Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-939/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2018-ci tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı və soyadlı övladları anadan olmuşdur. Onu da qeyd edir ki, cavabdeh ilə nikahları Suraxanı rayon məhkəməsinin 2(010)- 2929/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh uşaqların saxlanmasında və onların təminatlarının ödənilməsində çətinlik çəkməyinə baxmayaraq ona heç bir köməklik göstərmir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sonuncu dəfə 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə aliment təyin edilmişdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir və aliment məbləğinin 220 manata artırılmasına razıdır və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Eyni zamanda bildirdi ki, açıq ürək əməliyyatı keçirmişdir və bu səbəbdən hazırda işləmir. İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 30 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 17 may 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 154 manat aliment tutulması qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-526/2022 saylı, 14 fevral 2022ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş 30 oktyabr 2012-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalması qət edilmişdir.
7. AZ-İ seriyalı, 463873 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xitam verilmişdir.
İşin faktiki halları
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan 30 oktyabr 2012-ci il təvəllüdlü X2 adlı övadları anadan olmuşdur. Daha sonra, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulan uşağının ananın yanında qalması müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında olan nikah pozulmazdan əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 17 may 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 154 manat aliment tutulması qət edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf isə məhkəməyə ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
11. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulan 30 oktyabr 2012-ci il təvəllüdlü X2 anasının himayəsindədir. İddiaçının himayəsində saxlanılan 30 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və 2018-ci ildə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir və iddiaçı da öz tələbinin əsası kimi elə həmin il üçün müəyyən edilmiş yaşayış minimumuna əsaslanır. İddia tələbi ilə bağlı məhkəmə onu da qeyd edir ki, cavabdeh hazırki iddia tələbi ilə razı olduğunu bildirmişdir. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Əlahəddı̇ n oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı̇ qızına ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov