Məhkəmə qərarları › İş №2(010)-949/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-949/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-949/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1103,91 manat əsas, 114,09 manat faiz və 247.47 manat məbləğində cərimə borcu olmaqla cəmi 1465,47 manat və 34,66 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin iş № 2(010)-949/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərardadı ilə, ddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 16.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh 103,91 manat əsas, 114,09 manat faiz və 247.47 manat məbləğində cərimə borcu olmaqla cəmi 1465,47 manat məbləğində pulun tutulması barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alımışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 16.08.2018-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6200 (altı min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16.04.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5096.09 manat ödəniş etmiş və onun iddiaçıya 1103.91 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 16.12.2021-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 114.09 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 16.12.2021 -ci il tarixə 244 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 247.47 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, "borcun tutulması” tələbi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə "borcun tutulması” tələbi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.08.2018-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh– “Müştəri” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 2.0833% ödəmək şərtilə 6200 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 05 mart 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 16.08.2018-ci iİ tarixli kredit 001A********** saylı kredit müqaviləsinə əsasən 16.08.2021-ci il tarixinə 1103.91 manat əsas, 46.56 manat faiz,126.38 manat cərimə olmaqla, cəmi 1273.85 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 16.08.2018-ci iİ tarixli 001A********** saylı Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Bununla belə məhkəmə iddianın qismən əsaslı hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin hallarından göründüyü kimi sözügedən kredit müqaviləsi 16 avqust 2018-ci il tarixdə 36 ay müddətinə bağlanılmış və 16 avqust 2021-ci il tarixdən etibarən artıq tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitmişdir. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə verilən izaha görə müqavilə müddəti qurtardıqdan sonra faizlərin hesablanması dayandırılmalı idi və həmin müqavilə ilə müəyyən edilmiş 16 avqust 2021-ci il tarix cavabdehin ödəməli olduğu məbləğ və etməli olduğu digər hərəkətlər onun qeyd olunan kredit müqaviləsi üzrə yekun mülki məsuliyyətinin həddidir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim olunmuş 05 mart 2022-ci il tarixli maliyyə arayışına görə kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti kimi müəyyən edilmiş 16 avqust 2021-ci il tarixə 001A********** saylı kredit müqaviləsi üzrə bank qarşısında yerinə yetirilməmiş öhdəlik 1103,91 manat əsas borc, 43,56 manat faiz borcu manat təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 20 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehdən 1103.91 manat məbləğində kredit borcu, 43.56 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu, cəmi 1167.47 manat məbləğində borc tutulmalı, qalan hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 34.66 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1103.91 manat əsas, 43.56 manat faiz, 20 cərimə cəmi 1167.47 manat məbləğində borc və 34.66 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar