdırmışdır. Mübahisənin yerində araşdırılması üçün tərəflərin yaşadıqları əraziyə məhkəmənin yerli baxışı keçirilmiş və müəyyən edilmişdir ki, tələbdə qeyd edilən halların heç biri mövcud deyildir. Belə ki, iddiaçının özünün də bildirdiyinə görə onun divarına bitişik olan bitkilər cavabdeh tərəfindən artıq bir müddətdir ki, yığışdırılıb, elektrik kabelləri də sökülüb. Yerli baxış zamanı cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçının yaşadığı evə ziyan dəyməsi, onun ləyaqətli şəkildə yaşamaq hüququnun məhdudlaşdırılması, eləcə də iddiaçıya digər formada maddi ziyan vurulması halları aşkar edilməmişdir. Bundan başqa, yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi dediyi yol əslində cavabdehin yaşadığı həyətdir və iddiaçının evinə giriş-çıxışa heç bir aidiyyatı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı tələb formal mülahizələrə əsaslanır və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
Məhkəmə xərcləri
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı müharibə veteranıdır.
Məhkəmənin gəldiyi nəticə
13. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməsin, İddiaçı Cavabdeh qarşı, zəbt edilmiş yolun açılması və əmlaka vurulmuş ziyanın tutulması tələbinə dair iddiası təmin edilməməlidir.
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı Cavabdeh qarşı, zəbt edilmiş yolun açılması və əmlaka vurulmuş ziyanın tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov