Məhkəmə qərarları › İş №2(010)-97/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-97/2023

14.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-97/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi Nümayəndə və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “maneələrin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin üzərinə İddiaçı3 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 95-ci küçə, ev 375, İddiaçı2 mülkiyyətində olan ünvan 2, İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 96-cı küçə, ev 396-dan istifadə edilməsinə qəsd edilən hərəkətlərə, yəni torpaq sahəsinin qarşısına gil tökülməsinə son qoyulması, müvafiq fəaliyyəti dayandırmaq vəzifəsinin qoyulması, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin qarşısına tökülmüş gilin təmizlənməsinin cavabdehin üzərinə qoyulmasın barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki: "Bakı şəhəri, ünvan 3 İddiaçı3, ünvan 2 İddiaçı2, Bakı şəhəri, ünvan 1 İddiaçı1 mülkiyyətindədir və bu barədə ƏMDK tərəfindən verilmiş çıxarışlarımız vardır. Bizim mülkiyyətimizdən istifadə etməyimizə cavabdeh “X14 Kompani S.A” şirkəti tərəfindən süni maneələr yaradılır. Belə ki, torpaq sahəmizin qarşısı cavabdehin istifadəsində olan açıq ərazidir, həmin ərazidə olan neft tullantılarının üstünü örtmək məqsədilə şirkət tərəfindən oraya gil tökülərək toz-torpaq olması üçün şərait yaradılmışdır, həmin toz-torpaq evlərimizə, həyətlərimizə dolaraq, bizim normal yaşamağımıza, həyətimizdə bitki, ağac əkməyimizə, yaşıllıq salmağımıza, təmiz hava ilə nəfəs almağımıza maneələr yaradır, yaşayımızı dözülməz edir, bu barədə şirkətə dəfələrlə məlumat versək də, heç bir əhəmiyyət verilməmişdir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişik. Qeyd etmək istəyirik ki, bu halları sübut edən foto şəkillərimiz və şahidlərimiz vardır, həmçinin məhkəmə tərəfindən yerli baxış keçiriləcəyi təqdirdə bunun canlı şahidi olacaqdır. Qeyd edilənlərlə bağlı bir sıra dövlət orqanlarına da şikayət ərizəsi ilə müraciətlər etmişik".

İddia tələbinin dəyişdirilməsi.

3. İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 95-ci küçə, ev 375, İddiaçı2 mülkiyyətində olan ünvan 2, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısında yerləşən gölün gillə örtülmüş sahəsinin torpaqla örtülməsi öhdəliyinin cavabdeh “X14 Kompani S.A” Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdilər ki, mübahisə ərazi əvvəllər göl olmuşdur. Lakin həmin göldə neft tullantıları toplandığından cavabdeh şirkət oranı gillə doldurmuşdur. Həmin gil duzlu olduğu üçün xüsusən küləkli havalarda gölün üzərindən qalxan toz onların evlərinin içərisinə qədər gəlib çıxır. Küləkli havada qalxan toz onların evlərinin, divarlarının, darvazalarının çürüməsinə səbəb olur. Gölün üzərindən qalxan toz onların yaşayışını dözülməz etməklə yanaşı, həyətlərində olan bütün bitkilərin məhv olmasına səbəb olur. Bu toza görə artıq evlərində yaşaya bilmirlər. Belə ki, həddən artıq dözülməz vəziyyət yaranmışdır. Cavabdeh tərəfin nümayəndəsi iddia edir ki, onların yaşadıqları ərazi küləkli havada həmişə tozlu olur. Halbuki gölün üzərindən gələn toz bilinən tozdan deyil. Əgər belə olsa idi, bu qədər əhali orada torpaq alıb ev tikməzdi. Ərazidə yaşayan bütün sakinlər bu vəziyyətdən əziyyət çəkirlər. Lakin evlərinə dair mülkiyyət sənədləri olmadığından məhkəməyə müraciət edə bilmirlər. Onlar uzun illərdir ki, həmin ərazidə yaşayırlar, indiyədək belə bir problemləri olmamışdır. Evlərinin qarşısında yerləşən göl məhz cavabdeh şirkət tərəfindən gillə doldurulduqdan sonra belə bir dözülməz vəziyyətlə üz-üzə qalmışlar. Həmin vaxt iki aya yaxın “Kamaz” maşınları əraziyə sarı rəngli gil daşıyaraq gölü doldurmuşlar. Məsələ ilə bağlı dəfələrlə cavabdeh şirkətə müraciət etmişlər. Cavabdehin nümayəndələri də dəfələrlə ərazidə olmuşlar. Onlar problemi sahəni özlərinin hesabına daş hasara almaqla həll edəcəklərini bildirmişlər. Halbuki həmin toz-torpağın qarşısını hər hansı hasar ala bilməz. Bu səbəbdən şirkət nümayəndəslərinin bu təklifini qəbul etməmişlər. Həmin göl yalnız qara torpaqla doldurularsa, toz-torpağın qarşısı alına bilər. Lakin bu, çox vəsait tələb edir və buna maddi vəziyyətləri imkan vermir. Şirkətin isə bunu etməyə maddi imkanı çatar. Məhkəməyə müracət etməzdən əvvəl müxtəlif dövlət oqranlarına, o cümlədən Prezidentə və Vitse- Prezidentə yazılı müraciətlər etmişlər. Həmçinin məsələ ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, artıq ekspert tərəfindən verilmiş rəydən də görünür ki, həmin gölün qurudulması ilə iddiaçıların evlərinə heç bir zərər dəyməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Suraxanı ərazisi yaşayış üçün nəzərdə tutulmayıb və bu ərazidə həmişə küləkli havada toz-torpaq olur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi.

6. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışın surətindən görünür ki, İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 139.1 m2 və 0.03 ha torpaq sahəsi üzərində yerləşən) mülkiyyət hüququ **********21-10301 reseytr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışın surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 159.9 m2 və 0.06 ha torpaq sahəsi üzərində yerləşən) üzərində mülkiyyət hüququ **********08-10301 reseytr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışın surətindən görünür ki, İddiaçı3 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsinin 154.2 m2 və 0.06 ha torpaq sahəsi üzərində yerləşən) 1/2 hissəsi üzərində mülkiyyət hüququ **********40-10301 reseytr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

10. "xxxx" QSC tərəfindən tərtib edilmiş Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yaşayan sakinlər tərəfindən SOCAR-a ünvanlanmış şikayət məktubunun araşdırılması məqsədilə aparılmış ekoloji monitorinq hesabatının nəticə hissəsindən görünür ki, monitorinq zamanı ətraf ərazilərdə hər hansı bir toz və ya duz qatının yayılması qeydə alınmamışdır. Ərazidə yaşayan sakinlərə aid gündəlik məişət-çirkab suları üçün kanalizasiya sistemi mövcud olmamışdır. Məişət-çirkab suları fərdi qaydada şikayət olunan əraziyə axıdılır. Yağıntılı aylarda atmosfer çöküntülərinin relyefi çökəklik olan əraziyə yığılması, qrunt suların yerin üst qatına çıxması və məişət-çirkab sularının əraziyə axıdılması səbəbindən torpağın erroziyası və duzlaşması prosesi (şoranlaşması) baş vermişdir. Təklif: Ərazidə yaşayan sakinlərə aid məişət-çirkab suların idarə olunması məqsədi ilə kanalizasiya şəbəkələrinin tikintisi və ya sakinlərin özləri tərəfindən çirkab suların qapalı yeraltı tutumlara yığılması.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6366 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı3 mülkiyyətində olan, Bakı şəhəri, ünvan 3, İddiaçı2 mülkiyyətində olan ünvan 2, İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, ünvan 1-ya hər hansı zərərin dəymədiyi müəyyən olunmuşdur.

Şahid ifadələri.

12. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 bildirdi ki, iddiaçılar onun qonşularıdır. O özü 2005-ci ildən həmin ərazidə yaşayır. Əvvəllər mübahisəli ərazidə mazutlu göl olmuşdur. Həmin vaxtlar gölün onlara heç bir zərəri olmamış, əksinə yay aylarında oradan sərin meh əsmişdir. Sonradan həmin gölün üzərinə torpaq tökmüşlər. Həmin ərəfədə - təxminən 2018-2019-cu illərdə ölkədə hansısa beynəlxalq tədbirin keçirilməsi zamanı yuxarıdan gölün görüntüsü pis olduğu üçün cavabdeh şirkət gölü torpaqla doldurmuşdur. Göl doldurulan zaman bütün qonşular buna etiraz etmiş, lakin cavabdeh şirkətin nümayəndələri onları sakitləşdirərək, gölün üzərində yaşıl park salacaqlarını bildirmişlər. Əvvəlcə gölün üzərinə torpaq tökdüklərindən həmin vaxt o qədər də problem olmamışdır. Lakin sonradan oranı duzlu gillə örtmüşlər. Həmin vaxtdan da onların yaşayışı cəhənnəmə dönmüşdür. Əgər həmin vaxt oraya duzlu gilin töküldüyünü bilsə idilər, buna imkan verməzdilər. Hazırda həmin gölün üzərindən gələn sarı toz həyətlərinə, evlərinin içərisinə qədər dolur. Qışda bu o qədər də problem olmur. Çünki yağış yağır deyə orada palçıq əmələ gəlir. Lakin yay aylarında küləkli günlərdə nəinki həyətlərində, heç evlərində belə otura bilmirlər. 2005-ci ildən həyətdə əkdiyi ağaclar həmin ərazidən gələn duzlu gilin hopması nəticəsində artıq qurumuşdur. Həmçinin əvvəllər həyətlərində göy-göyərti əkə bilsələr də, hazırda tozun-torpağın əlindən heç nə əmələ gəlmir. Suraxanının hər tərəfi toz olsa da, bu toz evlərə, həyətlərə ziyan vurmur, ağacları qurutmur. Lakin onlara gələn toz ağacları belə məhv edir. Həmin əraziyə 20 maşın “katlavan” torpağı töksələr problem həllini tapacaq. Onların maddi imkanı yoxdur ki, həmin ərazini doldursun. Lakin neft şirkəti bunu edə bilər. Məsələ ilə bağlı cavabdeh şirkətin nümayəndələri ilə görüşmüşlər. Onlara deyilmişdir ki, məhkəmə qərarı ilə bu məsələni həll edə bilərlər. Əslində o özü də məhkəmədə iddiaçı qismində iddia qaldırmaq istəmişdir. Lakin evə dair mülkiyyət sənədi olmadığı üçün məhkəmədə yalnız şahid kimi iştirak edə bilir.

13. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirdi ki, iddiaçılar qonşularıdır. 12 ildir ki, həmin ərazidə yaşayır. Hazırda orada tozun ucbatından yaşamaq olmur. Belə ki, 4 ildir ki, ərazidə yerləşən göl qumla doldurulmuşdur. Həmin vaxtdan küləkli havalarda gölün üzərindən gələn toz-torpağın əlindən yaşaya bilmirlər. O özü 12 ildir ki, həmin ərazidə yaşayır və həmin ərazidə həmişə göl olmuşdur. Həmin göl qumla doldurulana qədər onların heç bir problemi olmamışdır. Lakin artıq 4 ildir ki, gölün doldurulmasına görə toz-torpaq əlindən yaşayışları çox acınacaqlı vəziyyət almışdır. Sonradan öyənmişlər ki, gölü doldurmaq üçün tökdükləri qum duzlu gildir. Həmin gildən xüsusən küləkli havalarda qalxan toz-torpaq həyətində əkdiyi ağacların hamısını çürütmüşdür. Halbuki göl doldurulana qədər əvvələr də adi qaydada toz olmuş, amma həmin toz bir ağaca da zərər vurmamışdır.

14. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, iddiaçılar qonşularıdır. O özü 2013-cü ildən Dədə Qorqud qəsəbəsində yaşayır. Haradasa 4 il olar ki, həmin ərazidə dərəni qazıb, aparıb orada yerləşən gölə tökmüşlər. 10-20 maşın qum daşınaraq göl doldurulmuşdur. Bundan sonra hər dəfə külək əsəndə toz-torpaq evlərinə qədər dolur. Toza görə artıq orada yaşamaq olmur. Sonradan öyrənmişlər ki, gölə tökülən qum duzlu gil olmuşdur. Göl doldurulandan əvvəl hava küləkli olanda belə şey olmamışdır. Amma hazırda göldən qalxan toz da deyil, dəhşətdir. Bu hansı əsrdir? Necə yaşayışdır? Orada kasıb təbəqə, şəhid ailələri, qazilər yaşayır. Nəyə görə bu qədər insanı narazı salırlar? Nəyə görə bu vaxta qədər toz olmurdu, amma göl dolandan sonra oldu? Müxtəlif orqanlara şikayətlər etsələr də baxan yoxdur. Neçə illər əvvəl əkdiyi ağaclar belə göldən gələn toz ucbatından quruyub məhv olmuşdur. Hansı ki, əvvəllər belə şeylər olmamışdı.

15. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, iddiaçılar qonşularıdır. O özü Qarabağ qazisidir. Həmin ərazidə yerləşən torpaq sahəsi də ona qazi olduğu üçün 1999-cu ildə dövlət tərəfindən hədiyyə edilmişdir. Təxminən 2005-ci ildən bu günə kimi də həmin ərazidə yaşayır. Əvvəldən orada göl olmuşdur. Dörd il əvvəl rəhmətə getmiş atasına il mərasimi keçirdikləri gün maşınlarla qum daşıyıb gölü torpaqla doldurmuşlar. Qumu maşından tökən vaxt toz-torpaq onların evinə, həyətinə yayıldığı üçün qardaşı dəfələrlə onlara yaxınlaşıb xahiş etmişdir ki, mərasim bitənədək işi saxlasınlar. Lakin onlar işi dayandırmamışlar. Həmin vaxt hazırkı gölü artıq ikinci dəfə idi ki, doldururdular. Birinci dəfə isə təxminən iki il əvvəl doldurmuşdular. Lakin ilk dəfə belə problemlər yaşamamışlar. İkinci dəfə göl doldurulanda isə yas mərasiminə gələn insanlar toz-torpaq içində qalmışlar. Hətta o özü həmin gün gözünə toz dolduğu üçün üç gün görmə problemi yaşamışdır. Sonradan öyənmişlər ki, gölə doldurulan duzlu gil olmuşdur. Onun böyrək əməliyyatı keçirmiş uşağı var. Göldən qalxan çirkli hava ona da mənfi təsir göstərir. Halbuki əvvəllər həmin yerin havası çox təmiz olmuş, nəinki toz, ətrafda heç ağcaqanad belə olmamışdır.

16. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirdi ki, iddiaçılar qonşularıdır. O, həmin ərazidən torpaq alaraq orada ev tikmişdir və 2004-cü ildən orada yaşayır. Əslində o da məhkəmədə iddiaçı kimi iştirak etmək istəmişdir. Lakin mülkiyyətə dair sənədi olmadığı üçün məhkəmədə iddia qaldıra bilmir. Həmin ərazidə yerləşən gölü 4 il əvvəl torpaqla doldurmuşlar. İlk bir il ərzində toz qalxmamışdır. Ona görə ki, torpaq göldəki nəmi hələ tam özünə çəkməmişdi və torpaq nəm idi. Torpaq quruyandan sonra külək qalxan kimi orada toz-torpaq əlindən yaşaya bilmirlər. Çünki gölə doldurulan duzlu gil olmuşdur. Göl doldurulmazdan əvvəl həmin ərazidə heç bir toz-torpaq olmamışdır. Yalnız göl doldurulandan sonra belə olmuşdur. Oğlu qazidir, toz-torpaq qalxan vaxt onda allergiya baş verir. Hətta ən son beçinci gün toz-torpaq qalxan vaxt onda yenə allergiya qalxdı.

17. Məhkəmə iclasında şahid qismində ifadə verən Acalov Azər bildirdi ki, həmin ərazidən torpaq alıb orada ev tikmişdir və ailəsi ilə birlikdə 2012-ci ildən həmin evdə yaşayır. Həmin ərazidə əvvəllər göl olmuşdur. Təxminən dörd il əvvəl oranı torpaq ilə doldurmuşlar. Əvvəllər nə qədər külək əssə belə toz-torpaq qalxmamışdır. Göl qurudulandan sonra isə təsərrüfatı, bütün ağacları külək qurutmuşdur. Həmçinin toztorpaq insanlara da ziyan vurur. Çünki gölü duzlu gillə doldurmuşlar. Göldən qalxan toztorpağa görə o özü ildə bir dəfə qapı-pəncərəsinin rezinini dəyişdirir. Gölü qurudan vaxt hamıya burada park, yaşıllıq salınacağını deyib aldatmışlar. Əgər həmin ərazi qara torpaqla örtülərsə bu məsələ həll olunar. Qara torpağın üzərində ot bitər, bu problem də həll olunar.

18. Məhkəmə iclasında şahid qismində ifadə verən Ələdin Həşimov bildirdi ki, iddiaçılardan İddiaçı1 onun gəlinidir. O, 2006-cı ildən gəlini ilə birlikdə yaşayır. Əvvəllər evin qarşısında mazutlu göl olmuşdur. Təxminən 5-6 il əvvəl oraya gətirib torpaq tökmüşlər. Həmin vaxt vəziyyət pis olmamış, həmin ərazidə ot bitmişdir. Sonra ikinci dəfə oraya yenidən torpaq tökmüşlər. Bundan sonra toz-torpaq evlərə gəlməyə başlamışdır. Həmin toz-torpağa görə qapılar, darvazalar çürümüş, ağaclar qurumuş, bitkilər məhv olmuşdur. Çünki gölə tökülən torpaq duzlu gildir. Əvvəllər ev üçün hər cür əkin, göygöyərti, tərəvəz əkmişlər, lakin indi hamısını toz qurudur.

19. Məhkəmə iclasında şahid qismində ifadə verən Cənnət Tağıyeva bildirdi ki, iddiaçılar qonşularıdır. 10-15 ildir ki, onlarla qonşuluqda yaşayır. 5 ildir ki, toz-torpağın içində batırlar. 5 il bundan əvvəl qayınatasının yas mərasimini keçirərkən orada iş getmiş, oradan gələn toz-torpaq yeməklərə hopmuşdur. Həmin vaxt qohumların xahişi ilə iş dayanmış, iki üç saat sonra da toz-torpaq kəsilmişdir. Lakin gölü doldurandan bəri hər dəfə külək olanda toz-torpaq evlərinə dolur. Göl doldurulmazdan əvvəl də külək olanda bir az toz qalxsa da, heç vaxt indiki kimi olmamışdır. İndi isə toz evə o dərəcədə dolur ki, evə girəndə ayaq basmağa yer olmur. Neçə illərdi orada yaşayırlar, amma bu səviyyədə toz heç vaxt olmamışdır. Göl duzlu gillə doldurulandan bəri bu vəziyyətdə yaşamağa məcbur olmuşlar. Lakin evlərinə dair sənədləri olmadığına görə məhkəmədə iddia qaldıra bilməmişlər.

20. Məhkəmə iclasında şahid qismində ifadə verən Azadə Həsənova bildirdi ki, iddiaçılar qonşularıdır. 2009-cu ildən onlarla Dədə Qorqud qəsəbəsində qonşuluqda, göldən bir küçə arxada yaşayırlar. Yaşadıqları ərazidə mazutlu göl olmuşdur. Təxminən 4- 5 il olar ki, həmin gölü əvvəlcə torpaqla doldurmuş, sonradan isə üzərini sarı torpaqla örtmüşlər. Sonradan öyənmişlər ki, həmin sarı torpaq duzlu gildir. Gölün nə üçün doldurulduğunu bilmir, lakin onu bilir ki, göl doldurulduqdan sonra yaşadıqları yerdə əvvəllər olmayan dözülməz vəziyyət əmələ gəlmişdir. Belə ki, külək əsən kimi evlər, həyətlər tozdan batır. Küçəyə belə çıxmaq olmur. Dəfələrlə bu barədə şikayət etsələr də, problemi həll edən yoxdur.

Yerində müayinə.

21. Məhkəmə tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsində yerləşən fərdi yaşayış evlərinə, həmin evlərin həyətlərinə, eləcə də həmin əraziyə küləkli havada ümumi baxış keçirilmişdir. Baxış zamanı mübahisəli qurudulmuş göl üzərindən küləklə birlikdə toz buludu şəklində qalxan toz-torpağın sovrularaq ətrafa, o cümlədən həmin ərazidə yerləşən evlərə yayıldığı, havada böyük toz dumanı yaratdığı müşahidə olunmuş, müşahidə olunan mənzərə video qeydə alınmışdır.

İşin faktiki halları.

22. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsində yerləşən fərdi yaşayış evlərində bir-birləri ilə qonşuluqda yaşayırlar.

23. İddiaçıların yaşadıqları ünvanın yaxınlığında yerləşən göl cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən qurudulmuşdur.

Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ. İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. İİ. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. İİİ. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. İV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

25. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.

Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 170. Qonşuluq hüququ. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

28. İşin faktiki hallarından göründüyü kimi iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsində yerləşən fərdi yaşayış evlərində bir-birləri ilə qonşuluqda yaşayırlar. İddiaçılar iddia edirlər ki, yaşadıqları yerin yaxınlığında yerləşən göl cavabdeh şirkət tərəfindən gillə doldurularaq qurudulmuşdur. İddiaçılara görə küləkli havalarda qurudulmuş gölün üzərindən qalxan toz-torpaq onların həyətlərinə, evlərinin içinə dolaraq həm əmlaklarına, həm də sağlamlıqlarına zərər vurur. Cavabdeh şirkət isə gölün şirkət tərəfindən qurudulduğunu qəbul etsə də, bu səbəbdən ətraf-mühitə heç bir zərər dəymədiyini, həmin ərazinin həmişə tozlu olduğunu, bunun gölün qurudulması ilə əlaqədar olmadığını iddia etmişdir.

29. Məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilmiş, əraziyə baxış üçün havanın küləkli olduğu günlərdən biri seçilmişdir. Baxış zamanı ərazidə qatı toz dumanı olduğu, bu tozun xırda daş-torpaq hissəcikləri ilə birlikdə havada sovrularaq yayıldığı, ətrafda olan bütün evləri əhatəsinə aldığı, tozun sıxlığından açıqlıqda hərəkətin, hətta göz açmağın belə mümkün olmadığı müşahidə edilmişdir. Həmçinin müşahidə edilmişdir ki, bu toz küləyin təsiri ilə yaxınlıqda olan qurudulmuş göl sahəsinin üzərindən havalanaraq yuxarı qalxır və oradan ətrafa yayılır.

30. Bundan əlavə, məhkəmə iclasında həmin ərazidə yaşayan doqquz şahidin izahatı dinlənilmişdir. Bu şahidlərin hər biri üst-üstə düşən məzmunlu ifadələr verərək cavabdeh şirkət tərəfindən gölün qurudulmasından sonra küləkli havalarda oradan qalxan tozun yaşayışlarını dözülməz etdiyini, gölün qurudulmasından əvvəl bu qədər toz olmadığını, bu vəziyyətin yalnız göl qurudulduqdan sonra yarandığını, xüsusən küləkli havalarda qatı toz dumanı ilə birlikdə yayılan gilin həm evlərinə zərər vurduğunu, həm də ətraf mühiti yaşayış üçün dözülməz hala gətirdiyini bildirmişlər.

31. İş materiallarında olan ekspert rəyindən görünür ki, gölün qurudulması nəticəsində iddiaçıların evlərinə zərər dəydiyi müəyyən edilməmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçılar gölün qurudulması nəticəsində sadəcə əmlaklarına zərər dəydiyini iddia etmirlər. Onlar iddia edirlər ki, xüsusən küləkli havalarda göldən qalxan toz dumanı ətrafı mühiti yaşayış üçün dözülməz hala gətirir.

32. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə edilənlər və məhkəmə iclasında dinlənilmiş şahid ifadələri əsasında cavabdeh şirkət tərəfindən qurudulmuş gölün üzərindən qalxan toz dumanının iddiaçıların evləri də daxil olmaqla yaxın ətrafdakı bütün evlər üçün qeyri-sağlam ətraf mühit yaratdığı nəticəsinə gəlmək mümkündür. Ona görə ki, iddiaçılar yaşadıqları ərazidə müşahidə edilən və yaşayışlarını dözülməz edən tozun məhz qurudulmuş gölün üzərindən qalxan toz olduğunu bütün mümkün sübutetmə vasitələri ilə sübut etmiş hesab edilirlər. Belə ki, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı toz dumanının məhz qurudulmuş gölün üzərindən havalanıb qalxdığı, sonra dalğa-dalğa ətrafa yayıldığı açıq şəkildə müşahidə edilmişdir. Məhkəmə iclasında ifadəsi dinlənilən şahidlər də analoji halı təsdiq etmişdir. Həmçinin məhkəməyə ərazidə müşahidə edilən toz dumanının qeydə alındığı video görümtülər təqdim edilmişdir.

33. Beləliklə, məhkəmə iddiaçıların yaşayış yerlərinin ətrafında yayılan toz dumanının cavabdeh şirkət tərəfindən qurudulmuş göldən qaynaqlandığı nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, həmin gölün üzərindən qalxan toz o qədər sıxdır və o qədər surətlə yayılır ki, iddiaçıların sağlam ətraf mühitdə yaşamaq hüququna müdaxilə təşkil edir.

34. Nəzərə alınmalıdır ki, sağlam ətraf mühitdə yaşamaq hüququna edilən kəskin müdaxilə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan şəxsi həyata və ailə həyatına hörmət hüququna da müdaxilə hesab edilir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, ətraf mühitin həddən artıq çirkləndirilməsi şəxsi və ailə həyatı (və mənzil toxunulmazlığı) hüququna müdaxilə təşkil edə, insanların sağlamlığına təsir göstərə və onların öz mənzillərindən istifadə etməsinə əngəl törədə və beləliklə, onların şəxsi və ailə həyatı üçün mənfi nəticələrə səbəb ola bilər. X7rşı məhkəmə işində (51-ci bənd) ərizəçi iddia edirdi ki, onun evindən 12 metr aralıda bələdiyyə torpağında dövlət subsidiyaları hesabına tikilmiş özəl gön-dəri emalı zavodu ailəsinin evini ciddi çirklənməyə məruz qoyub. Cakomelli İtaliyaya qarşı məhkəmə işində (97-98-ci bəndlər) müəyyən edildi ki, toksik tullantıların emalını həyata keçirən, ərizəçinin evindən 30 metr məsafədə yerləşən özəl zavodun ətraf mühiti çirkləndirməsi 8-ci maddənin pozuntusunu təşkil edir.

35. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh şirkət iddiaçıların yaşayış yeri yaxınlığında yerləşən gölü qurudaraq iddiaçıların sağlam ətraf mühitdə yaşamaq hüququna kəskin müdaxilə etmiş, bununla da onların şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur. Odur ki, iddiaçılar həmin gölün üzərinə torpaq tökülməklə tozun yayılmasının qarşısını almağı tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

36. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.

37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq rüsumu ödəmiş iddiaçıya (İddiaçı2) ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin üzərinə İddiaçı3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 95-ci küçə, ev 375, İddiaçı2 yaşadığı ünvan 2 və İddiaçı1 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısında olan gölün gillə örtülmüş sahəsinin torpaqla örtülməsi öhdəliyi qoyulmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq rüsumu ödəmiş iddiaçıya ödənilməlidir.

39. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin üzərinə İddiaçı3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi 95-ci küçə, ev 375, İddiaçı2 yaşadığı ünvan 2 və İddiaçı1 yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin qarşısında olan gölün gillə örtülmüş sahəsinin torpaqla örtülməsi öhdəliyi qoyulsun. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X14 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar