Məhkəmə qərarları › İş №2(010)-916/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-916/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-916/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması və X2 xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 400 manat miqdarında alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda onun maddi vəziyyəti ağırdır və uşağın saxlanılmasını lazımi səviyyədə təmin edə bilmir. Cavabdehin verdiyi aliment uşağın saxlanılması üçün kifayət etmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, tutulan alimentin miqdarının artırılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qismən qəbul edərək, tələb edilən aliment məbləğinin onun maddi vəziyyətinə uyğun olmadığını, lakin uşağının saxlanılmasında əlindən gəlni edəcəyini, lakin hazırda 170 manat məbləğində aliment ödəməyə imkanının olduğunu bildirdi və bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli, 2(010)- 4355/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 xx.xx.2004-cü il təvəlüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 154 manat vəsait yetərli sayıla bilməz. Bu baxımdan məhkəmə alimentin artırılması tələbini əsaslı hesab edir. Məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi 400 manat həddində artırılmasını ədalətli və qanunauyğun hesab etmir. Belə ki, iddiaçı tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağı saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini də qəbuledilən hesab etmir. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 175 manat həddində müəyyən edilməsini məqsədə və qanunamüvafiq hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4355/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 xx.xx.2004-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh X2 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar