Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-946/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun məzlun vəziyyətini nəzərə alıb, Cavabdeh 20 min manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həm Sovet dövründə, həmçinin müstəqil Azərbaycan dövləti dövründə layiqli vəzifələrdə çalışmışdlr. Ona dövlət tərəfindən Nabran istirahət zonasından fərdi 600 kv.m. torpaq sahəsi 2012-ci ildə verilmişdir. O, qəflətən onkologiya xəstəliyinə düçar olmuş və 2 dəfə ağır əməliyyat olunmuşdur. İqtisadi və mənəvi cəhətdən vəziyyəti çox ağır olduğuna görə tibbi dərmanları almağa ehtiyacı olduğu üçün oğlu Rəşada torpağı satmağı məsləhət görmüşdür. Oğlu Suraxanı rayon sakini Cavabdeh vasitəçi kimi onunla tanış etmişdir. O, torpağını Xaçmaz rayon notariusunda 09.04.2014-cü il tarixdə ona vermişdir. Cavabdeh onun 30 min manat dəyərində torpağını Bakıda «AtraBank»a qoyub, oradan 20 min manat pul almış və ona bir manat da olsun pul verməmişdir. İddiaçı 03.02.2021, 26.02.2021, 29.04.2021-ci il tarixlərdə məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış ciddi ağrı ilə əlaqədar olaraq 30.04.2021-ci il tarixdə keçirilən prosesdə iştirak edə bilməyəcəyini və məhkəmənin təyin olunmasının başqa günə təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.04.2014cü il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 08.04.2014-cü il tarixdə Verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Elektron notariat bazasının 09.04.2014-cü il tarixli məlumatına əsasən ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Hazırkı işdə iddiaçı bağışlama müqaviləsi bağlamaqla, öz iddia etdiyi əmlakı barədə hələ 2014-cü ildə sərəncam verib, onu özgəninkiləşdirib. Qeyd edilən Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki,müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Əvəzsiz əqdlərdə isə, tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Düzdür, bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Yuxarıda qeyd edilənlər bağışlama müqaviləsini əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutan digər müqavilələrdən, xüsusilə alqı-satqı müqaviləsindən fərqləndirir. İddia ərizəsindən belə görünür ki, iddiaçı həmin əmlakı əvəzini pulla ödənilmək şərti ilə cavabdehə verib. Lakin, iş materiallarına əlavə edilmiş bağışlama müqaviləsi bunun əksini təsdiq edir. Həmin müqavilənin qüvvədə olduğu halda, yəni, iddiaçı onun başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını sübut edib, məhkəmə qaydasında etibarsız hesab edilməsinə nail olmadan, hazırkı iddianın təmin olunması mümkün deyil. Odur ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-946/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-946/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver