Məhkəmə qərarları › İş №2(010)-93/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-93/2025

16.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-93/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa etdiyi evin divarının iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi evinin divarı ilə paralel tikildiyi evin divarının tikinti və şəhərsalma normalarına uyğun olaraq buradan sökülüb götürülməsi, evində nəmişlik yaratması ilə əlaqədar təmir-bərpa işlərinin aparılması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi və ya öz hesabına iddiaçının evinin tam təmir etməsi və əvvəlki vəziyyətinə qaytarılması. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, öz ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi həyət evində məkunlaşmışdır. Evin kommunal xidmətləri - qaz, işıq, su iddiaçının adınadır. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh iddiaçının qonşusudur, qeyd olunan ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi həyət evi inşa edərkən evlər arasında ara məsafəsi saxlamamış, nəticədə iddiaçının evinin divarlarında nəmişlik yaranmasına səbəb olmuş və yaşayış sahəsindən istifadəsinə maneçiliklər yaratmışdır. Bununla bağlı cavabdehlə iddiaçı aralarında danışıqlar aparsalar da bunun heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur, iddiaçının divarına yaxın tikdiyi ev buradan sökülüb götürülməli, maddi ziyanla bağlı evinin təmir olunması və əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, öz ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi həyət evində məskunlaşmışdır. Evin kommunal xidmətləri - qaz, işıq, su öz adınadır. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh onun qonşusudur, qeyd olunan ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi həyət evi inşa edərkən evlər arasında ara məsafəsi saxlamamış, nəticədə onun evinin divarlarında nəmişlik yaranmasına səbəb olmuş və yaşayış sahəsindən istifadəsinə maneçiliklər yaratmışdır. Bununla bağlı cavbdehlə aralarında danışıqlar aparılsa da bunun heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur, iddiaçının divarına yaxın tikdiyi ev buradan sökülüb götürülməli, maddi ziyanla bağlı evinin təmir olunması və əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Özünə məxsus evin divar kağızları tamamilə tökülüb. Cavabdeh onun istifadəsində olan evin damından evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı töküb, bu səbəbdən su novu normal işləməyib, ona görə də ona məxsus evin divarını nəm çəkib. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qonşusudur. O, evi alanda həm özünün, həm də iddiaçının evi tikilidi. İddaçının özünün hasarına öz evinin 1-ci mərtəbəsinin hamamı söykənir. Ordan da nəm keçə bilər ona. İddiaçının özünə aid su novunda problem vardı, bu onun da evinə ziyan vururdu. Sonra o problem aradan qaldırıldı. Evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyi ilə razıdır. Ekspertizanın rəyində də qeyd olunub ki, su izləri aşkar olunmayıb. İş materialları 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Pensiya» altsisteminə əsasən Nazirliyin tabeliyində X7 Fondundan əlilliyə görə 363,86 manat əmək pensiyası alır. Bakı şəhəri Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Masis rayonunda anadan olmuş xx.xx.1960-cı il təvəllüdlü X1 qəsəbəsi, Deputat küçəsi, 53 «F» saylı evdə qeydiyyatdadır. RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İsmayılzadə Ellada Əlibala qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 53F ünvanında yerləşən evin texniki pasportu X2 adına xx.xx.2017-ci ildə tərtib edilmişdir. RX seriyalı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, 53F ünvanında yerləşən fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3892 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********66-10301 nömrəli çıxarış və texniki pasporta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində yerləşən ümumi sahəsi 102.0 kv. metr olan 53F saylı fərdi yaşayış evi və 0.01 ha torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olduğu qeyd olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən edilir. Mülki iş materiallarında İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 53 saylı evə dair hər hansı hüquqmüəyyənedici və texniki pasport olmadığı və baxış zamanı hər hansı sənəd təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilir. İddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edildi. İddiaçının istifadəsində olan fərdi yaşayış evinin divarlarının fasad hissəsində və eləcə də daxili otaqlarının bəzi hissələrində yaranmış çatlar su sızma əlamətlərinə xarakterli deyil. Yaranmış çatlar evin bünövrəsinin və yük daşıyan divarların norma və qaydalara (tikinti texnologiyasına) uyğun riayət olunmaması, seysmik hadisələrdən (zəlzələ) və s. səbəblərdən yarana bilər. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2026 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1 bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0.3 hissəsi qədər olmasının göstərildiyi, lakin faktiki olaraq isə iş üzrə tərəflərə məxsus 53 və 53F saylı fərdi yaşayış evlərinin sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, hər iki fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69 saylı maddəsinin, 69.52-1 bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edildi. Bu səbəbdən də beşinci, səkkizinci, on birinci və on üçüncü suallar üzrə tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Suallarda göstərilən məsələlərlə bağlı qeyd olunur ki, navalçaların quraşdırılması tikinti norma və qaydaları ilə tənzimlənmir. Bu səbəbdən də suallar üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 53 fərdi həyət evi İddiaçı faktiki istifadəsindədir və o, həmin ünvanda yaşayır. ünvan 3 cavabdeh X2 xüsusi mülkiyyətindədir və cavabdeh hazırda həmin fərdi yaşayış evində yaşayır. Hazırda İddiaçı iddia tələbi ondan ibarətdir ki, cavabdeh Fezulla Rəhimovun xüsusi mülkiyyətində olan ünvan 3inin divarı iddiaçının faktiki istifadəsində olan fərdi həyət evinin divarına nəmişlik yaratdığından, iddiaçı ilə cavabdehin evinin arasında yerləşən cavabdehə məxsus divar sökülsün və təmir bərpa xərcləri üçün 5000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Məhkəmə müəyyən edir ki, artıq 2017-ci ildə cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi hazırda mövcud olan texniki göstəricilərlə mövcud olmuş, cavabdeh həmin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. İddiaçı da orada yaşadığından bütün bunların şahidi olmuşdur. İddiaçı iddiasını cavabdehin iddiaçının istifadəsində olan evin damından həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin iş üzrə verilmiş ekspert rəylərinə və digər iş materiallarına qiymət verməklə müəyyən edir ki, iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində irəli sürdüyü hallar sübuta yetirilə bilmədiyindən iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən iş üzrə keçirilmiş ekspertizaların tədqiqatının ümumi dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh X3 qarşı “qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza tədqiqatinın dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar