Məhkəmə qərarları › İş №2(103)-4690/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4690/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4690/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı ("xxxx" MMC və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı ("xxxx" MMC və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-29/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi, 2-ci dalanda 0,0015 ha torpaq sahəsi (dövlətin mülkiyyətində olmaqla istifadədədir) üzərində yerləşən və hər biri 12 kv.m. ölçüdə olan 7 və 152 saylı fərdi yaşayış evləri üzərində İddiaçı (bundan sonra iddiaçı) mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10-9253/2024 nömrəli ekspert rəyinə əsasən dəymiş zərərin kim tərəfindən vurulması və müddətinin müəyyən edilməsi məhkəmə tikintitexniki ekspertin səlahiyyətlərinə aid olmadığından “iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən kəsim sexinə və onun hasarlarına (2021-ci ilin oktyabr ayında) zərər dəymişdirmi?” sualı üzrə tədqiqat aparılmamışdır. X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən tikililər və hasar üzrə aparılmalı bərpa işlərinə sərf ediləcək materialların və işlərin həcminə dair smeta tərtib edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. "xxxx" MMC-nin MB 15/1484 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi ərazisində yerləşən yarımçıq tikilinin (kəsim sexinin) təmir-bərpa işlərinin bazar dəyəri yuvarlaşdırılaraq 87.200 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X7 əvvəlcə cavabdeh "xxxx" MMC-yə, sonradan cavabdehi əsl cavabdehlə əvəz olunması qaydasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən ona məxsus kəsim sexinin və onun hasarının sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 87.200 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 352 manat pulun cavabdehdən tutularaq ona verilməsini, onların orada hər hansı tikinti işlərinə edilmiş qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin iyul ayında ünvan 1 ünvanında Quşçuluq ferması üçün tikinti işlərinə başlamışdır. Hasarlama işləri təxmini sentyabr ayında bitmişdir. Artıq hasarın içində fermanı tikməyə başlayan zaman həmin ərazidə Socarın bir şirkəti olan “X11 adına X18 İdarəsi”nin əməkdaşları ona yaxınlaşaraq həmin ərazidə tikinti quraşdırma işlərini dayandırmaqlarını tələb etmişdir. Halbuki həmin ərazidə onun tərəfindən tikinti işləri aparılan zaman qeyd edilən şirkətin əməkdaşlarının tikintidən artıq uzun müddət idi ki, xəbərləri var idi. Həmin əməkdaşlardan hansı əsasa görə tikinti işlərini dayandırmaqlarını soruşduqda həmin ərazinin onlara məxsus olduğunu bildirmişlər. Bu barədə hər hansı DƏDRX-dən çıxarış və yaxud daşınmaz əmlak üzrə hüquqların onlara məxsus olması barədə sənəd təqdim etməyini bildirdikdə isə heç bir sənəd təqdim etməmişlər və tikintini davam etdirəcəyi təqdirdə sökəcəklərini bildirmişlər. Lakin o, həmin əməkdaşlara alğı-satqı müqavilələrini və DƏDRX-dən çıxarışı təqdim etmiş və hər hansı iddialarının olduğu təqdirdə bunu qanun çərçivəsində həll etməyə hazır olduqlarını bildirmişdir. 2021-ci ilin təqribi olaraq oktyabr ayının 22-də günorta radələrində cavabdeh idarənin 20 nəfərə yaxın mühafizəçiləri də daxil olmaqla qanunsuz olaraq onlara məxsus hasarı xüsusi dağıdıcı nəqliyyat vasitəsi ilə sökərək əraziyə daxil olmuş və onlar tərəfindən tikilmiş quşçuluq fermasının binasını dağıtmışlar. Hətta onların işçiləri tərəfindən dağıntının qarşısı alınmaq istənilsə də, buna məhəl qoymamışlar, çəkiliş edilməsinə də zor gücü ilə mane olmuşlar. Bütün bu dağıntı işləri isə 20 dəqiqə ərzində baş vermişdir. Daha sonra isə cavabdehin əməkdaşları həmin ərazidən uzaqlaşmışlar. Ərazidə olan qonşular tərəfindən edilmiş video çəkilişlər və fotoşəkillər də cavabdehin əməkdaşları tərəfindən evlərinə gedilərək hədə qorxu ilə silinmişdir. Söküntü edilən günün sabahı cavabdeh idarəyə getmiş, lakin orada onu qəbul etməkdən imtina etmişlər. Cavabdeh idarənin qanunsuz əməlləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən cavabdeh idarə tərəfindən onlara vurulmuş ziyanın məbləği 87.200 manat təşkil edir. Ziyanın təfsilatı rəydə qeyd olunmuşdur. Bundan başqa cavabdeh idarənin özbaşına hərəkətləri nəticəsində onların biznes fəaliyyətlərinə də ziyan dəymişdir. Belə ki, həmin tikili quşçuluq ferması kimi nəzərdə tutulmuşdur və oradan ölkə üzrə quş ətinə olan tələbatların müəyyən hissəsi qarşılanacaq və onlar da bunun sayəsində gəlir də əldə edəcəkdir. O, iddiaçının mülkiyyətinə ziyan vurmaqla konstitusion norma olan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.

4. Bundan sonra iddiaçının vəsatətinə əsasən ("xxxx" MMC və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişdilər.

5. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində hadisənin vaxtı qeyri-müəyyəndir. Mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən fermanın tikintisi üçün müvafiq icazənin alınmasına dair heç bir sübut əlavə edilməmişdir. Ümumiyyətlə iş materiallarında söküntü işlərinin “X11” adına NQÇİ-nin əməkdaşları tərəfindən edilməsinə dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa, iş materiallarında olan söküntüyə dair şəkillərin iddia edilən yerlə eynilik təşkil etdiyi müəyyən edilmir. Bunu yalnız ekspertiza müəyyən edə bilərdi ki, bu da iddiaçı tərəfindən təyin edilmiş ekspertiza zamanı iddiaçı tərərindən söküntüyə baxışın keçirilməsi təşkil edilməmiş, nə də ki məhkəmə tərəfindən yerli baxış keçirilməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-29/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 87.200 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 352 manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim X8).

7. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı iddia tələbini məhkəməyə təqdim etdiyi sənədlər, mütəxəssis rəyi və şahid ifadəsi ilə təsdiq etmişdir. Lakin cavabdeh tərəf yalnız məhkəmə iclasında iddia ərizəsində etiraz etməklə kifayətlənmişdir. Yəni məhkəmə gedişindən də göründüyü kimi, cavabdeh etirazlarını təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizası üzrə tədqiqat aparılması mümkün olmadığından ekspert tədqiqatın aparılmasından imtina etmişdir. Bu səbəbdən məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmiş və iddiaçıya dəymiş maddi zərərin 87.200 manat həcmində müəyyənləşdirilməsi qənaətinə gəlmişdir.

8. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul vəsaiti də cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-1097-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 62-ci, 77.1-ci, 80-ci, 88-ci, 119.1-ci, 217-218-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə iş materiallarında söküntü işlərinin “X11” adına NQÇİ-nin və ya “Azneft” İB-nin əməkdaşları tərəfindən edilməsinə dair heç bir sübut əlavə edilməmiş, məhkəmə tərəfindən də bununla bağlı heç bir araşdırma aparılmamışdır. Bundan əlavə, şahid ifadəsi də işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını müəyyən edən sübutlardandır. Bilindiyi kimi sübutlar, vəsatətlər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin, iddiaçı tərəf vəsatəti yalnız cavabdeh tərəfin iddiaya etirazı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yükləndikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəmə baxışı iclası günü elektron məhkəmə sisteminə yükləmişdir. Hazırki iş üzrə 11 məhkəmə hazırlıq iclası keçirilmiş, lakin iddiaçı tərəfin “bir başa tikintidə iştirak etmiş, işin hallarını bildiyi” şahidin məhkəmədə ifadə verməsinin zəruri olmasına dair heç bir vəsatət verilməmişdir. İddiaçı tərəf vəsatətində şahidi uzun müddətdir tapa bilmədiyini qeyd etsə də, bunun həqiqətə uyğun olması ağlabatan deyil, həmçinin vəsatətdə qeyd edildiyi kimi şahidin tapıla bilməməsi vəsatətin verilməməsinə maneə də deyildir. Lakin, iddiaçı tərəf şahidin şəxsiyyət vəsiqəsinin onda olmasına baxmayaraq vəsatətdə iddiaçının yaşadığı yeri göstərməmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının da nümayəndəsi bildirmişdir ki, iş üzrə təqdim edilmiş sübutlardan başqa sübut və əlavələri yoxdur, məhkəmə baxışı iclasının təyin edilməsinə razıdır. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. İştirak etdiyi məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi, 2-ci dalanda 0,0015 ha torpaq sahəsi (dövlətin mülkiyyətində olmaqla istifadədədir) üzərində yerləşən və hər biri 12 kv.m. ölçüdə olan 7 və 152 saylı fərdi yaşayış evləri üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin yerdə tikinti işləri apardığını, lakin hər hansı bir əsas olmadan, özbaşına və güc tətbiq etməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) bir qurumu olan X11 adına X18 İdarəsinin əməkdaşları tərəfindən həmin tikintinin söküldüyünü və onların təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) bu əməlləri (hərəkətləri) nəticəsində ona maddi zərərin vurulduğunu, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinadən vurulmuş maddi zərərin 87.200 manat təşkil etdiyini iddia edir və bu məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Qeyd edilən idarənin onun tabeliyində olduğunu və artıq ləğv edildiyini, həmin idarənin, habelə Birliyin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində və istifadəsində olan sahədə hər hansı söküntü işlərinin aparılmadığını, bu halı təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən təqdim edilmədiyini bildirir və iddianın rədd edilməsini tələb edir.

23. X11 adına X18 İdarəsi hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Cavabdeh tabeliyində fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçının mülkiyyətində olan tikilinin yerləşdiyi sahə kontrakt sahəsi olmaqla onun istifadəsində olmuşdur. Bu sahənin hazırda Cavabdeh istifadəsində olması, habelə ləğv edildikdən sonra idarənin öhdəlikləri üçün cavabdehliyi Birlik deyil, hər hansı başqa qurumun daşıması cavabdeh tərəfindən mübahisələndirilmir.

24. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

25. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

27. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

28. Məhkəmə onu da qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

29. Bununla belə yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı irəli sürdüyü iddiaya uyğun olaraq məhz cavabdehin təqsirli, qanunazidd hərəkətləri nəticəsində ona 87.200 manat məbləğində zərərin vurulmasını sübut etməli idi. Lakin iddiaçı bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

30. Belə ki, iddiaçı ona məxsus tikililərin cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə, 20 nəfərə yaxın mühafizəçinin də iştirakı ilə 20 dəqiqə ərzində dağıdıcı nəqliyyat vasitələri cəlb edilməklə söküldüyünü bildirir, lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilmir.

31. İddiaçı bu hadisənin baş verməsinin təsdiqi kimi qonşular tərəfindən video görüntülərin qeydə alındığını və fotoşəkillərin çəkildiyini bildirsə də, sonradan cavabdehin əməkdaşlarının müdaxiləsi nəticəsində bu sübutların məhv edildiyini (onların təzyiqi və təsiri altında silindiyini) bildirmişdir. Lakin cavabdehin əməkdaşlarının belə bir davranışa yol verdiyi, habelə ən azı hadisə baş verən zaman cavabdehin həmin ərazidə yaşayan şəxsləri qorxu altında saxladığı müəyyən edilmir. Hər bir halda həmin vaxt cavabdehin əməkdaşlarının qeyd edilən sahədə özbaşnalıqla məşğul olması və iddiaçının mülkiyyətinə qanunsuz olaraq daxil olmaqla ona məxsus tikililərə qəsd etməsi ilə yanaşı həmin ərazidə yaşayan digər şəxslərin də iddia edilən qaydada hüquqlarının kütləvi şəkildə pozulması qənaətinə gəlmək üçün mötəbər sübutlara söykənən ciddi əsaslar olmalıdır, yalnız iddiaçının sözləri heç bir halda bu qənaətin formalaşması üçün əsas ola bilməz.

32. Hər bir halda, hadisəni əks etdirən videogörüntüləri və fotoşəkilləri qeyd edilən səbəblərdən saxlamaq və hazırda təqdim etmək mümkün olmasa da, bu sübutları vaxtı ilə əldə etmiş, habelə tikintiyə cəlb edilmiş şəxslərin şahid qismində məhkəmə iclasında iştirakının təmin edilməsini qeyri-mümkün edən hər hansı halın olduğu müəyyən edilmir. Buna baxmayaraq, iddiaçı bu hadisələrin şahidi olan bir nəfər şəxsin belə məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir.

33. Onun təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində iştirak edərək, ifadə vermiş X9 hadisənin iddiaçı tərəfindən iddia edilən 22 oktyabr tarixində deyil, 20 oktyabr tarixində baş verdiyini, lakin hadisə zamanı həmin ərazidə olmadığını, işçilərinin orada olduğunu söyləmişdir. Lakin birinci instansiya məhkəməsindəki icraat zamanı xeyli sayda məhkəmə iclası keçirilməsinə baxmayaraq, iddiaçı tərəf hər hansı digər, o cümlədən bilavasitə tikinti işlərinə cəlb edilmiş və hadisə zamanı orada olan şəxsin şahid qismində iştirakını təmin edə bilməmişdir. Nəticə etibarı ilə söz olaraq qeyri müəyyən dairədə xeyli sayda şəxsə istinad etsə də iddiaçı məhkəməyə yalnız hadisə zamanı orada olmayan və fərqli hadisə gününə istinad edən şahid təqdim edə bilmişdir.

34. Mülkiyyətində, habelə istifadə və sahibliyində olan əmlaka qəsd edilməsinə baxmayaraq, bununla bağlı iddiaçı tərəfin təxirəsalınmaz tədbirlər görməsi, o cümlədən ona qarşı yol verilmiş özbaşnalıq və qanunsuzluqlar barədə hüquq mühafizə orqanlarına müraciət etməsi də müəyyən edilmir. Hazırki iddianın özü belə hadisədən 1 ildən artıq müddət keçdikdən sonra qaldırılmışdır.

35. İddiaçı cavabdehin qabaqlayıcı tədbir kimi hadisədən sonra polis orqanlarına müraciət etməsini də bildirmiş, lakin bununla bağlı da hər hansı sübut təqdim edilməmişdir. Halbuki, mülkiyyətinə qəsd olunmuş və nəticədə yüksək məbləğdə maddi zərərlə üzləşmiş şəxs olaraq iddiaçının hadisəyə hüquqi qiymət verilməsi (cinayət işinin başlanması) üçün hüquq mühafizə orqanlarına, habelə məsələyə aydınlıq gətirilməsi üçün idarənin özünə müraciət etməsini qeyri-mümkün edən və ya çətinləşdirən halın nədən ibarət olması aydın deyil. Ən azı cavabdehin müraciəti əsasında (həqiqətən də belə bir hal olmuşdursa) Bakı şəhəri Xəzər rayon Polis idarəsinə çağırılan zaman iddiaçı tərəf bu barədə məlumat verə bilərdi.

36. Qeyd olunanlar nəinki cavabdehin təqsirli, qanunazidd əməlləri (hərəkətləri) nəticəsində iddiaçıya məxsus əmlaka hər hansı məbləğdə zərərin vurulmasını, ümumiyyətlə cavabdehin əməkdaşlarının dolayısı ilə bu məsələyə aidiyyətinin olmasını istisna edir (belə olan halda, mövcud vəziyyətdə zərərin özünün iddiaçının iradəsinə zidd olaraq, kənar müdaxilə nəticəsində vurulmasının yalnız ehtimal edilməsi mümkündür). Başqa sözlə, məhz cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya məxsus əmlaka hər hansı məbləğdə maddi zərərin vurulması öz təsdiqini tapmır. Belə olan halda, iddiaçının təqdim etdiyi mütəxəssis rəyinə hüquqi qiymətin verilməsinə də hər hansı zərurət qalmır. Eyni zamanda, cavabdehin iddiaçı tərəfindən aparılan hər hansı tikinti işlərinə müdaxilə edilməsi və ya maneənin yaradılması da müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmadığından iddianın rədd edilməsi qənaətinə gəlir.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-29/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı X5 aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar